Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:31

«Bu biabırçılıqdır, DİN dərhal izahat verməlidir» [VIDEO]


Daha bir gizli video yayıldı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Daha bir gizli video yayıldı

-

Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iştirakı ilə çəkilən daha bir gizli video yayılıb. Rektor orda Daxili İşlər Nazirliyinin əməkdaşı olduğu iddia edilən bir nəfərlə söhbət edir. Onunla MTN zabiti, qardaşı Mahir Abdullayevin azadlığa buraxılması haqda danışır. Elşad Abdullayev 2003-cü ildə qardaşının oğurlandığını iddia edir.

Video görüntüdəki şəxs DİN-in 7-ci şöbəsinin əməkdaşı olduğunu bildirir. O, Mahir Abdullayevin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMI) saxlandığını deyir.

Həmin şəxs Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin iş fəaliyyətinə də toxunur: «Görürsən ki, gəlirlər, maşına basıb aparırlar, yiyəsi bir neçə gündən sonra xəbər tutur ki, adamı «bandotdel»dədir».

Nazirlik işçisi Elşad Abdullayevin Araz adlı bacısı oğlunu DİN-də işə düzəltmək üçün vasitəçilik etməsindən, bunun üçün 15-20 min manat lazım olmasından da danışır.

«ABBASQULİYEV ELŞAD ABDULLAYEVİN QILINCININ DALI DA, QABAĞI DA KƏSİLƏN VAXT İŞDƏN QOVULUB»

Oktyabrın 22-də Daxili İşlər Nazirliyindən təsdiqləyiblər ki, videodakı şəxs həqiqətən də nazirliyin 7-ci şöbə adlanan xüsusi idarəsində işləyib. O, Rövşən Abbasquliyevdir. Məlumatda o da bildirilir ki, işdə yol verdiyi ciddi nöqsanlara görə, artıq 4 ildir işdən qovulub.

Ehsan Zahidov
Ehsan Zahidov
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna Rövşən Abbasquliyevin konkret hansı «ciddi nöqsan»a görə işdən çıxarıldığını demədi. Üstəlik də videogörüntüdə səslənən fikirlərə görə, ayrıca araşdırma aparılacağını da söyləmədi:
«Bütün bunlar Elşad Abdullayevin qardaşının itməsi ilə bağlı məsələlərdir. Bizim hörmətli baş prokuror da bu günlərdə mətbuata dedi ki, Elşad Abdullayevin qardaşı ilə bağlı cinayət işi açılıb, hərtərəfli istintaq aparılır. Elşad Abdullayevin dedikləri, videogörüntülərin hamısı istintaqda var. İstintaq da hərtərəfli araşdırma aparıb qiymətini verəcək. Abbasquliyev adlı əməkdaş isə, loru dildə desək, Elşad Abdullayevin qılıncının dalı da, qabağı da kəsəndə, ABU-da rektor olanda, 5 il qabaq nazirin əmri ilə işdən uzaqlaşdırılıb».

«POLİS İŞDƏN UZAQLAŞDIRILIRSA, MÜSBƏT İŞİNƏ GÖRƏ OLMUR»

«Rövşən Abbasquliyev konkret hansı əməlinə görə işdən uzaqlaşdırılıb?» sualına dəqiq cavab ala bilmədik. Ehsan Zahidov sadəcə bunu dedi: «Polis DİN-dən kənarlaşdırılırsa, müsbət işinə görə olmur». Ehsan Zahidova görə, videoda nazirliyin işi haqqında səslənən fikirlər nə nazirliyin, nə də nazir Ramil Usubovun işinə kölgə salır. «Bu, 5 il öncə daxili orqanlardan azad olunmuş bir adamın videogörüntüsüdür vəssalam», deyə söhbətə yekun vurdu Ehsan Zahidov.

Rövşən Abbasquliyevlə bağlı Respublika Prokurorluğu ayrıca təhqiqat apara bilərmi? Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, Rövşən Abbasquliyevlə bağlı suallara, onun işindəki nöqsanların araşdırılması məsələsinə ancaq və ancaq DİN cavab verə bilər.

«BU, BİABIRÇILIQDIR...»

Əyyub Kərimov
Əyyub Kərimov
«Bu, biabırçılıqdır və dərhal nazirlik baş verənlərə izahat verməlidir». «Femida 007» qəzetinin redaktoru və hüquqşünas Əyyub Kərimov belə deyir.

Əyyub Kərimovun dediyinə görə, DİN-dəki 7-ci şöbə birbaşa nazirə tabedir. «Bu, bəlkə də nazirə tabe olan yeganə idarədir. Belə bir idarənin əməkdaşı bu cür faktlar söyləyirsə, bu, biabırçılıqdır» deyir qəzet redaktoru.

Əyyub Kərimova görə, Rövşən Abbasquliyevin nazirliyin işi ilə bağlı söylədiyi fikirlər adi məsələ deyil və bu mütləq araşdırılmalıdır:

«Əyyub Kərimov nazirliklə bağlı müsahibə verir və bənzətmə aparır. Buna görə az qala DİN Əyyub Kərimovu həbs etdirsin. Amma özlərinin əməkdaşı danışır, o isə sadəcə yol verdiyi nöqsana görə işdən çıxarılmaqla canını qurtarır? Hanı məsuliyyət? Bu, biabırçılıqdır. Şəxsən nazir aydınlıq gətirməlidir buna. Bu, nazirliyin ifşa olunmasıdır. Onda ictimaiyyətə açıqlama versinlər ki, həmin əməkdaşın yol verdiyi ciddi nöqsanlar nədən ibarətdir? Bu, cinayət məsuliyyəti yaradır, yaratmır? İkincisi, sabiq polis işçisi olsa belə məsuliyyətə cəlb olunmalıdır. Nəyə əsaslanıb belə danışıb? Bir qəzet, bir jurnalist, hüquqşünas bir fikir deyən kimi şəxsən nazir məhkəmə qapılarından əl çəkmir. İndi nə oldu?».

RAFAEL CƏBRAYILOV: «DÜŞÜNMÜRƏM Kİ, KİMƏSƏ HÖRMƏT EDƏCƏKLƏR»

Deputat Rafael Cəbrayılovun sözlərinə görə, həm Elşad Abdullayev, həm Gülər Əhmədova, həm də Rövşən Abbasquliyevlə bağlı istintaqın ədalətli aparılacağına dair heç kimdə şübhə olmamalıdır:

«Mən köhnə bir istintaqçı kimi deyirəm ki, ekspertiza göstərsə ki, montaj yoxdur, qanunun bütün ciddiliyi ilə ölçü götürüləcək. Düşünmürəm ki, kiməsə hörmət edəcəklər».

Gülər Əhmədova və Elşad Abdullayev
Gülər Əhmədova və Elşad Abdullayev
Hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev bir müddət əvvəl keçmiş millət vəkili Gülər Əhmədova ilə bağlı video yaymışdı. Videoda Gülər Əhmədovanın rektordan deputat seçilməsi və qardaşı Mahir Abdullayevin azad olunması üçün pul istəməsi haqda söhbət gedir. Həmin videoya görə Bakı şəhər prokurorluğunda dələduzluğa görə cinayət işi açılıb, Gülər Əhmədova isə deputatlıqdan istefa verib.

Respublika Prokurorluğundan Eldar Sultanov deyir ki, prokurorluq vaxtaşırı həmin istintaqla bağlı açıqlama verəcək.

Yeri gəlmişkən qeyd edək ki, oxşar hadisə bir neçə il əvvəl Amerikada da yaşanıb. Ancaq həmin hadisənin sonu çox sərt cəza ilə bitib. 2003-2009-cu illərdə İllinois ştatının qubernatoru olmuş Amerikanın keçmiş siyasətçisi Rod Blagojevich senator yerini yarım milyon- bir milyon dollar civarında rüşvətə satmaq istədiyinə görə 2011-ci ildə 14 il həbs cəzası alıb.
XS
SM
MD
LG