Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

Əyyub Qiyas "Padşahın qızı" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-

PADŞAHIN QIZI


Möhsün mənim əmim oğludur,və «Ulduz»kino-komediyasına baxanan sonra məndə elə bir fikir oyandı ki, əmim onu həmin filmin qəhrəmanı Möhsünün şərəfinə düzüb-qoşub.Hamı deyirdi ki, Möhsün çox əclaf uşaqdır və mən də elə fikirləşirdim ki, «əclaf uşaq» haradasa «yaxşı oğlan» sözlərinə sinonimdir,çünki mən Möhsümü yaxşı oğlan bilirdim.O məndən iki yaş böyük idi,ancaq,mənə elə gəlirdi ki,hər ikimiz eyni ağıldayıq.Ağılla bağlı fikirlərim isə Möhsünün yuxusu alt-üst etdi,o hər gecə yuxusunda padşahın qızını görürdü,mənsə görə bilmirdim,əgər,mən də onun kimi ağıllı olsaydım padşahın qızını görərdim.
Səhər açılar-açılmaz Möhsünün yuxudan oyanmasını dəli bir ehtirasla gözləyirdim,amma,onu yuxusundan oyatmazdım,ona görə ki,yuxusuna haram qatmazdım.Bir dəfə səbirsizlik edib onu yuxudan oyatmışdım,o da yuxunun ən maraqlı yerində dayanıb demişdi ki,ardını görə bilməyib.Amma mən çox istəyirdim ki,o yuxunun qırılıb qalan yerini də mənə danışa.
Biz kənddəki evin eyvanında yanaşı yatardıq,o yuxusunu bütün xırdalıq-larına qədər danışmağı xoşlayırdı.Möhsün hər gecə yuxu görərdi və mənim ona paxıllığım tutardı. Çünki, o, boş yerə yatmırdı, yatırdı ki, padşahın qızı ilə görüşsün.
Arabir,gecələr «pişə» eləməkdən ötrü oyanandan sonra bir müd-dət gözlərimə yuxu getməzdi,mən onun yuxulu gözlərinə,təzəcə tərləyən bığlarına,geniş alnına,uzun burnuna baxırdım və dəqiq bilirdim ki,bu anlarda o padşahın qızının yanındadır.Elə olanda nə yolla olursa olsun onun yuxu-suna qarışmaq istəyərdim,ancaq,məndə heç nə alınmazdı və yuxuya gedərdim.
Yayda,hər gün dənizə çimməyə,sonra da sahildəki yaşıllıqda futbol oyna-mağa gedərdik.O vaxtlar dəniz hələ qalxmamışdı və sahil boyu uzanıb ge-dən dəmir yolu xəttindən sonra yaşıllıq otlaqlar başlayırdı.Biz evdən çıxar-kən özümüzlə isti təndir çörəyi götürər,yolda isə bostandan pomidor-xiyar yığıb maykalarımızın içinə doldurardıq.Futbol oynayıb yorulduqdan sonra uşaqlarla birlikdə nahar eləməkdən maraqlı heç nə ola bilməzdi.
Mənim boyum uzun olduğundan həmişə qapını qoruyardım,amma,mənim,
balaca bir sirrim var idi,mən alçaqdan vurulan topların heç birini demək olar ki,tuta bilmirdim.
Yaxşı ki, toplar çox vaxt yuxarıdan gəlirdi və bizim komandamız oyunların çoxunda qalib gəldiyindən mənim oyunum o qədərdə diqqət mərkəzində olmurdu. Axşamlar evə dönəndə hər ikimiz yorğun olurduq, gecə düşən kimi yatışırdıq. Hamıdan çox gecənin düşməyini mən istəyirdim.
Gecələrin birində mən öz sirrimi Möhsünə açdım, o diqqətlə mənə qulaq asdı və tapşırdı ki, bu barədə dana heç kəsə heç nə deməyim, yoxsa hamı topu aşağıdan vurar və məni oynamağa qoymazlar. Mənsə güclü qapıçı
kimi həmişə diqqətdə olmaq istəyirdim. Lap düzünü desəm, bütün bunlar mənimçün o qədər də vacib deyildi, məni ən çox Möhsünün yuxusu və padşahın qızı maraqlandırdı. Çünki, mənə elə gəlirdi ki, mən onu sevirəm.
Mən hər gecə Möhsünün gördüyü yuxuya qarışmaq, o gözəl, nazlı, ətirli padşahın qızı ilə səhərə qəər bir yerdə olmaq, səhər yuxudan oyananda isə eynən əmioğlum kimi burnumda o gözəlin ətirini duyaraq xoşhallanmaq arzusu ilə yuxuya gedirdim. Amma, mən o yuxuya qarışa bilmirdim, heç olmazsa onların olduqları otağın bir küncündə dayanıb padşahın qızını görməyi arzulasamda bu mümkün olmurdu.
… Bir gün bölgü vaxtı mən Möhsündən ayrı komandaya düşdüm, indi biri-birimizə qarşı rəqib komandalarda oynayırdıq. Möhsüm rəqibkomandanın hücumçusu kimi mənim qoruduğum qapıya zərbələr endirirdi. Bizim komanda iki sıfır hesabı ilə irəlidə idi və hiss edirdim ki, əmioğlunun vurduğu topları tutduğum üçün o əsəbiləşir. İsti və məğlubiyyət onu hövsələdən çıxarmışdı. Hamı yorulmuşdu və saata baxan oğlan oyunun başa çatmasına az qaldığını deyirdi. Növbəti hücum zamanı Möhsünə ötürülən topu o yüngül bir zərbə ilə qapıya doğru yönəltdi. Top ayaqlarımın arasından burulub qapıdan keçdi, aşağıdan vurulan topu tuta bilmədim. Oyun qızışdı və bizim komandanın oyunçularının kobud səhfindən əmioğlum biri-birinin ardınca mənim qoruduğum qapıdan daha iki cavabsız top keçirdi və oyun əmioğlunun qəhrəmanlığı ilə başa çatdı, biz bir top fərqi ilə uduzduq. Mən hirsimdən özümə yer tapa bilmirdim, odur ki, uşaqlardan aralanıb bir qədər aralıda qumun üstündə oturdum. Mənə elə gəlirdi ki, hamı mənim topları qəsdən buraxdığımı fikirləşir. Möhsün mənim topları qəsdən buraxdığımı fikirləşir. Möhsün mənim sirrimdən istifadə etmişdi.
Əmioğlum da mənim yanıma gəldi, yanımda əyləşən kimi yenə yuxusundakı padşahın qızından danışmağa başladı. Sən demə bu qız dəniz padşahının qızıymış və elə bu dənizin içindəki sehrli sarayda yaşayırmış. Möhsün də hər gecə qırx gözəlin əhatəsində onunla görüşürmüş. O elə şeylər danışanda nə üçünsə mənim qarnımda sancılar baş qaldırırdı, dizlərim və sonra da bütün bədənim boşalırdı, bu mənə ləzzət edirdi və istəyirdim ki əmioğlumun danışdığı yuxu heç vaxt bitməsin.
Biz söhbət elədiyimz vaxt uşaqların oynadıqları top bizim aramıza düşdü, mən topu hirslə onlara atdım, onlar mənim hirsli olduğumu bilib gülüşdülər və bu gülüş məni əsəbiləşdirdi. Yadıma Möhsünün mənim qoruduğum qapıdan keçdiyi toplar düşdü. Topları qəsdən, mənim zəif yerimi bildiyim üçün aşağıdan vurduğunu dedim və biz dalaşdıq.
- Mən daha sənnən danışmıram, - deyən, Möhsün mənim yanımdan aralanıb uşaqlara qoşuldu, bir az keçəndən sonra onlar yenidən futbol oynamağa başladılar. Düzdür, məni oynamağa çağırsalar da, getmədim, çünki, hamıdan küsmüşdüm. Acmışdım, evdən götürdüyümüz çörək isə uşaqların yanında qalmışdı, mənsə o tərəfə keçən deyildim. Onlara fikir vermədən suya girib çimməyə başladım, tək çimdiyimdən bir az da vahimələnmişdim. Birdən Möhsün: - Suiti, suiti ! – qışqırmağa başladı. O dəqiq bilirdi ki, mən suitidən qorxuram. Mən qorxub sahilə çıxdım, suiti yox idi, uşaqlar yenidən məni ələ salıb gülürdülər, ən bərkdən gülən isə əmioğlum idi.
Mən doluxsunub isti qumun üstünə çökdüm, gözlərimi gizlədib alnımı topumun üstünə qoydum və için-için ağladım. Tək qalmağım, heç kəsin mənim könlümü almaq istəməməsi mənə çox pis təsir edirdi.
Uşaqlar hamılıqla dənizdə çimməyə başladılar.
…Nə qədər yatdığımı bilmədim, ancaq, ğördüyüm yuxunun şirinliyi məni necə aparmışdısa, bu yuxunu əbədiyyət qədər görmək istəyərdim!Çünki padşahın qızı Möhsünün dediyindən də gözəl idi. Biz üz-üzə oturub bir-birimizə baxırdıq, onun əynində tül paltar var idi və mən görmək istədiyim hər şeyi o tül paltarın altından görürdüm. Onun ətri unudulmaz idi, saçlarının rəngini heç yerdə görməmişdim, gözləri isə dənizi xatırladırdı. O, ağ əlləri ilə saçlarımı qarışdırıb şirin-şirin güldü, sonra pıçıltı ilə dedi :
- Niyə gəlmirdin ki ?...
- Yolu tanımırdım axı…
- Axı mən Möhsünə demişdim ki, səni gətirsin…
- O mənə heç nə demirdi…
- Elə ona görə də onu qovdum. Mən səni gözləyirdim… Səni… gözləyirdim…
Sonra padşahın qızı isti dodaqları ilə mənim üzümdən öpməyə başladı. Mən onun şirin öpüşlərinin altına bütün ömrümü geçirməyə hazır idim. O məni öpdükdə yenə qarnımda sancı yarandı, sonra isə bütün bədənim başladı.
- Mən daha Möhsünü yanıma buraxmayacağam ! – dedi və mən çox sevindim. Mə nonu əmioğluma qısqanırdım. Sonra o nə üçünsə pıçıltı ilə mənə : - Get, - dedi, - sabah mütləq gələrsən. Mənsə həyəcanlandım və çığırıb : - Yox ! – deyəndə, oyandım. Hava qaralmışdı, dənizin üstündə Ayın ləkəsi, o ləkənin altında isə zərlm parça kimi parıldayan sular görsənirdi. Ləkələr arabir ərincək-ərincək sahilə çırpılırdı. Tez qalxıb qumlu bədənimi çırpdım və paltarlarımı geyinməyə başladım. Gözüm qəfildəfn Ayın sulara düşən işığına sataşdı və mə nonu suyun üzündə durub məni səslədiyini gördüm. Əynindəki tül paltar külək vurduqca dənizin ləpələri kimi titrəyirdi, mən o paltarın altından yenə də hər şeyi görürdüm. O, məni yenidən yanına səslədi və mən asta-asta suya girdim, ləpələr ayağımı qıdıqladı, mən bir an dayanıb ona baxdım, o günəşdən də işıqlı idi.
Su boğazıma çatırdı, ləpələr üzümü yuyur, acı və duzlu su arabir ağzıma dolurdu, əllərimin ona toxunacağına lap az qalırdı…
Elə bu vaxt kiminsə qolları məni arxadan qucaqladı, anidən özümə gəldim və qarşımda Ay işığının altında bərq vuran sulardan başqa bir şey görmədim. Qorxdum, yanımda Möhsünün tanış səsinieşidəndə sevindim. O, məni darta-darta sahilə çıxartdı, sonra hər ikimiz susduq !
- Məndən çox küsmüsən? – o, doğmalıqla soruşdu.
- Hə, - mən sərt cavab verdim.- Padşahın qızı sənə deyib ki, məni də apar, xeyir ola, mənə demirdin?
Möhsün təəccüblə çiyinlərini çəkdi və gülə-gülə bənə baxdı, sonra ərklə əlini çiynimə qoydu, pıçıltı ilə dedi !
- Qaqaş, sən hələ böyüməmisən e… Nə yuxu, nə padşahın qızı ? Mən yuxuda padşahın qızını görməmişəm elə-belə, oxuduğum nağılları uydurub sənə danışırdım ki, maraqlı olsun. Padşahın qızı yoxdur !
- Var, - səsimi qaldırdım. – Özü də burada dənizdə olur…
O mənə heç bir söz demədən ayağa qalxdı, əlimdən tutub məni də qaldırdı, Qoşa addımlayaraq sahilən uzaqlaşdıq. Mənə elə gəlirdi ki, kimsə dənizdən məni səsləyir, amma, Ayın işığından başqa heç nə yox idi. Mənim ən sonuncu nağılım da beləcə qurtardı…
son
XS
SM
MD
LG