Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

“Bu, indiki dövlət başçılarına bir örnəkdi - sürətlə qaçmayın”


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
-

"Mənə elə gəlirdi ki, 20 Yanvar faciəsindən sonra bu ölkədə kimsə rus dilində danışmaz. Unutqan bir nəsil formalaşıb..."


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair Sabir Rüstəmxanlı ilə söhbət


- Sabir bəy, Van Qoqun bir rəsmi var, ağaclar o qədər hündürdü ki, ulduzları da keçir.

Əslində, Van Qoq o rəsmi çəkəndə, onun üçün yer üzündə bu ağacların mövcud olub-olmamasının heç bir fərqi yox idi, o, sadəcə, torpağın səmayla qovuşmaq arzusunu çəkmişdi.

Bəzi adamlarsa o zaman bunu cəfəngiyyat adlandırırdılar. Sizin təsəvvürünüzdə də belə qeyri-adi ağaclar varmı?


- Mənim təsəvvürümdə elə ağaclar var ki, bəlkə də bütün dünyanı tutur. Məsələn, uşaq vaxtı tez-tez qarşılaşdığım bir məqamı xatırlayıram. Ot, taxıl biçən adamların yorulanda kölgəsində dincəldiyi çinar ağacları vardi ki, sanki dünyanın bütün küləklərini çəkib gətirirdi.

Və uşaq vaxtı elə bilirdim o çinar dünyanın ən böyük ağacıdı.

Bakıda da bir neçə belə ağac var və hərdən yolla gedərkən maşından düşüb onların kölgəsində oturmaq keçir ürəyimdən.

Hər millətin öz həyat ağacı var. Mənim millətimin həyat ağacının beş-altı min il yaşı var ki, bütün Avrasiya deyilən məkanı tutub: bir ucu Şumer, bir ucu Altay dağları, monqol səhraları, bəlkə Sakit okeana qədər.

Səttar Bəhlulzadənin çoxlu sayda qağayı təsvir olunan bir rəsmi var. Bizim unudulan yazarlarımızdan biri olan Gündüz Abbasov - o həm də aktyor idi - Səttar Bəhlulzadə haqqında bir hekayə yazmışdı.

Hekayədə deyilirdi ki, Səttar həmin qağayılardan bəhs edən əsəri onunla görüşməyə gələn üç dostuna göstərir. Dostları dəniz və dənizin üzərində uçuşan, daşlara qonmuş qağayıların mənzərəsini əks etdirən əsəri çox bəyənirlər.

Amma sonra Səttara deyirlər ki, deyəsən, qağayılar çoxdu. Səttar tərəddüd etmədən firçanı götürüb qağayının üçünü silir və deyir ki onlar qağayı deyil, mənim dostlarımdı. Bir halda ki onları çox görürsünüz, sizi sildim.

- Hindistanın bəzi bölgələrində torpağın altında deyil, üstündə kök atan ağaclar var, yerli əhali ondan körpü kimi istifadə edir. Səhv etmirəmsə, kauçuk ağac adlanır. Çayların, dərələrin üstü ilə sarmaşıq-dolaşıq şəkildə yayılan köklərin körpü halına gəlməsi onilliklər çəksə də, belə körpülər xeyli uzun ömürlü olurlar. Sizcə, bu gün Azərbaycanda körpülərin təməli nə dərəcədə etibarlı, uzunömürlüdü?

- Mən o ağaca Hindistanda da, Misirdə də rast gəlmişəm. Ağacın budaqlarından rişələr uzanır yerə. Torpağa çatanda rişələr kök atır. Sonra bir necə əsrdən sonra ağacın qocalmış, hətta sıradan çıxmış rişələrinin üstündən yeniləri adlayır və beləlikllə də ağac ölmür, rişədən rişəyə adlayaraq böyüyür.

Azərbaycan heç vaxt qısır olmayıb. Həmişə bir yerdə tükənəndə, “millət öldü, bundan
Feyziyyə Hacıyeva
Feyziyyə Hacıyeva
sonra yaşaya bilməyəcəyik, hər şey bura qədərmiş” təfəkkürünün, düşüncəsinin içərisindən yeni bir ağac köhnə rişələrin üstündə qol budaq atır.

Bu gün salınan körpülərin təməli bəlkə Sovetlər dönəmində qoyulmalıydı, gecikmiş də olsa hesab edirəm ki, Azərbaycan üçün, Bakı üçün çox gərəklidir. Mən bunu ironiyasız deyirəm və bunları Azərbaycanda quruculuq işlərinin bir hissəsi hesab edirəm. Bunlar da olmasa, Bakıda hərəkət etmək mümkün olmazdı. Amma təəssüf ki biz Azərbaycanda bu körpüləri tikə-tikə Xudafərin körpüsünü itirmişik. Xudafərin Azərbaycanın quzeyi ilə güneyini birləşdirən çox az körpülərdən biri idi ki...

Deyəsən, müsahibimin əvvəllər Facebook-da hesabını görmüşdüm. Sonra gözümə dəymədi. Sosial şəbəkələrin üstün cəhətlərindən biri də odur ki, dostun olan və olmayan insanların hansı düşüncənin daşıyıcısı və ən əsası ovqatının nə yerdə olduğunu bilmək olur. Sabir bəy xeyli yorğun görünürdü və nədənsə elə bilirdim, “divar yazısına” məmnuniyyətlə duyğusal bir “status” yazardı. Amma...

- Facebookda var idim. Bunu bizim partiyanın gəncləri mənim üçün açmışdılar. Mən Dünya Azərbaycanlılar Konqresinin həmsədri kimi İran tərəfindən daimi hədəfdəyəm. xəbərimiz olmadan ərəb əlifbası ilə mənim adımdan ayrı facebook səhifəsi açmışdılar. Səhifədə paylaşılan yazıları tərcümə elətdirmək çətin olmasa da, həmçinin farsca oxumaq imkanlarım olsa da buna vaxt ayırmağa, sadəcə, zaman olmadığından öz səhifəmi bağladım və bu haqda mətbuatda açıqlama verdim.

Amma indi nəsə yazmaq imkanım olsaydı oktyabr ayı olduğu üçün yeqın ki, 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyinin qəbul aktı ilə bağlı fikirlərimi paylaşardım və tövsiyə edərdim ki müstəqilliyin qədrini bilsinlər.

Mən hər yerdə eyni şeyi müşahidə eləyirəm - əsgərlərlə görüşdə, televiziyalarda, hətta yazarlarımızda da - gənclərin bir çoxu öz ömürlərindən kənara çıxa bilmirlər. Yəni öz ömürlərindən irəlidə nə baş veridiyindən xəbərsizdirlər.

Sovet dövründə Azərbaycanın ən böyük problemi Stalin rejiminin tətbiq elədiyi ideologiyanın yürütdüyü bir siyasət idi - tarixi hafizənin məhv edilməsi, Azərbaycanın Sovet hakimiyyəti dövründə formalaşmış bir millət kimi təqdim edilməsi. Sankı bunun türk tarixi olmayıb, qədim Orxon Yenisey heç xatırlanmır, ərəb əlifbasının buna heç bir aidiyyatı yoxdur...

Bizə kiril əlifbasını 30-cu ilərdə verdilər. Guya başqa xalqlara türk dilinin öyrədilməsi ilə bir toplum yaranıb və bu, Azərbaycan xalqına çevrilib. O zamanlar bu ideologiya yürüdülürdü. Indi isə cavanların çoxu 90-cı illərin əvvəlləri doğulub və ondan əvvəl baş verənlərdən xəbərsizdirlər. Ədəbiyyat oxunmur, kitab oxunmur. Asudə vaxtlarını bəzən
çox səviyyəsiz televiziya debatlarına sərf edirlər. Bəzən də söyüş səviyyəsində dialoqlar gedir.

Amma eyni zamanda çox ciddi mövzular ətrafında müzakirələrin şahidi oluram. Məsələn, sosial şəbəkələrdə ermənilərlə dialoqlarda gənclərimizin tutduqları mövqe həddindən artıq xoş gəlir mənə.

Amma təəssüf ki bu nəslin içində xeyli adam hətta müstəqilliyin nə olduğunu bilmir. Başa düşmürlər ki, Sovetlər dönəmi xalqımız üçün necə ağrılı dövr olub, hətta həmin dövrlərlə bağlı nostalji duyğularını təbliğ edən adamlar var.

90-ci ildə bu millətin qanını tökən rus ordusunu unudub, hətta şəhidlərin məzarının üstündə rusca danışanlar var.

Mənə elə gəlirdi ki, o faciədən sonra bu ölkədə kimsə rus dilində danışmaz. Unutqan bir nəsil formalaşıb. Mənəvi deqradasiya, aşınma gedir.

Dəyərlər unudulur və bu dəyərlərin unudulmasında Azərbaycan televiziyalarının və bəzi mətbuat orqanlarının rolu var. Qara Qarayev deyirdi ki sənətdə vakuum, boşluq olmaz, olsa bunun yerini anti-sənət tutacaq. Milli düşüncədə də boşluq olmaz. Gənclər öz tarixlərinə talelərinə sahib durmasalar, o yeri ayrı sistemin yaratdığı təbliğat tutacaq.

Tarixi mövzulu filmlərdə həmişə döyüş səhnələrində piyadalarin öndə getdiyini görmüşük. Məncə, bu bir rejissor fantaziyası deyil, tarixi faktlardan qaynaqlanan çox önəmli faktordu.

Piyadaların - döyüşdə sərkərdələrin ölüm riskini azaldan, sanki önəmli hesab edilməyən bu insanların ölümə növbəsiz girməsinin həyacanı, qorxusu bəlkə heç bir filmdə dolğun təsvir edilməyib.

Hər halda sərkərdələr filmlərdə onları qoruyan ucsuz-bucaqsız ordudan daha cəsarətli, iddialı və qorxmaz görünür.


Sabir bəyə “Piyada şahı ən azı neçə gedişə mat qoyar”- sualını verməkdə tərəddüd eləsəm də, sonda sual ünvanlandı və müsahibim gülərək:

- Əgər qarşısını kəsən olmasa, yeddi gedişə. Şahmatın ən gözəl fəlsəfəsi piyadanın şaha çevrilməsidir, yaxud vəzirin sağ-sol bilmədən bütün istiqamətlərdə hərəkət edə bilməsidir. Eyni zamanda şahın son dərəcədə ciddi, ehtiyatla addım-addım gediş etməsidir. Bu indiki dövlət başçılarına bir örnəkdi - sürətlə qaçmayın. O mənada ki, sərvət toplamaqda, hadisələri dəyişdirməkdə, tarixin istiqamətini yönləndirməkdə onların bu boyda yetənəyi ola bilməz. İlk növbədə şahın vəziri və ətrafında olan adamlar etibarlı olmalıdır. Amma hamısından daha etibarlı piyadadır. Şah millətə söykənməlidir. Vəzir
Sabir Rüstəmxanlının bu yaxınlarda nəşr olunmuş şeirlər kitabı
Sabir Rüstəmxanlının bu yaxınlarda nəşr olunmuş şeirlər kitabı
itsə, bir daha meydana qayıda bilməz, amma piyada öz rəşadəti ilə gedib vəzir ola bilər.

Sabir bəy siyasətçi, partiya sədri olmaqdan öncə şairdir. Fikrini bitirər-bitirməz ondan yazmadığı iki misra istəyəcəkdim. Sükut...

- Körpüdən, ağacdan kökdən danışdıq,
Günəşdən ulduzdan göydən danışdıq,
Ancaq söz dünyamız düşmədi yada,
Bizim öz dünyamız düşmədi yada.


- Hamı nədənsə gileylidir. Alimlər təsdiq ediblər ki, insanın uğur qazanmasının, arzularına çatmasının bir yolu da - minnətdarlıq etməsidir, həyata, dostlarına, yaşadığı evə, sivilizasiyaya, içində yaşasa da, xəbərsiz olduğu sistemə və s. Məsələn, dinlərdəki şükranlıq məqamı da buna misaldır- tanrıya dua və şükr etmək.

Yadıma hardansa eşitdiyim bir hekayət düşdü. Bir nəfər cibində adi daş gəzdirirmiş, hər səhər ona şükr edib, minnətdarlığını bildirirmiş. Uzaq ölkədən qonaq gəlmiş dostu ondan bu daşı daim özüylə gəzdirməsinin səbəbini soruşanda, “bu mənim şükran daşımdır” demişdi. Bir xeyli keçmiş uzaqlarda yaşayan dostundan ona məktub gəlir. Məktubda dostu qızının ağır xəstə olduğunu və o şükran daşından birini ona göndərməyini xahış etmişdi. Dostu məktubu oxuyub gülümsəmişdi...


Biz dualarımızdamı yanlış etdik, şükranlıqlarımızımı kəsdik? Niyə kökaltından elə hey giley çıxır, niyə biz “toplananların yeri dəyişsə də cəm dəyişmir” deyirik, amma bərabərlik işarəsinin sağında və solundakı rəqəmlər bunu demir?

- Tarix boyu bu milləti kök altında saxlamaq istəyiblər. Rəqəmlər kökaltından çıxmadıqca, mötərizələr açılmadıqca heç bir nəticə əldə etmək mümkün deyil. Buna görə də xalqın taleyindəki sıxıntılara son qoymaq lazımdı. Istər müharibə sıxıntısı olsun, istər iqtisadi, istər mənəvi sıxıntı. Orta məktəbdə riyaziyyatı yaxşı bilirdim. Bir riyaziyyat müəllimim vardı, mənə çox çətin misallar verirdi. Bir dəfə özüm bir misal hazırladım. Bu çox çətin həlli olan misal idi, iki səhifəni tutmuşdu. Müəllim iki səhifədən sonra yazıların qarışdığını görüb məni yanına çağırdı. Mən ona diqqətlə misalın sonuna diqqətlə baxmasını xahiş etdim. Və qarışan hərflərdən ibarət sonluqda misalın nəticəsini yazdığımı dedim. Belə bir misal hazırlayası olsam indi, eləsini hazırlayardım ki onların atından millət, xalq çıxardı.

Feyziyyə Hacıyeva
XS
SM
MD
LG