Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:35

Zamin Hacı. Anti-şeir


-

ANTİ-ŞEİR

Yediyim bütün dönərlərə ithaf edilir

1.

Siqaret söndürməyək armud cecəklərində,
Onların sızıltısı qoymaz yağış dayansın.
Zəfər çələngi hörək əklil çiçəklərindən,
Dirilər də oyansın, ölülər də oyansın.

2.

Bu dünyada ən gəzməli yer
damların qırağıdı,
ən qiymətli kağız
məktəbli uşağın "beş"i yazılmış
dəftər varağıdı,
ən yaşamalı yer
dezodorant balonudu.

Özü də,
bütün günah səndədi,
köpəyin qızı,
sən telefonu söndürməsəydin,
mən şer yazmazdım.

3.

Gəlin şer yazmayaq, anamıza baş çəkək,
Bizə layla desinlər, yuxumuz şirin olsun.
Görək gözəl olmuşuq, yataq, yuxuda görək;
Sonra nə olar-olar, Allah da kərim olsun.

4.

Əslində
mən heç Allaha da inanmıram,
sadəcə,
televizorda bütün kinolar
qurtaranda
saatın, yağışın,
qardaşını aeroporta aparan maşının
səsini dinləmək
adamın ürəyini sıxır.

5.

Sən Allah, yağma, yağış, yenə qrip olacam,
Yenə dəli olacam, yenə qərib olacam.
Çox ümid eləyirəm - səhər açılan kimi
Minəcəm avtobusa, yenə diri olacam...
XS
SM
MD
LG