Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:32

Iradə Musayeva xalq yazıçısının romanında nəyi tənqid etdi?


İradə Musayeva
İradə Musayeva
-
...“Xalq”, “Millət”, “Tarix”, “Vətən”, “Oğurluq”, “Yalan” və s. anlayışlar haqqında uzun-uzadı və bir-birini təkrar edən müəllif mülahizələri çox vaxt yerinə düşməyən filosofluq iddiasına işarə təsiri bağışladı…

...Mövlud Süleymanlının özünü məhz 70 -80-ci illərin oxucusunun auditoriyasında hiss etməsi və həmin kürsüdən, həmin ovqatda danışması “yerindəsayma” kimi göründü.

“Qələmə sadiqlik” şüarı altında yazdığı roman tarixi həqiqətləri obrazlı dillə xatırladır, gənc nəslə təlqin edir. Ancaq hansı üsulla? Dualı, laylalı, nağıl dili ilə…



Iradə Musayeva bu məqaləsi ilə xalq yazıçısı Mövlud Süleymanlının “Erməni adındakı hərflər” romanının “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur.


İradə Musayeva


MƏĞLUBİYYƏTİN TARİXİ, TARİXİN MƏĞLUBİYYƏTİ


Mövlud Süleymanlının romanı erməni-azərbaycanlı konfliktinin Qarabağ müharibəsinə qədərki, daha doğrusu, Qarabağ müharibəsi ərəfəsindəki mənzərəsini əks etdirir.

Romanda indiki Ermənistan ərazisindəki adı dəyişdirilmiş qədim türk yurd yerləri, bu yerlərin məişəti, adət - ənənəsi, insanları, ermənilərlə birgəyaşayış şəraitində hər iki millətin özünəməxsus xislət keyfiyyətləri, hadisələrə məhz erməni ya azərbaycanlı kimi yanaşma xüsusiyyətləri təsvir olunur. Müəllif tarixə səyahəti toponimlərin izahından, şərhindən, adların etimoloji yozumlarından başlayır:

“ Arada Mığırlı – Muğ - Muğan, Maq – Maday elləri... O yan Anadolu torpaqlarıdı, el arasında “... o üz “ deyilir; o üz... içərilərdə Göyçədir, İrəvan xanlığıdı, yəni, Uluxanlı, Zəngəzurdu, Qaraqoyunlu, Qaramanlı, Candar ellərinin yurdlarıdı. Dağ Borçalıdı – Qaraxaç – Qarakas yaylaları. Qaraxaçın əslində Qarakas olduğu da İmirxanlının fikridi...
– Əllicə il bunnan qabağacan buralarda bir dənə də erməni olmayıb... kəndlərin adına fikir verin, Qursalı, Saral, Qarakilsə, Oxçuoğlu...Cücəkənd, Qurdpınar, Qotur – Qatnaqpur... ”

1970-ci illərin ortalarında “Sayanın yiyəsiz oğlu” İmirxanlı “başının üstdəki erməni qorxusunu, kəndin içindəki Partkom qorxusunu unudub Yerevanda akademik Acaryanın, Bakıda Balacahunlunun yaratdıqları yeni tarixdən danışırdı.”

Hər iki akademik Moskvanın tapşırığıyla kəndin içindəki yazılı abidələrin dağıdılmasına rəhbərlik etmişdi. Hələ 30-cu illərin axırlarında bu akademiklər yazılı daşları araşdırıb eyni fikrə gəlmiş və təəssüflənmişdilər: nə gürcü, nə də erməni abidəsidir. Acaryan “Türk əlifbasıdı” – qənaətini əldə etdikdən sonra susmuş və “Qafqazda türklər...” ideyası onun ovqatını alt-üst etmişdir. Qafqazda türklərin izini silmək, abidələrini, daşlardakı tarixini məhv etmək Moskva və erməni siyasəti, təşəbbüsü, azərbaycanlı zəhməti ilə icra olunmuşdur. Azərbaycanlı akademik Balacahunlu çıxış edəndə “ay camaat... kafirlər tikib, dağıdın! ” - işarəsini verdi. Camaat da bu abidələri böyük həvəs və operativliklə dağıtdı. 40 ildən sonra isə külünglə uçurtduqları, üstündən arabalarla keçdikləri abidələr haqqında düşünməyə başladılar: “O tikili kafir tikilisiydisə, erməni niyə yıxırdı?... Əgər kafir abidəsidisə, bə biz daşınnan niyə öpürdük...?”

40 ildən sonrakı “oyanmaq” – İmirxanlının bu mövzuda kənd camaatı ilə söhbəti və mülahizələri də vahimə ilə qarşılandı. Kəndin partkomu gənc İmirxanlıya: “– Nə danışırsan, əə, sən?!... İndi deyərəm, gəlib səni deşik-deşik eliyəllər, əlli-ayaqlı gedərsən! Aranı qatmağına bax... ” - demişdi.

Kənd camaatı İmirxanlının haqqında rayona xəbər verir, sonra da onun üçün şərait yaradırlar ki, qaçsın. İmirxanlı da Gürcüstana, ordan da Bakıya yol almış və o vaxtdan Dövlət radiosunda gah şairlik, gah da aşıqlıq etmişdi.

Mövlud Süleymanlı Azadlıq Radiosunun "Pen klub" proqramında "Erməni adındakı hərflər" romanını anladır, 29 mart, 2012
Mövlud Süleymanlı Azadlıq Radiosunun "Pen klub" proqramında "Erməni adındakı hərflər" romanını anladır, 29 mart, 2012
Romanda söylənilən bütün əhvalatlar, hadisələr, xatırlanan tarixlər yazıçının anlamında erməni xislətinin açılmasına xidmət edir. Sonda belə bir qənaət əldə edilir ki: ermənini içəri buraxdıq, yatdıq, yatdıq, bir də gördük ki, erməni deyir: “əllər yuxarı!” Və özümüzü mühasirədə gördük. Bu, əlbəttə, həm Qərbi Azərbaycanda, həm də Qarabağda eyni cür baş verdi.

Əsərin məzmunundan məlum olur ki, ermənilərin hamısı “Qrunk ” erməni təşkilatından xəbərdardır, hər kəs onun ətrafında bir ideya naminə birləşib və fəaliyyətdədir. Ermənilər həmişə ayıqdır, həmişə millətçidir, həmişə siyasətçi, tarixçi, kirvə, məşuqə rolunda olsa belə türkün qənimidir. Siranuşla Uğurlu, Sevortyan Seda ilə İmirxanlı münasibətlərində də bu görünür. Siranuşun şagirdləri Böyük Ermənistan, Dənizdən dənizə Ermənistan mücadiləsinin fədailərinə çevrilir. Seda İmirxanlı ilə intim münasibətlər zamanı belə erməni siyasətini yeridir:

“İstəyirsən, qayıdaq tarixə? Bil ki, tarixə qayıtsaq, sən gedib ancaq çobana çıxacaqsan... Gəl!... Bilirsən sənnən niyə xoşum gəlir? Millətçisən, ona görə. Sizdə axı, millətçi olmur. Niyə də olsun ki? Düzdü?
- Oyy, mənim türk ərim, - qalxıb oğlana sarı getdi, - yaxşı, bağışla məni, erməni qızını əfv et, görürsən, türkcə xahiş edirəm. ”

Kəndin, el-obanın tarixini bilən bir-iki adam var, onların da hərəsi bir cür mütiləşib. Akademik Balacahunlunun gözünün odu 30-cu illərdə, atasını qan içində görəndə alınmışdı. “ – otuz yeddinci ildə özünə türk dediyi üçün atamı sürgün elədilər. – Balacahunlu badam ağacının dibində gözləri yaşara-yaşara deyirdi, - səhər tezdən aparmışdılar, axşamayaxın gətirdilər, üz-gözündə sağ yer yox idi, qan içində idi. Gözlüklü, yekəpər kişi: - Buyur görək, - dedi atama, - indi biz sənin ailənə nə deyək, türk ailəsi, yoxsa ...?! ... Atam əllərini mənə doğru elə uzatdı ki, elə bil, qucağıma gəl deyəcəydi: - Hə, o, azərbaycanlıdı, yoldaş Nersesyan, o, türk deyil ... ola bilməz də heç, nə yaşı var ki, onun ... türk olsun. – Atamın səsi dəyişmişdi, içi xırıltıyla doluydu, gözləri üzümə dikilib, demək istədiyini ifadə etdiyi üçün get – gedə böyüyür.
Mən onu anlayıb:
- Hə, - dedim ...
- Yəni nə? – Nersesyan çənəmin altından qaldırıb gözlərimin içinə baxdı.
- Mən türk deyiləm ... – Balacahunlu bundan sonrasını danışmadı, heç vaxt da danışmayacaq ... ”

İmirxanlı Sevortyan Sedanın məftunudur. Hətta 80-ci illərdə ermənilərlə azərbaycanlılar bir-birinin evini odlayanda, maşınını aşıranda, başını kəsəndə İmirxanlı məşuqəsi Sedanı və onun ərini xilas edir. Özü döyülür, qanına qəltan edilir, amma onları satmır.

Qaraca müəllim uşaqlara tarix dərsi keçir: qorxa-qorxa, tərəddüd edə -edə. Camaat tarixdən, tarix dərsindən bezib. Əlləri, külüngləri ilə sildiyi tarixə qayıtmaq istəmirlər. 80-ci illərin sonu. Azərbaycanlıları dədə-baba torpaqlarından çıxarırlar. Erməni qapını kəsib. Bizimkilərin tarix yadına düşüb. İstəyirlər ki, bir neçə günün içində həm millətçilik, həm dövlətçilik, həm də türkçülük aşılasınlar camaata. İki azərbaycanlının dialoquna diqqət edək:
“- Bütün işləri korlayan rusdu da elə, - dedi, – erməni kimdi ki, russuz nəsə eləsin?!
- Kəndin o üzü necədi, nə var, nə yox, orda?
- Sakitlikdi hələ. Amma elə soyuqdu ki ...
- Neynirlər?
- Qaraca müəllim tarixdən danışır.
- Tarixi neynir, ə, Qaraca müəllim, tarix indidi, lap bu gündü, bu gün ... Çıx, deyirlər evinnən-eşiyinnən, ya ölüb qalmalısan, ya da ölə bilmiyib çıxmalısan.
- Tarixdən vaxtında danışmaq lazımdı, bu gün yox ... hamımız bilirik ki, erməni silah yığır, silahlanır, baş bilənlərimizdən heç biri düşünmədi ki, erməni bu silahı niyə yığır. –
Səksəninci illərin sonunda Bakıda meydan hərəkatı. İnsanlar Ermənistanın Dağlıq Qarabağa olan iddialarına etiraz edirlər.
Səksəninci illərin sonunda Bakıda meydan hərəkatı. İnsanlar Ermənistanın Dağlıq Qarabağa olan iddialarına etiraz edirlər.
Otursa da qollarını qoltuq ağaclarından sallamış medallı kişi ocağa baxa-baxa dedi. – İmirxanlıdan yaxşı tarix yazmayacaqlar ki? Hanı bəs? Nə yazdığı ağlımızda qalıb, nə özü yanımızdadı ... İndi də, deyir, bir erməni qızına uyub, nə kənd yadına düşür, nə anası. ”

“İmirxanlıdan yaxşı tarix yazmayacaqlar ki ” ... Azərbaycanlıların ən yaxşı tarixçisi erməni qızının əsiridir. Tariximiz yataq otağında erməni qızı ilə əylənmələr fonunda doğulur, ölür. Kəndin hökuməti, partkomu erməniyə işləyir. Tarixçisi, arxeoloqu, zəhmətkeşi, təbabəti ( Aişə ana Siranuşu xərçəng xəstəliyindən sağaldır. ) adlı-sanlı kişiləri erməniyə xidmət edir. Qafqaza son yüz əlli ildə rusların əli ilə köçürülən ermənilərin içində millət gündən-günə əridi və bir gün “böyük plan ” həyata keçdi. Erməni kişisi, qadını, uşağı hökuməti, dövləti, prezidenti, başbiləni, yol göstərəni gözləmədi , tək-tək, hər kəs öz postunda, öz evində, öz işində Ermənistan adlı məkanı yaratmaq üçün daş qoydu. Biz erməniyə lağ elədik: “ ermənini atın belində görəndə deyirsən ki, indicə yıxılacaq ” “ Erməni qan gördü ”, “erməninin burnu əyridir ”, “erməni qorxaqdır ” və s. Erməni iş gördü: kəlmə - kəlmə, addım – addım... Budur tarix erməniyə yüz il əvvəl başladığı işin nəticəsini göstərdi...

Xəzər dənizi sahillərində, bulvarlarda, parklarda nisgilli – nisgilli gəzən İrəvan və Qarabağ qaçqınları isə arxada qalan torpaqları haqqında ancaq nağıllar, şeirlər yazır və sazda çalıb – oxuyur... Erməni bu işi yüz ilə planlaşdırmışdı, biz bir günə. Bu gün də deyirik ki, ə, erməni kimdi kİ, ermənini bir günün içində qovarıq , vaxtı var.

“ O vaxt ”dan isə heç bir vətəndaşın xəbəri yoxdur...

Siranuş şagirdlərini nəzəri cəhətdən silahlandırır, Simukyan Şaliko öldürülməsi nəzərdə tutulan azərbaycanlılarla şəkil çəkdirir və şagirdlərin köməyi ilə növbəti mərhələdə qətl planını həyata keçirir. Hamının “ varjaped ” (ustad, müəllim) dediyi akademik Ulubabayandan tutmuş dəriyığan Aped və itsaxlayan bazarkom Civana qədər hər kəs hər yerdə, hər zaman öz işini bilir...

Azərbaycan kəndinin sakini Uğurlu öldürülən gün erməni kəndində Aped deyir: “ – Daha qalmazlar, - dedi, - innən belə onnarı kəndə bağlasan da qalmazlar. Bir-iki günə çıxıb gedərlər ”.

Simukyan Şaliko ilə Siranuşun şagirdləri növbəti şəkillər haqqında düşünür...

“İpə sərilmiş tarix... ” fəslindən: “ Erməni tarixi... ” Həə, papaqçı Aped də erməni tarixini bu ağaclardan asardı, papaq alanlar, dəri gətirənlər əvvəlcə gərək bu yazılara baxaydı, Apedin suallarına cavab verəydi, yalnız ondan sonra alver eləmək mümkündü... Apedin də alveri elə budu, təki erməni tarixini öyrənən olsun, Aped də beş qazanmasın bir qazansın, erməni öyrənməsə də olar, türk öyrənsin, türk. Niyəsə, rusu, gürcünü fikrinə gətirmirdi, istədiyi odur ki, bütün türk məclislərində erməni tarixindən danışılsın...”

Komsomola keçən azərbaycanlıları sinif rəhbəri Apedin yanına gətirir. Aped xəritəni göstərib, Qaraca müəllimin oğlundan soruşur : “- De görüm, bura haradı?
Uşaq əvvəl duruxdu, çaşqınlıq içində ətrafına baxdı.
- Bura Kalininodu, əvvəlki adı Uzunoba olub, rayonumuz iyirmi səkkiz kənddən ibarətdi, iyirmi üçü Azərbaycan kəndidi, beşi erməni, onnar da qarışıqdı. – Birnəfəsə belə deyib başını aşağı saldı.
Aped bunu gözləmirdi:
- Azərbaycandı həə, bura ... – rəngi göm – göy göyərmişdi, qapıdan asdığı dərilərdən seçilmirdi
- yox, - dedi- uşaq, - Ermənistandı.
Müəllim irəli yeriyib arada dayandı:
- Aped kirvə, mən uşaqları gətirdim ki, sizin xəritənizə baxsın, - qoluna girib dükana tərəf apardı.
Apedi söz tutmuşdu, bilmirdi nə desin:
- Komsomol olmağa gəlib özü də! ”

Akademik Acaryan ermənilərə etiraf edir kİ, Qafqazda ermənilərin izi yoxdu, ermənilər Qafqazda olmayıb. Ancaq tarixi dəyişmək onlar üçün asan olacaq, çünki türklər (azərbaycanlılar – İ. M.) onu unudub. Onlar bu dediklərimi unutdular, ona görə də indi bilmirlər oğuz nədi, hun nədi, sak – sakat nədi, heç türkün nə olduğunu düz - əməlli bilmirlər. Bunları yaddaşlarından siliblər, yaddaşları boşdu, yurdlarını boşaldacaqlar...”

İqrar Əliyev də bizə həmin tarixi yazdı. Akademik Balacahunlu saxta tarix kitablarına etiraz edən Azərbaycan Dövlət Universitetinin tələbəsi İmirxanlıya qəzəblənir: “ – İqrar Əliyevdən ağıllı çıxdın, əə, sən?! Niyə oxumursan, onun kitablarını? O, belə deyir? Soruşuram, belə deyir, o? ”

İmirxanlı saxta tarixlə vuruşan tək azərbaycanlı kimi göstərilib. Onun faktları imtiyazlı və titullu imzalar, cild-cild kitablar fonunda zəif və gülünc görünür. Öz həqiqətlərini hətta
Yerevan - Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşməsi təklifini dəstəkləyən mitinq, fevral 1988
Yerevan - Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşməsi təklifini dəstəkləyən mitinq, fevral 1988
Sevortyan Sedaya belə sübut etməkdə aciz duruma düşür:

“... mən tarixi yazılmış xalqam, bu kitablarla V əsrdə yazıb-yaratmış Vavtos Buzanda cıxacam, M. Xorenskiyə, Təbrizli Arakelə, Moisey Kalankatuyskiyə, Mxitar Qoşa çıxacam...
- Onnarda işin olmasın, onnar bizimkilərdi...
- Kimdi sizinkilər? – Seda elə bərkdən güldü ki, onun yaşadığı binayla üz – üzə kirayələdiyimiz bir otaqlı mənzilin pəncərələri cingildədi.
- Musa Kalankatlıyla Muxtar Qoş.
- Cığallıq eləmə. Nədən bilirsən, sizinkillərdi?
Bunun cavabı var, hər halda, deyə amma bilmirəm nə cavab verəm. Balacahunlunun Qoca boyunu yerə soxum, İqrar Əliyevin qorxusundan bildiyini də demədi, öz tariximizi bizdən gizlətdilər. ”

Rayonun rəisi İmirxanlıya deyir: “ Nə təhər olur əə, Sevortyanın qızı ilə kef eliyirsən, əlifbasını bəyənmirsən amma. Elə Sevortyanın qızına görə də bağışlayıram səni... ”

Romanda xeyli sayda azərbaycanlı və erməni obrazları var.Ancaq yadda qalmayan və mətn üçün heç bir “sözü”, xüsusi rolu olmayan adlar da var ki, oxucu yaddaşına yük olur. İmirxanlı, Uğurlu, Qarakəlləoğlu, Partkom, Aşıq Ayvaz, Medallı kişi, Aped, Qaraca müəllim, Civan, Ağ Pəri, Aişə ana, Arıq, Balacahunlu, Acaryan, Ulubabayan, Şallı, Postalçı Simukyan Şaliko, Çobanın oğlu Aytək, Sevartyan Seda, Siranuş əsas və ideya yükünü daşıyan obrazlardır.

Əsərdə fikir və hadisələrin kompozisiya sistemliliyindən çıxıb fraqmentallaşması, epizodlar, xatirələr, emosional müəllif müdaxilələrinə çevrilməsi sujetsizliyə gətirib çıxardır və romanın ideyasından doğacaq düşüncə və qənaətlər pərakəndə, dağınıq sujet kəsiklərində ilişib qalır. Sanki yazar yadına düşən və xatırladıqca ona təsir edən əhvalatları bir araya gətirməkdə çətinlik çəkir. Hər fəsildə, hər hissədə (“Sonun başlanğıcı”, “Ölümün şəkli”, “Türk kəndinə doğru”, “Avropa iti”, “Sonuncu evdə sonuncu ölü”, “Yaddaş qəlpələri”, “Yetmişinci illərin teleqramı”, “Vətəni olan türklər”) elə bil oxucuya “ bax bu namərd və bic erməni, bu da biz – ürəyitəmiz, avam azərbaycanlı ” –deyir müəllif.

“Xalq”, “Millət”, “Tarix”, “Vətən”, “Oğurluq”, “Yalan” və s.anlayışlar haqqında uzun-uzadı və bir-birini təkrar edən müəllif mülahizələri çox vaxt yerinə düşməyən filosofluq iddiasına işarə təsiri bağışladı. İmirxanlının Seda ilə münasibətlərindəki təsvirlərin bir neçə səhifədə təkrarlanması da lüzumsuz göründü.

M. Süleymanlı bu romanı tarixi – etnoqrafik araşdırmalardan bəhrələnərək və türk sevgisi, (əsərdə azərbaycanlı yox, bütün fəsillərdə türk sözü işlədilir.) itirilmiş yurd yerlərinin nisgili, kökünü, keçmişini unutmuş xalqın qaranlıq yaddaşına işıq tutmaq niyyəti ilə yazıb. Ç. Ayıtmatovun “Əsrdən uzun gün” romanının manqurdlaşmış qəhrəmanının anasının oğluna yana-yana dediyi “eşidirsən, sənin atan Donanbaydı, Donanbay”- nidasının ağrısını Mövlud Süleymanlının “ Erməni adındakı hərflər” romanında da oxucuya ünvanladığı müəllif xitabında hiss etdik. Döyüşcülərin yox, siyasətçilərin uduzduğu torpaqların adını, salnaməsini unutmamağa çağırır.

Mövlud Süleymanlı Qarabağ mövzusundan daha çox, ümumiyyətlə , “erməni -azərbaycanlı konflikti ” adlı tarixi faciənin mahiyyətinə, məğzinə, tarixinə nəzər salır. O, qələmi olan və bir çox müəlliflərdən fərqli olaraq bədiiliyi anlayan yazıçıdır. 70-80-ci illərdə imzasını tanıdan müəllifin bu əsərdə də sənətkarlıq məsələləri ilə bağlı ciddi nöqsanları görünmür.

Lakin yazarın özünü məhz 70 -80-ci illərin oxucusunun auditoriyasında hiss etməsi və həmin kürsüdən, həmin ovqatda danışması “yerindəsayma” kimi göründü və dəyişən, dağılan, qarışan dünyanın, informasiyalar xaosunda nəbzini itirmiş zamanın insanının iki yüz səhifəlik mütaliə vaxtını ələ keçirmək “qəhrəmanlığı ” hər müəllifin işi deyil. Mövlud Süleymanlı bu qəhrəmanlıq üçün yeniləşməli idi. “Qələmə sadiqlik” şüarı altında yazdığı roman tarixi həqiqətləri obrazlı dillə xatırladır, gənc nəslə təlqin edir. Ancaq hansı üsulla? Dualı, laylalı, nağıl dili ilə ənənəvi qayğıkeş ana obrazları, işvəkar erməni qadınları, dəliqanlı gənc oğlanlar, ləqəbli, ayamalı kənd kişiləri, qadınları (Medallı kişi, Yekə Ayişə, Ağ Pəri, İtsaxlayan Civan və s.) vasitəsi ilə...

Əsərin adı kimya müəllimi, xəstə, sonsuz Siranuşun proqram xarakterli nitqindən götürülüb: “ – Mənim oğlum da, uşağım da erməni xalqıdır, bu xalq varsa, neynirəm oğlu – uşağı! Erməni adındakı hərflərin min qat sayı qədərində hamı ölüb – dirilməlidi ki, Ermənistan yaşasın .”

Qaraca müəllim birnəfəsə uşaqlara tarix dərsi deyirdi, tarix öyrədirdi. Başlayan müharibənin atəş səsləri altında – 1987-1988-ci illərdə. Qaraca müəllim yüz, yüz əlli il gecikib. Qaraca müəllimdən iyirmi il sonra Mövlud Süleymanlı- yenə də gec deyil - deyə həyəcan təbili çalmaq istəyir...

Qaraca müəllimin şagirdləri öldülər, qaçdılar, uduzdular, inamlarını, ümidlərini itirib bazar iqtisadiyyatına qoşuldular.

Mövlud Süleymanlının xoş niyyətli- sanki sıfırdan başlayırmışıq kimi millət olmaq, yaddaşları oyatmaq, tariximizi, özümüzü, özülümüzü müəyyənləşdirmək yoluna dəvəti onun böyük məğlubiyyəti görmüş oxucusuna necə təsir edəcək?
XS
SM
MD
LG