Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Sayman Aruzun romanı müzakirəyə çıxarıldı


Sayman Aruz
Sayman Aruz
-


– Yaxçı… onda məcburuq qızı “hicləyə” yollayaq!

– Nə.. nə, Hacı? Hiclə?

Ayaq üstə dura bilmirdim. Ayaqlarım titrəyirdi. Aşkara titrəyirdim. Bakirə qızları edamdan qabaq hicləyə göndərərdilər...



Yazıçı Sayman Aruzun "Yüz il inqilab" romanı ("Qanun" nəşriyyatı) peşəkar tənqidçilərin iştirakı ilə "Oxu zalı"nda müzakirəyə çıxarıldı.

İlk dəfədir ki, İran Azərbaycanından olan yazarın romanının müzakirəsini keçiririk. Müzakirə öncəsi əsərdən bir parçanı təqdim edirik. .


Sayman Aruz


YÜZ İL İNQİLAB

(Romandan parça)


– Alo!

– Bəli, Hacı!

– Qayıdıbsan elə bil, Seyid!

– Bəli, Hacı. Başım yaman ağrıyırdı. Qala bilmədim. Xanım Feyzi ordaydı, nigaran olmayın.

– Mən səndən nigaranam, Seyid!

Hacının sözündə kinayə qaynayırdı. Səsi müstəntiq səsi kimi itiydi. Lap adamın içini doğrayırdı.

Hacını gözəl tanıyırdım. İndi ürəyində məni söyürdü. – “Artıq vecimə də deyil, qoy nə qələt eliyəcək, eləsin.”

Hacı davam elədi:

– Seyid, gəl otağıma, danışmalıyıq.

– Baş üstə, Hacı. İndi gələrəm.

Hacının sifətini görməyə heç halım yox idi. Bilirdim, gedəcəm başlayacaq məni danlamağa. Ancaq getməkdən başqa çarəm də yox idi.

Dəhşətli fikirlər gəlirdi beynimə. Lap sümüyümə dirənmişdi bu bıçaq.

Raziyənin ətin yesəydim də, sümüyünü atmamalıydım. “Bıçaq öz dəstəsini kəsməz” – deyərlər, amma mənimlə Raziyə arasında bu belə deyildi və bıçaq öz dəstəsini kəsirdi.

Bir millətdən olan iki vətəndaş ola-ola düşmən idik. Ancaq bu belə olmamalıydı.

Hardasa oxumuşdum ki, eyni dildə danışan iki adam fərqli ideologiyalara qulluq edə bilməzlər. Dil birliyi onlara bu icazəni verməz.

Bəs necə olub ki, mənim kimilər və Raziyə kimilər yaranıb?

– Bəli!?

– Mənəm, Hacı!

– Gəl… gəl içəriyə.
Hacı boğaza qədər sinmişdi mizinin arxasına. İlk dəfəydi məni görüb heç yerindən belə tərpənmədi. Ürəyim dəlicəsinə çırpınırdı.

Həyəcandan Hacı deməmiş, keçib oturdum onun qarşısındakı oturacaqda. Nəfəsimi min müsibətlə udub sızıldadım:

– Sözünüz var idi, Hacı?

Həyəcanımı hiss elədi, amma üzümə vurmadı.

– Nə var, Seyid, bu qızın məsələsi nə yerdə qaldı?

Bir iş görə bilmədiz, hə?

– Yox, vallah, Hacı. Əlimizdən gələni elədik. Mən özüm dırnaqlarını çəkdim, amma faydası olmadı…

– Bəs indi mən yuxarıya nə deyim? Deyim bu qədər təcrübəynən bir qıznan bacarammadıq.

Sözüm yox idi. Nə cavab verəcəkdim ki?

– Bilmirəm, vallah, Hacı. Siz necə məsləhət bilsəz!

– Məsləhəti bildim da, nə faydası oldu. Bir qızı danışdıra bilmədin!

Hacı yaman əsəbiləşmişdi. Hirsi bağırsaqlarını kəsirdi. O pinti sifəti çuğundur kimi qızarmışdı.

Təsbehini əlində oynada-oynada pəncərənin qırağına tərəf getdi. Mən də oturacaqdan durub arxasında dayandım. Hacı bir az fikirləşib davam elədi:

– Yaxçı… onda məcburuq qızı “hicləyə” yollayaq!

– Nə.. nə, Hacı? Hiclə?

Ayaq üstə dura bilmirdim. Ayaqlarım titrəyirdi. Aşkara titrəyirdim. Bakirə qızları edamdan qabaq hicləyə göndərərdilər.

Bakirə dünyadan gedib cənnətə düşməsinlər deyə, kimsəylə bir gecəlik siğə eləyir, sabahısı günüsə edam edirdilər. Raziyəm, mənim Raziyəm!

Onun bu günlərə düşəcəyini ağlıma belə gətirə bilməzdim.

Yazıq bir ömür şərəflə, mübarizəylə yaşamışdı, amma indi gərək burada, bu mürdarxanada bakirəliyi kimsəyə hədiyyə olunaydı. Bu, dəhşət idi. Buna imkan verə bilməzdim.

– Hacı, hardan bilirsiz bakirədi? Bu yaşda da qız olar?

– Qızdı, Seyid, qızdı. Dünən gecə doktor baxıb!

Deməli, dünən gecə məndən xəbərsiz onu edama hazırlayıblar.

Dünya başıma fırlanırdı. Bu dünya həqiqətən də ədalətsizliyin məkanıdı. Ədalət ölənlərin xülyasıdır. Məncə, ədalətdən gülməli bir şey yoxdu.

Mən bu zibillikdə ədalətin uğrunda döyüşənləri də, ədalətə tüpürənləri də yaxından gördüm. Məncə, ədalət yoxdur. Bu dünyada yeganə həqiqət – Müharibədir!

– Sabah bir qutu şirni və bir dəstə gül alıb yollayarsan qızgılə. Qoy ailəsi kürəkənlərini tanısınlar!

– Mən… mən, Hacı?

– Hə, sən! Nə oldu? İstəmirsənsə, verim Kak Murada!

Kak Murad da mənim kimi müstəntiq idi. Kürd olduğu üçün onu çox üzə çıxartmırdılar, amma belənçik işlərdə ilk namizəd olardı.

Onun kürd olduğunu kimsə yə bildirmirdilər. Murad həqiqətən bir cəllad idi. Qərara
İctimai edam ərəfəsində dar ağacı, İranın Məşhəd şəhəri
İctimai edam ərəfəsində dar ağacı, İranın Məşhəd şəhəri
gəlməliydim, ya Raziyənin Kak Muradın siğəsi olmasına razılaşmalıydım, ya da özüm bakirəliyini pozmalıydım. Çıxılmaz bir durumdaydım.

– Yox… yox, Hacı. Kak Murad niyə? Özüm eliyərəm…

Bu cümləni deyib bitirənə qədər min dəfə ölüb dirildim. Özümü güclə saxlamışdım.

– Yaxcı, onda sabah gecə toyumuz var, get özünü hazırla.

Bütün varlığını uduzanlar kimi, əli-qolu sallaq yola düşdüm.

– Seyid?

– Bəli, Hacı?

– Şirniyat və gül yaddan çıxmasın!

Hacı bu sözü tam bir köpəyoğlu kimi dedi. Acı və istehzalı gülüşlə “toy” kəlməsini ağzına gətirdi.

Raziyəylə evlənmək uşaqlıq arzum idi. O zamanlar hətta Raziyənin küləyi mənə dəyəndə çox sevinərdim. Min fırıldaq edərdim ki, ona toxunam. Dəfələrlə onu qucaqlamağa çalışmışdım. Raziyə həmişə əlimin üstündən acılıqla vurub özündən uzaqlaşdırardı. Özü kimi tərbiyəli qız görməmişdim. Uşaqlıq arzumun bu şəkildə gerçəkləşməsi bir faciəydi.

Onu gəlinlik paltarında yox, zindan paltarında, evimə yox, zindanın yatağına aparmalıydım! Vətən haradır? Biz kimik? Nələr olur bizlərə?

Bu işi görməyə məcbur idim. Heç bir çıxış yolu ağlıma gəlmirdi. Birinci fikirləşdim özümü öldürüm, amma faydasız görünürdü.

Raziyəni bu durumda tək qoya bilməzdim. Etiraf eləmək qərarına gəldim. Gedib Raziyəyə hər şeyi etiraf eləyəcəm. Kim olduğumu ona deyəcəm, məcbur olduğumu deyəcəm. Yəqin məni başa düşər, yəqin məni bağşılayar. Onun kimi insanların ürəyi böyük olar, keçər mənim günahımdan. Günahı etiraf eləmək, günahdan pak olmaq deməkdi. Etiraf eləyəndən sonra rahatlaşırsan, dərindən nəfəs ala bilirsən.

Mən də etiraf eləyəcəm. Gülməliydi, sonunda etiraf eləyən Raziyə yox, mən olacaqdı.
XS
SM
MD
LG