Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:25

Rusiya Qəbələ RLS-dən imtina etdi


Qəbələ RLS
Qəbələ RLS
-
Rusiya Qəbələ Radiolokasiya Stansiyasının istismarının 10 dekabr 2012-ci ildən dayandırılması barədə Azərbaycana nota təqdim edib.

Notada «Azərbaycan və Rusiya hökumətləri arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş»in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşdüyü bildirilir.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda deyilir ki, tərəflər icarə haqqında razılaşa bilməyiblər.

Qəbələ RLS SSRİ zamanında yaradılıb. Həmin stansiya Sovetlər Birliyinin raketlərdən müdafiə kompleksinin 8 əsas stansiyasından biri olub. İstismara 1985-ci ildə verilib.

Mütəxəssislərə görə, RLS 6 min km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Bununla da İran, Türkiyə, Hindistan da daxil olmaqla Yaxın Şərqi bütövlükdə, Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanına qadirdir. Stansiya bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilər.

Sovetlər Birliyi dağılandan sonra stansiya Azərbaycanın mülkiyyətinə keçib. Rusiya isə 10 illiyə bu stansiyasını icarəyə götürmüşdü. Hətta bir müddət öncə Moskva RLS-i ABŞ-la birgə istismar etmək haqda təklif də vermişdi.

İcarə müddəti 2012-ci ildə başa çatırdı. Bir ilə yaxındır ki, icarə haqqı ilə bağlı danışıqlar aparılırdı.

Stansiyada 1400 Rusiya hərbiçisinin qulluq etdiyi bildirilirdi.
«BU STANSİYA ANOXRANİZM İDİ»

«Bu, gözlənilən idi».

Sabiq dövlət müşaviri Vəfa Quluzadə Qəbələ RLS-in bağlanması xəbərini belə qarşıladı:

«Ona görə ki, Rusiya artıq «Voronej» tipli, yeni texnologiya ilə işləyən RLS-lər tikib. Artıq onun «Qəbələ»yə ehtiyacı yoxdur. Qəbələdəki RLS-ə çox böyük ehtiyacı olsaydı, lazımı təzyiqlər göstərib Bakını güzəştə məcbur edə bilərdi».

Vəfa Quluzadə
Vəfa Quluzadə
Vəfa Quluzadə hesab edir ki, RLS-in bağlanmasına sevinmək lazımdır:

«Azərbaycanın torpağına, əhalisinə bu qədər ziyan vuran stansiya daha işləməyəcək və ləğv olunur. Amma Rusiya bizə quru nota göndərməklə kifayətləndi. Əslində, Rusiya gərək bizə təşəkkür, minnətdarlıq məktubu yazaydı ki, RLS-in vurduğu ziyana baxmayaraq, Azərbaycan bu stansiyanı Moskvanın strateji maraqlarına görə ərazisində saxlayıb, işləməsi üçün əlindən gələni edib».

Bu stansiyanın aqibəti nə olacaq? Politoloqa görə, bu stansiya «metallolom»dur, tör-töküntüdür:

«Bizə də lazım deyil. Biz onunla nə Türkiyəni izləyəcəyik, nə Kubanı, nə Çini. Bizim belə məqsədimiz yoxdur, biz balaca dövlətik. Bu, «soyuq müharibə» zamanında yaranan anti-Qərb tipli stansiya idi. Bu radar stansiyası böyük anoxranizm idi. Ona daha ehtiyac yox idi».

Qəbələ RLS Azərbaycanda fəaliyyətə başladığı dövrdən nəinki Qəbələdə, eləcə də ətraf rayonlarda şüalanma nəticəsində müxtəlif xəstəliklərin, uşaq ölümünün artması haqda məlumatlar dolaşırdı. Eləcə də bu stansiyanın ətraf mühitə böyük ziyan vurduğu bildirilirdi.

Stansiyanın ətraf mühitə təsirini müəyyənləşdirmək üçün dövlət komissiyası da yaradılmışdı. Rəsmilər «prosesin nəzarətdə olduğunu» söyləyirdilər.

«RUSİYA BU BAZA İLƏ AZƏRBAYCANDA HƏRBİ VARLIĞINI QORUYURDU»

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Politoloq Rüstəm Məmmədova görə, Qəbələ RLS-lə bağlı bu qərar istər-istəməz iki ölkə arasında münasibətləri gərginləşdirə bilər.

Bu fikri «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bölüşür. O deyir ki, Azərbaycan bu razılaşmanı imzalamaq niyyətində deyildi:

«Son illər Qəbələdə böyük turizm obyektlərinin tikilməsi, bölgəyə milyonlarla dollar investisiya yatırılması, rəsmilərin, xarici dövlət başçılarının, məsələn, Ərdoğanın orda qəbulu bundan xəbər verirdi. Və ya hökumət üzvləri «Elə bir yerdə ekologiya təmiz olmalıdır» deyə bəyanat verirdilər. Halbuki Azərbaycan rəsmilərini indiyə qədər ekologiya maraqlandırmırdı. Bu günlərdə İlham Əliyevin MDB dövlət başçılarının toplantısına qatılmaması da bunun işarəsi idi. Bundan başqa, Azərbaycan Rusiyadan icarə haqqı olaraq böyük məbləğ istəmişdi – 300 milyon dollar. Aydın idi ki, Rusiya bu məbləği ödəməyəcək».

Elxan Şahinoğlunun fikrincə, iki ölkə arasında onsuz da gərgin münasibətlər bundan sonra gərginləşə bilər:

«Bu, Putin-ə bir şillə vurmaq idi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda hərbi bazasını itirdi. Doğrudur, baza ona lazım deyil, bundan müasirini tikiblər. Ancaq bu baza ilə Rusiya Azərbaycanda hərbi varlığını qoruyurdu».
XS
SM
MD
LG