Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:13

«Freedom House»: Dünyanin azadlığı – 2013


Freedom House
Freedom House
-
AZADLIQ TƏNƏZZÜLDƏDİR

«The Freedom House» təşkilatının son hesabatına görə, ötən il azadlıqlar tənəzzüldə olub və bu tənəzzül artıq yeddi ildir ki, davam edir. Bununla belə, «azad ölkələr» kateqoriyasına daha üç ölkə daxil olub və indi onların toplam sayı 90-dır. Demək, 195 dünya ölkəsinin 46 faizi, bir başqa sözlə, azı 3 milyard insan azad ölkələrdə yaşayır.

Qismən azad ölkələrin sayı dəyişməz qalıb. Bu kateqoriyaya daxil 58 ölkədə 1 milyard 614 min nəfər yaşayır. Bu baxımdan dünya əhalisinin 23 faizinin «qismən azad ölkə»lərdə yaşadığını söyləmək olar.

Freedom House-un hesabatında azad olmayan ölkələrin sayı 47-dir. Belə ölkələrdə ümumilikdə 2 milyard 376 milyon 822 min insan yaşayır. Bir başqa deyimlə, yarısı Çinin payına düşməklə dünya əhalisinin 34 faizi azad sayılmayan ölkələrin vətəndaşıdır

Seçkiyə söykənən demokratik dövlətlərin sayı əvvəlki tək – 117 qalıb.

Gürcüstan və Liviya indi bu kateqoriyaya daxil olsalar da, Mali və Maldiv həmin qrupu tərk edib.

Dörd ölkə - Lesoto, Seneqal, Syerra Leone və Tonqa «qismən azad» kateqoriyasından «azad ölkə»lər qrupuna keçib.

Daha üç ölkə - Fil Sümüyü Sahili, Liviya və Misir «azad olmayan ölkə»lər qrupundan «qismən azad ölkə»lər kateqoriyasına yüksəlib.

Ölkələrin durumu qitə və regionlara görə də çeşidlərə ayrılıb.

Məsələn, Qərbi Avropada bütün ölkələr azaddırlarsa və ya Amerika qitəsində cəmi bir azad olmayan ölkə varsa, Mərkəzi və Şərqi Avropada ölkələrin cəmi 13 faizi azaddır. Ən azad olmayan yer Afrika qitəsi və Yaxın Şərq regionudur.

KATEQORİYALAR VƏ METODOLOGİYALAR

Freedom House-un xəritəsi
Freedom House-un xəritəsi
Freedom House təşkilatının illik «Dünyada Azadlıq» hesabatlarında ölkələr, bir qayda olaraq, üç qrupa «azad», «qismən azad» və «azad olmayan» kateqoriyalarına bölünür.

Azad ölkələr deyərkən, açıq siyasi rəqabətin, vətəndaş hüquqlarına sayqının, yetərincə müstəqil vətəndaş yaşamının və azad medianın olduğu ölkələr nəzərdə tutulur.

Qismən azad ölkələrdə insan və vətəndaş haqları məhduddur. Belə ölkələr çox vaxt korrupsiyadan, qanuna yetərincə əməl edilməməsindən, etnik və dini qarşıdurmalardan əziyyət çəkir. Bir partiyanın hökmranlığı da həmin ölkələrin başlıca özəlliyi sayıla bilər.

Azərbaycan «azad olmayan ölkə»lər kateqoriyasına daxildir. Söhbət təməl insan və vətəndaş azadlıqlarının yox dərəcəsində olduğu dövlətlərdən gedir.

Azərbaycan üçün həssas məqam budur ki, rəsmən onun bir hissəsi olan, ancaq indi nəzarətindən kənar qalan Dağlıq Qarabağ müstəqil dövlət yox, ərazi kimi «qismən azad» kateqoriyasına daxil edilib.

NECƏ OLDU Kİ, DAĞLIQ QARABAĞ AZƏRBAYCANDAN DAHA AZAD SAYILDI?

Dağlıq Qarabağ Freedom House təşkilatının hesabatına daxil edilən 14 mübahisə, ya da münaqişə doğuran ərazidən biridir. Beləcə, həmin ərazi bu hesabatda özəl status qazanıb.

14 ölkənin ikisi «bağlı», 12-si isə «mübahisəli» ərazi kimi tanınır.

Bu ərazilər aşağıdakılardır – qismən azad Honq Konq və azad Puerto Riko bağlı ərazilər hesab olunur, Abxaziya (qismən azad), Qəzza zolağı(azad olmayan), Hindistan Kəşmiri (azad), Şimali Kipr (azad), Pakistan Kəşmiri(azad olmayan), Somalilend (qismən azad), Cənubi Osetiya, Tibet, Dnestryanı respublika, İordan çayının Qərb sahili və Qərbu Saxara (hamısı azad olmayan).

Dağlıq Qarabağdakı separatçı rejimin qismən azad ölkələr kateqoriyasına daxil edilməsi bu ərazidə ədalətli prezident seçkiləri keçirilməsinə əsaslanıb.

AB-nin bayrağı
AB-nin bayrağı
Beləliklə, Freedom House təşkilatının hesabatı uzaq perspektivdə ərazi bütövlüyünü ölkənin demokratikliyinə bağlayır, özəlliklə siyasi hüquqlar və vətəndaş azadlıqları prinsiplərinə önəm verir.

Siyasi hüquqlara üç mühüm element daxildir: seçki prosesi, siyasi plüralizm və iştirak.

Vətəndaş azadlıqlarına gəlincə, burada dörd amil əsas götürülür: ifadə və etiqad azadlığı, toplaşma və təşkilatlanma hüquqları, qanunun aliliyi, şəxsi muxtariyyət və fərdi azadlıqlar.

Sonra siyasi hüquqlar və vətəndaş azadlıqlarına dair əvvəlcədən hazırlanmış sualların cavabları qiymətləndirilir.

HƏR ŞEY NƏZƏRƏ ALINIR

Soruşula bilər ki, bəs suallara necə cavab verilir? Cavab kimi, ilboyu konkret ölkədən daxil olmuş müxtəlif hesabat və media məlumatları əsas götürülür.

Məsələn, Azərbaycan prezidentinin yeni il öncəsi bir neçə siyasi məhbusu azad etməsi də, İsa Qəmbərin Lənkəranda daşa basılması da gözardı edilmir. Cavablar 1 baldan 7 baladək qiymətləndirilir. Bir bal alanlar ən çox azad, 7 bal alanlar ən qeyri-azad sayılır.
Hər ölkəyə 0-dan 4-dək ümumi qiymət də verilir. «0» – ən pis, 4 – «ən yaxşı» göstərici hesab edilir.

Axırda ortaq rəqəm çıxarılır və beləcə, «azadlıq indeksi» müəyyənləşdirilir (1-2,5 azad ölkələrin, 3,0-5,0 qismən azad ölkələrin, 5,5-7,0 azad olmayan ölkələrin göstəricisidir).

İNQİLABLAR DƏRS OLMUR

Hesabatda qeyd olunur ki, dünyanın bir çox qüdrətli avtoritar rejimləri Yaxın Şərqdə və Şimali Afrikada baş verənləri narahatlıqla izləsələr də, rejimlərini daha da sərtləşdirməyə daha çox meylli olublar.

Vladimir Putin
Vladimir Putin
2008-2012-ci illər arasında bir çox ölkələrdə, xüsusən Rusiya və Venesuelada haqq və azadlıqlar daralıb. Vladimir Putin-in hakimiyyətə qayıtması ilə Rusiyada mənfi meyllər daha da güclənib.

Hesabatda belə bir vəziyyətin daha çox Avrasiya ölkələrinə aid olduğu qeyd olunur. Məsələn, Qazaxıstan, Ukrayna və Tacikistan ötən ili, əvvəlki illərlə müqayisədə daha az azad ölkələr kimi başa vurub.

Azərbaycan, Türkmənistan, Özbəkistan və Belarus dünyanın ən repressiv rejimləri adını «qorumaqdadır».

Freedom House bildirir ki, Ermənistanda keçirilmiş rəqabətli seçkilər durumu bir qədər yaxşılaşdırsa, Gürcüstanda hakimiyyətin ilk dəfə seçki yolu ilə müxalifətə keçməsi baş tutsa da, hər iki ölkədə bu proseslər xoşagəlməz faktlarla müşayiət olunub. Məsələn, Gürcüstanın yeni hakimiyyəti dərhal 30-dək siyasətçinin həbsinə qərar verib.

ERMƏNİSTAN VƏ GÜRCÜSTAN QİSMƏN AZADDIR

Freedom House Azərbaycandan fərqli olaraq Ermənistan və Gürcüstanı qismən azad ölkələr sayır.

Hesabatda qeyd olunur ki, Avrasiyada bəzi müsbət dəyişikliklər olub. Ən diqqətçəkəni Gürcüstanda baş verib, siyasi hüquqlar reytinqində irəliləyiş əldə edilib. «Gürcüstan Arzusu» partiyası rəqabətli parlament seçkilərində qalib gəlib. Seçki sonucda ölkə tarixində ilk dəfə olaraq hakimiyyətin nizamlı və demokratik ötürülməsinə gətirib. Seçki kampaniyası mediada daha plüralist işıqlandırılıb. Gürcüstanın siyasi hüquqlar reytinqi 4-dən 3-ə qalxıb.

Ancaq seçkidən sonra yeni hökumət sələfinin 30 rəsmisini saxlayıb. Bu isə siyasi təqiblərə dair iddialar yaradıb.

Mayda dinc parlament seçkilərindən sonra Ermənistanın siyasi hüquqlar reytinqi artıb. Bu da 2008-ci il prezident seçkisindən sonrakı zorakılıqlardan dolayı ölkə reytinqindəki düşməni tarazlayıb.

«AZADLIQ HESABATI-2013» BİRMƏNALI QARŞILANMADI

Zahid Oruc
Zahid Oruc
Deputat Zahid Oruc «Freedom House»un Azərbaycanla bağlı mövqeyinə təəssüflənir. Bu kimi təşkilatları qlobal miqyasda müxtəlif dövlətlər üzərində zəif bənd oyununun əsas həlqəsi sayır:

«Əlbəttə, bundan təəssüflənirik. Azərbaycandakı durumu Ermənistandan, Türkmənistandan geri saymaq hətta bizdəki ən radikal, ən sərt saydığımız qüvvələrin belə ağılına gəlməz».

Zahid Oruc «Freedom House»un azadlıqlara yönəlik davranışlarını sovet dövründən bəri mövcud yanaşmaların uzantısı sayır.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ölkədə insan hüquqları ilə bağlı problemləri saymaqla yanaşı, bu problemlərin Azərbaycanın adının Türkmənistan, Özbəkistan və Belarusla birgə çəkilməsinə əsas vermədiyini deyir:

«Düzdür, Azərbaycanda demokratik azadlıqlar müəyyən dərəcədə məhdudlaşıb. Sərbəst toplaşma azadlığı ilə bağlı cərimələrin məbləği çox böyükdür. Bu da insanların fikirlərini sərbəst söyləməsinə mane olur. Müxalifət liderlərinə qarşı elə addımların atılması müşahidə olunur ki, bunlar, hər halda, xoş hadisələr deyil.
Fazil Mustafa
Fazil Mustafa
Amma bütövlükdə müxalifətin qəzet çıxarması, partiyaların fəaliyyəti, öz proqramlarını cəmiyyətə çatdırması ilə bağlı məhdudiyyətlər adıçəkilən ölkələrlə müqayisədə daha az miqyasdadır. Məncə, onlarla bir sırada qiymətləndirmə düzgün deyil».

Fazil Mustafa hesab edir ki, qərəzsiz görünməsi üçün «Freedom House» Azərbaycanda demokratiyanın məhdudlaşdırılması istiqamətində atılan addımlara diqqət yetirsə, daha yaxşıdır:

«Xüsusən sərbəst toplaşma azadlığı, siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələlərdə məhdudiyyətlərin ortadan qaldırılması olduqca vacibdir. Bu istiqamətdə addımlar atılarsa, buna müsbət yanaşmaq olar. Bu, həm də ümumi işin xeyrinədir».

Arif Hacılı
Arif Hacılı
Müsavat başqanının müavini Arif Hacılı «Freedom House»u qərəzli təşkilat saymır. Onun fikrincə, Azərbaycanın adının «repressiv rejim»lər sırasında çəkilməsi ölkədəki mövcud vəziyyətdən irəli gəlir:

«Azərbaycan hakimiyyəti bu hesabata görə beynəlxalq qurumları qınamamalı, ölkədə olan reallıqları dəyişdirməli, siyasi islahatları həyata keçirməli, siyasi məhbusları azad etməlidir. Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunmalı, azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yaradılmalıdır».

Arif Hacılıya görə, mövcud problemlər nəzərə alınarsa, «Freedom House» kimi təşkilatların Azərbaycanla bağlı mövqeyi dəyişə bilər.
XS
SM
MD
LG