Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:09

Hilal Məmmədov: «Üzümü divara çevirəcək, qulaqlarıma da pambıq tıxayacağam»


Hilal Məmmədov
Hilal Məmmədov
-
«MƏNİ DƏ NOVRUZƏLİ MƏMMƏDOVUN AQİBƏTİ GÖZLƏYİR»

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Tolışi Sədo» («Talışın səsi») qəzetinin redaktoru Hilal Məmmədovun saat 10:30-a təyin olunmuş məhkəməsi 11:15-də başladı. Gecikməyə səbəb hakimin iclası qapalı keçirmək istəyi idi. Vəkillərin və Hilal Məmmədovun bir saatdan artıq etirazlarından sonra məhkəməni izləməyə gələn jurnalistlər, hüquq müdafiəçiləri və Hilal Məmmədovun ailə üzvləri məhkəmə salonuna buraxıldılar. Hakim iclası açıq elan edincə Hilal Məmmədov prosesin qapalı keçirilməsinə qarşı vəsatət verdi:

- «Tolışi Sədo»nun keçmiş redaktoru Novruzəli Məmmədov 10 il azadlıqdan məhrum edildi və zindanda qətlə yetirildi. Ailə üzvləri də məhv edildi. O vaxtlar Novruzəli Məmmədovun hüquqlarının müdafiəsi komitəsinin sədri kimi, hakimiyyət orqanları tərəfindən təşkil olunmuş bu dəhşətli və amansız vəhşilikləri ictimaiyyətə çatdırmağa cəhd etsək də, məhkəmə proseslərinin qapalı keçirilməsi bu cəhdlərimizin nəticələrinə mane oldu. Bir sözlə, Novruzəli Məmmədovun ailəsinin bu dəhşətli faciəsinə yalnız istintaq orqanları deyil, həm də Ağır Cinayətlər Məhkəməsi baiskar oldu.

Hilal Məmmədov dedi ki, məhkəmə prosesi qapalı keçirilərsə, onu da Novruzəli Məmmədovun aqibəti gözləyəcək:

- Məhkəmənin qapalı keçirilməsi barədə qərar qəbul etsəniz, vəkillərimin prosesdə iştirakını məhdudlaşdıracağam. Hakimlərə etiraz edəcəyəm. Bax, özümlə pambıq, tənzif gətirmişəm (cibindən bir büküm pambıq və tənzif çıxardır – E.C.). Pambığı qulaqlarıma tıxayacağam ki, sizi eşitməyim, tənzifi ağzıma bağlayacağam ki, mənə infeksiya keçməsin. Üzümü də divara çevirəcəyəm, suallarınızı cavablandırmayacağam, nə qədər istəyirsiniz danışın, hansı qərarları istəyirsiniz qəbul edin.

Hakim Azər Orucov:

– O sənin öz işindir.

«MÜSTƏNTİQLƏR «DÖVLƏTƏ XƏYANƏT»İ ƏSASLANDIRA BİLMƏYİBLƏR»

Hilal Məmmədov bildirdi ki, o, konstitusiya ilə qorunulmasına zəmanət verilən hüquqlarını tələb edib:

- «Tolışi Sədo»ya redaktorluq etmək, söz və fikir azadlığı ifadə etmək, Respublika Talış Mədəniyyət Mərkəzinin qeydiyyatına və fəaliyyətinə cəhd göstərmək, mərkəzin yığıncaqlarını, talış folkloru gecələrini, talış dilinin və mədəniyyətinin təbliğinə və tədqiqinə həsr edilmiş elmi konfranslar keçirməyə cəhd etməyi hökumət dövlətə xəyanət, casusluq ittihamları ilə qarşılayıb.

Vəkil Ramiz Məmmədov:

– Hörmətli hakimlər, mən istintaq vaxtı da müstəntiqlərdən soruşdum ki, bu işdə Hilal Məmmədova konkret hansı əməlinə görə dövlətə xəyanət ittihamı verilib. Ancaq onlar bu maddəni heç cür əsaslandıra bilmədilər.

Hakim:

– Məhkəmə araşdıracaq.

Hilal Məmmədov (hakimə):

– Hazırlıq iclasında Sizə dedim ki, cənab hakim, bütün qərarlarınızı azadlığınızın intervalında qəbul edin. Məlum oldu ki, mənim hüquqlarımı tapdaladınız, heç bir vəsatətimi təmin etmədiniz. Belə başa düşdüm ki, hakimin rolu ancaq bundan ibarətdir ki, zalda kiməsə «papağını çıxar», kiməsə «telefonu söndür» desin, vəssalam. Bundan başqa hakimin rolu yoxdur. Mən belə məhkəmənin qəbul edəcəyi heç bir qərarı tanımıram.

PROSES QAPALI VƏ VƏKİLLƏRSİZ KEÇİRİLƏCƏK

Bir saatlıq müşavirədən sonra hakim Azər Orucov məhkəmə proseslərinin qapalı keçiriləcəyini elan etdi.

Hilal Məmmədov məhkəmə prosesləri qapalı keçiriləcəksə, vəkillərinin müdafiə səlahiyyətlərini məhdudlaşdıracağını bildirdi və üzünü vəkillərinə tutaraq dedi:

– Bundan sonra məhkəmədə iştirak etsəniz, Vəkillər Kollegiyasına sizdən şikayət edəcəyəm.

Hakim:
Məhkəmənin qarşısı
Məhkəmənin qarşısı

– Bunu necə başa düşək? Vəkillərdən imtina edirsiniz?

Hilal Məmmədov:

– İmtina etmirəm, fəaliyyətlərini məhdudlaşdırıram.

Hakim:

– Qanunda elə şey yoxdur. Siz yalnız imtina edə bilərsiniz.

Vəkil Ramiz Məmmədov:

– Möhtərəm hakim, müvəkkil bizim fəaliyyətimizi məhdudlaşdırırsa, burada oturmağımıza ehtiyac yoxdur.

Hakim:

– Məhkəmə zalından çıxsanız, onda mən sizdən Vəkillər Kollegiyasına şikayət edəcəyəm.

Vəkil Anar Qasımlı:

– İndi biz nə edək? Biri deyir oxu, biri deyir oxuma.

Hakim Mayıl Bayramov (vəkillərə):

– Yaxşısı budur, müvəkkilinizə hüquqlarını başa salın. Ona başa salın ki, o, vəkillərdən imtina edə bilər, qanunda vəkilin fəaliyyətinin məhdudlaşdırılması yoxdur.

HİLAL MƏMMƏDOV VƏKİLLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ

Vəkil Cavad Cavadov vəsatət qaldırdı:
Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub
Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub

– Vəkillik fəaliyyəti haqqında qanunun 5-ci maddəsi birbaşa göstərir ki, müvəkkil istənilən anda öz vəkilinin fəaliyyətini müvəqqəti məhdudlaşdıra bilər. Onda, zəhmət olmasa, həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edin, müzakirə edib fikirlərini bildirsinlər.

Hakim vəkilin vəsatəti ilə bağlı prokurorun fikrini öyrəndi. Prokuror təmin olunmamasını xahiş etdi. Hakim Hilal Məmmədovun vəsatətə münasibətini öyrənərkən sonuncu bildirdi ki, vəkillərin fəaliyyətini məhdudlaşdırdığına görə onlara vəsatət verməyi, münasibət bildirməyi qadağan edir. Bu səbəbdən onların verdiyi hər hansı vəsatətə münasibət də bildirmək istəmir.

Vəkillər bildirdilər ki, Hilal Məmmədov onların vəsatətindən imtina edirsə, o zaman onlar da münasibət bildirə bilməzlər və vəsatəti geri götürmək məcburiyyətindədirlər.

Əsəbiləşən hakim vəsatəti təmin etmədi. Məhkəmə iclasının qapalı sürəcəyini diqqətə çatdırdı. Daha sonra prokurorun ittiham aktını elan edəcəyini bildirdi.

Üzünü vəkillərə tutan Hilal Məmmədov «Sonuncu dəfə xəbərdarlıq edirəm, məhkəməyə gəlməyin» dedi.

Hilal Məmmədovun beş vəkili var. Onlardan Anar QasımlıXalid Bağırov AzadlıqRadiosuna bildiriblər ki, Hilal Məmmədov onların məhkəmədə iştiraklarını məhdudlaşdırdığına görə məhkəmə iclaslarına qatılmağı düşünmürlər.

Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. Dövlətə xəyanətdə, milli-irqi ayrı-seçkilikdə, narkotik maddə saxlamaqda təqsirləndirilir. Özü bu həbsi siyasi sifariş sayır. İttihamlar sübuta yetirilsə, Hilal Məmmədovu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG