Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:57

İnqilab aləminə sentimental səyahət (balaca roman üzərinə böyük həqiqətlər)


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu

"O atmaca ilə razılaşmıram ki: guya romanın fəsilləri Qan Turalının köşə yazılarından başqa bir şey deyilmiş". Tehran Əlişanoğlu "Mustafa" romanı haqda yazdı.

-

Qan Turalının romançılıq bacarığı var; yığcam strukturda, qəhrəmanın özünüdərki (hissiyyat-şüur-fəaliyyət) pillələrini ictimai mündəricə, İdeya-mətləb daşıyıcısına çevirə bilir.

Amma çətinliyi də burda(n), məhz İdeyadan təsvir-təcəssümə (romana) getdiyi yolda başlayır...



Tehran Əlişanoğlu


İNQİLAB ALƏMİNƏ SENTİMENTAL SƏYAHƏT

(balaca roman üzərinə böyük həqiqətlər)


Hekayətə giriş

Təqribən il-il yarım öncə gənc nəslin nümayəndəsi Nərmin Kamalla gənc yazarların romançılığı ətrafında yüngülcə bir polemikaya girməli olmuşdum; guya yaşlı tənqidçilər bədniyabətliyiylə gənc yazarlara öz hekayətlərini danışmağa, romanlarını yazmağa əngəl olurmuş...

Və mən də öz müdafiəmizə: əngəl niyə, roman deyirsizsə, bizim də istəyimiz vur-tut romandır... – demişdimsə də, doğrusu, bu əngəl məsələsindən özlüyümdə bir az narahat da olmuşdum; qaş düzəltdiyimiz yerdə vurub göz çıxartmayaq, cavanların əlini işdən soyutmayaq ha...

Qan Turalının “Mustafa”sı (“Qanun Nəşriyyatı”, 2011) indi mənim yadıma həmin məqamı saldı...

Mən gənclərin, oldu-olmadı, soyuqqanlı, romana girişməsini də, yaşadıqları həyatın dadını ədəbiyyata çıxarmaq cəhdlərini də birmənalı təqdir edir, bəyənirəm.

Onu da bilirəm ki, son bir neçə ildə: o şeyləri ki, 1980-1990- 2000-cilər Azərbaycanı barəsində Məqsəd Nurun “Şəhər meri”ndəki katastrofiki, Pərvizin “Yad dildə”ki Yalancuğu, Samir Sarının “X günü”ndəki təhkiyəçisi, Seymur Baycanın “Quqark”ının nostalji-qəhrəmanı, Şərif Ağayarın “Haramı”dakı Rüstəmi, Əli Əkbərin “Amneziya”sının rusdilli qəhrəmanı, Taleh Şahsuvarlının “Canlanma”sındakı babəkiləri, elə həmin Nərmin Kamalın “Aç mənəm”dəki Azərbaycanı... söyləyir-danışır-təqdim edir, yaşlı peşəkarlar bunu heç vəchlə yazmayacaqdı, istəsələr belə yazammayacaqdı, ya yazsalar, təbii, bu şəkildə yazmayacaqdılar...

Qələmim şahiddir (bir zaman deyərdilər: qələmimə and olsun ki): bu romanların hər birinə nə qədər tənqidi yanaşsam da, məhz yazarların öz hekayətlərini söyləməsi məqamına həmişə həssas olmuş, hər dəfə, hər dəfə onu axtarmışam da...

İntəhası... İngilis dilində necədir, – deyə bilmərəm; bizim dil təcrübəmizdə çox gözəl müəyyənləşib: hekayəni söyləyirlər-danışırlar, romanı isə yazırlar...

Odur ki, öz hekayətini romanlaşdırmaq, əslində, zor bir iş! – alınar da, alınmaz da...

O yerdə ki, Mustafa həyatının səhifələrini danışır, həm də romanlaşmış şəkildə, sosial düşüncə işığında danışır, mənimçün maraqlıdır, məni bigiləndirir.

Bu – Əli-Bayramlı səhnələridir ki (“Əli-Bayramlıdan qalanlar”): qəhrəmanın hansı mühitdən çıxdığını aktuallandırır; bu – litsey və universitet illərindən fraqmentlərdir ki (“Azadlıq dini”, “Armudla bəslənən quzuların nicatı”): harda-haçan-necə yetişdiyini xarakterizə edir; ən ləzzətlisi isə, mənimcə, “Avreli yuxusu”dur ki, çıxdığı mühit və ona ironiyasını dümdürüst fiksə edir...

O atmaca ilə razılaşmıram ki: guya romanın fəsilləri Qan Turalının köşə yazılarından başqa bir şey deyilmiş

Gəlin, cığallıq eləməyək, burdakı düşüncələr birbaşalığında yox ki, məhz Mustafanın olduğu üçün maraqlıdır, arxasında obraz-qəhrəman (Mustafa) durur; habelə əlahiddə olmayıb: fikirlərin axarının konkret ictimai zaman-məkan (bədii xronotop) daxilində birikdiyini, məhz müstəqillik illərini təmsil-təsvir-təqdim etmək iqtidarında olduğunu da dana bilmərik.

Darıxan və darıxdırıcı Şirvan (Əli-Bayramlı)... – olubmu heç?; bəlkə bir az Əjdər Olun gənclik şeirlərində, ya Rasim Qaracanın “Baca”sından görünən qədər... Əyalətdən
paytaxta çıxan qəhrəmanın dar kirayənişinlik həyəti (və həyatı)... – Məqsəd Nurun “Küləkli şəhər” silsiləsindən beləsinə nə qədər desən nəsrimizdə var; Aqşinin Leş Əlisini yada salın, Seymur Baycanın “Körpüsalanlar”ını, Sevinc Pərvanənin Almazını (“Şəhər”) və s. – eləcə də Mustafanı (əyalətdən Bakıya yəni başqa bir yol da varmıdır?!)...

Amma məsələn, Türk təhsilinin (Camianın) 2000-cilər Azərbaycan ictimai şüuruna təsir edəcək qədər ciddi faktor olması bizimçün təzə olmalıdır; açığı, bunu mən Mustafadan duydum, öyrəndim.

M.F.Axundzadə adına Respublika kitabxanası çox yazarlarımızın, habelə ədəbi personajların daim bulunduğu məkandır; amma burda Kanta qədər gəlib-çıxan, sonra da onu yarımçıq qoyub ictimai həyata atılan bir Mustafanı gördüm...

Bir söz, dediyim odur ki: bəsit görünməyinə aldanmayaq (romanın əlavə sərlövhəsi yadınızdamı: “Bir sadəlövhün qeydləri”), Mustafa – hekayəti olan birisidir...

Gəlib-çıxdıq sözün Mustafasına; yəni bilavasitə romançılıq cəhdlərinə: görən, nədən Qan Turalı öz (Mustafanın) hekayətini qələmə almaq, oxucularla bölüşmək eşqinə düşür...

Anlaşma

Əvvəlini mətn özü xəbər verir bizə: “Bu şəhərin kəsafəti hamını basıb... Belə bir şəhərdə kitabdan başqa sirdaş, kitabdan başqa yoldaş ola bilməzdi. Kitabdan maraqsız olan şəhərin vay halına...”

Qəhrəman elə bir mühitdə doğulub boya-başa çatmış ki, xilasını kitablarda görür...

Və şəksiz, romanın yazılmasında kitablar – motivlərdən biri, bəlkə də elə başlıca amildir; antik müəlliflərdən tutmuş klassik və müasir rus və dünya ədəbiyyatından nə qədər adlar, sitatlar, fikirlər keçir bu balaca romandan; xüsusən romançının türk belletristikasının təsiri altında olduğu aşkardır.

Amma etiraf olunmalıdır: Mustafanın işi yalnız və yalnız yüksək standartlı kitablarladır; böyüklərin daldasında düşünür, mühakimələr yürüdür, şərh və etirazlar edir, xüsusən dahilərə öcəşməkdən həzz alır. Ta o zamana kimi ki: “Onlarla kitabı yenidən vərəqlədim. Sevdiyim yerləri tapıb yenidən oxudum. Heç nə dəyişməmişdi. Mən onları lazım olduğu kimi anlamışdım. O zaman anladım ki, öz kitabımı özüm yazmalıyam...” Bu belə.

Mustafanın yazmaq niyyətində yetişdiyi, tərbiyə aldığı Türk mədəni (təhsil) mühitinin də bilavasitə təsiri var; təkcə ona görə yox ki, oxuduğu litseydə türk dilini öyrənməyi də Dostoyevski əsərlərinin mütaliəsindən başlayırlar... Burda ona həm də fərqli, seçilmiş olduğu duyğuları aşılanır, fərqli həyat vəd olunur; Osman abinin sözləri ilə deyilərsə:

“Sən böyük işlər üçün yaradılıbsan. Bunu özün də yaxşı bilirsən. O, məişətdə itib-batmağa, gündə üç dəfə yemək bişirməyə məhkumdur. Sən isə oxumalı, düşünməli və yazmalısan...”

(Allah Şahbaz Xuduoğludan da razı qalsın; Herman Hessenin “Siddhartha. Hind povesti”ni nəşr etdi, dilimizdə oxuduq. Orda qəhrəman üç əsas qabiliyyəti ilə öyünür: oruc tutmaq, səbr etmək, düşünmək...) Bu da belə.

Ən nəhayət, romanın yazılmağının səbəbini Mustafa özü “Proloq”da açmağa çalışır: “Nə qədər şeyi yanlış anlamışdım, nə qədər sadəlövh olmuşdum, yalanlara nə tez inanmışdım, həqiqəti nə gec başa düşmüşdüm. Bizə yalan söyləmişdilər! O yalanı açıb-ağardana qədər çox əzab çəkdim. Bu kitabı yazmağı da müqəddəs bir borc sayıram. Bircə adam bu kitabı oxuyub bircə yalanı anlasa, mən öz vəzifəmi yerinə yetirmiş sayacağam...” Belə; bu isə artıq həyatın-fəaliyyətin-praktikanın diqtə etdiyidir; çün mətndə belədir ki, Mustafa romanını əhvalatların başladığından düz səkkiz il sonra yazır, habelə bunun da son “üç ili həbsxana divarları arxasında” keçmiş...

Mustafa

Dedik, roman təhkiyəsi lap sondan, “səkkiz il sonra”dan qurulub; bu zaman üçün Mustafa yetkin şüura malik birisidir; həyata-cəmiyyətə-zəmanəyə dair aydın baxışları var; hətta Ədəbiyyat və Fəlsəfənin fərqini, missionunu ayıra biləcək qədər:

“Ədəbiyyat bir hadisəni danışır, sən özün o hadisədən nəticə çıxardırsan. Fəlsəfə isə nəticəni verir, sən özün onun hadisələr dünyasında təsdiqini, ya da inkarını tapırsan. Hadisə isə istənilən halda nəticədən daha uzundur...”

Bu ki, roman boyu hadisələrdən qaçan Mustafanın ikinciyə üstünlük verməsini, bir növ Ədəbiyyatı da Fəlsəfənin illüstrəsinə çevirməyə çalışmasını duymaq çətin deyil. Romanın çox sadə strukturu da elə burdandır.

Marksın Hegel dialektikasını çevirib “ayaq üstə qoyduğu” idrak nəzəriyyəsində belədir ki: predmetin (maddi dünyanın) dərkində hissiyyat (hiss-duyğu) mərhələsini (1) keçib-dəf edib, şüura-ideya (2) çıxır-yiyələnir və sonra da onu təcrübədə-praktikada (3) sınayıb itmamə yetirirsən... Hissiyyat – şüur – praktika... – yada salanda ki, Mustafa marksistdir, romanı sosializm ideyalarının içindən (“səkkiz il sonra”) yazır, həəə, indi hekayətini nədən məhz bu şəkildə quraşdırdığına (romanlaşdırdığına) da hər halda qane olmalıyıq...

Mustafanın dünyanı dərkində “ən zəif həlqə” hissiyyat mərhələsidir; bunu romançı onun Nilufərə olan sevgisində ümumiləşdirməyə çalışır.

“Ən zəif” ona görə deyirəm ki: Nilufərə sevgi qəhrəmanın özünüdərkində (şüur mərhələsinə adlamasında) sanki təkanverici olmalı (“Mənim keçmişim o idi, onu sevməklə doğulmuşdum...”), sevmək istedadını üzə çıxarmalıdır (“Sevmisən, əcəb eləmisən. Onun üçün sevməmisən ki. Özün üçün sevmisən...”).

Halbuki mətndə(n) bunun belə bir gücdə (Məcnunanə) sevgi olduğu görünmür, əksinə: buna qədər daha beş sevgi(li)si olduğunu etirafla qəhrəman özü Nilufər sevgisini qaldırdığı mərtəbədən endirməyə, yaşadığı filan qədər duyğulardan birisi (hissiyyat) olduğunu xəbər verməyə tələsir...

Qəhrəmanının həyatında cismanilik və mənəviliyin hələ ayrılmadığı ilk sevgi mərhələsini bizim gənc yazarlar adətən XX əsr ədəbiyyatına xas “seksual inqilab”la dəf etməyə çalışırlar (məsələn Seymur Baycanın, Aqşin Yeniseyin cəhdlərində belədir), Qan Turalı (güman ki, bilərəkdən) daha iki əsr o yana gedərək, “gənc Verterin iztirabları”na üstünlük verir.

Elə ilk fəsildəcə Mustafa sevgisini doyunca ağlayıb, həyatının bu dönəmini (“Tanış və
Qan Turalı
Qan Turalı
tipik”) sentimentallığa gömür (“...yəqin ki, bu arzu üçün ölməyə dəyməzdi”). Və yalnız son fəsildə seksə önəm verməklə guya şagirdi Əkrəmi cismani sevgi mərhələsindən tez adlatmağa çalışır...

Odur ki, növbəti fəsillərdə də (“Gecənin kədəri”, “Ay işığı”) qələmin uzun-uzadı Nilufər sevgisində ilişib-qalması təkrar-təkrar ağlaşmalara rəvac verir (yəqin ki, bilərəkdən)...

Halbuki artıq (Süleyman Rüstəmin sözləri ilə desək:) inqilabi şüur yaylığıyla gözlərinin yaşını silmiş Mustafanın hələ də həyatının sentimental (hissiyyat) səhifələrində eşələnməsi (nədən keçmişindən-gündəliklərindən- cızma-qaralarından qopa bilməmiş, yenə də mi ay işığı axtarır?) heç də ona dividend gətirmir, üstəlik hazırda durduğu yerə də (“8 il sonra”-ya!) şübhə oyadır... Yəni bilərəkdənmi?

Romanda qəhrəmanın həyatının şüur mərhələsi kitabla simvolizə olunur; və forma-məzmunun tam-dürüst adekvat olduğu səhifələrdir.

Çün roman məhz ideya-fikir romanı kimi düşünülmüş, eləcə də sosial düşüncə diskursu üzərində qurulmuşdur.

Əslində, gördük, Nilufər uğursuz bir bəhanədir, Mustafanı (hissiyyatını da, şüurunu da) təpədən-dırnağa formalaşdıran, şəxsiyyət kimi yetirən elə kitablardır (həmin anı yada salın: Nilufər fiaskosunda Mustafa üçün ilk növbədə “Sevgiyə aid olan bütün şeirlər, romanlar, pyeslər, filmlər ölmüşdü”!).

Dedik axı: kitaba sığınmağa təhrik edən şəhər, kitab oxumağı öyrədən litsey... – bunlar hələ “səkkiz il əvvəl”dən də əvvəldir; bu isə “səkkiz il əvvəl”in izi-fiksəsi: “Həyatda o qədər gözəl şeylər var ki. Kitab oxuyanda xoşbəxt olduğunu unutdunmu? Yenə romanın səhifələri arasında siqaret yandırıb, çay qoyacaqsan. Sən ürəyinin səsini dinləyənlərdənsən. Sən qanunun yox, ürəyinin şah olduğuna inananlardansan...”

Hadisələri (süjeti) maraqsız bilib, yalnız və yalnız izləri-nəticələri, qənaət və mühakimələr(in) vasitəsilə söz açmaq, təbii ki, Mustafanın icadı deyil.

Elə roman boyu bəhsə girdiyi F.Dostoyevski olsun (hissiyyat dönəmində: “Netoçka Nezvanova”, “səkkiz il sonra”dan: “Cinayət və cəza”), bu üsulun banisi sayılır; böyük-böyük hadisələr romanlarında quruca İdeya işığına tutulur, “çevir tatı, vur tatı” – elə bilirsən ki, əsərdə mühakimələr-mühakimələr-mühakimələrdən özgə nəsə (hadisələr) yox. Mustafa da belə bilir, hətta “Cinayət və cəza”nı bir neçə səhifəlik essedə yazmaq sevdasından dəm vurur. Bu yerdə Mustafanın yaxasını bir anlıq buraxıb, yapışaq Qan Turalıdan...

F.Dostoyevskinin Mustafanın diqqətini çəkməmiş “Podrostok” (“Yeniyetmə”) adlı romanı da var; qəhrəmanı təxminən elə Mustafa yaşındadır, amma fərqli olaraq yaradıcılığının yetkin dövründə yazmışdır romanı.

“Mustafa”nın həcmi nədir ki (bir əlçim!); 550 səhifəlik (tam format) romanda hadisə adına əməlli-başlı bir əhvalatın qulpundan yapışa bilmirsən; yeniyetmə qəhrəman elə hey: mənim öz İdeyam var! – deyə, cəmiyyətin içinə yeriyir.

Amma insafən, müvazi olaraq romançı bizi rus cəmiyyəti və düşüncəsi, zümrələri-fərdləri, fikir-ideya və tendensiyaları, problem və qayğıları və s. və s. üzərinə də gəzişib-gəlişdirir.

Qəhrəmanın durumu belədir ki: məhz bu gerçəklər-realiyalar içrə həyatının fəlsəfi düsturunu, həqiqətini axtarır...

Dedik: Mustafa da təqribən bu yaşdadır, həbsə girərkən 21 yaş, üstəgəl 3 il həbs; 24 –8 (il) = 16; elə (bil) Qan Turalı da 16-24 yaşın fəlsəfi dadını almaq istəyir romanda(n), amma Qan Turalının öz (orijinal) İdeyası yoxdur ki hələ...

Odur ki, kitablara, mövcud ideyalara sığınmalı olur; Mustafanın girdiyi Azərbaycan cəmiyyəti bəs onu solçuluq ideyalarına gətirib çıxarmayıb da, hara çıxarasıdır ki?!

Təkrar edəkmi: darıxdırıcı əyalət – türk litseyindən (Azadlıq dininə) açılan pəncərə – dar kirayənişinlik məhəllələri – Musabəyovun heykəlinin həndəvəri – universitet partaları arxasında (Avreli yuxuları) –... bir az da hövsələli olsaq: – M.F.Axundov kitabxanası və: kitablar-kitablar-kitablar... Ax, Azərbaycan cəmiyyəti, varlığın bundanmı ibarətdir?!

Amma mənimçün ən gözlənilməzi də elə bu, sosializm ideyaları oldu... Mustafa yeniyetmə-gənclik həyatının qənaəti olaraq tədricən pənah apardığı Marksa, günlərin bir günü, dedik, Kantı yarımçıq qoyaraq, praktikanın diktəsi ilə gəlir:

“Mən yaxşı bilirdim ki, hüquqi dövlət ideyası Kanta məxsusdur. Amma Kantı kitabxanada oxuyan, kefim istəyəndə aşağıdakı çayxanaya düşüb çay içən mənəm, Kant ideyası uğrunda başını dubinkanın altına verənlər isə məndən beş addım o tərəfdədi...”

Doğrusu, Mustafa həmin bu planda mənim qəlbimə çox yaxın birisidir; ilk tanışlıqda mənə eynən gəncliyimi xatırlatdı. Mənim 16-24 yaş arası həyatım təsadüf edir 1976-1984-cü illərə; Marks-Engels-Plexanov-Lenin-Stalin..., faktların, sətirlərin arasından oxuya bildiyimiz qədər Trotski, kommunizm ideyalarının saflığı, Azərbaycanda kapitalizmin kifayət qədər gəlişməməsi, cəmiyyətin kommunizm üçün hələ yetişməməsi, hətta bu romanda da adı keçən Marksın kürəkəni Pol Lafarq və s. və s. ətrafında söhbətlər-mülahizələr az qala yüzə-yüz 30 il sonra Mustafa tərəfindən necə “oğurlana”, mənimsənilə bilər?

Mustafanın Asif Ata ideyalarını təfsiri, saf ideya adamı, təlim yaradıcısı kimi qiymətləndirib, amma peyğəmbərlik ideyasına şərik olmaması, Ocaqçılara qoşulmaması da düpbədüz “mənimki”dir.

Doğrudur, bizdə də bu, yarıkonspirativ: dost məclisləri-çayxanalarda söhbətlər- dərnəkçilik səviyyəsindəydi (eynən romandakı kimi), amma fikir-düşüncə predmeti-istiqaməti həməndir...

Bu məqam məni ümumən nəsrimizdə “inqilab” mövzusunun səciyyəsi, tarixən gəlişməsi üzərində düşündürdü: yəni doğrudanmı “gəlişməsi”? Məsələn, daha da 30 il o yana, Mirzə İbrahimovun məşhur “Gələcək gün” romanında Cənub hadisələri təsvir olunur; orda da sosializm ideyaları kitablar və dərnəkçilik səviyyəsindən o yana getmir; qəhrəman M.Qorkinin (“Mustafa”da da adı keçən) “Ana” romanını oxuyur, bu onu geridə qalmış,
feodal cəmiyyət barəsində düşüncələrə və fəaliyyətə sövq edir...

Bir az da qabağa gedib, 1920-30-cu illərin ilk sovet romanlarına, məsələn, Mir Cəlalın məşhur “Bir gəncin manifesti”nə baxsaq: hadisələr daha da 30 il əvvəl baş verir, ağır ictimai şəraitin təsviri fonunda inqilabi fəaliyyət yenə də dərnəkçilik həddini aşmır...

Bu ki, Mustafa və dərnək dostlarının İnqilab həvavü həvəsinə əvvəlcə təəccüblənib, amma sonra onu ağlamalarına şərik olmaya bilmirəm:

“İnqilab edib hakim sinfi ləğv etmək haqda düşünürdük. Amma bir şairin ölümü bizi göz yaşlarına boğurdu. Biz inqilab üçün yaranmamışdıq...”

Romanda Mustafanın özünüdərkinin fəaliyyət-praktika mərhələsi ümumən rəmzi planda verilib:

“Mustafa hələ böyüməmişdi. Amma mütləq böyüyəcəkdi. Elə Dəniz də... Elə Rəşadət də... Elə Mahir də...”

Əgər mətndə rəmzi məna və eyhamlara həssas olmasaq (romançının Mustafaya oxutdurduğu kitablar da daxil olmaqla), hansı fəaliyyət və özünüdərkdən danışa bilərik; hər dəfə oxu daşa dəyən qəhrəmanın göz suyu axıtmasındanmı?! Üç il həbsxanada yatmış birisinin həyat və mübarizə əzmi bumu? Əslində, romanda izi-tozu olmayan “həbsxana”nın özü də sanki rəmzdir:

“Orda yaşamaq mümkün deyildi, yaşamaq haqda düşünmək mümkün idi. Orda sevmək mümkün deyildi, sevmək haqda düşünməyə icazə verilirdi. Orda dünyanı izah etməyə icazə vardı, dəyişdirməyə yox! Orda oxumaq olardı, yazmaq qadağan idi...”

Həbsxana – qəhrəmanın olduğu-oluşduğu, haqqında danışdığı mühitin özü, Azərbaycan cəmiyyəti deyilmi?!.

Şəksizdir ki, romançı Mustafa obrazında bütünlükdə Azərbaycan varlığı, ictimai şüurunu simvolizə etməyə çalışır; bu ki, söylədiyi sonuncu tezisi elə onun özünə də şamil etmək olar: hələ ki, o bu cəmiyyəti yalnız görünən qədər “oxuya” bilir; oxuyur və hissiyyata qapılaraq (qayıdaraq!) ağlayır...

Sonuncu fəsil yadınızdamı (“Slow life”), romançı qəhrəmanına kənardan baxmağa cəhd edir; bu fəsli başqası, Dəniz yazır: həbsdən sonra Mustafa əyalətə, sakit müəllimlik həyatına “qayıdır”; sanki bununla da: roman boyu müşahidə etdiyimiz kimi, ictimai şüurun kitab (maarifçilik) mərhələsində ilişib-qalması bir daha təsdiqlənir...

Neqativlər nə deyir

Düşünürəm ki: Mustafanın hekayəti üzərinə təsviri-təhlili-tənqidi gəzişmələrdən sonra roman haqqında qənaətlərimi rezümə edə bilərəm:

- Qan Turalı bədii istedadına önəm verdiyim yazarlardandır. Vaxtilə ilk hekayələrindən birini redaktə etmiş, YeniSi saytına yerləşdirmişdim (Özü etiraf etdiyi üçün bu faktı xatırladıram).

Hələ o zaman yazı bacarığı, dürüst, mahiyyətləri görmək və izləmək səyləri diqqətimi çəkmişdi. Bu baxımdan “Mustafa” da uğurlu cəhddir.

Sosial düşüncə romanı yaratmağa çalışan gənc yazar “əsrimizin qəhrəmanı” kimi gənc Mustafanı görür və düşündüklərini ona yükləyə bilir...

- Qan Turalının romançılıq bacarığı var; yığcam strukturda, qəhrəmanın özünüdərki (hissiyyat-şüur-fəaliyyət) pillələrini ictimai mündəricə, İdeya-mətləb daşıyıcısına çevirə bilir.

Amma çətinliyi də burda(n), məhz İdeyadan təsvir-təcəssümə (romana) getdiyi yolda başlayır...

- İlk baxışda(n) aydındır ki: romançı Mustafada yaşadığı sosial mühitə qarşı duran inqilabçı obrazını görür-axtarır.

Amma bir azdan mətndə(n) belə əyan olur ki, Mustafa bu missiyaya çox da dözmür; düşüncə məqamı kimi obraz heç də birbaşa həyatdan, həyat ziddiyyətlərindən doğulmur, kitabdan-kitablardan-düşüncələrdən gəlir (istər sevgisində- duyğular aləmində, istərsə də özünüdərk və özünütəqdimində)...

Odur ki: həyatla üzbəüzlükdə heç də sosial mühitin fövqünə qalxa, onu inkar səviyyəsinə çata bilmir (bəlkə bir ironiya ilə dolu “Avreli yuxusu”nu çıxmaqla), əksinə, hisslərinə əyilərək, bir qayda olaraq ağlayır.

Mustafanın etiraz və inqilabçılığı vur-tut ağlamaqdan ibarətdir...

- Bu yerdə qəhrəmanın (həm də nəzərdən keçirdiyimiz kimi: az qala bir əsrlik) inqilabçı-solçuluğu, əslində, ironik yanaşma istəyir.

O şəkildə ki mətn: başdan-başa birbaşa sitatlar, ya da postmodern dolayısılığıyla (gizli sitatlarla) “bəşər tarixi”nin inqilabi fikir və fəaliyyət bahadırları üzərinə söykənir, bunun yanında Mustafanın “inqilab aləminə sentimental səyahəti”, həqiqətən də, “uşaq oyunları” təsiri bağışlayır (“Hər şey bizə uşaq oyuncağı qədər asan gəlirdi...”).

Amma romançı öz qəhrəmanına o qədər yaxın və bağlıdır ki, ona qarşı nəinki azacıq ironiyaya, heç təbəssümə də qıymır; bəlkə bir lap sonluqda, son cümlədə:

“Mustafa sözünü bitirib aya baxmış və əlini Əkrəmin çiyninə vurub gülümsəmişdi. Çay belə söhbətləri çox eşitmişdi...”

- Dedik: roman xeyli qədər simvolistik qata arxalanır: fəsillərin adındakı vurğulardan tutmuş, strukturu, obrazlar (kitablar; ay işığı; həbsxana; müxtəlif tarixi fakt və şəxslərin adlarının işlədilməsi məqamı; camia-universitet, şəhər- əyalət qarşılaşması və s.), personajların adınacan (Mustafa, Xəyal, Dəniz, Rəşadət, Mahir...).

Ümumən modern romanın xüsusiyyətidir bu, bir şərtlə ki: bədii prinsip (rəmzilik) mətndə ardıcıl qoruna, mətləbdən yayınmaya. Təbii ki, təcrübəsizlik gənc yazara bunu axıracan etməyə yol vermir.

Romançı Mustafaya həm realist mündəricə verərək, birbaşa həyat materialı içində onu sınamağa çalışır, gah da rəmzi yükləyərək, obrazdan daha böyük mətləblər (dünyanı dəyişdirməyə çalışan inqilabçı, cəmiyyətin seyrinə durmuş filosof, milli varlığın ifadəçisi) hasil etməyə həvəslənir.

Nəticədə bəzən bir, bəzən isə digər rolda uğurlu olan qəhrəman bütövlükdə çaşqınlıq yaradır; hardasa inandırdığı halda, hardasa gülünc, qeyri-inandırıcı görünür...

- Düşünürəm ki, “Mustafa” romanında Qan Turalı öz qəhrəmanına çıxmışdır; bütünlükdə mətndə Mustafa düşünə bilən və düşündürücü, özünəvurğun (özgələri yox, özünüsevən ), eqoist (hər yerdə “mən”ini önə qoyan), ağıllı (hər situasiyadan baş açan), bilikli (dünyanı kitabların işığında görə bilən), çevik (ətrafına həssas), praqmatik (özgəgüdər deyil, özünü güdən) birisidir.

Sevgi də (Nilufər və daha beş sevgisini yada salaq), dostluq da (Xəyal və b.-nı yada salaq), inqilabi düşüncə (kitabları...) və fəaliyyət də (dərnəkçiliyi yada salaq), həbs ehtimalı (müəmmalı üç il...) və müəllimliyi də (şagirdi Əkrəmə bağlanmasını yada salaq), və hətta yazıçılığı (bu romanı yazması) da başqalarına ibrət üçün deyil, yalnız və yalnız özünütəsdiq, daha üstün, seçilmiş olduğunu isbatı üçündür...

Roman boyu o özü bu həqiqəti gizlətmir də: “İnsanın bircə məqsədi olmalıdır: “Ölüm yatağında mən öz ürəyim istəyən kimi yaşamışam” sözünü cəsarətlə demək məqsədi...”

- Və mən onu da düşünürəm ki: həmin bu format, bu plankada Mustafa daha maraqlı, daha yeni, “əsrimizin qəhrəmanı”na daha yaraşan səciyyədədir. Sadəcə təcrübəsiz yazar onu məhz bu, əslində olduğu məxrəcdə göstərməyə-tanıtmağa və tanımağa sanki “utanır”; və başlayır qəhrəmanını növbənöv donlarla (məcnunanə sevgi, mühit və rejimə qarşı narazılıq, inqilabçılıq sevdası, guşənişinlik) bəzəməyi... Çox nahaq; onsuz da romançının qəhrəmanına sevgisi o qədərdir ki: növbənöv, gücündə olmayan əngəllərlə nə qədər onu ağlatsa belə, biz Mustafanın kim olduğunu görə-tanıya bilirik...

- Heç şübhə eləmirəm ki: romanın sonunda Mustafanın Əkrəmə guya öyüd verdiyi necə yaşayıb-yaşamamaq barədə praqmatik qənaətlərini biz Qan Turalının növbəti, ikinci romanında tezliklə oxuya biləsiyik. Həmin romanın daha böyük uğur vəd etdiyini indidən proqnozlaşdırıram...

22-24, 28-29 sentyabr, 2-3 oktyabr 2012
XS
SM
MD
LG