Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:23

Xankəndini və Şuşanı daşnaklardan geri almış Azərbaycan generalı


Həbib bəy Səlimov (sağdan üçüncü) - 1919
Həbib bəy Səlimov (sağdan üçüncü) - 1919

AzadlıqRadiosunun «İz» proqramında efirə gedən «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə, böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət Ordusunun 21 generalının həyat tarixçəsi sıra ilə saytımızda oxuyacaqsınız. Bu yazılarda Azərbaycan hərb tarixinin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

-
ƏSGƏRAN SAVAŞININ QƏHRƏMANI

Həbib bəy Səlimov hərb tarixinə bu adla – «Əsgəran savaşının qəhrəmanı» kimi düşüb. Əhvalat belə olub.

Şəmistan bəyin yazdığına görə, 1920-ci il martın 22-də – Novruz bayramı günü daşnaklar Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün Əsgəran keçidini kəsiblər. Qiyamçılar top və pulemyotlarla silahlanıbmış. Onlara Yerevandan gələn general Dro Kanayan komandanlıq edirmiş. Müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü qüvvə ayrılır, 20 minədək əsgər və zabit göndərilir. Aprelin 3-də Həbib bəy Səlimovun komandanlığı ilə ölüm-dirim savaşı başlayır... Döyüş 12 gün davam edir, qarşı tərəf darmadağın edilir və sonda Cümhuriyyət Ordusu Şuşaya və Xankəndinə daxil olur. Qarabağ dağlarında Azərbaycan bayrağı qaldırılır. Hərbi nazir S. Mehmandarov cəbhəyə gəlir və əsgərləri bu sözlərlə təbrik edir: «Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm... Siz canınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz!».

HƏBİB BƏY SƏLİMOVUN HƏYAT TARİXÇƏSİ

General Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də Yerevanda doğulub.
Atası Yusif bəy Yerevan quberniyasında məhkəmə iclasçısı çalışıb. İlk təhsilini Yerevan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyanı da bitirib. O, 1900-cü ilin avqustunda orduya könüllü yazılaraq Yelizavetpol (Gəncə) süvari alayında xidmət edib, unter-zabit rütbəsi alıb. 1902-ci ildə Tbilisidə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında «Müqəddəs Vladimir» ordeni ilə təltif edilib. Həbib bəy 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib.

CÜMHURİYYƏT ORDUSUNUN İLK BAŞ QƏRARGAH RƏİSİ

Cümhuriyyətin qurulması vaxtilə çar ordusunda xidmət etmiş azərbaycanlı zabitləri Vətənə meylləndirir. Həbib bəy də bu cazibədən qurtula bilmir. 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın əmri ilə qurulan Azərbaycan korpusunda Həbib bəy Baş Qərargah rəisi təyin edilir. 1919-cu ilin fevralın 26-da hərb naziri Səməd bəy Mehmandarovun əmri ilə polkovnik Həbib bəy Səlimova general rütbəsi verilir.

«ORDUNU YEMƏKSİZ, PALTARSIZ, ATSIZ, TƏCHİZATSIZ YARATMAQ OLMAZ!»

Arxiv sənədlərində general Səlimovun milli ordunun formalaşmasında tarixi xidmətləri olduğu üzə çıxır. Onun Nuru Paşaya, Cümhuriyyət hökumətinə göndərdiyi raportlar qalıb. Bir raportda o, əsgərlərin əyalətlərdə ancaq yerli əhalinin hesabına yarıac-yarıtox yaşadığını ürəkağrısı ilə bildirir: «Əsgərlərə həmişə un şorbası yedirmək olmaz ki? Onuncu alayın çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər, əlbəttə ki, evə qaçmaq istəyəcək... Ordunu yedirmək, geydirmək və bolşevikləri nəzərdən qaçırmadan hər cür xəstəlikdən qorumaq lazımdır».

QƏNİMƏT – TƏYYARƏ!

Arxiv sənədləri milli ordunun ilyarımlıq fəaliyyətində Həbib bəyin daim ön cərgədə olduğunu deməyə əsas verir. Onun komandanlığı ilə 1919-cu ildə Muğanda və Lənkəranda Cümhuriyyət hökumətini tanımaq istəməyən silahlı qüvvələr darmadağın edilib. O, hətta düşməndən qənimət kimi götürdüyü bir təyyarəni (!), 24 topu və 60 pulemyotu Azərbaycan ordusuna təhvil verib.

XANKƏNDİ, LAÇIN, ŞUŞA VƏ AĞDAM

Şəmistan bəy müxtəlif arxivlərdən generalın vətənpərvər ruhda yazılmış məktub və teleqramlarını tapa bilib. Məktub və teleqramlar Həbib bəy Qarabağ Ərazi Qoşunlarının komandanı olan vaxt – qızğın döyüşlər gedən Xankəndi və Laçından, Şuşa və Ağdamdan yazılıb. Lütfən, diqqət yetirin! İndi sadalanan ərazilərin heç biri Azərbaycanın nəzarətində deyil...

ŞUŞADAN SONUNCU XƏBƏR

«Azərbaycan» qəzetinin 15 iyun 1919-cu il sayında həmin başlıqla bir xəbər verilib: «Ermənilər səkkiz gün ara vermədən şose yolunu və ona yaxın olan kəndləri atəşə tutublar. General Həbib bəy Səlimovun avtomobili, ingilislərin avtomobili, sərnişinlə dolu 6 fayton, atla və piyada keçib gedənlər atəşə tutulmuşlar. Yalnız bir gün atəş kəsilmişdir».

NİYƏ KÖVRƏLDİM?

Dediyim kimi, Həbib bəyin general-leytenant Əlağa Şıxlinskiyə, hərbi nazir Səməd bəy Mehmandarova yazdığı xeyli raportlar qalıb. Həmin dövrdə vəziyyətin necə olduğu bu raportlarda bütün aydınlığı ilə sezilir. Onları oxuduqca gözlərimin yaşla dolduğunu hiss etdim. Həbib bəy bu raportlarda nələr yazmayıb?! Gənc cümhuriyyət hansı sınaqlarla üzləşməyib?! Sözügedən raportlar ürəyi vətən eşqi ilə döyünən bir zabitin harayıdır...

«CƏSUR VƏ DÖYÜŞ TEXNİKASINI GÖZƏL BİLƏN ZABİT»

1918-ci ildə Bakıda olan türk podpolkovnik Rüştü bəy «Böyük hərbdə Bakı yollarında» yazısında general Səlimovu «cəsur və döyüş texnikasını gözəl bilən zabit» kimi qiymətləndirir. Əlavə edir ki, Həbib bəy rus ordusunda yetişmiş zabitdir və döyüşlərdə cənub qrupuna komandanlıq edirdi...

MTN ARXİVLƏRİ NƏ DEYİR?

Aprel işğalından sonra Həbib bəyin başına nə gəldi? MTN arxivləri nə deyir?
Şəmistan bəyin yazdığına görə, MTN arxivində 1920-ci ilin mayında Həbib bəyin Naxçıvana hərbi komissar təyin olunması barədə sənəd var. Hətta iyulun 19-da Naxçıvan şəhər general-qubernatorunun 3402 saylı möhürlü sənədi ilə onu Təbrizə orduya bəzi şeylər gətirmək üçün 14 günlüyə ezamiyyətə göndərdikləri də sənədlə təsdiqlənir.

Avqustun 26-da Naxçıvan İnqilab Komitəsinin sədri XI Ordunun xüsusi şöbə rəisi Semyon Pankratova yazılı məlumat verir ki, Həbib bəy Səlimov Təbrizdən qayıtdı və Qızıl Ordunun ehtiyac duyduğu məhsulları gətirib gəldi...

HƏBS

Yəqin ki, bu, tutulmaq üçün işarə idi. Sentyabrın 1-də Həbib bəy həbs olunur.

Onu Əsgəran, Qarabağ, Muğan və Lənkəran döyüşlərindəki xidmətlərinə görə ittiham edirlər. Nuru Paşanın ordusunda bolşeviklərə qarşı döyüşlər aparmaqda suçlayırlar. İttihamda yazılır ki, o, Tbilisi və Bakıda fəaliyyət göstərən əksinqilabi təşkilatın üzvüdür və bu təşkilat üsyana hazırlaşır... Guya general Vrangel Tbilisi və Batumidəki əksinqilabçılara general Səlimov vasitəsilə silah göndərir... Guya Bakı quberniyasının Cavad qəzası İranın Şahsevən quldurlarının köməyi ilə üsyana hazırlaşır. Onlar general Səlimovdan da kömək alırlar... Beləcə, generalı niyə İrana ticarətə göndərdikləri su üzünə çıxır... Maraqlıdır ki, ona qarşı ifadə verənlərin biri Həbib bəyi «zəif komandan» da adlandırıbmış. Şəmistan bəyin yazdığına görə, taleyin işinə bax ki, Həbib bəyin əleyhinə yalançı ifadə verən həmin rotmistr də 6 il sonra bolşeviklər tərəfindən Solovetskiyə sürgün edildi...

İTTİHAMLAR:

Həbib bəy düz 3 ay yarım həbsxanada ona qarşı irəli sürülən yalançı ittihamları yazılı şəkildə rədd edir. Onu güllələməyə əsas verən «səbəblər» bunlardır:

– İran məsələsi;
– 1919-cu ildə Lənkəran yürüşündə yerli əhalini soyub-talaması;
– Ağqvardiyaçı praporşik Dubinin, Nuru Paşa və Zeynalovla bağlantıları;
– Cümhuriyyət dönəmində bolşeviklərə nifrəti;
– Naxçıvanda xan və bəylərlə oturub-durması.

NAXÇIVAN CAMAATI: «ONUN YARAMAZ HƏRƏKƏTLƏRİNƏ DÖZƏ BİLMİRİK»

Üstəlik, həmin vaxt Az.ÇeKa mühüm şöbə katibinin Naxçıvandan təşkil etdiyi tarixsiz və imzasız çuğulçu məktubu gəlib çıxır və bu, güllələnmə hökmünü çıxarmağa «əsas verir». Axı Naxçıvan camaatı «onun yaramaz hərəkətlərinə dözə bilmirik» deyirmiş...

GÜLLƏLƏNSİN!

Hökm 1920-ci il dekabrın 19-da çıxır:

«Qərara alındı: Sovet hökumətinə qarşı çıxan Həbib bəy Yusif bəy oğlu Səlimov güllələnsin. Ondan alınan əmlak müsadirə olunsun və respublikanın gəlirinə keçirilsin».

Bolşeviklər general Səlimovu 1920-ci il dekabrın 30-da, saat 10:30-da güllələyirlər.

HƏBİB BƏYİN NƏYİ VARDI?

Qaldı əmlakının müsadirəsinə –Həbib bəyin «iki desyatin torpağı və üç desyatin dədə-baba bağ sahəsi»ndən başqa heç nəyi yoxdu...

Qardaşı ilə birgə yaşayan 39 yaşlı general heç evlənməyə də macal tapmadı – güllələndi...
XS
SM
MD
LG