Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:27

1 kilometr yolun çəkilməsinə dünyada ən çox Azərbaycanda pul xərclənir [İnfoqrafika]


Arxiv foto, Bakıda yeni açılan yollardan biri.
Arxiv foto, Bakıda yeni açılan yollardan biri.
-
Rusiyanın «RİA News» agentliyi 1 kilometr yolun dünyanın hansı ölkəsində neçəyə tikildiyini araşdırıb. Agentliyə görə, Rusiyada 1 kilometr yeni yolun çəkilməsi 17.6 milyon dollara başa gəlir.

Agentlik müqayisə üçün ABŞ-da eyni yolun 5.9 milyon dollara, Avropa Birliyi ölkələrində 6.9 milyon, Çində isə cəmi 2.2 milyon dollara başa gəldiyini bildirir.

Beləliklə, «RİA News» qeyd edir ki, 1 kilometr yola ruslar ABŞ-dan 3 dəfə, Avropadan 2.5 dəfə, Çindən isə 8 dəfə çox pul xərcləyirlər.

Amma yola dövlət büdcəsindən daha «səxavətlə» pul xərcləyən heç də ruslar deyilmiş.

Azərbaycanda İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov «Exo» qəzetinə müsahibəsində deyib ki, 1 kilometr yol Azərbaycanda dövlət büdcəsinə ortalama 18 milyon dollara başa gəlir. Bəzi yerlərdə bu rəqəm hər kilometr üçün 24 milyon dolları da keçir.

Bu hesabla hələlik 1 kilometr yola pul xərcləməyə «səxavət» sarıdan Azərbaycana çatan yoxdur.

Məsələn, Azərbaycanda məmura 100 milyon dollar verəndə 5.5 kilometr yol çəkir. Eyni məbləğdə pula ABŞ-dakı məmur 17 kilometr, avropalı məmur 14.5 kilometr, çinli isə 45.5 kilometr yol çəkir.

Yolların çəkilişi ilə məşğul olan Nəqliyyat Nazirliyi isə Azərbaycanda yol çəkilişinə dünyada hamıdan çox pul xərclənməsi fikri ilə razı deyillər. Nazirliyin rəsmilər bir neçə dəfə yerli mediada bu mövzuda səslənən tənqidlərində cavabında deyiblər ki, rəqəmlər arasındakı fərqi yolun keyfiyyəti, ərazinin landşaftı, işçi qüvvəsinin, tikinti materiallarının ölkədən-ölkəyə fərqli qiymətlərlə gətirilməsi bağlıdır.

Nəqliyyat Nazirliyinin rəsmiləri əlavə edirlər ki, Azərbaycanda yollara çəkilən xərclər təkcə yolun tikintisi ilə bağlı olmur, əksər hallarda körpü və tunellərin inşası, ətrafdakı tikililərin köçürülməsi üçün xərclər də bura daxil edilir.
XS
SM
MD
LG