Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:31

Cəlil Cavanşir nağıl danışır...


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Axı, tarixi romanların öz xüsusiyyəti var və bədii təxəyyül tarixi faktların büsbütün təhrifi üstündə qurulmamalıdır…

«İtirilmiş əlyazma»da Cəlil Cavanşir «Məhşər» romanından alınan informasiyanın bəzi parçalarının təkrarından əlavə heç bir tarixi-bədii yanaşma təqdim etmir.



Elnarə Tofiqqızı bu məqaləsi ilə gənc yazar Cəlil Cavanşirin "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş "İtirilmiş əlyazma" romanının müzakirəsinə qoşulur.


Elnarə Tofiqqızı


CƏLİL CAVANŞİRİN NAĞILI...


Cəlil Cavanşirin tarixi roman adı ilə dərc olunan («Qanun» 2012) «İtirilmiş əlyazma» romanı Azərbaycan tarixinin böyük dövrünü əhatə edir.

Müəllif Şirvanşah Şeyx İbrahimə söykənən nəsil şəcərələrinə ictimai-bədii status qazandırmaq üçün böyük tarixi, mədəni, sosial-siyasi hadisələri ulu babalarının taleyindən keçirmək və «tarix içində tarix yazmaq» kimi böyük məsuliyyətin altına girib.

Ədəbi missiya olaraq ortaya qoyulan hədəf, doğrudan da, böyük məsuliyyət yaradır. Ona görə ki:

1. Azərbaycanın XIV əsr Şirvanşahlar dönəmindən başlayan və XXI əsrə qədər davam edən 7 əsrlik tarixində ən önəmli hadisələri gündəmə gətirmək (bunların sayı isə tükənməzdir);

2. İslamın bətnindən doğulan, özünəqədərki mistik-fəlsəfi düşüncələri də ehtiva edən və «sufizm» adıyla ümumiləşdirilən böyük fəlsəfi fikir və ürfan tarixinə işıq tutmaq.

1. Tarix yazmaq məsuliyyəti

1.1.
Müəllif bu gündən – müstəqillik dövründən təsvirə başlayır və uşaq təfəkkürünə uyğun yanaşma ilə böyük nəslin davamçısı olduğunu anladıqdan sonra «nəsil tarixini» yazmaq yükünün ağırlığını danışır.

Bu ilkin yanaşmadan – «Proloq əvəzi»ndən sonra Cəlil Cavanşir kitabın həcminə və dinamikliyinə qətiyyən uymayan bir hövsələ göstərərək, daha iki bölmə - «Sonuncu varislə görüş» və «Babamın ilk söhbəti» - ilə 7 əsrlik tarixə böyük giriş(lər) verir.

Cəlil Cavanşirin romanı
Cəlil Cavanşirin romanı
«Babamın ilk söhbəti» Dərbəndilərə qədər olan Şirvan dövləti ilə bağlıdır. Bu bölmədə müəllifin boşluq buraxmaq istəməməsi, Şirvanşahlar dövlətinin qurulduğu dövrü də xatırlatma istəyi özünü göstərir.

Ancaq nədənsə, bu xatırlatma Sasanilərə qədər getmir, ərəblərin Şirvanşah dövlətini istilasına ötəri baxışla yekunlaşır və istər-istəməz, müəllifin Şeyx İbrahimdən əvvəlki 6 əsrlik dövrə ayırdığı 2 vərəqlik qeydlərin mahiyyəti aydınlaşmır.

1.2.

C.Cavanşir 7 əsrlik tariximizə, əsasən, üç dövrə bölməklə toxunur:

Şeyx İbrahimin hakimiyyətə gəlməsi və şahlığı müddətində cərəyan edən hadisələr; Səfəvilər dövlətinin süqutu, Nadir şah Əfşarın hakimiyyəti və xanlıqlar dövrünün başlanması; müəllifin yaşadığı müstəqillik dövrü.

Artıq bizdən əvvəlki tənqidçilərimizin toxunduğu kimi, XIV Azərbaycan tarixi və Şirvanşahlar dövləti, Şeyx İbrahimin hakimiyyətə gəlişi və Əmir Teymurla münasibətləri («Doqquzuncu qul» bölməsi), Əmir Teymurun ölümü və s. hadisələr ibtidai tarix bilgiləri və İsa Hüseynovun «Məhşər» romanı (romanın motivləri əsasında ekranlaşdırılan «Nəsimi» filmi) ilə məhdudlaşır.

Nəzərə alaq ki, Şeyx İbrahimin kəsranilərə qarşı üsyan hazırlaması və üsyan günü əkinçilik etməsi, özünü bütün proseslərdən kənarda göstərməsi «Məhşər»də yüksək bədii yanaşma ilə təsvir edilib. «İtirilmiş əlyazma»da Cəlil Cavanşir «Məhşər»dən alınan informasiyanın bəzi parçalarının təkrarından əlavə heç bir tarixi-bədii yanaşma təqdim etmir.

Halbuki «Məhşər»də işarə edildiyi kimi, həmin dövr - Qızıl Orda xanı Toxtamışın 100 minlik çox çevik və hər an Şirvana hücum etməyə hazır ordusu ilə Dərbənddən şimalda dayanıb, Əmir Teymur müttəfiqini təhdid etməsi, «dünyanın qeysəri» İldırım Bəyazidin Şeyx İbrahimə hədələri və s. ilə yadda qalan ən mürəkkəb tarixi hadisələrlə zəngindir. Müəllif ən azı bunları gündəmə gətirməklə dövrün bədii təsvirinin coğrafi miqyasını genişləndirə və babası Şeyx İbrahim haqqında daha ətraflı bilgi verə bilərdi.

Nadir şah Əfşarın Muğan qurultayında şah seçilməsi, sonrakı hadisələr və xanlıqların yaranması isə Sabir Rüstəmxanlının «Ölüm zirvəsi» (Cavad xan) sənədli romanından adda-budda götürülmüş ən adi tarixi faktlardan o tərəfə keçmir.

Başqa sözlə desək, müəllif babasının danışmadığı, «bəzi gizli mətləbləri böyüdükdən sonra araşdırmasını» istədiyi tarixin - «Məhşər» və «Ölüm zirvəsi»ni oxumaqla məhdudlaşdığı üzə çıxır.

Üç əsrə yaxın davam edən Səfəvilər dövrü və bu dönəmdə Şeyx İbrahimin gizli varisləri, mənəvi-fəlsəfi səltənət quranlar haqqında əsərdə heç nə yoxdur. Əslində isə Azərbaycan fəlsəfi fikri Səfəvilər dövründə özünün ən açıq və geniş təbliğ olunan mərhələsini yaşayıb; elm-ürvanla məşğul olan varislərin səfəvilik-şeyxilik, ələvilik və s. dünyagörüşlərlə qarşılaşmalarını göstərmək və fəlsəfi fikir tarixi haqqında fundamental bədii əsər ortaya qoymaq üçün Səfəvilər dövrü ən unikal imkandır.

Üstəlik, Çaldıran döyüşü və bu döyüşdən sonra Səfəvilər dövlətindəki dini-fəlsəfi cərəyanların ikinci dönəmi Şeyx İbrahimin oğlu Ərənlə başladığı iddia edilən təriqətin (xəlvətiliyin) inkişaf sərhədlərini təsvir etmək baxımından da yaxşı fürsət idi.

Müəllif bu fürsətlərin hamısını qaçırıb.

2. Fəlsəfi-ürvani fikir tarixi

2.1. Şeyx İbrahimin «hürufiliyi» – İsa Hüseynovun «Məhşər»də toxunduğu və bəzi tarixi mənbələrdən çıxarılan ehtimaldır, tarixi fakt deyil. Fərziyyəyə görə, Şeyx İbrahim ilkin dövrdə hürufiliyə rəğbət bəsləsə də, sonradan ictimai-siyasi proseslərin gedişi onu hürufilərə qarşı sərt mövqe göstərməyə məcbur edib.

Amma Şeyx İbrahimin sarayında ortodoksal dini baxışların daha güclü olması, sonradan isə saraya yaxın şəxslərin xəlvətiliyə meyillənməsi və İbrahimdən sonra Şirvan şahı olan hökmdarların xəlvətiliyi himayə etmələri barədə isə daha sanballı tarixi dəlillər mövcuddur.

C.Cavanşir «İtirilmiş əlyazma» əsərində Şirvan şahlarının hürufilik və xəlvətiliyə münasibəti ilə bağlı bu iki, bir-birini təkzib edən ehtimal və faktları birləşdirməyə çalışıb və çox ciddi, bağışlanmaz səhvə yol verib.

2.2. Hürufilik və xəlvətilik. «İtirilmiş əlyazma»dan oxuyuruq ki, Şeyx İbrahimin hazırda Oğuz rayonunun Xaçmaz kəndində yaşadığı barədə müəllif iddiası ilə meydana çıxan
Cəlil Cavanşir Azadlıq Radiosunun "Pen klub" proqramında, 16 sentyabr 2010
Cəlil Cavanşir Azadlıq Radiosunun "Pen klub" proqramında, 16 sentyabr 2010
gizli şəcərəsi Ərənlə başlayır.

Şeyx İbrahim Xaçmaz kəndində, ikinci xanımı Hüsnüaydan olan oğlu Ərənə dünyəvi hakimiyyətdən uzaqlıq və mənəvi səltənət vəsiyyət edib.

Ərən bu vəsiyyətə əməl edir və ögey qardaşı Gövhər şahın təsiri ilə Nəiminin «Cavidannaməsi»ni oxuyur, hürufiliyi öyrənir…

Amma hürufi elminin sirlərinə vaqif olan Ərəni qəflətən xəlvəti təriqətinin daşıyıcısı kimi görürük.

Xəlvətilik – hürufilikdən (hüruf - hərf elmi) ciddi şəkildə fərqlənən təriqətdir və onun yaradıcısı Ömər əl-Xəlvəti («piri-əvvəl»), Osmanlı imperniyasının içərilərinə qədər uzanan və çox böyük ərazidə hədsiz tərəfdarlar toplayan «piri-sani» (ikinci pir) isə Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir (Seyid Yəhya Bakuvi).

Ərəni xəlvətiliyin banisi kimi göstərməyə çalışan Cəlil Cavanşir yalnız «Seyid Yəhyanın saraya gedişi» bölümündə onun mahalda «Şeyx Sədrəddin» kimi tanındığını bildirməklə (səh., 135) tarixi ad uyğunluğu yaratmağa cəhd göstərir. Ancaq bu özü növbəti dolaşıqlıq yaradır.

Şeyx Sədrəddin (Seyid Yəhyanın mürşidi) Ömər əl-Xəlvətidən sonra 3-cü şeyxdir və xanəgahı Şamaxıda olub, Seyid Yəhya isə uşaq vaxtlarından ona müridlik edib.

Şeyx Sədrəddin, onun elmi-ürfanı bilikləri və mözücələri haqqında mənbə və mənqəbələrdə olan saysız bilgilərdən «İtirilmiş əlyazma»da bircə fakta belə rast gəlmirik; əvəzində isə Şeyx Sədrəddinin Şamaxıdan uzaqlaşdırılıb, Xaçmaza sığındırıldığının şahidi oluruq.

Müəllif əsərin əvvəlində vəd etdiyi kimi, Şeyx İbrahimin vəsiyyətinə uyğun olaraq fəlsəfi fikir daşıyıcıları olan varislərinin ürfani dünyasının açılmasına niyə cəhd etmir?
Seyid Yəhya – xəlvətilikdə xüsusi bir mərhələdir və «tarixi-roman» adı verilən bu əsərdə Cəlil Cavanşirin ondan yan keçməsi, sadəcə, Şeyx Sədrəddinin müridi kimi bəhs etməsi, epitetlərlə tərifləməkdən uzağa getməməsi qəbul edilə bilməz; ən azı ona görə ki, Seyid Yəhya həm də Şeyx Sədrəddinin ikinci qızının əri olub (romanda buna toxunulmur) və dolayısıyla müəllifin nəslinin bir şəcərəsi sayılmalıdır. Müəllif öz şəcərəsinə niyə belə etinasızlıq göstərir?

«İtirilmiş əlyazma»da Pirzadə ilə Seyid Yəhya arasında narazılığın «kimin ustad tərəfindən daha çox sevilməsi ilə» bağlı olduğu haqqında yanlış bir bilgi də verilir. Həmçinin «müridlərdən əksəriyyətinin» Seyid Yəhyanın tərəfini tutması qeyd olunur.
Səbəbi bilinməyən bu yanlışlıq hansı tarixi məlumatlar əsasında yazılıb? Müəllif heç bir ədəbi mahiyyəti və məqsədi olmayan bu səhvlərə niyə yol verib?

Şeyx Sədrəddin, Seyid Yəhya və Pirzadə

Ərənin «xas müridləri» deyə adı keçən Pirzadə və Seyid Yəhya hər ikisi Şeyx Sədrəddinin kürəkənləridir. Şeyx Sədrəddinin həyatda olduğu müddətdə onlar arasında heç bir narazılıq yaşanmayıb, əksinə, Seyid Yəhyanı xəlvəti təriqətinə gətirən, dolayısıyla onun mürşidi adlandırıla biləcək şəxs – Şeyx İzzəddin oğlu Pirzadədir.

Bakı, Bakuvinin məqbərəsi
Bakı, Bakuvinin məqbərəsi
Pirzadə – Şirvanın məşhur şeyxlərindən birinin oğlu, mürşidin böyük kürəkəni idi və təkkə-təriqət ocaqlarında xüsusi əhəmiyyət verilən yaş prinsipi səbəbindən, onun xəlvəti müridləri arasında daha çox tərəfdarı vardı. Şeyx Sədrəddinin vəfatından sonra Pirzadənin «xəlvəti piri» məqamında oturmağa haqqı vardı və bu təbii haqqına da çatdı. Yalnız bundan sonra gənc Seyid Yəhya Şamaxıdan Bakıya köçdü və öz xanəgahını qurdu (1426-cı il).

Şeyx Sədrəddin Şamaxıda vəfat edib, onun qəbrinin də məşhur «Günbəz qübur»da olduğu («Ləmazət» əsərinə görə) bildirilir. Elmi ehtimallara görə, Günbəz qübur – hazırda Şamaxı yaxınlığındakı Yeddi Günbəz adlanan yerdir.

Cəlil Cavanşir öz tarixi romanında Ərənin (Şeyx Sədrəddini) dəfnini məqbərəsinin olduğu yerə «keçirməliydi». Axı, tarixi romanların öz xüsusiyyəti var və bədii təxəyyül tarixi faktların büsbütün təhrifi üstündə qurulmamalıdır…

Seyid Yəhyanın Şirvan şahlarına yaxın olmasının səbəbi isə onun atası Şeyx Bəhaəddinin Şirvanşahlar sarayında «nəqibül-əşraf» (Əhli-beytdən olan şəxsləri sarayın xüsusi himayəsi ilə təmin edən şeyx) vəzifəsini tutması idi.

Nəqibül-əşraf – islam dövlətlərində xüsusi hörmət-izzətlə yanaşılan, şəxsən şahın iltifat göstərdiyi vəzifə idi və bu vəzifəni tutan adamlar fərqlənirdilər. Şeyx Bəhaəddin - oğlu Seyid Yəhyanın Pirzadənin dəvəti ilə xəlvətiliyə getməsi və Şeyx Sədrəddinə müridlik etməsinə qarşı ciddi şəkildə müqavimət göstərib. Yalnız Şeyx Sədrəddinlə qarşılaşandan, onun və oğlunun möcüzələrini görəndən sonra Seyid Yəhyaya mane olmaqdan əl çəkdiyi, özünün də xəlvətiliyə gəldiyi mənqəbələrdə rəvayət edilir. Sarayda xüsusi imtiyaz və nüfuz sahibi olan Bəhaəddinin xəlvətiliyə gəlməsi ilə Şirvan şahlarında bu təriqətə münasibət formalaşıb.

I Xəlilullah bu səbəbdən Seyid Yəhyaya qarşı xüsusi hörmət göstərib. Hətta onlar arasında mənəvi yaxınlıq o səviyyəyə qalxıb ki, Seyid Yəhyanın müridlərinə müraciətlə dediyi «mənim ömrümçün dua edəndə əmin-amanlığımızın səbəbkarı olan şahımıza da dua etmiş olursunuz, çünki mənim ömrüm onun həyatıdır» sözünün (Seyid Yəhyanın 19-dan artıq kitabının olduğu bildirilir və onların əksəriyyəti Azərbaycan və Türkiyə dövlət arxivlərində qorunur) həqiqət olduğunu müridləri mənqəbələrində qeyd edirlər: Seyid Yəhya ilə Xəlilullahın ölümü təxminən eyni ilə düşmüşdür.

Əsrlərin sınağından çıxmış və şifahi ədəbiyyatda tam mənası ilə biçimlənmiş, mənbələrə köçmüş çoxsaylı rəvayət və əhvalatların, Şeyx Sədrəddin və Seyid Yəhya möcüzələrinin romana gətirilməsi «İtirilmiş əlyazma»nın əsas hədəfini ortaya qoya bilərdi. Müəllif babalarının tutduğu fəlsəfi-ürfani kamillik yolunun sehrini-miqyasını yalançı, elmilikdən uzaq pafoslu epitetlərlə tərifləməkdən əl çəkib, o məşhur rəvayətlərdən bir neçəsini təsvir etsəydi, daha real mənzərə yarada bilərdi.

Seyid Yəhya və saray

Müəllif Seyid Yəhya Bakuvini saraya göndərməklə növbəti yanlışlığa imza atıb. Ömrünün ixtiyar çağında yeməkdən imtina edən, oğlu və müridlərinin təhriki ilə ölümündən yalnız 6 ay əvvəl, bircə dəfə «Şirdənli plov» bişirilməsinə razılaşan, ancaq əlinə aldığı plovu yemədən saxlayıb, qoxusunu alandan sonra geri qaytaran və müridlərinə bunun mistik izahını verən, dolayısıyla dövrünün ən böyük piri-mürşidini saraya bağlamaq yalnız xəlvətiliyin mahiyyətindən xəbərsizlikdir; belə bir şəxsi şah müşaviri vəzifəsinə «təyin etmək» təriqətlər haqqında azacıq məlumatı belə olmayan müasir gəncin ağlına gələ bilər.

Seyid Yəhyanın saray əyanı olması barədə yanlış düşüncə onun xanəgahının İçərişəhərdə yerləşən «Şivanşahlar sarayı kompleksi»ndə yerləşməsindən qaynaqlanır. Əslində isə bu kompleksin Şirvan şahlarının iqamətgahı olması barədə fikirlər ciddi sual altındadır.

Çünki sarayın böyük hissəsi, məscidlər və hücrələr – xəlvətxanalardan xəbər verir;bu məkanları ayırdıqdan sonra daha da kiçilən kompleksin «Şah iqamətgahı» statusunu alması çox mübahisəlidir.

Ümumiyyətlə, Şirvanşah Xəlilullahın Bakıya köçməsi və bu kiçik saraydan istifadə etməsi yalnız ordakı şah ailəsi qəbirlərinin mövcudluğuna və şaha layiq olduğu ehtimal edilən bir-iki tikiliyə görədir.

Mənqəbələrdə isə Seyid Yəhyanın ziyarətinə – Bakıdakı xəlvətxanasına bəzən 20 minə qədər müridin toplandığı və mürşidin rəhbərliyi ilə günlərlə «vird» etdikləri qeyd olunur. 20 min müridin bir yerdə vird mərasimində iştirakı üçün hətta hazırkı Şirvanhaşlar sarayının bütün ərazisinin yetərli olmaması bu kompelksin daha geniş ərazi ilə Seyid Yəhyaya bəxşeyiş kimi Şirvan şahı tərəfindən tikilməsi versiyasını doğurur. Şah ailəsinin burada dəfn olunması isə dövrünün ən böyük piri-müqəddəsinə yaxın olma istəyi ilə əlaqələndirilir.

Nəzərə alsaq ki, bu məqamlara nəinki bədii, həm də tarix kitablarında geniş toxunulmayıb, onda tarixi roman üçün daha geniş imkanlar açıldığını söyləyə bilərik.
Cəlil Cavanşir bu fürsətdən də bəhrələnməyib; tarixi və təriqət bilgisizliyi öz nəsil şəcərəsini Azərbaycan tarixinin bir parçasına çevirməkdən müəllifi məhrum edib.

Mürəkkəb struktur

«İtirilmiş əlyazma» müəllifi böyük tarixi və ürfani məsuliyyətin altına girməklə bərabər, həm də mürəkkəb struktur və vasitə seçib:

1. Tarixi proseslər və zaman əsərdə ardıcıllıqla düzülmür; məsələn, Şeyx İbrahimlə bağlı süjet yarıda saxlanır, növbəti bölümdə XVIII əsrə keçir, daha sonra XIV əsrə qayıdır və s.

2. İtirilmiş tarix – «Qara kitab» əsərin ana xətti kimi düşünülüb və əsərin tamamlanması ilə tarixin bərpasına işarə edilir.

Hər iki məqamı ona görə «mürəkkəb» adlandırırıq ki, dəfələrlə bədii vasitə kimi istifadə edilən bu formalardan bəhrələnmə özündən əvvəlkiləri («Qətl günü», «İdeal», «Yarımçıq əlyazma»…) təkrarlamaq riskini artırır; təcrübəsizlik və informasiya məhdudluğu isə bu riski maksimum həddə çatdırır.

Müəllif bu çətinliklərin heç birinin öhdəsindən gəlməyib: zamandan-zamana adlayarkən dil, üslub, təhkiyə dəyişmir və nəticədə «Qara kitab»ın tapılmasına işarə strukturun bütün daxili sehrini itirib: «heç bir «xəlvətiliyi», dili, təhkiyəni özündə ehtiva etməyən «Qara kitab» bundan ibarətdirmi» sualına necə cavab vermək olar?

«İtirilmiş əlyazma»da tarix, nəsil, ürfan sahibləri, təriqətlər, hakimiyyət mübarizələri yoxdur, yalnız onlar haqqında ümumi sözlərdən ibarət nəql etmə, nağıl var.

Ancaq bu, təəssüf ki, şifahi xalq ədəbiyyatında daşlaşmış, özündə məişətdən, sosial həyatdan, dil və təhkiyədən tutmuş dini dünyagörüşə aid informasiyalara qədər, geniş təsəvvürləri gizlədən nağıl deyil, öz leksik mənasını itirərək işlənən və müasir qəlibdə qəbul edilən nağıldır.
XS
SM
MD
LG