Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:52

Ramiz Mehdiyev niyə Şah İsmayıldan yazmalı oldu?


-




Səfəvilik Azərbaycan tarixinin qara, yoxsa qızıl səhifəsidir? Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi Səfəviləri tənqid edən müəlliflərə cavab verməyə nə vadar etdi? «Pen klub»da bu suala cavab axtarmağa çalışdıq. Qızılbaşları tənqid edən və Şah İsmayılı farsçılıqda ittiham edən «Səfəvilər» kitabının müəllifi Güntay Gəncalp, tarixçi Dilavər Əzimli və jurnalist Gülnar Məsimli ilə birgə...

«AZƏRBAYCAN GÖRDÜ Kİ, İRAN ŞAH İSMAYILA DA YİYƏ DURSA...»

Şahnaz Bəylərqızı:

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi Şah İsmayıl haqda yazmağa sizcə, nə vadar etdi?

Dilavər Əzimli:

- Aranı qarışdıran qardaş Türkiyədə çəkilən «Möhtəşəm yüz il» serialı oldu. Bu, biznes maraqları üçün çəkilən filmdir. Burda Səfəvilər aşağılanırdı və bu da böyük ajiotaj doğurdu. Orta əsrlərdə Osmanlılar həqiqətən də Səfəviləri qəbul etmirdilər. Bu münasibət 1555-ci ilə - Amasiya sülh müqaviləsinə qədər belə oldu. Mən çox gözləyirdim ki, dövlətçiliyimizdə böyük səhifə olan Səfəvilərə Azərbaycan dövləti səviyyəsində sahib çıxmaq uğrunda mübarizə getsin. Mən tarixi şəxsiyyətlərin aşağılanmasını qəbul edə bilmirəm. Fransada Napoleon-da, Ermənistanda Sasonlu David-də, Gürcüstanda çariça Tamara-da səhv axtarırlarmı? Onları sevə-sevə, fəxrlə təqdim edirlər. Məsələnin kökü nədir? İran Babəkə sahib çıxdı. Onu islam şəhidi adlandırdı. Azərbaycan buna iddia etməli olduğu halda. Biz tez-tez məsələ qaldırırdıq ki, Səfəvilərə yubiley keçirilsin, keçirilmədi. Qaraqoyunluların 600 illiyi keçirilmədi... «Möhtəşəm yüz il»ə İran da münasibət bildirdi, hətta qarşı tərəfi ittiham edən bəyanat verdi. Azərbaycanda gördülər ki, İran Şah İsmayıla da yiyə dursa Azərbaycan dövlətçiliyindən danışmaq mümkün olmayacaq. Mən bu məqalədə bəzi məqamlarla razılaşmasam da, ümumən qəbul edirəm. Nəhayət Azərbaycan öz dövlətinə sahib çıxıb.

« ŞAH İSMAYIL NİYƏ TƏK QALDI?...»

Gülnar Məsimli:

Gülnar Mənsimli
Gülnar Mənsimli
- Güntay Gəncalpın «Səfəvilər» kitabını oxuyan zaman şübhələr yaranır. Tarix dərsliklərindən oxuduğumuz və suallara səbəb olan məqamlar var. Məsələn, niyə Şah İsmayıl tək qaldı? Ailə üzvləri qətlə yetirildiyi halda niyə bircə o sağ qaldı? Bu şübhələr vardı. Həmin kitabı oxuduqdan sonra onların izi ilə getməyə məcbursan. Mən istərdim ki, bizim Milli Elmlər Akademiyası, tarixçilərimiz burdakı qaynaqları araşdırsınlar. Bəlkə də gerçək bundan sonra bəlli olacaq. Güntay bəy bir sıra qaynaqlara, o zaman yazılan kitablara müraciət edib. Mənə maraqlıdır, həmin dönəmdə yazılan kitablar niyə bu qədər ittiham irəli sürür? O ki qaldı, Dilavər bəyin dediyi bir fikrə, «başqa xalqlar hökmdarlarını pisləmir» deməsinə, «Səfəvilər» «Quran» ayəsi ilə başlayır: «Heç bilənlə bilməyən bərabər olurmu?». Gələcəyin doğru və sabit bünövrə üzərində qurulması gerçəkləri bilərkən mümkündür. Bilmirəm Güntay bəy nə dərəcədə haqlıdır, ancaq bu məsələlər araşdırılmalıdır.

«BU KİTABIN DÖVLƏT SƏVİYYƏSİNDƏ MÜZAKİRƏSİNİN ƏLEYHİNƏYƏM»

D.Ə:

- Mən Güntay Gəncalpın kitabının dövlət səviyyəsində müzakirəsinin əleyhinəyəm. Ramiz Mehdiyevlə razılaşmadığım məqam budur. Bu publisistik kitabdır. Qədim və orta əsrlər tarixini araşdırmaq üçün bilirsiniz nə qədər vaxt lazımdır? Səfəvi, Osmanlı və Avropa mənbələri var. Sən tarixi məntiq qoyub burdan nəticə çıxarmalısan. Mənbənin təsiri altına düşmək olmaz. İkincisi, Güntay bəyin müraciət etdiyi mənbələrlə tanış olması mümkün deyil, onlardan xəbərsizdir. Güntay bəy bilməliydi ki, farsçılıq XX əsrin məhsuludur. Fikir verin, SSRİ nə vaxt Səfəvilərdən yazmağa başladı? İranla Almaniya müttəfiq idi. O zaman Petrushevsky-yə tapşırıldı ki, Səfəvilərdən yaz.

Ş.B:

- Yeri gəlmişkən, Ramiz Mehdiyevin də ən çox istinad etdiyi mənbələrdən biri Petrushevsky-dir.

D.Ə:

Dilavər Əzimli
Dilavər Əzimli
- Bu tapşırıq 1940-cı illərdə verilmişdi. Petrushevsky ilk dəfə göstərdi ki, Səfəvi türk dövlətidir.

«NİYƏ SƏFƏVİLƏRDƏ ŞAH SÖZÜ ADDAN QABAQ YAZILIRDI»

Güntay Gəncalp:

- Mənə cavab versin ki, niyə Səfəvilərdən öncə və sonra şah sözü addan sonra gəlib. Ancaq Səfəvilərdə şah sözü öncə gəlirdi? Məsələn, Şah İsmayıl. İkinci Səfəvi siqh qaynaqları hansılardır? Üçüncüsü, Səfəvilikdən öncəki və Səfəvi zamanındakı təsvif anlayışı arasındakı fərq nədir? Suallarıma cavab versin, mən bilim kiminlə danışıram.

D.Ə:

- Şah Səfəvilərdə Həzrəti Əliyə işarədir. Buna görə də öncə işlənib. Bu mübahisə mövzusu deyil. Şah sözünün əvvəl və ya sonra gəlməsi dövlətin mahiyyətini əks etdirmir. Qaldı mənbələr, onlar çoxdur.

G.G:

- Mən soruşuram ki, Səfəvilərdə siqh qaynaqları hansılardır? Səfəvişünas bunu bilməlidir.

D.Ə:

- De bilək.

«MƏN BİLMİRƏM ŞAH İSMAYIL BÜTÖV AZƏRBAYCAN DÖVLƏTİNİ NƏ ZAMAN
YARADIB?»


G.G:

Güntay Gəncalp
Güntay Gəncalp
- Üçüncü sualımı da cavablandıra bilmədin. İndi mən bildim ki, kiminlə danışıram. Bütöv Azərbaycan dövlətindən danışırsız. Şah İsmayıl soyqırımı törətdi, Şirvanşahların məzarlarını sökdü. Bu dünyadakıları o dünyaya, o dünyadakıları bu dünyaya apardı. Ancaq Şirvanşah dövlətini tarixdən silə bilmədi. Mən bilmirəm Şah İsmayıl bütöv Azərbaycan dövlətini nə zaman yaradıb? Şirvanşahı tarixdən silən Şah İsmayıl yox, onun oğlu Şah Təhmasibdir. Çaldıran döyüşündən, yeniləndən sonra qızını Şirvanşaha ərə verdi ki, Sultan Səlimin Təbrizə girməsinə mane olsun. Abbasi tarixində yazılıb bu. Sonra Səfəvilərdə nədən şah sözü isimdən öncə gəlib? Türk dilinin quruluşu əksini tələb edir. Biz məsələn, Bilgə xaqan deyirik, xaqan Bilgə demirik. Fars dilinin cümlə quruluşuna görə, şah sözü isimdən əvvəl gəlir. Demək ki, Səfəviyyət dövrü Sasaniliyin dirilişi dövrüdür. Bu adamın Səfəvilər haqda bilgisi yoxdur. Millətlərin tarixi şəxsiyyətlərin tarixinə sığmasa da, tarixi araşdırmalarda ilk olaraq şəxsiyyətləri düşünmək zorundayıq. Onların düşüncələrini, inanclarını və davranışlarını incələmək zorundayıq. Şah İsmayıl kimi xarizmatik liderlər istədiyi kütləni, məsələn, qızılbaş kütləsini ələ alıb istədiyi hədəfə doğru yönləndirə bilər. O zaman demək ki, tarixi şəxsiyyətləri incələməliyik. Şah İsmayıl cəmi 4 yaşınadək türk yurdunda yaşamış, sonra Rəştə, şimala qaçırılıb. Necə olur 13 yaşına qədər fars mühitində yaşayan bir adam qayıdıb gələndə türk dilində o boyda divan yaradır? Bir dildə ədəbiyyat yaratmaq üçün o dilin danışıldığı mühitdə yaşamalısan. Özü də bu adam 13 yaşından ömrünün sonuna qədər savaşlarda olub. Bu kitabları necə yazıb? Atın üstündəmi yazıb? İrena Məlikova yazır ki, Anadolu ləhcəsində yazılan bu şeirlərin heç biri Şah İsmayıl Xətainin deyil. Adam bir ay Heratda döyüşəndən sonra Xorasan ləhcəsində divan yazır. Xorasan ləhcəsi bilirsinizmi necə çətindir? Mən 7 ildir Finlandiyada yaşayıram, amma fin dilində şeir yaza bilmərəm. Bəllidir ki, Heratı əsir aldıqdan sonra şairləri əsir alıblar, onlar da bunun adından şeirlər yazıblar. Şah İsmayıl bizim tarixə geydirilmiş, Sasani casusudur. Onun türklüklə, islamla əlaqəsi yoxdur. O adam «Quran»a inanmırdı, cəfr elminə inanırdı.

Ş.B:

- Bunu hansı mənbələrə dayanaraq deyirsiniz?

G.G:

- Bu qaynaqların bəzisi Azərbaycanda yoxdur. Məsələn, «Baharül ənbar» kitabı...

«ŞAMAXIDA QIRĞIN OLMAYIB»

D.Ə:

​- O dini kitabdır, ağzına gələni müəllif yazıb. Orta əsr türk tarixinin bütün araşdırıcıları həmrəydirlər ki, bu dövlət türk dövləti olub, dili də türk dili olub. Halil İnalcık bu yaxınlarda bir konfransda Osmanlı tarixçilərinə müraciətlə dedi ki, Səfəvi tarixi ilə ehtiyatlı olun, bu türk dünyasının parlaq səhifəsidir, 16-cı əsrdə Osmanlı, 17-ci əsrdə Baburun sarayında farsca danışıldığı halda Səfəvi sarayında türkcə danışılırdı... Səfəvi ailəsinə 7 türk tayfası daxildir. Ustaclumu farsdır? Əfşarmı farsdır?... Bu adam uşaqlıqdan türk məktəbi keçib. İkinci Muradın adamları onunla farsca danışanda «Oğuznamə»ni ortaya qoymuşdu ki, siz də oğuzlardansız. O bir qızılbaşlıq ideologiyası yaradaraq, türkü ortaya gətirdi. Bu gün Azərbaycan xalqı ona minnətdar olmalıdır ki, o, Azərbaycan coğrafiyasını tanıtdı. Şamaxıdasa qırğın olmayıb. Mənə göstərsin hansı mənbədə bu göstərilib.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
Ş.B:

- Bəs qəbirlərin açılması?

D.Ə:

- Mənim müəllimim arxeoloq Məmmədəli Hüseynov olub. O deyir ki, Sara Aşurbəyli heç nə bilmədən bu fikri kitaba yazıb. Ancaq Pokhomov-la Hüseynov qəbri açanda Şirvanşahın toxunulmaz qaldığını görüblər. Bunlar yalandır. Türk dünyasında qəbir yandırılmır. Osmanlı mənbələri bunu oraya atıblar.

G.G:

- Mən 70-dək qaynaqdan istifadə etmişəm kitabı yazanda. Onun 35-i Səfəvi qaynaqlarıdır.

Ş.B:

- Ramiz Mehdiyev məqaləsində yazırdı ki, Şah İsmayıl zəmanəsinin övladıydı. Başqa tənqidçilər də bu fikri vurğulayırlar ki, 5 əsr öncə baş verənlərə bu günün reallıqları ilə qiymət vermək düz deyil, Güntay bəy.

G.G:

- Tarixi nəticəsinə görə dəyərləndirmək lazımdır. Nəticəsi ortada olmayan bir tarix haqda danışmaq olmaz. Məsələn, indiki İran dövləti iqtidardan gedəndən sonra onu qiymətləndirmək mümkün olacaq. Bir də fars millətçiliyi yeni hadisə deyil. Mən bunu yazmışam.

«35 MİLYON AZƏRBAYCANLININ ZƏLİL OLMASININ SƏBƏBİ DƏ SƏFƏVİLİKDİR»

D.Ə:

- Bu cənublularda bir qəribə xüsusiyyət var. Bu günün problemlərini o dövrdə axtarırlar. Şah İsmayılda nə günah var ki, bu gün 35 milyon bir iş görə bilmir?

G.G:

- Bu gün Güney Azərbaycanda 35 milyon azərbaycanlının zəlil olmasının səbəbi də Səfəvilikdir. Səfəvilikdə insan ağlını qullana bilməz, o sadəcə dini liderini təqlid edər.

G.M:

- Mən suallarıma yenə də cavab tapmadım. Bizim tarixçilər müzakirələr yox, araşdırmalar aparmalıdırlar.
XS
SM
MD
LG