Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:23

Vüsal Nuru. Qarmaqarışıq sayıqlamalar


Vüsal Nuru
Vüsal Nuru
-

Belə deyim, sanki indiyə qədər başqalarının üzünə tutub onların nə qədər eybəcər olduğunu özlərinə göstərməyə çalışdığımız güzgünü Əkrəm Əylisli ayağının ucuyla vurub aşırtdı və indi biz özümüzü həmin güzgüdə görüb dəhşətə gəlmişik, qorxmuşuq.


Vüsal Nuru


QARMAQARIŞIQ SAYIQLAMALAR


Əsər zamanın fövqündə durmağı bacaranda ədəbi və əbədi olur. Burda yazıçının məsələyə, hadisəyə və dünyaya fərqli rakursdan baxması da çox önəmlidi.

Əkrəm Əylisli də məlum hadisələrə öz sonuncu əsərində məhz indiyə qədər heç kimin baxmağa ürək eləmədiyi pəncərədən baxıb.

Və o pəncərədən gələn səs-küylər, qarmaqarışıq hadisələr öyrəşmədiyimiz üçün "bizi" çaşdırdı.

Belə deyim, sanki indiyə qədər başqalarının üzünə tutub onların nə qədər eybəcər olduğunu özlərinə göstərməyə çalışdığımız güzgünü Əkrəm Əylisli ayağının ucuyla vurub aşırtdı və indi biz özümüzü həmin güzgüdə görüb dəhşətə gəlmişik, qorxmuşuq.

Çalışırıq ki, güzgüdə gördüyümüzün biz olmadığına inanaq, amma bizim də eybəcərliklərimiz, şikəst yönümüz var axı. Və bu da əslində çox normaldır. Məsələ burasındadır ki, biz bu normallığı qüsur kimi, anormallıq kimi anladığımız üçün gördüklərimizi qəbul edə bilmirik. Birdən-birə bu böyüklüyündə tikə boğazımızda qalıb, udmağa çalışırıq, həzm eləyə bilmirik

Məlum Sumqayıt hadisələri: Məgər bizimkilər həqiqətən də orda yaşayan erməniləri eyvanlardan aşağı atmamışdılarmı? Hər yerdə azğınlaşıb erməniləri öldürmürdülərmi? Məgər biz onların bilet pulunu alıb, yol azuqəsini də qoltuqlarına verib burdan göndərmişikmi?

Qarabağ müharibəsi: ağzımızda müharibə deyirik. Əmr verənlərin otaqda oturduğu, dinc sakinlərin həşərat kimi qırıldığı, göydən dolu kimi yağan mərmilərin uşaq, qadın, qoca tanımadığı bir meydanda nə onların naləsini eşidən var idi, nə də bizim. Müharibə allahın olmadığı yeganə yerdi.

Bir qrup gənc yazıçı Əkrəm Əylislinin evinin qabağında onun romanına etiraz aksiyası keçirir, 31 yanvar 2013
Bir qrup gənc yazıçı Əkrəm Əylislinin evinin qabağında onun romanına etiraz aksiyası keçirir, 31 yanvar 2013
Bura müharibə gedən ölkədi. Burda heysiyyatına toxunulmuş adamlar yaşayır və bizim Ermənistandan eyni zülmü, əzabı görüb gələn millətimizin qəzəblənməsi də arzuolunan olmasa da, qaçılmaz idi.

Onlar gördükləri şiddətin eynisini bəlkə də hələ daha azını (ya da çoxunu) törətdilər.

Bu, əslində iki bir-birinə qaynayıb qarışan millətin-ətlə dırnağın ayrılan anı idi. qanamalı idi, qanadı da, ağrımalı idi, ağrıdı da.

Biz - iki millət olaraq yenə bir yerdə yaşayacağıq. Ölkəmizi evimiz kimi satıb, pulunu götürüb başqa qitədə də sərhəd qurub ölkə yarada bilmərik. Zaman boyu yaşayacaq bu iki millət dünya durduqca qonşu olmağa məhkumdu.

Odur ki, silaha, döyüşə, ölümə nifrət eləyən sadə camaatın yaxınlaşması üçün müəyyən addımlar atmağa və gələcəkdəki mehribançılığı sığortalamağa indidən ehtiyac var. İki küsən barışmaq üçün əvvəl öz səhvlərini bir-birlərinə etiraf etməlidir. Bu addımı xalq yazıçısı olaraq, Azərbaycan ədəbiyyatının, ədəbi dilinin nəhənglərindən biri olan Əkrəm Əylisli atdı. Yazıçını topa tutmaqdansa, cəsarətinə görə alqışlamaq lazımdır.

Əslində Əkrəm Əylisli bu romanıyla bizim indiyə qədər göstərə bilmədiyimiz səmimiyyəti, humanistliyimizi sərgilədi. Bəli biz öz günahlarını, öz səhvlərini etiraf eləməyi də bacarmalıyıq.

Əslində, Əkrəm Əylislinin "Daş yuxular" romanı başqa konteksdən də bizim üçün olduqca dəyərlidi və dövlətin apardığı müharibə siyasətinə qətiyyən xələl gətirmir. Biz düşmən qarşısında güclü görünmək istəmirikmi? Buyurun, "Daş yuxular"! Bu da bizim gücümüzün yüzdə biri. Romanda nə göstərilir? Bizim qəddar ermənilərin məzlumluğu? Bəli, biz qəddar da ola bilirik. Və insafən həmin Sumqayıt hadisələrində ermənilər də Yerevandan qaçan azərbaycanlılar kimi zəif, zavallı idilər.

Bu roman ermənilərə mərhəmətli, ipək qəlbli olmadığımızı göstərdi ki, bu da indiki vəziyyətdə çox vacib idi. Ermənilər bu romanla bizim də qəzəbimizin sərhədini, səbrimizin daşan yerini gördülər. Bizim də lazım olanda amansız olduğumuzu anladılar. İndiyə qədər Ermənistanda biz azərbaycanlılar qorxaq bir millət kimi təbliğ olunurduqsa, bundan sonra erməni oxucuları azrəbaycanlıların qəzəblənəndə ayağının altını görmədiyini anlayacaqlar.

Və son nəticədə bizim bildiyimiz kimi, onlar da kiminlə qonşu olduqlarını dərindən anlayacaqlar. Bu roman onlar üçün də, bizim üçün də gələcəkdə - sülh şəraitində yaşayacağımız bir zamanda "QADAĞANDIR" işarəsinə çevrilib yollarımıza dikiləcək.

Bir gün bu qarmaqarışıq sayıqlamalar bitəcək. Adamlar öz səslərinə özləri oyanacaq. O zaman, təəssüf ki, indi ortada klarnet çalıb, tabut daşıyanları, ədəbi zövqü olmadığı halda bədii əsərin estetikasından danışanları, əllərinə kitab dəyən kimi gedib sabunlayan bu səhifə-səhifə bağıran "oxucuları" Əkrəm Əylisli abidəyə dönmüş simasıyla şəkillərdəki kimi gülümsəyərək qarşılayacaq. Onun üzündəki ifadə bunlara deyəcək: "Axır ki "Daş yuxular"a hansı pirizmadan yanaşacağınızı bildiniz. Mən sizin yazıçınızam!"
XS
SM
MD
LG