Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:17

AŞPA məruzəçilərinin Bakı səfəri sürprizlə bitdi


Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech
-
«TƏNQİD EDƏ BİLMƏZLƏR. ONA GÖRƏ DƏ MƏTBUAT KONFRANSI KEÇİRMƏDİLƏR»

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər. Məruzəçilər Pedro Agramunt, Font de MoraJoe Debono Grech-in noyabrın 28-də keçirilməsi nəzərdə tutulan mətbuat konfransı olmayacaq.

Bu barədə AzadlıqRadiosuna Avropa Şurasının Bakı ofisindən məlumat verilib.

Mətbuat konfransının hansı səbəbdən ləğv edildiyi açıqlanmır.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus mətbuat konfransının nədən keçirilməməsini belə izah edir:

«Keçən dəfə onlar mətbuat konfransına əldə etdikləri uğurlardan danışmaqla başladılar. Dedilər ki, Oqtay Gülalıyevi, Mehman Hüseynovu azadlığa buraxdırıblar. Bu dəfə nə desinlər, ürəkaçan hadisə var? Rəsmi Bakını da tənqid edə bilməzlər. Ona görə də, mətbuat konfransı keçirmədilər».

«NİGAR YAQUBLUNUN, HİLAL MƏMMƏDOVUN HƏBSİNDƏN DANIŞDIQ»

Həmməruzəçilər Bakıda bir sıra görüşlər keçirərək Prezident İlham Əliyevlə də fikir mübadiləsi aparıblar. AzərTAc-ın məlumatına görə, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsi məsələsi diqqət mərkəzində dayanıb.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Hüquq müdafiəçiləri, vəkillər və media təmsilçiləri ilə görüş noyabrın 28-də gerçəkləşib. Hüquq müdafiəçisi Novella Cəfəroğlunun dediyinə görə, bu dəfə söz və toplaşmaq azadlıqları sahəsindəki problemlər, məhkəmə qanunsuzluqları, eləcə də siyasi məhbuslar məsələsi müzakirə edilib:

«Nigar Yaqublunun, Hilal Məmmədovun, Şahin Kərimovun məsələsindən danışdıq. Nigar Yaqubludan danışdıq ki, bəli, qəza olub. Amma bu cür qəza törədənlər sərbəst buraxılsa da, Müsavat üzvünü həbsdə saxlayırlar. Görüş normal keçdi, hamı öz sözünü dedi».

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva deyir ki, həbsdəki 250-yə yaxın islamçı məsələsinə də toxunublar. Həmməruzəçilər həbsdə olan Talış Mədəniyyət Mərkəzinin rəhbəri Hilal Məmmədovla görüşə razılıq aldıqlarını da görüş iştirakçılarının diqqətinə yetiriblər.

İNTERNET DİQQƏT MƏRKƏZİNDƏ OLUB

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynovun dediyinə görə, AŞPA məruzəçiləri daha çox internet azadlığı ilə
Emin Hüseynov
Emin Hüseynov
maraqlanıblar:

«Onlar soruşurdular ki, internet azaddırmı? Çünki hökumət hər yerdə deyir ki, internet azaddır. Amma biz fərqli məlumatlar verdik. Dedik ki, internet qismən azaddır. Sonra jurnalistlərlə bağlı danışdıq. Yəni, Rafiq Tağının, Elmar Hüseynovun, Xədicə İsmayılovanın işini müzakirə etdik. «Azadlıq» qəzeti də öz vəziyyətindən söz açdı».

LEYLA YUNUS SÜRPRİZ GÖZLƏYİR?

Məruzəçilərin Azərbaycanla bağlı ilkin hesabatı dekabrın 10-da açıqlanmalıdır. Bəzi hüquq müdafiəçiləri AŞPA məruzəçilərini tənqidə tutsalar da, Emin Hüseynovun qənaətincə, hesabatda Azərbaycan gerçəkləri əksini tapacaq:

«Ola bilsin ki, onlar Andreas Gross və ya Andres Herkel kimi Azərbaycana can yandırmırlar, amma ən azından Debono Grech bu problemlərlə maraqlanırdı. Agramunt isə həmişə soyuqqanlıdır. Ömrünün çox hissəsini Franko zamanında yaşadığından, ola bilsin, Azərbaycanda baş verənlər onu heyrətləndirmir».

«Mən isə proqnoz verə bilərəm, bizi yanvarda – hesabat açıqlanarkən çox pis sürpriz gözləyə bilər». Bunu da hüquq müdafiəçisi Leyla Yunus deyir.
XS
SM
MD
LG