Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:55

Şəmkir korpusunun keçmiş komandiri: «Ordudakı cinayətlər cəmiyyətdə də var»


Foto: Arxiv
Foto: Arxiv

Azadlıqradiosu Azərbaycan ordusunda əsgər ölümlərinə ayrı-ayrı ekspertlərin, rəsmi qurumların, QHT fəallarının, sadə vətəndaşların baxışlarını ictimaiyyətin diqqətinə yetirib. Bəs hərbçilərin özü bu olaylara necə yanaşırlar?

-
Ehtiyatda olan polkovnik Şair Ramaldanov vaxtilə indi ölüm hallarında adı hallanan Şəmkir korpusunun komandiri olub. Son illər Silahlı Qüvvələrin Hərbi Akademiyasının təlim-tədris hissəsinin rəisi və akademiyanın rəis müavini vəzifəsini tutub. Hazırda Hərbi Elmi Tədqiqatlar Mərkəzində çalışır.

O, söhbətə sovet dönəmində xidmət etdiyi Almaniya ordusundakı itkilərlə başlayır. Deyir ki, əsgər ölümləri təkcə bizim ordumuzun alnına yazılmayıb:

– Bütün ordularda ölüm-itim var. Hələ dərinə getsən, ən az əsgər itkisi ilə keçinən Azərbaycan ordusudur.

– Dinc şəraitdə əsgər ölümü bir komandir üçün nə deməkdir?

Şair Ramaldanov

Şair Ramaldanov


Naxçıvanski adına Hərbi Məktəbin ilk məzunlarından olub. Ümumqoşun Komandirləri Məktəbini bitirib. Sovet ordusunda müxtəlif vəzifələrdə xidmət edib. Moskvada Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1992-ci ilin əvvəlindən Azərbaycan ordusu sıralarında xidmətə başlayıb. Füzuli rayonunda Horadiz istiqamətində gedən döyüşlərdə briqada komandiri olub. «Azərbaycan bayrağı» ordeni alıb. Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin, daha sonra Hərbi Akademiyanın rəis müavini olub. 55 yaşında yaş həddinə görə ordudan tərxis olunub. Hazırda Müdafiə Nazirliyinin Elmi Tədqiqat Mərkəzində çalışır.
– Əsgərdir – şəhid olur, ölür, Allah rəhmət eləsin. Ələlxüsus da indiki şəraitdə. Əlbəttə, ölüm hadisələrinin azalması istiqamətində müəyyən işlər görülməlidir. Mən demirəm ki, ölüm hadisələri olmalıdır. Ancaq onsuz heç bir ordu yoxdur. Orduya əsgər də cəmiyyətdən gəlir. Cəmiyyətdə müəyyən proseslər gedir. Müəyyən gərginliklər var. Bu, silahdır, cəbhə bölgəsidir. Cəbhə bölgələrində minalanmış sahələr var, əsgərlər düşür minaya. Səngərdə snayperlə vurulan əsgərlərimiz var. Atəşkəs, sadəcə, sənəddədir. Faktiki, müharibə davam edir, axı. Həyat və statistika baxımından götürsək, bizim orduda əsgər ölümü qəbahət gətirəcək vəziyyətdə deyil.

– Əsgərin cəsədindəki zorakılıq izləri intihar versiyası ilə necə əsaslandırıla bilər?

– Əsgər ölümünə tibbi ekspertlər rəy verirlər. O rəylər müəyyən sənədlərdə əks olunur. Hansı ekspert arxadan vurulmuş əsgər üçün deyər ki, bu, başqa şəraitdə ölüb?

– Hərbi birliyin özü bənzər ölüm və yaralanma faktlarını nə dərəcədə araşdırır?

– Mən sizə açıq deyirəm ki, heç bir orduda bizdəki qədər araşdırma aparılmır. Mən istəyirəm ki, səmimiyyətimə inanasınız. Heç bir orduda bu məsələlərə bizim ordudakı kimi həssas yanaşmırlar.

– Hər hansı əsgərin dinc şəraitdə ölümü ilə bağlı rəsmi açıqlamalara ictimai rəydəki şübhə, Sizcə, nədən irəli gəlir?

– Birini, ikisini gizlədərlər, hamısını gizlədə bilməzlər, axı. Ölüm elə bir şeydir ki, məsələn, gözünün altının qaralması deyil ki, deyəsən yıxılıb. Ölüm çox ciddi bir şeydir. O ölümün səbəbi nədirsə və günahkar varsa, əlbəttə ki, mütləq cəzalandırılır. İndi bir əsgər o birinə sillə vurur, o dəqiqə cinayət işi qaldırırlar.

– Bir hərbçi kimi belə faciəli halların qarşısını almaq üçün hansı reseptiniz var? Bu qədər ölüm hallarının olmaması üçün nə etmək lazımdır?

– Mən nə deyim... Nə lazımdırsa, edirlər. Əsgər ölümləri ilə bağlı məsələlərə son vaxtlar xüsusən həssas yanaşılır. Vətəndaş da narahatdır, zabit də. Ancaq bu, həyati prosesdir, saxlamaq olmur.

– Sizcə, ordu idarəçiliyindəki hansı çatışmazlıqlar ölüm hallarını artırır?

– Yalnız işləməyən adam səhv etmir. Hər bir işləyən orqanda səhvlər olur. Bir adama hansısa vəzifə həvalə ediblərsə və o, vəzifə daşıyan zaman öhdəsindən gələ bilmirsə, bu da problemlərə gətirib çıxarırsa, o adamı vəzifədən çıxarıb yerinə başqa adamı gətirirlər.

– Son vaxtlar ictimaiyyətdə fikir formalaşıb ki, əsgərlər döyüş şəraitində ölmür, elə dinc şəraitdəcə bir-birlərinə xəsarət yetirirlər...

– Bir də görürsən ki, küçədə də adamların sözləri düz gəlmir, bir-birlərini bıçaqlayırlar. Yenə deyirəm, ordu cəmiyyətin bir parçasıdır, onu cəmiyyətdən ayırmaq olmaz. Cəmiyyətdə gedən bütün proseslər, demək olar ki, orduda da var. Ancaq bu gün ordu nəzarət altındadır, əsgərlər komandirlərin nəzarəti altındadır. Ancaq sizin dediyiniz hallar istisna hallarda olur.

– Öz təcrübənizə əsaslanıb əsgər ölümlərinin daha çox hansı səbəblərini göstərə bilərsiniz?

- Siz cəmiyyətdəki gərginliyi görürsünüz? Bu cəmiyyətdən çıxan əsgər gəlib girir hərbi hissəyə. Onun gərginliyi o səviyyədədir ki, o, hərbi hissədəki vəziyyəti qiymətləndirib normal nəticə çıxara bilmir. Bir də görürsən özündən çıxır. Əlində silah varsa, hətta silahdan da istifadə edir. Bu cinayətlər cəmiyyətdə də var.
XS
SM
MD
LG