Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:06

Daha iki yazar Məhəmməd peyğəmbərlə bağlı müsabiqədən narazıdır


"Məhəmməd" sözü ərəbcə
"Məhəmməd" sözü ərəbcə
-

Daha iki yazar Məhəmməd peyğəmbərlə bağlı keçirilən şeir müsabiqəsindən narazılığını bildirib.

Dayandur Sevgin və Eldar Həsrət müsabiqədə fərqləndirilməmiş şeirlərini "Oxu zalı"na yollayaraq çap edilməsini, qaliblərin əsərləri ilə müqayisə olunmasını istəyiblər.

Bundan qabaq Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlu da müsabiqədən narazı qaldığını dilə gətirmişdi.

Müsabiqəni Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Azərbaycan Respublikası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu, Azərbaycan Yazıçılar Birliyi və Qafqaz Müsəlmanları İdarəsi keçirib.

Müsabiqənin qalibləri Vaqif Bayatlı OdərinŞahin Fazilin şeirləri ilə müqayisə üçün:


Dayandur Sevgin


Həzrəti MƏHƏMMƏDİN

Allah Rəsul göndərdi onu müsəlmanlara,
Söylədi son qoyacaq O, tökülən qanlara,
O da yolu göstərdi yol gəzən insanlara,
Hədislərdə yazıldı hikməti MƏHƏMMƏDİN.

Göndərdiyi kitabın müqəddəsdi hər biri,
Göndərən Allah oldu hər duası, zikiri,
İnsanları düz yola çəkmək idi fikiri,
Haqqı göstərmək idi niyyəti MƏHƏMMƏDİN.

Yolun azdı bir insan əgər ki, səhv eylədi,
Ona düz yol göstərib, səhvini əhv eylədi,
Tək ALLAHA sığınıb bütləri məhv eylədi,
Bu dünyaya yayıldı şöhrəti MƏHƏMMƏDİN.

Analara müqəddəs, qadına mələk dedi,
Düz yolu seçənlərə can dedi, ürək dedi,
Quranda yazılana eyləməyin şəkk dedi,
Həqiqətə bayraqdı silqəti MƏHƏMMƏDİN.

Cəhalət aləmində yol göstərən mayakdı,
Ruhu müsəlmanların başı üstə oyaqdı,
Ümidsizə ümiddi, tək olana dayaqdı,
Xəstələrə şəfadı şəfqəti MƏHƏMMƏDİN.

Saf ürəklə yapdığı əməlləri güı açdı,
Allaha tapınana qucaq açdı, qol açdı,
Mədinədən Məkkəyə pozulmayan yol açdı,
İslamın tarixidi Hicrəti MƏHƏMMƏDİN.

Hər fəsildə, hər ayda, dəqiqədə, andadı,
Ruhdadı, nəfəsdədi, ürəkdədi, qandadı,
Bu can bizimki deyil, Peğəmbərim candadı,
Könüllərdi məskəni Həzrəti MƏHƏMMƏDİN.

Sevgin, bu şeiri yazan gərək ilhama gələ,
Oxuyub, eşidənin ağzı bir tama gələ,
Min təriqət yarana, min-bir ülama gələ,
İslamın haqq yoludu şəryəti MƏHƏMMƏDİN.



Eldar Həsrət


Sən, ey peyğəmbərlər gözü Məhəmməd


Şəfqətdən, rəhmətdən yoğrulmusan sən,
Yenilməz qüdrətdən doğulmusan sən.
Tanrı birliyinə vurulmusan sən,
Allahın bəşərə sözü Məhəmməd,
Sən, ey peyğəmbərlər gözü Məhəmməd!

Sənə nazil olub enərkən Quran,
İlk kəz həzrət Əli gətirdi iman.
İman gətirənlər çıxmaz yolundan,
Heç vaxt dönməz səndən üzü, Məhəmməd,
Sən, ey peyğəmbərlər gözü Məhəmməd!

Səni söyənləri sükutla süzdün,
Daşa basanları səbrinlə üzdün.
Tənəyə, təhqirə çox durdun, dözdün,
Haqqın, ədalətin özü Məhəmməd,
Sən, ey pəyğəmbərlər gözü Məhəmməd!

Dinə kafirlərdən gələrkən bəla,
Sənə kömək oldu Allah-təala.
İslamın mübariz ordularıyla
Doldurdun dərəni, düzü, Məhəmməd,
Sən, ey peyğəmbərlər gözü Məhəmməd!

Oturdub yerinə qəddar şahları,
Əfv etdin çox suçu, çox günahları.
Sındırdın bütləri – daş allahları,
Tanrının yerdəki izi Məhəmməd,
Sən, ey peyğəmbərlər gözü Məhəmməd!

Nə qədər həyat var, kainat vardır,
Quran da, İslam da daim yaşardır.
Dininlə yaşayan nə bəxtiyardır!
Dinin bükülməyən dizi Məhəmməd,
Sən, ey peyğəmbərlər gözü Məhəmməd!

Gəlsə də dünyaya min- min peyğəmbər,
Özünsən onlara sərkərdə, öndər.
Tanrı qullarını düz yola döndər,
Əfv etsin rəbbimiz bizi, Məhəmməd,
Sən, ey peyğəmbərlər gözü Məhəmməd!

14.02.2013
XS
SM
MD
LG