Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:33

Monteneqro niyə SOCAR-ı seçdi? [Video]


Monteneqro
Monteneqro
Monteneqro hökuməti mənzərəli Kotor körfəzi sahilindəki 242 min kvadratmetr ərazini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) icarəyə verməyə hazırlaşır.

Ərazi Azərbaycan şirkətinə 90 il müddətinə veriləcək.

SOCAR əraziyə ilk 4 ildə 52 milyon, ümumilikdə isə 8 il ərzində 258 milyon avro sərmayə qoyacaq.

SOCAR ilk 45 ilin icarə haqqını avans olaraq ödəyəcək. O cümlədən, hər kvadratmetrə görə 1 avro və götürəcəyi gəlirin 5 faizini ödəyəcək.

Saziş hazırlıq prosesindədir. Yekun saziş və investisiya planı hələ dəqiqləşdirilir.

ABŞ ŞİRKƏTİ NARAZIDIR

ABŞ-da yerləşən «NCH Capital» şirkəti tenderdə SOCAR-a uduzub. Şirkət nəticələrin etibarsız sayılması üçün Monteneqronun Ali Məhkəməsinə müraciət edib.



ABŞ şirkəti Monteneqro hökumətinə SOCAR-dan daha çox - ərazinin hər kvadratmetrinə 2 avro, üstəlik də, gəlirin 5.1 faizini təklif edirdi. «NCH Capital» əvvəlcə tenderi keçirən orqana rəsmi şikayət edib. Ancaq Monteneqro Özəlləşdirmə Şurası şikayətin gec verilməsini əsas gətirərək ona baxmayıb. «NCH Capital» isə şikayəti vaxtında verdiyini bildirir.

«NCH Capital» deyir ki, SOCAR-ın təklifi texniki səbəblərdən qəbul edilməməliydi. İkincisi də, «NCH Capital» SOCAR-dan daha səmərəli təkliflər irəli sürüb:

«Siz BP və ya «Exxon» şirkətlərini istirahət yerləri salan görə bilməzsiniz. Bunun nəsə başqa bir səbəbi var».
Monteneqroda çimərlik
Monteneqroda çimərlik

SOCAR ARTIQ AZƏRBAYCANA SIĞMIR

Ancaq Monteneqro rəsmiləri tender prosesinin nəticələrini müdafiə edir. Monteneqro Sərmayə Təşviqi İdarəsinin rəhbəri Petar Ivanovic prosesin şəffaf keçirildiyini bildirib. Deyib ki, tender haqqındakı qərarı bir neçə orqan, o cümlədən parlament təsdiqləyib.

Rəsmi dəstək də nəzərə alınsa, çətin ki, «NCH Capital» hüquqi mübarizədən qalib çıxsın.

SOCAR-ın hüquq müşaviri Məmməd Nəzərəliyev isə deyir ki, şirkətin strateji məqsədlərindən biri uzunmüddətli perspektivdə öz biznesini müxtəlif regionlara, o cümlədən Şərqi Avropaya yaymaqdır:

«SOCAR Monteneqro hökumətinin verdiyi bu imkana öz uğurlu layihələrini davam etdirmək şansı kimi baxır».

SOCAR-ın turizm sahəsindəki hazırkı fəaliyyəti əsasən neft işçilərinin və onların ailələri üçün Azərbaycandakı istirahət yerləri ilə məhdudlaşır. Ona görə də, Monteneqroda rəqabət qabiliyyətli istirahət mərkəzləri yaratmaq üçün onun xarici tərəfdaşların köməyinə ehtiyacı olacaq.
XS
SM
MD
LG