Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:30

«London taksiləri»ndə gündəlik plan və növbə problemi


«London taksisi»
«London taksisi»
-
İndən belə «London taksisi» sürücülərinin iki növbə ilə işləyəcəyi nəzərdə tutulur. Üstəlik, London taksilərindən alınan gündəlik plan 21 manatdan 36 manata qaldırıla bilər.

Sürücülər bu addımın onsuz da ağır olan iş şərtlərini daha da ağırlaşdıracağı qənaətindədirlər:

«ŞƏRİKLİ MAL PROBLEM YARADACAQ»

- Heç cür bizə sərf etməz. Heç indiki halda işləmək mümkün deyil, o ki qaldı növbə ilə.

- Biz bununla heç cür razılaşa bilmərik. Həm də ki, şərikli mal problem yaradacaq. Tək işləməyimiz yaxşıdır.

Avqustun 27-də «Bakı Taksi» MMC-də sürücülərlə görüş keçirilib. Görüşdə onların bundan sonra iki növbə ilə işləyəcəkləri, hər bir sürücünün də 18 manat ödəyəcəyi, yəni gündəlik bir taksidən 36 manat alınacağı elan olunub. Bu görüşdən sonra bəzi taksi sürücüləri Nəqliyyat Nazirliyi qarşında etiraz aksiyası da keçiriblər.

«SÜRÜCÜLƏR DÜZGÜN ANLAMAYIB»

5 aydır «London taksiləri»ndə sürücü işləyən Baloğlan Babayev deyir ki, bir günə 20-30 manat qazanc götürə bilir. Onun sözlərinə görə, nəinki gündəlik planın qaldırılması, eyni maşından iki nəfərin istifadə etməsi də sürücülər üçün problem yaradacaq:

«Mən bilmirəm ikinci adam bu maşına necə baxacaq? Bəlkə bir gün işləyib, bir gün işləmədi? Ya da vaxtında maşını təhvil verə bilməyəcək?
Baloğlan Babayev
Baloğlan Babayev
Başqa bir problem odur ki, mən Hövsanda yaşayıram. Bu maşını necə gəlib götürəcəm, necə qayıdacam yenidən Hövsana? İki nəfər üçün bu, heç cür alınmaz. Məsələn, elə gün olur ki, bir planı yığa bilmirəm, ona görə çox işləyirəm, ya da elə olur ki, yorğun oluram, işə gec çıxıram. Hələ bunun yanacağı var, maşına görə məsuliyyət var».

«Bakı Taksi» MMC-nin avtodəstə rəisi Rüfət İbrahimov isə deyir ki, sürücülər onları düzgün anlamayıb. Söhbət qanunvericiliyə uyğun olaraq sürücülərin növbə ilə işləməsindən gedir:

«Taksilərin iki növbədə işləməsi bütün ölkələrdə olub və var. Sürücü 8 saat işləməlidir. Niyə görə sürücüdə 24 saat maşın olmalıdır? Hər halda, qanunvericilikdə iş saatı 8 saatdır. Burada nə plan artımı, nə də şərtlərin ağırlaşdırılması söhbəti var».

PLAN DOLAYISI İLƏ QALDIRILIB
«London taksiləri»
«London taksiləri»

30 ildir nəqliyyat sahəsində çalışan Valeh Hümmətoğlu isə deyir ki, plan birbaşa qaldırılmasa da, dolayısı ilə qaldırılıb. Belə ki, əvvəllər bir sürücü gün ərzində 21 manat plan ödəyirdisə, indi iki sürücü birlikdə gün ərzində 36 manat plan ödəyəcək:

«Sürücü səhər 8-dən axşam 8-ə qədər işləyib planı ödəyirdisə, indi onlar saat 8-dən 2-yə qədər işləməlidir. Camaatı istismar edirlər. Bilirlər ki, işsizlikdir, iş yeri yoxdur, insanlardan istifadə edirlər. Çünki bilirlər ki, insanlar işlərini itirməkdən qorxurlar, bilirlər ki, işdən çıxsalar, qazandıqları qəpik-quruşu da itirəcəklər. Bu yolla onları istismar edib pulu canlarından çıxarırlar».

Valeh Hümmətoğlu əlavə edir ki, 5 min taksi tələbatı olan Bakıda 20 min taksinin işləməsi, üstəlik işsizlik üzündən çarəsiz sürücülər rəsmilərin dedikləri ilə razılaşmağa məcbur qalırlar.

«London taksi» sürücüləri bildirdilər ki, yeni sistemə sentyabrın 3-dən başlanacaq.
XS
SM
MD
LG