Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:58

Qulu Məhərrəmli: "Bəlkə də həyatın istehzasıdır ki, o işə Artur müəllim rəhbərlik edir"


sağdan sola: Qulu Məhərrəmli, Tahir Məmmədov və Eldəniz Elgün
sağdan sola: Qulu Məhərrəmli, Tahir Məmmədov və Eldəniz Elgün
-

Eldəniz Elgün: "Hansı verilişdə azad fikir səslənərsə, ona məhdudiyyətlər yarada bilərlər".

İlham Abbasov: "Bu şuralar dilimizi qorumaq üçün şansdır".

Tahir Məmmədov: "Mülahizələr ola bilər, amma biz yalnız bunun dəqiq mexanizmi bəlli olandan sonra müəyyən edə bilərik ki, bu nə dərəcədə televiziyaların inkişafına xidmət edəcək və ya deyilən problemlər yaranacaq".



Milli Teleradio Şurası televiziyalarda bədii şura yaradır, yoxsa senzura tətbiq edir? “Penklub” proqramında bu suala cavab axtardıq. Qonaqlarımız: teletənqidçi Qulu Məhərrəmli, İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov, eləcə də bədii şuraların yaradılması təklifinin müəlliflərindən olan İlham Abbasov və belə bədii şuralara qarşı çıxan telejurnalist Eldəniz Elgün.

QULU MƏHƏRRƏMLİ: “HEÇ BİR FAYDASI OLMAYACAQ”

Şahnaz Bəylərqızı:

- Qulu müəllim, bədii şuralarla bağlı sizin gözləntiniz nədir?

Qulu Məhərrəmli:

- Mən bu bədii şuralardan heç nə gözləmirəm. Hərçənd məqsədinə görə gərəkli qurumdur. Amma bütün hallarda o şey ki, nəzarət üzərində köklənəcək, yəni bu sözü bu cür demədiniz, belə dediniz… İkincisi, materialın getməsinə imza atan baş redaktor, televiziya sədri dilin imkanlarını bilmirsə, reportyorlar dilin imkanlarına bələd deyillərsə, onda istəyirsiz on dənə şura yaradın, heç bir faydası olmayacaq. Amma şurayla bağlı gözləntilərim nə ola bilər? Tutaq ki, Milli Teleradio Şurası səviyyəsində xüsusi olaraq televiziya dili, nitq mədəniyyəti, ədəbi tələffüz qaydaları ilə bağlı tövsiyələr hazırlamaq olar. Televiziyada həm reportajları izləyəndə, həm toplantılarda gənc həmkarlarla görüşəndə mən məyus oluram, çünki dil bilgiləri çox aşağıdır. Dil jurnalistin əsas ifadə vasitəsidir, əsas silahıdır. Bu silah hədəfə dürüst vurmursa, nə qədər şura yaradırsız yaradın, heç bir faydası olmayacaq.

ELDƏNİZ ELGÜN: “ŞURA MƏHDUDİYYƏT YARATMAQDAN O YANA KEÇMƏYƏCƏK”

Eldəniz Elgün:

- Postsovet məkanında bir xəstəlik var, yeni strukturlar, yeni idarəetmə mexanizmləri yaradılır. Belə deyək, nəzarət adı altında yeni senzura formalaşdırılır. Tutalım, şura yaradılanda mən efirdə “gejə” deyəndə gəlib mənə “gecə” dedizdirəcək? Və yaxud o gün bir reportaja baxıram, bir uşaq öz böyrəyini atasına verib. Aparıcı deyir ki, bu uşaq atasına kömək etdi, çətin vəziyyətdə yanında oldu. Və bunu da nəzərinizə çatdıraq ki, bu uşağın doğulmasında atası çox böyük əziyyət çəkib. Demək istəyir ki, böyüməsində əziyyət çəkib. Bax buna şura neyləyəcək, nə iş görəcək? Yəni şura məhdudiyyətlər yaratmaqdan o yana keçə bilməyəcək.

Ş.Bəylərqızı:

- Yəni hansı şəkildə məhdudiyyətlərə gətirə bilər?

E.Elgün:

- İstənilən vaxt istənilən verilişdə bir xırda detalı nöqsan kimi göstərməklə iki-üç xəbərdarlıqdan sonra televiziya və ya MTRŞ qarşısında problem qaldıra bilərlər. Yəni şuranın yaradılması ilə bağlı heç nə dəyişəsi deyil.

Ş.Bəylərqızı:

- Yəni demək istəyirsiz, bu şura söz azadlığını məhdudlaşdıracaq qurum olacaq?

E.Elgün:

- Dolayı yolla buna gəlib çıxacaq. Hansı verilişdə azad fikir səslənərsə, ona məhdudiyyətlər yarada bilərlər. (ardı aşağıda)

Eldəniz Elgün və Tahir Məmmədov
Eldəniz Elgün və Tahir Məmmədov


TAHİR MƏMMƏDOV: “TƏBİİ Kİ BU, ŞURANIN FORMATINDAN, EFFEKTİVLİYİNDƏN ASILI OLACAQ”

Tahir Məmmədov:

- Biz yaranmamış bir struktur haqda danışırıq. Və mexanizm necə olacaq, bədii şura işini necə quracaq, televiziyalarda bizi narahat edən məsələlər necə tənizmlənəcək, biz hələ bunu dəqiq bilmirik. Mülahizələr ola bilər, amma dəqiq mexanizmi olandan sonra biz müəyyən edə bilərik ki, bu nə dərəcədə televiziyaların inkişafına xidmət edəcək və ya deyilən problemlər yaranacaq. Mən düşünmürəm ki, televiziyalar bu prosesdən tamam kənarda qalacaq. İctimai televiziyada həm Direktorlar Şurası mövcuddur, həm də Yayım Şurası. Hər bazar ertəsi biz ötən həftənin verilişlərini müzakirə edirik. Düzdür, burda təkcə dil məsələləri müzakirə olunmur. Biz bunun çox böyük effektini görürük.

Ş.Bəylərqızı:

- Yayım Şurası İctimai televiziyada buna nəzarət edirsə, bu halda bədii şuranın işi nə olacaq?

T.Məmmədov:

- Ola bilər o bədii şuranın bizim efirlə bağlı iradı, təklifi az olacaq. Bizdə belə mexanizm var, gəlin görək başqalarında bu mexanizm varmı?

Ş.Bəyələrqızı:

- Yəni sizcə, bədii şura yaratmaq qərarı yerində verilib?

T.Məmmədov:

- Təbii ki, bu onun formatından, effektivliyindən asılı olacaq. Hər halda, bizim gördüyümüz və bizi qane etməyən mənzərəni nə cürsə düzəltməyə ehtiyac var. Bu dəfə belə bir təklif var. İndi bunu işlək mexanizm halına gətirmək lazımdır.

“SON İLLƏR YARADILAN ŞURALARIN HEÇ BİR FAYDASI OLMAYIB”

Q.Məhərrəmli:

- Dilə qayğı çox gözəldir. Amma məni qorxudan nədir. Son illər Azərbaycanda yaradılan bütün şuraların heç bir faydası olmayıb. Yəni mən bütün şuraları nəzərdə tuturam, birmənalı şəkildə. Hətta bəzilərinin üzvü də olmuşam… Bu şuralar tədricən mahiyyəti arxa plana keçirirlər. Ömər Faiq Nemanzadənin bir fikri var ki, biz bir işin əvvəlində dəniz kimi kükrəyirik, şahə qalxırıq, amma bir az keçir, geri çəkilirik, dinməz su kimi qalırıq. Bizdə Dövlət Dil Komissiyası var. O komissiya işləmir, yoxdur, Allah rəhmət etsin, komissiya üzvlərinin yarısı bu dünyadan köçüb, yarısı iş qabiliyyətini itirib.

Ş.Bəylərqızı:

- Komissiyanın sədri də baş nazir Artur Rasizadədir.

Q.Məhərrəmli:

- Bəlkə də həyatın istehzasıdır ki, o işə Artur müəllim rəhbərlik edir, çünki o özü Azərbaycan dilində yaxşı danışa bilmir. Belə bir şura yaransa və rəhbəri də dillə çox da ilişkisi olmayan adam olsa, o qurumdan nə gözləyəcəyik? Eldəniz bəylə razılaşıram ki, bu şuranın senzuraya gətirmək ehtimalı var, ancaq dillə bağlı senzura olacaq. Həm də qorxu yaradacaq. Tahir bəy də televiziyada işləyir, biz də işləmişik, biz o qadağaların televiziyanı hara apardığını görmüşük. Onsuz da bizim televiziyalarda canlı verilişlərin sayı getdikcə azalır. (ardı aşağıda)

Proqramdan sonra: Verilişin aparıcısı Şahnaz Bəylərqızı qonaqlarla
Proqramdan sonra: Verilişin aparıcısı Şahnaz Bəylərqızı qonaqlarla


“BU CÜR ŞURALAR YARATMAQLA TELEVİZİYALARIN FUNKSİYASI DƏYİŞDİRİLƏCƏK”

Ş.Bəylərqızı:

- Dinləyici yazır ki, əgər yerli kanallar iqtidara işləyirsə, iqtidar özünə qarşı senzura yaradacaq?

E.Elgün:

- Söhbət tək siyasi senzuradan getmir. 15 il qabaq siyasi fikirlər televiziyalarda daha azad deyilirdi, informasiya siyasəti tamam başqa cür formalaşmışdı, siyasi-ictimai verilişlərin sayı həddən artıq çox idi. On il sonra sayı azaldı, sonra bir az da azaldı, bu gün demək olar yox səviyyəsindədir. Bu gün bu cür şuralar yaratmaqla televiziyaların funksiyası dəyişdiriləcək.

İLHAM ABBASOV: “BU ŞURA DİLİMİZİ QORUMAQ ÜÇÜN ŞANSDIR”

İlham Abbasov:

- Dövlət başçısının sərəncamı ilə dil haqda dövlət proqramının qəbul olunması söhbət mövzusu olmayacaq qədər mühüm məsələdir. Qaldı ki, orda nəzərdə tutulan məsələlərdən çıxarılacaq nəticələrə, bu bizim bir millət olaraq öz qabiliyyətimizdən asılıdır. Telekanalların dili sözəgəlməyəcək dərəcədə bərbaddır. Biz keçən il Mətbuat Şurasının xəttiylə mətbuatın diliylə bağlı monitorinq apardıq. Biz o zaman ciddi iradlar səsləndirdik. Orda redaktorlar da oturmuşdular, onlar dedilər ki, mətbuatın üstünə bu qədər düşürsüz, ancaq telekanallara baxın, onların dili nə gündədir. Onda mən cavab verdim ki, telekanalların dili elə bərbaddır, ondan yaxşı olmaq qəhrəmanlıq deyil. Bu şura dilimizi qorumaq üçün bir şansdır. Ümidli olmaq lazımdır ki, biz bunu bacaracağıq. Azərbaycanda dili bilməyənləri efirə çıxarırlar.

Ş.Bəylərqızı:

- Sizcə, niyə belə aparıcıları efirə çıxarırlar? Bu bir siyasət ola bilərmi?

İ.Abbasov:

- Mən bunun səbəbini deyə bilmərəm. Mən televiziya işindən çox xəbərdar deyiləm. Amma bu gün təkcə televiziyada yox, hər sahədə dilimizi yaxşı bilənlərin sayı azdır.

Ş.Bəylərqızı:

- Bu şuranın gələcəkdə senzuraya səbəb olacağını düşünənlərlə razılaşırsızmı?

İ.Abbasov:

- Bu, cəmiyyətimizin yetkinliyindən asılıdır. Bir məsələ haqda da. Bəzən belə fikir səslənir ki, dil vacib deyil, orda çatdırılan informasiyanın doğruluğu vacibdir. Tutalım, xəstən var, dərmanı şpritsə doldurursan, amma yenə vura bilmirsən. Həqiqəti çatdırmaq da budur, dil vasitədir. Olmazmı ki, həqiqəti normal dildə deyək? Efirə çıxarılan aparıcıların hər şeydən qabaq dil bilməsi vacibdir.

SON SÖZ

E.Elgün:

- Bu cür şuraların yaradılması içimizdəki qorxudan yaranan senzuranın sistemləşdirilməsidir. Biz televiziyalarda daha kəskin məhdudiyyətlər görəcəyik.

T.Məmmədov:

- Eldəniz bəyin fikirləri ilə razılaşa bilmirəm. Bu şuralar dilin qorunması, zənginləşməsi üçün yaradılır. O zaman soruşuram, sizin Azərbaycan dilini qorumaq üçün təklifiniz nədir?

Q.Məhərrəmli:

- Mən məsələni belə qoymazdım ki, şura senzura məqsədilə yaradılır. Çünki televiziyalara kifayət qədər ciddi nəzarət olunur. Amma Eldənizin qorxusunu da anlayıram ki, sabah bu, siyasi senzuradan çox yaradıcılıq senzurasına çevrilə bilər. Buna görə də bunun aydın nizamnaməsi, konkret fəaliyyət planı olmalıdır. Bizdə xeyirxah niyyətlə yaranan qurumlar var ki, sonradan həmin işin düşməninə çevrilir.

PROQRAMI TAM İZLƏ
XS
SM
MD
LG