Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:59

Elşad Abdullayev parlamentdən məhkəməyə keçir


Arxiv foto: Elşad Abdullayev
Arxiv foto: Elşad Abdullayev
-
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq” qəzetinə yeni gizli video çəkiliş göndərib. Artıq sosial şəbəkələrdə də yayılmış videoda o zaman Bakıda Nərimanov rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayev olduğu iddia olunan şəxslə Elşad Abdullayevin görüşü əks olunur.

Amma hələlik Hacı Ağababa Babayevin bu iddia ilə bağlı hər hansı reaksiyasını öyrənmək mümkün olmayıb.

2007-ci ildə çəkildiyi iddia olunan videoda hakim kimi təqdim edilən adamın Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasına kömək etməsindən söhbət gedir.

Elşad Abdullayev bundan əvvəl də qardaşının oğurlanması və onun tapılması üçün yüksək vəzifəli dövlət rəsmilərinə rüşvət verməsindən bəhs edən videolar yayıb.

Hazırda Fransada mühacirətdə yaşayan keçmiş rektorun ən məşhur videosu isə bu il sentyabrın sonunda millət vəkili Gülər Əhmədova olduğunu dediyi qadınla söhbətin videoyazısıdır.

Elşad Abdullayevin deputat seçilməsi üçün Gülər Əhmədovanın ondan külli miqdarda rüşvət tələb etdiyi iddia olunan bu videonu xanım millət vəkili montaj adlandırdı. Sonra da deputat mandatından imtina etdi. Hazırda həmin qalmaqalla bağlı da istintaq aparılır.

AĞABABA BABAYEV İSTİNTAQA İFADƏ VERİB

Videogörüntüsü yayılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev isə APA-ya açıqlamasında E.Abdullayevin onu şantaj etdiyini bildirib:

«Bir neçə gün əvvəl prokurorluqda Mahir və Elşad Abdullayevlərin işi ilə bağlı ifadə vermişəm. İfadəmdə də heç nədən xəbərim olmadığını bildirmişəm».

Hakim deyib ki, videoda göstərilənlər həqiqəti əks etdirmir:

«Bizim söhbətimiz videogörüntülərdəki kimi olmayıb, mən ona elə sözlər deməmişəm. Hamısı yalandır. Montaj olunub nədir, bilmirəm».

A.Babayev hazırda yataq xəstəsi olduğunu da bildirib:

«Mən hazırda xəstəyəm, ayaqlarım tutulub. İşə də getmirəm».
DAXİLİ İŞLƏR NAZİRLİYİ: «BUNLAR BİZƏ MƏLUM QÜVVƏLƏRİN OYUNUDUR»

Daxili İşlər Nazirliyi Elşad Abdullayevin yaydığı sonuncu videogörüntüdə nazir Ramil Usubov və onun müavini Vilayət Eyvazovun adlarının hallanmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bildirib ki, Vilayət Eyvazov vətəninə, xalqına son dərəcə bağlı, şərəfini hər şeydən üstün tutan ləyaqətli və peşəkar polis generallarından biridir:

«Kimin nə deyib-deməməsindən, hansı nağılı danışıb-danışmamasından asılı olmayaraq, heç kəs onunla hər hansı qanunsuz məsələlərlə bağlı «bazarlıq yapmağa» cəsarət belə edə bilməz. Bir daha bildirirəm ki, bunlar hamısı cəfəngiyatdır və bizə məlum qüvvələrin oyunudur. Hansı məntiqə sığa bilər ki, kimsə iki il, üç il məhkəmənin qərarı olmadan haradasa saxlanılsın, heç kim də bundan xəbər tutmasın? Ramil Usubovu da, Vilayət Eyvazovu da möhtərəm prezidentimiz də, xalqımız da yaxşı tanıyır. Kimlər hansı oyunları oynayırlarsa oynasın, axırı öz başlarında çatlayacaq. Bildiyiniz kimi, cənab prezidentin göstərişi ilə Baş Prokurorluqda müstəqil İstintaq Komissiyası yaradılıb və heç şübhəsiz ki, komissiya bu məsələlərə aydınlıq gətirəcək və öz sözünü deyəcək».
XS
SM
MD
LG