Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:12

Vahid Qazı "Əraf" (Seçmə hekayələrdən)


Vahid Qazı
Vahid Qazı
-

Məşhur əsərin qəhrəmanı “gözəgörünməz adam”a bənzəyirdi. Özünü lüt hiss edirdi, ayıb yeri görünürmüş kimi qısılırdı. Amma ona baxan yoxuydu.


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Vahid Qazi


ƏRAF

(Fantasmaqorik hekayə)

“Qəfil gün doğsa bir gecə...”.
(R. Rövşən)

Hasarın üstündə yerini rahatlayanda artıq gün günorta olmuşdu.

Ətraf ovuc içi kimiydi. Ucu-bucağı olmayan yamyaşıl Bağda dünyanın dörd bir tərəfindən heyvan, ağac, gül, çiçək vardı.

Uzaq küncdə Arktika ayısını, ortada qaçışan Savanna antilopunu, tənha baobab ağacını, sağdakı “cəngəllik”də hind filini, sol yanda Amazon tutuquşusunu gözü dərhal almışdı. Fəvvarələr artezian kimi gur suluydu.

Bağın o biri başındakı nəhəng, yaraşıqlı Saray Tac Mahalı xatırladırdı, ondan da böyük idi. Ayrı-ayrı səmtdən baş alan üç yol Saraya uzanırdı. Hər yolun üstündə çoxlu Qapı sıralanmışdı. Əslində bunlara qapı demək də olmurdu, təkcə çərçivəsi vardı. Aeroportlarda, rəsmi binalarda təhlükəsizlik girişləri olur, onun kimiydi. Amma burda adamları yoxlamırdılar.

Yolların biri Hasarın o durduğu yerindən – sərhəd buraxılış məntəqəsinə oxşayan köşədən başlayırdı.

Digər iki yol kimi bu yolda da Qapılar get-gedə balacalaşırdı.

Hasara yaxın birinci Qapı adama boy versə də, sonrakılardan keçəndə əyilmək lazım gəlirdi. Saraya çatan sonuncu Qapı isə çox balacaydı, uzaqdan çətin görünürdü.

Bağın giriş-çıxışı yoxuydu, içəri keçməkdən ötrü gərək Hasara çıxaydın. Burdan Bağa düşməyə pilləkən olsa da, Çöl tərəfə heç nərdivan da qoyulmamışdı, Böyük Çin Səddi kimi hündür və enli olan Hasar qədim qalaları xatırladırdı. Bağ xidmətçiləri yuxarı dırmaşmaları üçün dəvət edilənlərə kəndir nərdivan atırdılar.

Hasarın Çöl dibində həmişə basırıq olur. İndi də qalstuklu kişilər, rəsmi libaslı qadınlar yuxarı dırmanmağa girəvə gəzirlər. Tək-tək adam dəvət olunmuşdu, yerdə qalanlar uzun illər boyu divarı kəsdirib talenin bir gün üzlərinə güləcəyinə ümid edirdilər. Onlar Hasarın o tayı haqda sadəcə eşitmişdilər. Bağ təsəvvürləri kasadıydı. Saray barəsində isə, demək olar, heç nə bilmirdilər. Bildikləri tək oydu ki, xoşbəxtlik Hasarın o üzündədi. Bütün dünyanın xoşbəxtliklərini daşıyıb Hasarın o üzünə yığıblar, Çöldə heç nə qalmayıb.

Yaraşıqlı xidmətçilər kəndir nərdivanla yuxarı çıxardıqları adamları Hasarda təbəssümlə qarşılayıb xüsusi ayrılmış gözləmə zalına dəvət edirdilər. Qonaqlar burada növbəylə bağa düşmək üçün buraxılış vərəqini gözləyirdilər.

O da qonaqlar arasındaydı. Dəvət məktubu qəfil gəlmişdi, yatsa yuxusuna girməz, dursa ağlına gəlməzdi.

Əvvəl rədd eləmək istəsə də, günlər keçdikcə maraq güc gəlmişdi. Onu bura gətirən də elə marağıydı. O üzdəkiləri görmək dini kitabların “o biri dünya” adlandırdığı cənnətə getmək qədər cəzbediciydi.

Hasarın üstündəkilər dibini kəsdirən Çöl əhli arasından seçilsələr də, onlardan xeyli fərqliydilər. Burda çirkin adama rast gəlməzsən, kişilər boy-buxunlu, yaraşıqlı, qadınlar bir-birindən gözəl. Çöldə hörmət-izzət sahib olan bu adamlar ağıllı gözləriylə adamı sanki sehrləyirdilər. Elə bil üzlərində şeytan tükü vardı.

O, çoxunu Çöldə görmüşdü. Şəxsən tanıdığı da vardı. Bəzilərini lap cavanlıqdan, hələ Böyük Təlatüm illərindən tanıyırdı, bir yerdə çox olmuşdular.

Salamlaşa bilməzdilər, burda görüşmək olmazdı. Sanki heç kəs heç kəsi tanımır, üz-üzə gələndə də ya baxışlarını qaçırır, ya da üzlərini çevirirdilər.

Hasarda elə bir qeyri-adi hadisə baş vermirdi. Hamı düşürüləcəyi saatı gözləyirdi, biri Çölə, o biri Bağa gedəcəkdi. Əsas Bağa düşməkdi. Düşən kimi axına qarışacaqsan.

Bağa hazırlaşanların cazibədar görünüşü belə Saray xidmətçilərini qane eləmirdi, qonaqları xüsusi qrimçilərin əliylə cənnət mələklərinə çevirəndən sonra birinci Qapıya ötürürdülər.

Bundan sonrakı gedişat bütün cazibəsiylə onun marağına hakim kəsilmişdi. Dəvətlilər birinci qapıdan üzdə xoşbəxtlik təbəssümüylə keçirdilər. Bəs necə? Hər kəsə qismət olmayan, bütün Çöl əhlinin arzuladığı bir gün yaşayırdılar.

Növbəti Qapı bir baş aşağı olduğundan başı əyməli olurdular. Üçüncüdə beli bükür, dördüncüdə iki qatlanırdılar.

Sonrakı Qapıları ayaq üstə keçmək mümkün olmadığından hamı dizini yerə qoyurdu. Bir-iki Qapını dördayaqlı keçəndən sonra sıradakını yalnız sürünərək keçmək lazım gəlirdi. Gün işığı düz gözünə şığıdığından sonuncu Qapıda baş verənləri aydın görmürdü. Günəşin şüaları gözünü tutmuşdu.

Bərk-bərk ovuşdurub, yumub-açınca gözünün nuru özünə qayıtdı. Qapılardan keçənlərə bir də baxdı. Bu Qapılardan keçdikcə Ay parçası oğlanların, mələk çöhrəli qızların, nurlu kişilərin, qadınların bədəni dəyişirdi. Hər keçiddə fərqli-fərqli canlılara çevrilirdilər. Bu orqanizmləri ayırd eləmək olmurdu. Dik gəzən meymunu xatırladan varlıq növbəti Qapıdan dördayaqlı canlı kimi keçirdi. Əllərini yerə qoyub ikiqat əyiləndə dallarından çıxan quyruq uzun və qalınlığından tülkü, dik durub əsməyindən isə it quyruğuna oxşayırdı.

Daha balaca Qapıya çatanda kərtənkələ kimi sürünürdülər. Bu dördayaqlılar, sürünənlər onun tanıdığı canlılara oxşasalar da, ondan deyildilər. Əcaib mutant varlığıydılar. Bağın o üzündəki Çöldə belə orqanizmlərə rast gəlməmişdi. Hasarda gördüyü yaraşıqlı xidmətçilər də Bağda əcaib, Yerdənkənar canlılara çevrilirdilər.

Günəş Sarayın arxasından çəkiləndə sonuncu Qapıdan çıxanları gördü. Ürəyi ağzına gəldi – qorxunc varlıqlar ən sonuncu Qapıdan buynuzlu ilbiz kimi sürünüb çıxırdı.

Selikli ilbizlər ətrafa ürkək-ürkək baxa-baxa Saray pilləkənləri boyu sürünür, keçdikləri yerdə parlaq iz qoyurdular. Onların cızdığı izlər reklam sözləri kimi aydın oxunurdu.

İlbiz izləri pillələrdə sahibinin adını yazırdı! Hasarın başından aydın görünən bu yazılar – adlar onu şoka salmışdı. O, iz sahiblərini tanıyırdı. Burda kimlərin adı yoxuydu!

İlbiz sürüsü Saraya aşağı qapıdan girib o biri başdan, hündür alaqapıdan çıxırdı. Geri dönən ilbiz hər iki buynuzu kəsik qayıdırdı.

Saraya gedən axın kimi Saraydan qayıdan axın da eyni qaydada hərəkət edirdi. İlbizlər sürünüb həmin Qapılardan keçir, vücudlarını dəyişir, quyruq alıb-salır və bu dəfə hər keçiddə bir baş dikəlirdilər. Adama boy verən Hasara yaxın sonuncu qapıdan çıxanda əvvəlkindən də əzəmətli görkəm alırdılar. Eybəcər mutant orqanizmdən mələk üzlü varlığa çevrilmə zamanını hesablamaq mümkün deyildi. Bəlkə də bəşəriyyətin meymundan müasir insana qədərki təkamül zamanı bundan qısaydı – ona belə gəlirdi.

Hündürboy Bağ xidmətçiləri qonaqları Hasarın pillələri ilə yuxarı qaldırıb, Çölə düşmələri üçün günün batmasını gözləyirdilər. Hasarın o üzü ilə təmas yalnız gecələr olurdu, yeni qonaqları qarşılama, köhnələri yolasalma günün yalnız qaranlıq saatlarında baş verirdi. Bu qayda uzun illərdi dəyişməz qalmışdı. O, Hasarın üstündə Çölə qayıtma saatlarını gözləyənləri diqqətlə süzürdü. Daha qadınlar üzünü çiyinlərinə saldıqları ipək yaylıqla, kişilər pencəyin yaxalığı ilə gizlətməyə çalışmırdılar. Bəxtəvər gülüşlə işıq saçırdılar.

Nəhayət, gecə növbətçiləri gəldi. Gedənləri Çölə düşürdülər, gələnləri Bağa yola saldılar, sonra çəkilib getdilər. O, Bağa düşmədi, Saray xidmətçisinin onun arxasınca gələcəyini deyib sabahacan gözlədi.

Bütün gecəni yuxuya gedə bilmədi. Bağı tərk edənlərin fikri onu rahat qoymurdu. İlbiz izləri ilə yazılan adlar sanki beyninə mismarla sancılırdı. Neçə illər öncə bu Bağa kimlər gəlibmiş, Qapılardan keçib Saraya kimlər giribmiş!!! Çöldə hamının qəhrəman bildiyi nə qədər adam Bağda Qapılardan dördayaqlı keçib Saraya ilbiz kimi sürünübmüş...

Çaş-baş qalmışdı. Gördükləri yuxu kimiydi. Necə davranmalı, nə etməli olduğunu bilmirdi. O, qaydaları pozmuşdu. Hasara gecə yox, günün günorta çağı çıxmışdı. Şərtinin birincisi elə bu idi: “Hasara günorta vaxtı, hamının gözü qabağında çıxacam!” Onu hamı görmüşdü. Bu onu narahat eləmirdi. Hasara çıxmaq, haqqında əfsanələr dolaşan Bağa baxmaq marağı hər şeyə güc gəlmişdi. Hamının diqqəti ordaykən Hasara gündüz çıxması səhv idi, ya düz, bilmirdi...

Ora elə məhz gün işığında, hamının gözü qabağında çıxmasının düz hərəkət olduğunu sonra biləcəkdi.

Onu Hasara çıxmaqda, hətta Bağa düşməkdə, Saraya girməkdə ittiham edəcəkdilər. Saray pillələrində adını oxuduğu neçə-neçə qələm əhli bunu qəzetdə yazacaq, siyasət adamı el içində salamını almayacaq, ictimai xadim söz atacaq, ağız büzəcəkdi. Bircə onu tanıyan dostları Bağa düşmədiyinə, Saraya girmədiyinə, elə Hasardanca geri döndüyünə inanacaqdılar.

Günlərin birində hörmət elədiyi İnsanla küçədə rastlaşacaqdı. Həmişəki kimi hal-əhval tutacaq, söhbətləşəcəkdilər. Ayrılanda İnsan indicə xatırlayırmış kimi qəfil soruşacaqdı: “Deyirlər Hasara çıxmısan, düzdümü?” Bu qəfil sual damarında qanı donduracaq, boğazında nitqini tutacaqdı. Sual verə bilmədiyi cavabla birlikdə ürəyindən bir cüt daş olub asılacaqdı. Ağırlığa ürəyi dözməyəcəkdi, parça-parça olacaqdı. Paralanmış ürəyindən qapqara qanı damacaq, süzülüb bir yerdə laxtalanacaqdı. Sonra qan laxtasını təmizləmək istəyəndə yeri göynəyəcəkdi. Ağrıyan yerin Vicdan olduğunu onda biləcəkdi.

Sual Saray pillələrində adlarını oxuduğu Çöl qəhrəmanlarının tənəsi deyildi ki, ona ironik gülüşlə vec verməsin. Dostların inamı da deyildi təsəlli tapsın. Bu, hələ Bağa düşmək, Saraya girmək yox, Hasara çıxmağın belə günah olmasını anladan İnsanın təəccübüydü.

Belədi, insan başqası dəyər verəndə özünü tapır!

Bunlar sonra olacaqdı. İndi isə o, Hasardaydı. Səhəri dirigözlü açmışdı. Yollarda hərəkət, Qapılarda keçid prosesi dayanmamışdı. İndi gəlib onu da bağa düşürəcəkdilər. O da mələkdən ilbizə, ilbizdən mələyə gedən yolu keçməli, Saraya girib-çıxmalı, Çölə başıdik, əzəmətli görkəmlə qayıtmalıydı.

Həyəcan sancısı qarnını doğrayırdı. Cavabını bilmədiyi suallar mancanaq qarmağı kimi ruhunu didirdi. Onu Hasara çıxmağa sövq edən səbəblərə bəraət tapmırdı. Hasarın o gələn üzündəki həyat tamam boşalmışdı, orda heç kimə lazım deyildi, özünü anladacaq adamı qalmamışdı. Ümidləri ölmüşdü. Yaşaya biləsi dünya daralıb, daralıb... yox olmuşdu. Xilas yolunun Hasarda olmadığını da bilirdi. Amma lənətə gəlmiş marağı ona güc eləmişdi. Burda, Bağda gördükləri isə onu dəhşətə gətirmişdi.

Səhəri üzü-gözü tər içində açdı, nəfəsi kəsik-kəsik gəlirdi. Saray səmtdən əsən meh özüylə kəskin qoxu gətirmişdi. Bu, uşaq vaxtı yaşadığı şəhərin aşağı başındakı ət kombinatında tez-tez yandırılan sümük qoxusunun eyniydi. Sarayda kəsilmiş ilbiz buynuzlarını yandırırdılar!

Onu Bağa düşürməyə Saray xidmətçisinin özü gəlirdi. Qorxunc varlığıydı. İnsan kimi yerisə də, insan deyildi, cürbəcür canlıların qarışığına oxşayırdı. Sifəti yüz ilin mamır basmış ağac qabığı tək qartımışdı. Qıpqırmızı gözlərinə baxmaq olmurdu, elə bilirdin səni batıracaq qan gölüdü. Hasar pillələrini qalxdıqca bədheybət xidmətçinin bədəni dəyişirdi, yavaş-yavaş adama çevrilirdi. Çatanda gələnin üzündən nur tökülən yaraşıqlı, nəzakətli, alicənab biri olmasına heyrət elədi.

“Deyirlər sən də Hasara çıxmısan, düzdümü” Sualı sabahın məşhər sorğusu kimi boğazından yapışıb onu üzüaşağı çəkməyə başladı. Saray xidmətçisi əl atıb nəzakətlə onu tutdu, qoluna girib yıxılmağa qoymadı. Ehtiramla Bağa sarı yol göstərdi. Amma o, addım ata bilmədi. Hər cəhdində boynundakı Sual zənciri dartılırdı. Boğazı zəncirdə, əli Saray xidmətçisindəydi. Köməyə başqa xidmətçilər də gəldi. Zəncir qırılmırdı. Sualın titrək əllərindəki gücə məəttəl qalmışdı. Yorulsa da, titrəsə də, qopmurdu, bərk-bərk tutub onu aşağı dartırdı.

Nəhayət, yayından çıxan ox kimi sıçradı. İlk anda kimin əlindən qopduğunu kəsdirə bilmədi. Yerə dəyib huşunu itirdi.

Ayılanda özünü Hasar dibində gördü. Çölə düşmüşdü!

...Qalxıb üstünün tozunu çırpdı. Çöldə həyat əvvəlki axarıyla davam edirdi. Şəhərin küçələriylə addımladıqca, tinlər, döngələr arxada qalırdı.

Küçələr adamla doluydu. Üz-üzə gəldiyi, ötüb kecdiyi heç kəs ona əhəmiyyət vermir, görmürdü. Məşhur əsərin qəhrəmanı “gözəgörünməz adam”a bənzəyirdi. Özünü lüt hiss edirdi, ayıb yeri görünürmüş kimi qısılırdı. Amma ona baxan yoxuydu. O isə hamını görürdü. Adamların üzünə sərhədçi pasport yoxlayan kimi baxırdı, elə bil Saray pillələrində gördüyü adları indi onların üzündə oxuyacaqdı.

Yanından ötdüyü meydanda böyük bir izdiham gördü. Mitinq idi. Tribuna əzəmətli adamlarla doluydu. Kütlə adını Saray pillələrində oxuduğu Çıxışçının “Rədd olsun xalqa divan tutan Saray əhli!” sözlərini hayqırtıyla alqışlayırdı. İnsanlar ehtiraslı gözlərində parlayan ümidlə ətrafa şölə saçırdılar. Hamı tribunaya baxırdı, üzlər yalnız bir səmtə – qabağaydı. Hüqonun sözlərini xatırladı: “Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərin dallarınca gəldiyini çox gözəl bilirlər... “Ümid” Dantenin cəhənnəm qapılarından sildiyi, Tanrının isə hər bir insanın alnına yazdığı sözdü”.

İzdihamın axırında bir topa adam hansısa qəzet yazısını müzakirə edirdi. Yaxınlaşdı. Məşhur Yazarın yazı başlığını gözü aldı: “Saray başçısı Çölün qanını sümürür!” Saray pillələrində parlaq ilbiz iziylə yazılan müəllif adını indi qəzetdə qara, iri hərflərlə oxuyurdu.

Başqa bir dəstədə isə Çölün tanınmış xadimləri bir yerdə dairə qurub durmuşdular. Mitinq adamlarına qarışmayan bu adamlar gah çıxışçıları dinləyir, gah da öz aralarında xısınlaşırdılar.

O, son kərə tribunadan izdihamın sonunacan insan selinə tamaşa elədi. Hasarda beyninə mismarlanmış xeyli adın sahibini indi canlı görürdü...

Meydanı tərk elədi!

Başında cürbəcür fikir bir-birinə qarışmışdı, heç bir yana gedib çıxa bilməyən bu fikir sürüsü eləcə havadan asılı qalmışdı – şüşə qabda suya kök buraxmış budaq kimiydi. Yapışmağa dayaq tapmayan köklər bir-birinə sarılıb düyün düşmüşdü.

...Sonuncu küçəni də keçib şəhərdən çıxdı.

Qürub çağıydı, səmada günəşin son işartıları üfüqü al-qırmızı qızartmışdı. Ürək sabahdan arxayın olanda rahatladığı kimi göz də uzağa baxanda dincəlir. İndi baxdığı uzaqlıqda bir azdan o qədər ulduz parlayacaqdı ki... Tanrı ayaqları altında xırçıldayıb sönən ulduzların izinə düşəcəkdi. Sonra mütləq Günəş doğacaqdı.

...Çölün axırında yoxuşa dikələn yolla qalxıb, qalxıb... üfüqün o üzündə yox oldu.

Oktyabr 2012
XS
SM
MD
LG