Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Tarixi şəxsiyyətləri qoruyacaq qanun layihəsi hazırlamaq təklif olunur


Nizami Cəfərov
Nizami Cəfərov
-
Azərbaycanda tarixi şəxsiyyətlərlə bağlı qanun layihəsi hazırlana bilər. İlk təklif parlamentin mədəniyyət komitəsi sədrindən gəlib. Deputat Nizami Cəfərov modern.az saytına deyib ki, bənzər qanunlar xarici ölkələrdə tətbiq olunur:

«Bu qanuna görə, Azərbaycanın ictimai-siyasi-mədəni həyatında önəmli rolu olmuş şəxslər haqqında təhqiredici ifadələr işlədənlər müvafiq məsuliyyət daşımalıdırlar. Belə qanunun qəbuluna ehtiyac var».

Aprelin 19-da hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Mübariz Qurbanlı bu təklifi parlamentin iclasında səsləndirib. Bir gün sonra gün.az saytına açıqlamasında deputat deyib ki, son dövrlər bir sıra mətbu orqanlarında bəzi tarixi şəxsiyyətlərlə bağlı təhqir və hədyanlar baş alıb gedir ki, bunlar da olduqca yolverilməzdir.

«HEÇ KİMƏ HAQQ VERİLMƏYİB Kİ...»

«Kimisə tənqid etmək olar, amma heç kimə haqq verilməyib ki, kiminsə şəxsiyyətinə, ləyaqətinə toxuna, xüsusən, tarixi şəxsiyyətlərin əleyhinə hədyanlar söyləyə, onlar haqqında olmazın aşağılayıcı fikirlər bildirə. Tarixi şəxsiyyətlər bizim keçmişimiz, bugünümüz, gələcəyimizdir. Onları qorumaq, onlara sahib çıxmaq bizim borcumuzdur, haqqımızdır».

Mübariz Qurbanlı parlamentin müvafiq komitə və şöbələrini «Tarixi şəxsiyyətlərin qorunması haqqında» qanun layihəsini hazırlamağa çağırıb.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Bir müddət əvvəl AzadlıqRadiosunun «Pen Club» proqramında ADP sədri Sərdar Cəlaloğlu SSRİ-nin tərkibinə daxil olandan sonra ölkənin siyasi keçmişinin təhrifindən danışıb:

«...Səməd Vurğun Qacarı bir fars hökmdarı kimi, işğalçı, qaniçən kimi verir, ruslarla separat əlaqəyə girən Vaqifi Azərbaycan xalqının şəxsiyyəti kimi təqdim edir. Yazıçının nə ixtiyarı var, tarixi tərsinə versin?».

«TARİXİ ŞƏXSİYYƏTLƏRƏ MÜNASİBƏTDƏ DİQQƏTLİ OLMALIYIQ»

Qanun layihəsi kimləri qorumağı hədəfləyəcək? Kimlər «tarixi şəxsiyyət» sayılacaq? Bənzər sualları cavablamaq üçün parlamentin mədəniyyət komitəsi üzvlərindən əlavə bilgi almaq mümkün olmadı.

Deputat Bəxtiyar Əliyev AzadlıqRadiosuna deyib ki, belə bir qanun layihəsi barədə təklif varsa, deməli, məsələ ilə bağlı narahatlıq da var. Deputat «tarixdə olan şəxsiyyət»lə «tarixi şəxsiyyət»i ayırmağın vacibliyini vurğulayıb. Deputatın fikrincə, məhz müsbət özəllikləri daha çox olan şəxs tarixi şəxsiyyət sayılır və xalqın tarixinə düşür:
Bəxtiyar Əliyev
Bəxtiyar Əliyev
«Həmin şəxslər millətin, dövlətin tarixi olduğundan, onun üstündən xətt çəkiriksə, deməli, keçmişimizə, tariximizə yenidən baxmalıyıq. Yəni, nədəsə səhvə yol verdiyimizi bildiririk. Azərbaycan xalqının mütəfəkkirləri, dahi insanları olub – Bəhmənyardan, Dədə Qorquddan tutmuş, bu günümüzə, müasirlərimizədək. Müasirlərimiz gələcək nəsillərin tarixi şəxsiyyətləri olacaq. Onlara münasibətdə maksimum diqqətli olmalıyıq».

««ÖLÜLƏR» PLAGİAT DEYİL»

Teatrşünas və tənqidçi Aydın Talıbzadənin fikrincə, tarixi şəxsiyyətlərin tənqidi qanundan çox, mənəviyyatla tənzimlənməlidir. Tənqidçinin fikrincə, Cəlil Məmmədquluzadəni plagiatda ittiham edən bir adamı məsuliyyətə cəlb etməyə dəyməz və ona doğrunu anlatmaq daha düzgün yoldur. O, bu fikrə görə kiminsə həbsinin 37-ci illəri xatırlatdığını düşünür:
Aydın Talıbzadə
Aydın Talıbzadə
«Tutaq ki, Stalin var, Hitler var. Onlar da tarixi şəxsiyyətlərdir. Bu qanunun yayılma sferası necə olacaq? Kimlərə şamil olunacaq? Bu, çox təhlükəlidir. Həmid Herisçi, yaxud Rafiq Tağı müxtəlif tarixi şəxsiyyətlərə toxunub. Ancaq hər şeydən əvvəl insan öz vicdanına qulaq asmalıdır. Vicdanım imkan verirmi ki, Cəlil Məmmədquluzadə kimi bir nəhəngə, hər işə hazır olan bir insana yamaq vurum? Əvvəla, bu, yalandır, plagiat deyil. Bənzəri olmayan, unikal bir əsərdir «Ölülər». Bunu sübut edərəm».

«DEYƏCƏKLƏR ÜMUMMİLLİ LİDERƏ SATAŞMISAN»

Professor Rəhman Bədəlovun fikrincə, bu cür qanunlar qorxuludur, çünki, sui-istifadəyə yol açır. O, belə bir qanun layihəsi barədə təklifi mənfi təşəbbüs sayır, arxasında kiminsə hansısa istəyinin durduğunu, hakimiyyətin həmin qanunla öz maraqlarını güdəcəyini, yəni qanundan öz məqsədləri üçün yararlanacağını deyir:
Rəhman Bədəlov
Rəhman Bədəlov

«Biz qanunları qanun xatirinə qəbul etmirik. Kimdənsə intiqam almaq, məhkəməyə vermək üçün yararlanırıq. Qanuna salacaqlar ki, təhqirdir, heç kəs başa düşməyəcək təhqir nədir və deyəcəklər ki, heç bir söz demək olmaz. Şəxsən mən Heydər Əliyev haqqında xeyli yazmışam. Aparacaqlar məni məhkəməyə ki, ümummilli liderə sataşmısan. Bunlar nəyə xidmət edir, anlayırıq».

Türkiyədə Mustafa Kamal Atatürklə bağlı tənqidlərə dair qanunvericilik olsa da, indi Atatürkün də tənqidinə rast gəlinir. Professor Rəhman Bədəlov Atatürkü də mifə çevirməyi gərəksiz sayır. O vurğulayır ki, demokratik ölkələrdə tənqidə qapalı şəxsiyyət yoxdur və belə məsələləri qanunla tənzimləmək mümkün deyil.
XS
SM
MD
LG