Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:34

Zülfüqarlı qardaşlarının zavoduna basqına görə cinayət işi açılıb


Zülfüqarlı qardaşlarının da metal zavoduna hücum olub
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00
Direct-ə keçid

Zülfüqarlı qardaşlarının da metal zavoduna hücum olub

-
Zülfüqarlı qardaşlarına məxsus metalyayma müəssisəsinə mülkigeyimlilərin hücumu ilə əlaqədar Nizami rayon Polis İdarəsində cinayət işi açılıb.

Bu barədə AzadlıqRadiosuna avqustun 18-də «Birlik» MMC icraçı direktoru Rövşən Zülfüqarlı məlumat verib.

Rövşən Zülfüqarlı avqustun 18-də Bakı şəhər Prokurorluğunda olduğunu və ona bu barədə orda məlumat verildiyini deyir:

«Mən Bakı şəhər Prokurorluğunda oldum. Keşlə qəsəbəsində yerləşən «Birlik» MMC-yə məxsus zavoda son dörd gündə olan basqınlar və bizə ölüm təhdidi ilə bağlı izahat verdim. Mən dedim ki, bu gün də bir qrup idmançı gənclər müəssisəyə gəliblər. Dedilər ki, narahat olmayın, cinayət işi açılıb, istintaq gedir. Demələrinə görə, narahatlığa əsas yoxdur, işi Daxili İşlər Nazirliyi ciddi nəzarətə götürüb».

Rövşən Zülfüqarlı deyir ki, bundan sonra hüquq-mühafizə orqanlarına güvənməyə başlayıblar:

«Məndə ümid yarandı ki, zavoda basqın edən şəxslər və onlara rəhbərlik edənlər tezliklə cəzalandırılacaqlar. Yenidən izahat almaq üçün məni Nizami rayon Polis İdarəsinə çağırıblar».

Zülfüqarlı qardaşlarının Keşlə qəsəbəsindəki sonuncu zavoduna mülkigeyimlilərin hücumunun qarşısını qardaşlar özləri, yaxınları və fəhlələr alıb. Onların həmin şəxslərin zavoda girməsinə imkan verməyiblər.

İyul ayının ortalarından başlayaraq idmançı görkəmli mülkigeyimlilər Bakı və ətraf qəsəbələrdəki özəl metalyayma müəssisələrinə gedərək onlara fəaliyyətlərini dayandırmaq göstərişi verirlər. Həmin şəxslər belə bir göstərişin «Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədovdan gəldiyini iddia edirlər.

Rasim Məmmədov isə AzadlıqRadiosuna müsahibəsində həmin metalyayma müəssisələrinin zavod adlandırılmasına və adının bu məsələdə çəkilməsinə qarşı çıxıb.

O, zavodlara qoçu dəstələri göndərməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Fəaliyyət dayandırılan müəssisələrin rəhbərləri isə bu məsələ ilə bağlı birbaşa Rasim Məmmədovla danışdıqlarını deyirlər.

İndiyə qədər 20-dən artıq metalyayma müəssisəsinin fəaliyyəti dayandırılıb. Onlardan bir neçəsinin əmlakı müsadirə edilib.
XS
SM
MD
LG