Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:34

Rasmussen Azərbaycanı islahatlara çağırır


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
«Azərbaycanı seçkilər və media azadlığı sahələrində islahatları davam etdirməyə çağırıram». Azərbaycanda səfərdə olan NATO-nun baş katibi Anders Fogh Rasmussen belə deyib. Məlumatı APA yayıb. Sentyabrın 7-də Azərbaycan Diplomatik Akademiyasındakı çıxışında o deyib: «Bu islahatların keçirilməsi ölkəyə xeyir gətirəcək».

Rasmussenin sentyabrın 7-dən Azərbaycanda görüşləri başlayır. O, bundan əvvəl - sentyabrın 6-da Ermənistan və Gürcüstanda səfərdə olub.

«AZƏRBAYCAN MÜDAFİƏ SAHƏSİNDƏ DƏ İSLAHATLARI DAVAM ETDİRMƏLİDİR»

Rasmussen Bakını hərbi islahatlara da çağırıb: «Azərbaycan müdafiə sahəsində də islahatları davam etdirməlidir. NATO Azərbaycanla təlim və treninqlərin keçirilməsi, enerji təhlükəsizliyi və kibertəhlükəsizlik, ərazilərin minalardan təmizlənməsi sahələrində əməkdaşlıq edir».

RASMUSSEN: «RAMİL SƏFƏROVUN ƏFVİ MÜNAQİŞƏNİN SÜLH YOLU İLƏ HƏLLİNƏ DƏSTƏK VERMİR»

«Ramil Səfərov dəhşətli cinayət törədib və onun əfv edilməsi münaqişənin sülh yolu ilə həllinə dəstək vermir».

Bundan əvvəl NATO baş katibi Ermənistanda olub. Və Ramil Səfərovun əfvi ilə bağlı narahatlığını bildirib. Bunu Azərbaycan rəsmiləri ilə görüşdə müzakirə edəcəyini deyib.

Rasmussen Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından da danışıb. Bildirib ki, regionda əldə olunan tərəqqiyə rəğmən təhlükəsizlik sahəsində təhdidlər qalmaqdadır. Baş katib daha sonra deyib:

«Dağlıq Qarabağ münaqişəsi məsələsində iki məsələ aydındır. Münaqişənin hərbi yolla həlli mövcud deyil və irəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır. NATO münaqişənin nizamlanması prosesinə birbaşa cəlb olunmayıb, amma ATƏT-in Minsk Qrupunun nizamlanmaya yönəlik səylərini tam şəkildə dəstəkləyir».

«ZƏRURƏT YARANARSA, TÜRKİYƏNİ MÜDAFİƏ ETMƏYƏ HAZIRIQ»

Rasmussen Suriya hadisələrinə də toxunub: «Zərurət yaranacağı təqdirdə Türkiyəni müdafiə etməyə hazırıq» deyib.

O, Suriya və Liviya arasında analogiya aparmağın düzgün olmadığını söyləyib: «Liviya və Suriya fərqli hadisələrdir. Liviya məsələsində insanları müdafiə etmək üçün əlimizdə BMT-nin dəqiq ifadə olunmuş mandatı və region ölkələrinin dəstəyi vardı. Suriya isə başqa məsələdir. Suriya məsələsində ən yaxşı variant məsələnin siyasi yolla həllidir. NATO Suriyada vəziyyəti ciddi şəkildə izləyir. Türkiyə bizim tərəfdaşımızdır və zərurət yaranacağı təqdirdə biz Türkiyəni müdafiə etməyə hazırıq».
XS
SM
MD
LG