Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:37

Günel Şamilqızı. Quş


-

QUŞ

Nədir dimdiyindəki?
Mənim ağıllı quşum.
Bu ət sənə haramdır
Qanadı xallı quşum.

Səni ulduz sandılar
Əridin, itdin, Ay quş.
Göründüyündən gözəl
Ola bilmədin, ay quş.

Qanadına xal düşür,
Hamı deyir ləkədi.
Dimdiyini açma heç,
Bu dünya bir tikədi.

Axı, sənin ac arzun
Burda olmaz çin, quşum.
Qarğaya bənzəyərsən
Mənim göyərçin quşum.

Qış yenə də qar qusur...
Burda qəmlər qədimdir.
Burda qumrular ölüb,
Burda quşlar yetimdir.

Uç get, qanadlı gözəl.
Bu yer tanımır səni.
Tanısa göy tanıyar,
O da qınamır səni.

Sevdiyin adam hələ
Yeriməyi öyrənir.
Uçmalı dərdlərini
Sürüməyi öyrənir.

Təksən, balacam mənim.
Nə “lar”san, nə də “lər”sən.
Bu adam sənlik deyil,
Zəhərlənib ölərsən.

Nədir dimdiyindəki?
Mənim ağıllı quşum.
Bu ət sənə haramdı
Qanadı xallı quşum.
XS
SM
MD
LG