Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:39

«Siyəzən Broyler» işçilərinin maaşları 20 manat qalxır [Video]


YENİLƏNİB: «Siyəzən Broyler» işçilərinin etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

YENİLƏNİB: «Siyəzən Broyler» işçilərinin etiraz aksiyası

-
Bu barədə AzadlıqRadiosuna «Sizyəzən Broyler» işçilərindən olan Əkrəm Yusifli məlumat verib:

«Dünən aksiyadan sonra Siyəzən rayon icra başçısı Arif Qasımov gəldi, daha sonra «Siyəzən Broyler»in böyüyü gəldi. Bizə söz verdi ki, maaşlarınızı artıracaqlar. 20 manat artıracağını dedi. İcra başçısı da söz verib ki, 1 həftəyə işimizi həll edəcək».

Müəssisə rəhbərlərindən bununla bağlı açıqlama vermək istəmədilər.

Martın 7-də «Siyəzən Broyler» Quşçuluq Fabrikinin işçiləri Siyəzən rayon İcra Hakimiyyətinin qarşısında sosial tələblərlə etiraz aksiyası keçirib.

«MAAŞLAR QALDIRILA BİLƏR»

Müəssisə rəsmisi Azad Tağıyev maaşın azlığı və gecikdirilməsi ilə bağlı iradlarla razılaşmır. O belə narazılıqları bir-iki nəfərin dilə gətirdiyini deyir:

«Bizdə hər ayın 10-u və ya 15-dək ötən ayın maaşı verilir. Bəzi hallarda iki-üç gün gecikmələr olur. 120 manat maaşla bağlı deyilənlər düzgün deyil. Müəssisəmizdə minimum əməkhaqqı 220-230 arasıdır. İşindən asılı olaraq hər kəs müxtəlif maaş alır – 200 manat da alan var, 400 manat da».

Maaşların artırılması ilə bağlı tələblərə gəlincə, Azad Tağıyev bunu mümkün sayır:

«Niyə mümkün deyil, mümkündür. Qoy, indi məsələlər araşdırılsın. Rəhbərlik, yəqin ki, bir qərar qəbul edə bilər. Nə isə varsa, təbii ki, bu belə qala bilməz».

«MAAŞLARIN VERİLMƏMƏSINƏ SƏBƏB MƏHSULUN ANBARLARDA QALMASIDIR»

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin fikrincə, quşçuluq müəssisələrində maaşların qaldırılması indiki halda çətin məsələdir. Cəmiyyət sədrinə görə, həmin müəssisələr çətin durumdadırlar. Deyir, xarici ölkədən həddən artıq quş əti və yumurta gətirildiyindən, yerli müəssisələr öz məhsullarını sata bilmir:
Broyler
Broyler

«Yanvar ayının maaşının verilməməsi onunla bağlıdır ki, istehsal olunan məhsullar anbarlardadır. Nə quş əti, nə də yumurta satılır, çünki xaricdən külli miqdarda quş əti gətirib doldurublar mağazalara. Bu səbəbdən yerli mal alınmır və mağazalarda yığılıb qalır. İndi Azərbaycanda quş əti və yumurta istehsalçıları həddən artıq çoxdur. Satışla bağlı böyük problemlər var. Bir də əhalinin alıcılıq qabiliyyəti aşağıdır. İndi nə ət alınır, nə də yumurta».

«Siyəzən broyler» quşçuluq fabrikinin rəsmisi Azad Tağıyev belə düşünmür və istər istehsal, istərsə satış sahələrində ciddi problemlərin olmadığını deyir.

«KOMMERSİYA MÜƏSSİSƏSİNDƏ İŞLƏYƏNLƏRİN İCRA HAKİMİYYƏTİNƏ ETİRAZA GETMƏSİ ABSURDDUR»

İqtisadçı Natiq Cəfərli özəl müəssisə işçilərinin etiraz üçün icra hakimiyyətinin qarşısına getməsini yanlış addım sayır. Onun fikrincə, özəl müəssisə əməkdaşlarının dövlət qurumuna müraciət etməsi və həmin qurumdan da onlara vədlər verilməsi ölkədəki iqtisadi modelin hansı vəziyyətdə olduğunu göstərir:

««Siyəzən broyler» kommersiya qurumudur. Burada çalışanlar etiraz üçün icra hakimiyyətinə gedir. Bu, bizneslə hakimiyyət strukturlarının bir-birinə nə qədər sıx bağlı olduğunu göstərir. Əslində, etiraz edənlər də, icra hakimiyyətində çalışanlar da həmin müəssisələrin əsl sahiblərinin kimlər olduğunu bilirlər. Elə ona görə də etiraz üçün icra hakimiyyətinə üz tuturlar».

Natiq Cəfərli
Natiq Cəfərli
Natiq Cəfərliyə görə, çağdaş dünyada işçilər öz problemlərini həmkarlar təşkilatı vasitəsilə qaldıraraq müəssisə rəhbərlərinə çatdırır. Tələbləri yerinə yetirilməyəndə, tətillər keçirib, tələblərinin yerinə yetirilməsinə nail olurlar».

İcra hakimiyyətinin vətəndaşlarla iş şöbəsinin müdiri Fəyyaz Musaquliyev aksiyada hər hansı problem görmür. Onun fikrincə, icra başçısı səslənən tələbləri gərəkli qurumlar qarşısında qaldırıb problemlərin çözülməsinə nail ola bilər.

Maaşdan və maaşların gecikməsindən narazı işçilər tələbləri gerçəkləşənədək etirazlara son verməyəcəklərini deyirlər.

140 MANAT MAAŞ

Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov hazırda «Siyəzən Broyler» Quşçuluq Fabrikindədir. Yerli polis əməkdaşları da fabrikə gəlib. Fabrikdə iş bərpa olunub.

Bu haqda AzadlıqRadiosuna quşçuluq fabrikinin fəhləsi Əkrəm Yusifov məlumat verib.

O, deyib ki, fabrikin işçiləri 130-140 manat maaş alır:

«İstirahət günümüz yoxdur, artıq saat işləyəndə pulumuzu vermirlər».

İCRA HAKİMİ AKSİYAÇILARIN QARŞISINA ÇIXIB

Foto: Arxiv
Foto: Arxiv
AzadlıqRadiosunun Siyəzəndəki müxbiri xəbər verir ki, icra başçısı Arif Qasımov aksiyaçıların qarşısına çıxıb. Onlara deyib ki, tələbləri bir həftə ərzində yerinə yetiriləcək. Bundan sonra aksiyaçılar dağılışıb. Onların bir hissəsi quşçuluq fabrikinə, bir hissəsi evlərinə gedib.

Hazırda icra hakimiyyətinin qarşısında bir neçə adam qalır.

SİYƏZƏNDƏ ETİRAZ AKSİYASI KEÇİRİLİR

Martın 7-də Siyəzən rayon icra hakimiyyətinin qarşısında bir qrup adam sosial tələblərlə etiraz aksiyasına başlayıb. Onlar «Siyəzən Broyler» Quşçuluq Fabrikinin işçiləridir.

Aksiya iştirakçılarının AzadlıqRadiosuna verdiyi məlumata görə, əsas tələbləri maaşlarının artırılması və vaxtında verilməsi ilə bağlıdır.

Adını çəkmək istəməyən aksiya iştirakçısı deyib ki, «gecə-gündüz işləyirik. Cəmi 120 manat maaş alırıq, üstəlik də o vaxtında verilmir. Mart ayıdır, biz hələ yanvarın maaşını almamışıq. Elə vəziyyət gəlib çatıb ki, heç kim işləmək istəmir, adamları döyə-döyə işlədirlər. Hazırda icra hakimiyyətinin qarşısındayıq, bizi bir-bir polis maşınlarına mindirib iş yerimizə aparırlar, amma yenidən hamı icra hakimiyyətinin qarşısına qayıdır. Bir az əvvəl icra başçısı camaatın qarşısına çıxdı. And içib dedi ki, bütün problemlər həll olunacaq. Bizə belə vədlər o qədər verilib ki, heç birinə artıq inanmırıq».

Siyəzən rayon icra hakimiyyətində vətəndaşlarla iş şöbəsinin müdiri Fəyyaz Musaquliyev AzadlıqRadiosuna bildirib ki, icra başçısı az əvvəl aksiya iştirakçıları ilə görüşüb. Yaxın vaxtlarda problemlərin həll olunacağını deyib.
XS
SM
MD
LG