Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

İran buraxdığı şairlərin əvəzində Bakıdan nə aldı?


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə
«Gedib o torpaqda oğlumun boynunu qucaqlamışdım. İndi də bu torpaqda-evimizdə qucaqlayacam. Dünən (sentyabrın 4-də) Azərbaycanın Təbrizdəki Konsulluğundan məlumat almışıq ki, uşaqlar buraxılıb. Yəqin ki, sənədləri hazırlanandan sonra yola salınarlar. Çox güman ki, onlar sabah gələrlər».

Bu, mayda İranda həbs olunmuş azərbaycanlı şairlərdən Fərid Hüseynin anası Tahirə Hüseynovanın AzadlıqRadiosuna dedikləri idi. Sentyabrın 4-də Fərid Hüseyn və onunla birlikdə həbs olunmuş Şəhriyar Hacızadə azad olunaraq Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil veriliblər.

«SƏNƏDİ ALAQ, SABAH GƏLƏCƏYİK»

Bu xəbəri ilkin olaraq Şəhriyar telefonla öz atası Mail Hacizadəyə çatdırıb. O, zəng edib atasına deyib ki, artıq konsulluqdadırlar və tezliklə Bakıya qayıdacaqlar.

«Şəhriyar 1 saat əvvəl evə zəng etmişdi, dedi İran Xarici İşlər Nazirliyindən onlara veriləcək sənədi gözləyirlər və həmin sənədi alandan sonra yola düşəcəklər». Bunu AzadlıqRadiosuna Şəhriyar Hacızadənin atası Mail Hacızadə deyib.

«Sənədi alaq sabah Azərbaycana gələcəyik
«Sənədi alaq sabah Azərbaycana gələcəyik
«Dedi ki, narahat olmayın, konsulluq bizi otellə, yemək-içməklə təmin edib, sənədi alaq sabah Azərbaycana gələcəyik».

Əlbəttə ki, şairlərin buraxılması xəbəri Azərbaycanda müsbət qarşılandı. Hətta «nəhayət ki, ədalət zəfər çaldı» deyib hamı bir-birini təbrik də etdi. Amma dərhal da ortaya bir sual çıxdı. «Niyə İran belə gözlənilmədən Fəridi və Şəhriyarı azad etdi?». İran əleyhinə təbliğatda ittiham olunan şairlərə sentyabrın 7-də hökm oxunması gözlənirdi. Siyasi dairələrdə isə bu suala cavab birmənalı deyil. Azərbaycanın ciddi səylərinin fonunda bu hadisənin baş verməsini məntiqi sonluq hesab edənlər də var, Bakı ilə Tehran arasında hansısa sövdələşmədə razılığa gəlindiyini düşünənlər də.

«İRAN ŞAİRLƏRİ NİYƏ SAXLAMIŞDI»

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rasim Musabəyov deyir ki, İran tərəfi Şəhriyar Hacızadə və Fərid Hüseynlə bağlı ortaya konkret bir ittiham qoymadı. Sadəcə deyildi ki, onlar İranın əleyhinə hansısa bir iş aparmağa cəhd ediblər. Ona görə də Rasim Musabəyovun fikrincə, əslində İranın şairləri niyə buraxması yox, nəyə görə tutması sualı qoyulmalıdır. Deputatın sözlərinə görə, hər halda Azərbaycan hökuməti Azərbaycan vətəndaşlarının azad olunmasını kifayət qədər sərt şəkildə tələb edirdi. Bu da öz nəticəsini verdi:

Rasim Musabəyov
Rasim Musabəyov
«İran elə bilirdi ki, bu həbslə Azərbaycan tərəfini alverə çəkərək bəzi istəklərinə nail olacaq. Lap açıq şəkildə deyim ki, İrana casusluqda ittiham olunan Azərbaycan vətəndaşları həbs edilib. İran onların azad olunmasını istəyirdi. Sonda buna nail olmadı. Amma İran onu da anlayırdı ki, Azərbaycan vətəndaşlarının orada saxlanması ikitərəfli münasibətlərə özünə sərf etməyən gərginlik gətirə bilər».

Rasim Musabəyov deyir ki, NATO-nun baş katibi Anders Foq Rasmussenin Bakıya səfəri gözlənilir. Bundan başqa Azərbaycanın bir çox məsələlərdə ABŞ-la məsləhətləşmələri davam edir. O düşünür ki, İran vəziyyəti daha da gərginləşdirməmək üçün ziyanın yarısından geri çəkilməyə qərar verib.

ANAR BAYRAMLI YOXSA BAŞQA BİRİ?

Yeri gəlmişkən, şairlər İranda həbsdən azad olunan günün səhəri - yəni sentyabrın 5-də xəbər yayıldı ki, Azərbaycan tərəfi də İranın «Səhər» telekanalının müxbiri Anar Bayramlını həbsdən azad edib. Amma Azərbaycan mediasında yayılan bu xəbər sonradan təsdiqini tapmadı.

İranın «Səhər» televiziyasının müxbiri olan Anar Bayramlı bu ilin fevralında həbs olunub. İyunda Binəqədi Rayon Məhkəməsi Anar Bayramlını Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə 2 il müddətinə azadlıqdan məhrum edib. Anar Bayramlı özü bu ittihamı rədd edib.

Ərəstun Oruclu
Ərəstun Oruclu
Şərq-Qərb araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, şairlər azad olunandan az sonra Anar Bayramlı ilə bağlı belə bir xəbərin yayılması təsadüfi deyil. Onun sözlərinə görə, təcrübədə belə xəbərlərin bir müddət sonra təsdiqlənməsi halları az olmayıb. Amma Ərəstun Orucluya görə, əgər Anar Bayramlının, yaxud İranla bağlı digər hansısa bir məhkumun tezliklə azadlığa buraxılması baş versə də bu, Azərbaycan tərəfdən görüntü xarakterli addım olacaq. Əslində isə ola bilsin ki, cəmiyyətə məlum olmayan başqaları azad ediləcək. Ərəstun Oruclu güman edir ki, İran bu prosesin fonunda başqa kimlərinsə azad olunmasında maraqlı idi:

NÖVBƏTİ «WİKİLEAKS»DƏN 2-3 İL SONRA BİLƏCƏYİK

«Vaxtı ilə Bakıda İsrail səfirliyini partlamağa cəhd edən Livan vətəndaşları olan «Hizbullah» terrorçularının azad edilmələri haqda məlumatı biz «Wikileaks» teleqramlarından oxuduq. Halbuki, bu azadetmə prosesi, əgər teleqramlara inansaq, «Wikileaks»in ortaya çıxarmasından xeyli əvvəl, özü də İran prezidentinin və bu dövlətin xarici işlər nazirinin xahişi ilə baş verib. Ona görə də ola bilsin ki, bu gün şairlərimizin buraxılması müqabilində hansı addımın atıldığını biz növbəti «Wikileaks»dən iki, üç il sonra biləcəyik. Bəlkə də bir il sonra».

Tehranda Qoşulmayanlar Hərəkatının sammiti
Tehranda Qoşulmayanlar Hərəkatının sammiti
Ərəstun Oruclu deyir ki, İran bu azad etmənin müqabilində nə aldı – onu söyləmək çətindir. Amma istədiyini almamış bu addımı atmazdı. Ərəstun Oruclunun fikrincə, əgər İran bu addımı bu günlərdə Tehranda keçirilən Qoşulmayanlar Hərəkatının sammiti ərəfəsində atmadısa, demək arxada hansısa ciddi bir mübadilə predmeti var idi.

Onu da deyim ki, həmin sammitdə Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunmuşdu. Ərəstun Oruclu hesab edir ki, prezident İlham Əliyev məhz İran tərəfinin şairləri həbs etdiyinə görə sammitə qatılmayıb.

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs edilmişdilər. Şairlərin konkret hansı maddələrlə ittiham olunduqları barədə məlumat verilmirdi. Nəhayət avqustda onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-nə saxlanmışdı.
XS
SM
MD
LG