Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Naxçıvanda məcburi sığorta yığmağın «məcburi» qaydaları kəşf edilib?


Foto: Arxiv
Foto: Arxiv
-
Mənzillərinin sığorta pulunu ödəməyən Naxçıvan sakinlərinə yaşayış yeri haqqında arayış verilmədiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna bir qrup yerli sakin şikayət edib. Onların bildirməsinə görə, bu qayda bir mənzildə qeydiyyatda olan bütün sakinlərə aiddir.

«DEYİBLƏR Kİ, BABANIN 30 MANAT SIĞORTASINI VERMƏSƏN…»

Şikayətçilərdən Oqtay Hüseynov deyir ki, özü ailəlikcə Bakıda yaşasa da, qızı Təhminə Hüseynova Babək rayonunun Cəhri kəndində babasının üzərində qeydiyyatdadır. Onun bildirməsinə görə, Təhminə Hüseynova şəxsiyyət vəsiqəsini dəyişmək üçün Naxçıvana gedib. Qızı yaşayış yeri haqqında arayış almaq üçün Cəhri kənd icra nümayəndəliyinə müraciət etsə də, həmin arayışı ona verməyiblər:

«Qızım Naxçıvanda, babasının üzərində qeydiyyatdadır. Naxçıvana göndərdim ki, getsin özünə şəxsiyyət vəsiqəsi çıxartsın. Qızım vəsiqəni almaq üçün Cəhri kənd icra nümayəndəsindən yaşayış yeri haqqında arayış istəyib. İcra nümayəndəsi arayış üçün ondan 30 manat pul istəyib. İcra nümayəndəsi qızıma deyib ki, qeydiyyatda olduğu babasının evinin sığorta pulu ödənməyib. Arayış almaq üçün mütləq qızım həmin 30 manatı ödəməliymiş. Deyiblər ki, babanın 30 manat sığortasını verməsən, mümkün deyil. Deyirlər, yeni qanun çıxıb Naxçıvanda».

«BİZƏ O ADLI ADAM MÜRACİƏT ETMƏYİB»

Babək rayon Cəhri kənd icra nümayəndəsi Çingiz Tahirov sakinlərdən mənzillərin sığorta pulunu tələb etdiklərini təsdiqləyir.
Yalçın İmanov
Yalçın İmanov
Ancaq, icra nümayəndəsi Təhminə Hüseynovanın arayış üçün onlara müraciət etmədiyini bildirdi:

«Biz evin sığorta pulunu tələb edirik. Ancaq bizə o adlı adam müraciət etməyib».

«BU, ONDAN XƏBƏR VERİR Kİ…»

Hüquqşünas Yalçın İmanov isə hər hansı orqana borclu olması üzündən vətəndaşa yaşayış yerindən arayış verilməməsini qanunsuzluq sayır:

«Naxçıvanda yaranmış bu vəziyyət hüququn və qanunun predmeti olmayan bir məsələdir. Bu, ondan xəbər verir ki, həmin qurumlarda bürokratiya və süründürməçilik halları kifayət qədərdir. Bu vəziyyətdən istifadə edən bəzi dövlət orqanları vətəndaşı hansısa qeyri-qanuni işə sövq etmək istəyir. Bu məsələnin bir özəlliyi Naxçıvanda yaranmış hazırkı sistemlə bağlı ola bilər. Həmin vətəndaşlar öz hüquqlarını qorumaq üçün müvafiq məhkəmələrə müraciət etməlidirlər».

Yalçın İmanovun fikrincə, əks halda vətəndaşlara belə qanunsuzluqlarla mübarizə aparmaq çox çətin olacaq.
XS
SM
MD
LG