Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:10

Qonaqkəndə qonaq getməyin çətinlikləri…


Qonaqkəndə qonaq olmaq üçün mühərriki güclü olan maşın lazım idi, «Niva» və ya UAZ.
Qonaqkəndə qonaq olmaq üçün mühərriki güclü olan maşın lazım idi, «Niva» və ya UAZ.
-
Quba rayonunun cənubunda ən böyük ucqar kənd Qonaqkənd hesab olunur. Bu kənd illərdir salınacağı deyilən Quba-Şamaxı yolu üzərində sonuncu kənddir. Hər tərəfi dağlarla mühasirəyə alınıb.

Qubada olarkən bizə həmin kəndə getməyi məsləhət bildilər. İsrarlı təkliflərdən sonra ora getmək beynimə girmişdi, qərarım qəti idi. Bunun üçün maşın danışmalı olduq. Çünki bu kəndə rayon mərkəzindən gündə bir dəfə maşın gedir, o da UAZ.

«SIZ YOLU GÖRDÜKDƏN SONRA ÖZÜNÜZ DƏ GÖRƏCƏKSİNİZ Kİ...»

Qonaqkəndə qonaq olmaq üçün mühərriki güclü olan maşın lazım idi, «Niva» və ya UAZ. Ancaq yaxınlaşdığım sürücülər bu kəndin adını eşidəndə başlarını bulayıb uzaqlaşırdılar. Nəhayət, rayon mərkəzindən təqribən 75 km uzaqlıqda olan bu kəndə getmək üçün bir sürücü «qiymət oxuyur», gedib qayıtmaq 60 azn. Daha sonra sürücü təəccübümü görüb əlavə edir: «Siz yolu gördükdən sonra özünüz də görəcəksiniz ki, bu pul hələ azdır». Razılaşıb yola düşürük.

«AFURCA QƏDƏR İMKANLILARIN, SONRA İSƏ BİZİM»

UAZ yola düşür. Sürücü Məlik dayı yolu qısaltmaq üçün söhbətə başlayır. O, yolumuzun üstündəki turistik yerlərin adlarını sayır, Təngəaltından, Afurca şəlaləsindən danışır. Yol kənarına düzülmüş qayalıqlar arasındakı villaların sahiblərini sadalayır. Gözoxşayan mənzərəyə və çınqıllı olsa da, düz yola diqqəti çəkib «bəs deyirdilər yol keçilməzdir, dağınıqdır...» deyə soruşmaq istəyirəm ki, Məlik dayı sözümü kəsib cavab verir
Qonaqkənd Qubanın ən qədim yaşayış yerlərindəndir
Qonaqkənd Qubanın ən qədim yaşayış yerlərindəndir
:

«Qızım, mən Afurca kəndindənəm. Məşhur Təngəaltıdan sonra imkanlıların gedib görəcəyi sonuncu kənddənəm. Ora qədərki yol imkanlılar üçündür, ondan sonrakı isə bizim».

«HƏ, QIZIM, BİZİM, FAĞIR-FÜQƏRANIN YOLU BAŞLADI»

Əvvəlcə insanlarla dolu olan istirahət mərkəzləri ilə məşhur Təngəaltını, sonra Məlik dayının kəndi Afurcanı keçib gedirik. Bu ərəfədə qarşımıza yol kənarında xarab olmuş bir «Niva» və miskin halda görünən sürücüsü çıxır. Məlik dayı «hə, qızım, bizim, fağır-füqəranın yolu başladı» deyib gülür.

Məlik dayı həqiqətən də düz deyirmiş, yollar dağınıq, dağ ətəklərindən keçən hissələri isə olduqca təhlükəli idi. Yolun əlverişsizliyinə baxmayaraq, dağ ətəklərinə qədər qalxmış çən qarşımızda gözəl rəsm əsəri kimi mənzərə yaradır, UAZ-da atılıb düşə-düşə pəncərədən təbiəti seyr edirik.

75 KM-LİK YOLU TƏQRİBƏN 3 SAATA QƏT EDİRİK...

75 km-lik yolu təqribən 3 saata qət edib Qonaqkəndə yaxınlaşırıq, dağ zirvəsində kənd ayağımızın altında qalır. Təbiət Qonaqkəndi 3 tərəfdən dağla «hasarlayıb», kəndin girişindən isə paralel iki çay axır. Məlik dayı bir gün əvvəl burada güclü yağış yağdığı üçün çay suyunun artdığını deyir. Onun üzündəki təlaşı rahat hiss olunur.

Dar küçələrdə, dağ və çay daşlarından tikilmiş evlər
Dar küçələrdə, dağ və çay daşlarından tikilmiş evlər
UAZ dağdan düzənə enib özünü çaya vurur, mühərrik sönməsin deyə, suyun axdığı istiqamətə gedir və 5-10 dəqiqəlik narahatlıqdan sonra quruya çıxıb bizi kəndə çatdırır.

Məlik dayı deyir ki, yazda belə vəziyyətlərdə bu çaydan heç «Niva» da keçə bilmir, nəinki kiçik maşınlar. Qışda isə çayın suyu azalır. Amma onda da qar, çovğun gediş-gəlişi çətinləşdirir. Ona görə bu kənd əhalisi üçün yollar fəsillərdən asılı olmayaraq, hər zaman əzabdır. Məlik dayı:

«Neçə illərdir ki, deyirlər burdan Şamaxıya yol çəkilir. Bizə deyirlər ki, yol çəkilişinə artıq Şamaxıdan başlanılıb. Onlara da deyirlər ki, Qubadan. Məzəli dövrdə yaşayırıq, qızım».

QONAQKƏNDƏ...

Kəndin girişində Məlik dayı hara gedəcəyimi soruşdu. Hara getməli olduğumu dəqiq bilmədiyimdən dedim, maşını elə bir yerə sür ki, ora kəndin ən hündür yeri olsun. Dar küçələrdə, dağ və çay daşlarından tikilmiş xudmani evlərin arasından keçib kəndin ən hündür yerinə, məscidin yanına getdik.

Qonaqkənd Qubanın ən qədim yaşayış yerlərindəndir. Bunu yolda Məlik dayı da demişdi. Amma bunu hündürlükdən rahat görünən dərə kənarındakı qədim məzarlıq da açıqca göstərirdi. Məzar daşlarının hansı dövrə aid olduğunu müəyyən etmək çətin idi. Çünki baş daşları eroziyaya uğramış, üzərindəki yazılar
Məzar daşları
Məzar daşları
silinmişdi...

BOŞ KƏND

Qonaqkənddə gözümüzə çox az adam dəyirdi. Məlik dayı bunu əkin-biçin dövrünün olması ilə izah etdi. Ara-sıra gözümüzə dəyənlər əsasən yaşlılar və uşaqlar idi. Amma bu kəndə Qonaqkənd adını kim veribsə, çox düz edib. Rastlaşdığımız adamlar çox qonaqpərvərlik göstərib bizi evlərinə dəvət edirdilər. Qonaq olmağa həvəsli deyildim, kəndi ayaqla gəzmək istəyirdim. Bir qədər sonra Məlik dayının yorulduğunu hiss edib çay içmək adı ilə kənd sakinlərindən Zəhra xalanın həyətinə girdik. Ortayaşlı, gülərüz Zəhra xala evində nə vardısa, tökdü stolun üstünə.

«QIZA 15 YAŞINDA ELÇİ GƏLSƏ, GƏRƏK GETSİN,...»

Məndən evli olub-olmadığımı soruşur. Ondan öyrənirəm ki, bu kənddə qızlar erkən yaşlarında ailə qurur:

«Ay bala, bura kəndə yeridir, özü də elə kənd ki, heç yanla əlaqəsi yoxdur. Qız adaxlısını tapmaq üçün gərək çölə çıxsın, xeyrə-şərə getsin. Burda isə nəinki rayon mərkəzinə, yaxın kəndlərə də it əzabı ilə gedirik. Qıza 15 yaşında elçi gəlsə, gərək getsin, çünki sabah başqası olmayacaq».

Qonaqkənddə Heydər Əliyevin şəkli
Qonaqkənddə Heydər Əliyevin şəkli
Zəhra xala başqa çətinliklərdən də danışır:

«Burda çox vaxt qadınlar dədə-baba üsulları ilə dünyaya uşaq gətirirlər. Çünki sancı başlayan vaxt qadını rayon mərkəzinə aparanadək uşaq yolda doğulacaq».

Qonaqkənddə cəmi 2-3 saat olardı ki qonaq idik, Məlik dayı qayıtmağımızı məsləhət gördü. Çünki qarşıdakı dağın üstünü artıq qara bulud almışdı. Məlik dayı bərk yağış yağacağını bildirdi. Onun deməsinə görə, belə olsa, yolda qalmaq ehtimalı var. Qonaqkəndlə sağollaşıb geri qayıtdıq.

«YOL MƏDƏNİYYƏTDİR»

...Azərbaycanda tez-tez belə bir şüarın yazıldığı plakata rast gəlirsən - «Yol mədəniyyətdir». Bəs bu mədəniyyətdən, Məlik dayının dediyi kimi, fəqir-füqəra kənarda qalmalıdır?
XS
SM
MD
LG