Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:31

Ayaz Arabaçı. Mən daha nə yazım təsəllim olsun...


-

Mən daha nə yazım təsəllim olsun,
Dünya bir qəpiyə dəyməz gözümdə.
Həyatda o qədər acı çəkmişəm,
Çox acı səslənir şirin sözüm də!

Səadət yellənir ağ bayraq kimi,
Həsrət ağaclarım çiçəkləyiblər.
Eşqin yollarında bir uşaq kimi,
Mənim tək çoxları iməkləyiblər.

Gördüyüm yuxunu danışdım suya,
Bəs bu nə gecədir, sabahı yoxdur.
Sənimi qınayım, özümümü ya,
Heç kimin bir zərrə günahı yoxdur.

Alıb ağuşuna dumanlar məni,
Nə ünvan bilirəm, nə ad çəkirəm.
Hara aparacaq gümanlar məni,
İçimdə gizlicə fəryad çəkirəm.

Təzə qurşanmışam papirosa da,
Çox əcəb görünür tüstüdə şəklin.
Hava soyusa da yubanma, tez gəl,
Ölsəm, isti-isti, əlində əklil.

Gələrsən quruyar gözünün yaşı,
Dərdinə dil verməz qəmin dilləri.
Gələrsən, öpərsən bir soyuq daşı,
Örtərsən üstümə qərənfilləri.
XS
SM
MD
LG