Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:17

Sultan Mərzili "Kino" (Seçmə hekayələrdən)


Sultan Mərzili
Sultan Mərzili
Bu hekayə son iki ayda "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Sultan Mərzili


KİNO


Piyanısqa Oleq zəng elədi ki, sabah kino çəkilir, istəyirsən səni də yazdırım, gəl, massovkada yaxşı pul verirlər, həm də maraqlıdır, məşhur adamlarla oturub-durursan. Film məşhur sərkərdə Jukov haqqında serialdır.

Razılaşdım, onsuz da işsizəm. Təqaüdlə dolanmaq olar? Yaponiyanın yarısını zəlzələ aparıb, bəlkə dünya indi düzələ. Dünya belədir ki, xoşluqla düzəlmir, inkişaf edə bilmir, həmişə bir bəla baş verməlidir ki, dartıb onu qabağa aparsın. İkinci dünya müharibəsindən sonra indi də şimali Afrikada Amerika-Avropa barmaq və buynuzları ilə baş verən Misir, Liviya, Suriya, Bəhreyn və sairə ərəb ölkələrindəki çaxnaşmalardan, davalardan da bir şey çıxmasa, ümid Yaponiyaya qalır...

Bəli, indi qayıdaq hekayəmizə. “Piyanısqa” sözünü tərcüməyə ehtiyac yoxdur, bunun hər kəndimizdə, məhləmizdə, yəqin ki, bir nümayəndəsi var. Yavaş-yavaş biz də içmək məsələsində Rusiyaya nəinki çatırıq, hələ ola bilsin ötüb keçməkdəyik, hərçəndi bu piyanısqa ruslar dünyanın yarısını fəth eləyiblər, biz ayıq müsəlman şiələrinin isə başımıza-gözümüzə döyüb şəbih çıxara-çıxara torpağımızdan əl boyda bir yer qalıb, onu da qoluzorlularımız hasara alıb saraylar tikir və kimlərəsə yandıq verirlər...

“Massovka” kino çəkilişindəki kütləvi səhnələrə peşəkar olmayan kütlənin cəlb olunmasıdır. Onu da rejissor köməkçiləri tapıb düzəldir və səhnənin çəkilişi bitən kimi zəhməthaqqı nağd ödənilir.

Bu işə baxan diribaşlar “briqadirlər” adlanır və onların adambaşına nə qədər pul verməli oladuğunu özlərindən başqa bilən də yoxdur, kefləri nə qədər istəsə, o qədər də verirlər, hələ bir çəkilişə qədərindən artıq adam dəvət edərək sonra onların içərisindən seçirlər. Bu zaman narazıçılıq edənlər, təcrübəsi olanlar, yəni işin içindən-çölündən xəbərdar olub haqqını tələb etmək istəyənlər ilk növbədə ixtisara düşür, kim ki dilini saxlayır, o yenə qala bilir.

Pyanısqa Oleq kompüterçidir. Əlləri qızıldır, amma başı boş içki butulkasıdır. Ona görə də işdən qovublar, heç yerdə də işə götürmürlər, çünki sir-sifətinə baxan kimi tərcümeyi-halı oxunur. Amma hələ də başa düşə bilmir ki, niyə telefonda danışanda onu işə götürmək istəyirlər, gedib idarəyə çıxanda: “biz sizə zəng edərik!”- deyib yola salırlar.

Onunla kompüterim xarab olanda tanış olmuşuq. Boylu-buxunlu, sarışın, yaraşıqlı da demək olar, bir oğlandır. Desantçılara oxşayır. Özü də bu desantçı ən çox araq butulkaları ilə vuruşmağı xoşlayır. O dəfə gəldi kompüterimə baxdı, ora-burasını qurdaladı, filan-filan detalları al gətir düzəldim - dedi. Evdən çay-çörəksiz yola salmadım, yarımçıq konyakdan bir az süzdüm, gözləri parlaya-parlaya içdi. Butulkanı boşaltmamış getmədi. Dedim ki, haqqını kompüteri düzəldəndən sonra verəcəm, amma yolpulu yüz rubl cibinə qoydum. Səhərisi gedib deyilən detalları aldım, bir həftə hər gün dalbadal zəng elədim, zapoydan çıxa bilmədi. Axır başqa usta çağırdım. Bu məsələni unutduq və tanışlığımız yeni şəkildə davam etdi.

Arvadı, özü və hələ hamilə qızlığının ərliyinə namizəd olan yeznəsi də işsiz qalan Oleqgil bu cür kütləvi kino və televerilişlər çəkilişində iştirak edərək qəpik-quruş qazanırlar. Arvadından özünün də birinci sinfə gedən qızı var. Onlara tipik moskvalı ailəsi də demək olardı.

“Elektrozavodsk” metrosunun çölündə səhər saat doqquzun yarısından ona kimi kütləvi aktyorların toplanışı idi. Burda Moskva ətrafından elektrik qatarları ilə uzun bir yol basıb gələnlər də çoxdu. Camaat heç olmasa qəpik-quruş qazanmaq üçün dəridən-qabıqdan çıxır. Zəngin Rusiyanın dilənçi xalqı. “Mejdupproçim” elə Azərbaycanın da. Öz gözümüzdəki tirə də hərdən baxaq. Bizə də deyən olar ki, burda nə azarınız var?!

Mayın ikisi, günəşli sərin havadır, adam bir az üşüyür də. Rusiya baharının səhər günəşi xəsisliklə olsa da adamı isidir, xoş qıcıq verir.

Telefonda şərtləşdiyimiz kimi sarı gödəkçəli briqadirə yaxınlaşıb özümü təqdim edirəm. Kimin vasitəsi ilə yazıldığımı soruşub cibindən çıxarıb “talon” deyilən vizit kartı verir. Əmma elə burdan başlayır. Onların “talon” kimi istifadə etdiyi kağız kartlar “Aroma” içki mağazaları şəbəkəsinin reklam kartlarıdır, yəqin çırpışdırıblar, özləri üçün tamam başqa məqsədlə istifadə edirlər. Bəlkə də bu yolla içkini də təbliğ edirlər, hələ o mağaza şəbəkələrindən reklam pulu da alırlar, kim bilir. Bu zamanda fırıldaqla gerçəkliyi ayırmaq çox çətindir. Məsələn, kim inanar ki, bir ölkənin yarısını satıb talayasan, milləti didərgin salasan, öz əsil-nəsəblərinə gün ağlayasan, camaat da öləndən sonra sənin qəbrini müqəddəs ziyarətgah edib goruna and içə, hər tərəfə səpələnə, dünyanın hər yerində heykəllərin qoyula. Olur belə şeylər. Camaata nə qədər çox zülm eləsən, o qədər də səni çox sevəcək, nə qədər ona canın yansa, bir o qədər sənə nifrət edəcəklər, demokratik çoxluqdan söhbət gedir, çünki ağıllılar həmişə azlıqda qalacaq. İndi gəl belə dünyada dəli olma görüm, necə olmursan!

Stalini indi də sevir camaat.

Camaata qatılıram. Oleq və yeznəsi də burdadır. Arvadı yoxdur, o teleçəkilişə gedəcək. Camaat siqaret çəkir, tum çırtlayır, mırt vurur, qruplaşır, köhnə tanışlara təzələri əlavə olunur.

Briqadirlərdən biri hündür boyli, saçı ağappaq ağarmış, yaraşıqlı gürcüdür. Kino aktyoruna oxşayır. Ola bilsin, nə zamansa hansı filmdəsə çəkilib. Əynində qara rəngli nimdaş dəri plaş, qara köynək, qara şalvar, qara ayaqqabı var. Üzü təmiz qırxılıb, güclə sezilən bığ saxlayır. Gəzişi, duruşu vüqarlıdır, sanki metronun qabağında deyil, hardasa Gürcüstandakı imarətinin qarşısında qədim bir gürcü knyazı gəzinir. Hər briqadirin öz dəstəsi, öz qrupu var. Camaatla köhnə tanışlar kimi görüşüb hal-əhval tutuşurlar, cavan yaraşıqlı qadınlarla görüşəndə öpüşənlər də olur.

Ikinci briqadir sarı gödəkçəli, cins şalvarlı, başı ülgüclə dibdən qırxılmış 40-45 yaşlı uca boylu bir kişidir. Mənə də talonu o verdi.

Üçüncü briqadir 30-35 yaşlı olar. Ağzı-burnu kələ-kötür, orta boylu, diribaşdır. Moldovanlara da oxşayır.

Kişiləri bir, qadınlar isə ayrıca dəstələyirlər. Saat onu ötür. Briqadirlər bizi haylayıb qabağa düşürlər. Camaatın çoxu örüşü tanıyan kənd naxırı kimi yolu özü tanıyır. Yeraltı keçidlə o biri tərəfə keçib metronun yaxınlığında olan, sovetlərin vaxtından qalma “Yauza” mədəniyyət evinə gəlib çıxırıq. Darvazada kiçik şlaqbaum var. Gözətçilər bizi briqadirlərin arxasınca içəri buraxır. Həyətə keçirik. Uzun kino avtobusları dayanıb. İçərisində kino aparatları və qrim kabinələri yerləşir.

Qadınları və kişiləri ayrı-ayrılıqda iki cərgəyə düzürlər. Rejissor köməkçisi gəlib baxır, adamları seçir. İlk seçimdən keçməyə də bilərsən. Özündən şübhələnənlər arxa cərgəyə keçir, başını aşağı salıb bir növ gizlənir. Amma rejissor köməkçilərini aldatmaq asan deyil. Onlar öz işlərinin peşəkarıdır. Bir neçə ləngərli yerişli, gözləri alça dərən şəxslər kütləvi səhnəni tərk edirlər. Sonra bir neçə nəfər cərgənin sol cinahına, giriş darvazasının çölünə tərəf yerdəyişməli olurlar. Mən də onların arasına düşürəm. Reportajım yarımçıq da qala bilər. Oleq və yeznəsi birincilər sırasında qalırlar.

Oleq bir həftəlik zapoydan sonpa pulları təmiz qurtardığından bu gün xüsusi hazırlıqla gəlib. Saraldıb rənglədiyi saçını dibdən qırxdırıb, əsgərliyə gedən adama oxşayır. Həmişə qulağına taxdığı gümüş sırğasını da çıxarıb. Xaki rəngli azuqə çantası çiynindən asılıb. Buralarda ərzaq bahadır, pulu qazanmamış xərcləməmək üçün təcrübəsi olanların çoxusu evdən nə isə bir şey götürür. Oleqin cavan yeznəsinin başını qıl basıb, görünür, dəlləyə də pulu yoxdur. Amma şans var ki, bu gün pul qazanacaq, hamilə arvadı üçün nə isə alıb aparacaq.

Bura bir növ qul bazarını da xatırladır. Amma bu müasir qulların əllərində qandallar, ayaqlarında kündələr yoxdur. Daha doğrusu, bəlkə də var, amma gözə görünmür. Keçmişdə metalın baha olduğu vaxtlarda qulların ayaqlarına dəmir zəncir və kündə bağlanmalı, hər birinə acından ölməmək üçün yemək-içmək verilməli, yataq yeri olmalı idi. Sağlamlıqlarını da düşünməliydin ki, ölüb səni ziyana salmasınlar. Indi belə şeylərə heç ehtiyac yoxdur, bunun hamısı qulun öz boynuna düşür. Və həmin o boynunu də gətirib xozeyinlərin qarşısında bənövşə kimi zərifcəsinə burub durur.

Kütlənin içərisində moskvalılar, Moskva ətrafından gəlmələr, ermənilər, gürcülər, azərbaycanlılar, ukraynalılar, taciklər, qırğızlar, milləti bilinməyən qəribə görkəmli insanlar da gözə dəyir. Yaş tərkibi də müxtəlifdir, orta məktəbin yuxarı siniflərində oxuyanlardan tutmuş, tələbələr, cavan qızlar, zahirən işgüzar görkəmli adamlar. Ən çox təqaüdə çıxmış kişi və qadınlardır. Çoxdan bir-birini tanıyanlar, ər-arvad, ana-bala, yaxın dost-tanış olanlar da var. Tanışım Oleq yeznəsi ilə siqaret tüstülədir, mən də bir qırağa çəkilib müşahidə edirəm və arabir dəstələrə yaxınlaşıb söhbətlərə qoşuluram. İnsanların əksərində belə bir xasiyyət var ki, təzə həmsöhbət olanda öz tarixçəsini həvəslə açıb danışır, çünki ən savadsız adam da özünü yeni bir auditoriyaya girmiş professor kimi hiss edir.

Əvvəl ortaboy, dolu qıvraq bədənli, orta yaşlı bir qırğıza yaxınlaşıram. Cavan bir qırğızla söhbətilərinə mən də qoşuluram. Bəlkə də ata-baladırlar. “Qırğızmısın?” – sualına təsdiq alandan sonra mən də azərbaycanlı olduğumu bidirib rus dilində söhbətə keçirik. Belə daha rahatdır. Mən bu dəfə onların məşhur həmyerliləri Çingiz Aytmatovun adını qəsdən çəkmirəm. Vəziyyətlərini xəbər alıram, təzə xanım başçılarının ölkəni necə idarə etdiyini soruşuram. Həmsöhbətimə çorək qazandıran peşə sürücülükdür. Amma bir vaxt ölkədə baş verən dəyişikliklərin, sosializmdən kapitalizmə keçid dövrü olan 90-cı illərdə Qırğızıstanda gedən hadisələrin fəal iştirakçılarından olub. O, xanım başçıdan narazıdır. Deyir ki, inqilab hadisələrində xalqı küçələrə, meydanlara çıxarıb ona rəhbərlik edənlərlə Orazbayevanın gizli telefon söhbətinin açıqlaması olub. Deyib ki: “Sizə 500 min dollar pul verdilər ki, filankəsi filan vəzifəyə qoyasınız, niyə pulu alıb işi düzəltmədiniz?” O da deyib ki: “Qoyduq də, filan vəzifəni verdik...” belə şeylərdə qardaş millətlər də bizdən heç seçilmirmişlər. Qırğız kişi sonra mənə belə deyir: “Mənim o qədər pulum olsaydı, gedərdim, inək alardım, dana alardım, tövlə tikdirərdim, saxladardım, bizneslə məşğul olardım, neynirəm vəzifəni, vəzifənin axırı yoxdur... Bakiyev pis deyildi, amma onun qohumları, oğlanları ağını çıxartmışdı.”

“Bəs Akayev necə idi?” – deyə soruşuram.“Harda bir mağaza açılsa, gərək onun arvadı da orda şərik olaydı, ona görə ondan da camaat bezmişd. Bakiyev indi Belarusiyadadır, Lukaşenkonun yanında. Lukaşenko deyib ki, hər adamın başına gələ bilər belə şey...”

Qırğız kişinin dediyinə görə kənd təsərrüfatı nazirliyinin vilayət üzrə səlahiyyətli nümayəndəsi işləyib. Deyir: “Kəndçilərə torpaq paylayandan sonra rayonun vergilər idarəsinin mühasibi ilə birlikdə nümayəndəsi gəlib qapı-qapı düşüb camaatdan vergi yığırdılar. Adını da qoyublar ki, NDS yığırıq. Gəldim bunlardan soruşdum ki, yaxşı, bu camaata başa salın, görsünlər “endees” nədir. Heç biri bilmədi. Dedim, bilmədiyiniz şeyi yığırsınız, indi camaatın içində qulaq asın mən deyim: “NDS” əlavə gəlir vergisidir, yəni “naloq na dobavlennıy stoimosti.” Bax, bu torpağı şumlayıb əkirsən. Salyarka pulu, traktorçuya araq pulu, yemək pulu və haqq verirsən, düzdümü? Sonra torpağa əlavə gübrə verməlisən, elədirmi? Özün o torpağı becərərkən, işçi qüvvəsi kimi, iş paltarı alıb geyməlisən, təsərrüfat alətləri almalısan, bax bu xərcləri də hesablayın, qoyun o məhsulun üstünə, neçəyə başa gəlir? Sonra da əlavə nə qədər qiymətə sata biləcəksən ki, həmim əlavə qiymətdən də siz vergi tutasınız? Bu bədbaxtların çoxu elə ziyana işləyir! Əvvəl kənd iclasında hakim dörd nəfər qoluzorlu oğlana tapşırmışdı ki, mən danışanda sözümü kəssinlər, məni hədələyib qorxuzsunlar. Mən də bunu bildiyimdən bir lapatkanı itiləyib əlimdə götürmüşdüm ki, kim mənə bir şey eləmək istəsə, təpəsini yaram. Oğlanlar sözümü kəsmək istəyəndə dedim ki, siz oturun yerinizdə, qoyun sözümü deyim, haqsızamsa onda ayrı məsələ... Iclasdan sonra həmin adamlar gəlib məndən üzr istədilər ki, sən düz deyirmişsən, bu bədbaxtları niyə var-yoxdan çıxarırlar?! Hamı mənə dua oxudu, vergi verənlər verdiklərinin təzədən geri qaytarılmasını tələb etdilər, vergi yığanlar da suyu süzülə-süzülə getdilər. Amma, həmən hakimin yerinə bir başqası 10 min dollar verib girdi, deməli pullu adamlar da var... – Qırğız kişisi bir az sözünə ara verib davam etdi: - Mən tüpürdüm gəldim, şoferliyimi edirəm. Beş uşağım var, üç oğlan, iki qız. Bir ara burda işsiz qaldım, uşaqlar evdə peraşki-zad bişirib satırdılar, mənə də çətinliklə dolanışıq pulu göndərirdilər. Oğlanlarıma dedim ki, balalarım, görürsünüzmü, mən bir kişi sizin hamınızı böyüdüb saxlayırdım, amma siz üç kişi bir atanızı dolandıra bilmirsiniz... zarafat edirdim. Indi, yenə allaha şükür, özüm qazanıram. Bilirsiniz, bizim qırğızlarda məsəl var ki, əgər xalq axmaq olsa, xan ağıllı, o xalq da ağıllı olacaq, amma əgər xalq ağıllı olsa, xan axmaq, o xalq da axmaq olacaq!”

Orta boylu, tökmə bədənli, boynu bir az qısıq, sifəti günəşdən yanmış, cod qısa saçlı, üzü təraş olunmuş, amma saçlarının dəlləyə ehtiyacı olan qırğızın iti baxışları, güləşçilərə məxsus əzik qulaqları və çoxdan məşq etməsə də idmançılara xas olan peysəri var. Əynində qara kremlə sürtülüb parlayan ayaqqabı, xırda xovlu tünd sürmeyi təzə məxmər şalvar, düzxətli məktəb dəftəri kimi boz cığırlı nimdaş qara pencək və ağımtıl köynək vardı. Qalstuku da olsa rayonda çalışan azərbaycanlı idman müəllimlərindən seçilməzdi.

Rejissor köməkçisi ikicərgə düzülmüş kişiləri və qadınları əlindəki qısa dalğada işləyən radiotelefonun antennası ilə say çubuğu kimi iki-iki sayır. Birinci dəstəni haylayıb ardınca Roma üslubuna oxşar tikilmiş, qarşı tərəfdə girişində yoğun sütünları olan sarı rəngli köhnə binanın arxa tərəfinə aparır. Bir azdan yenə qayıdıb gəlir. Adamların qalanlarını da eyni qaydada iki-iki cərgəyə düzür. Mən “həyat mübarizədir” şüarını rəhbər tutaraq zirək tərpənib cərgənin baş tərəfində, amma ikinci cərgədə yer tuta bilirəm. Rejissor köməkçisi qarayanız, hamar bığlı, güzəm saqqallı, kosa sifətli və cəld baxışlı, diribaş bir tatardır. Cərgəyə sınayıcı nəzər salır, məni qaralayıb yenidən cərgənin sonuna göndərir. Şansım lap azalır. Sonra bir də cərgələrə boylanır. 30-35 yaşlı alçaqboy, kərtdəşburun, əynində qara rəngli, dizdən aşağı düşən köhnə əzik dəri yarımplaşlı, çənəsinə qədər bığ buraxmış, alnı Lenin kimi açıq başının ortasına tərəf qalxmış, əlində xəlvəti siqaret çəkən qarayanız adama sataşır. Nədənsə onu azərbaycanlı hesab edirəm. Rejissor köməkçisi cərgələrə şübhəli-şübhəli boylanaraq səslənir:

- Mamedov var?

- Bəli, var! - deyərək əlimi qaldırıb ona tərəf gəlmək istəyirəm. O mənə ani bir nəzər salıb:

- Yox, siz yox! - deyərək yenə ora-bura boylanır. Şansım bir az tərpənir. Arxa tərəfdə gizlənmiş adam bir az qabağa çıxır:

- Mən burdayam!

- Talon almısınız? Verin bura talonu! – deyir. Adam buna hazır imiş kimi etiraz edir:

- Mən rejissorun yanında oldum, dedi ki baxışdan keçirsən...

- A kişi, dedim ki, talonu ver bura!

- Yox ey, rejissor özü mənə dedi ki, sən çəkilişdə olacaqsan!

- Indi mənimlə mübahisə edəcəksən? Dedim ki, sən çəkilişdə çox olmusan, bu çəkilişdə olmayacaqsan. Bunu mənə rejissor özü deyib ki, o adam olmasın. – Həmyerlim mızıldanaraq onun sözünü heç vecinə almadı və qətiyyətlə cərgədə dayandı. “Kaş Qarabağdan çəkilmə əmri veriləndə də belə tərs olaydıq!”- deyə düşündüm. Rejissor köməkçisi tatar, azərbaycanlı ilə mübahisədə hələlik uduzub geri çəkildi, bu mənə monqol-tatarların tarixən müharibə vaxtları nalşəkilli geriçəkilmə taktikasını xatırlatdı. Ağıllı adamlar ata-babalarının sınaqdan yaxşı çıxmış taktikalarından həmişə səmərəli istifadə edənlərdi. Bir paslı mıxa yüz dəfə keçməyənlərdi.

Ikinci dəstəni də haylayıb binanın arxa tərəfinə apardılar. 37-ci illərdə adamları da bax beləcə haylayıb gedər-gəlməzə aparırmışlar. Amma bizim dəstələr indi 50-ci illərə gedirdi. Müharibə yenicə bitib, ölkə dirçəliş ərəfəsindədir. Sağ qalanlar özlərini qalib hesab edir, sovet adamlarında ümid dolu bir ruh var...

Kiçik fasilə elan olunur. Adamlar siqaret çəkir, yaxınlıqdakı mağazalara qaçırlar. Birinci dəstənin adamları 50-ci ilərin sovet zabitlərinin hərbi geyimində geri dönürlər. Piyanısqa Oleq general-mayordur. Yeznəsi Mişa baş leytenant olub. Saçını da əməli-başlı qırxıblar, nə olsun ki, 50-ci illərin modasında. Rus məsəli var, müftənə sirkə də dadlı olur. Xaki kitellər, sürmeyi rəngli qalife şalvarlar və qara rəngli uzunboğaz xrom çəkmələr doğrudan da illüzor bir atmosfer yaradır. Qadınların saçları o vaxtın modası ilə düzəldilib. Əyinlərinə krepdişin və palatnoy donlar, ayaqlarına alçaqdaban tuflilər geyiniblər.

İki nəfər yaşlı adamın söhbətinə qoşuluram. Hündür boylu, sifətdən rusla qalmığın qarışığını xatırladan şax qamətli pensioner, təqaüdçü, türklər demiş, əməkli kişinin bir-iki gün öncə qırxılıb tüklənmiş sifətində sovet intelligentlərinə məxsus nazik, ucları dodaqlarından çənəsinə tərəf enmiş uzunsov bığları var, burnunun içindən çıxan uzun tüklər sanki bığlarına calanmaq üçün can atır.

- Sizin çəkiliş təcrübəniz varmı? Mən birinci dəfədir ki, bura düşmüşəm, – deyə soruşuram.

- Bəli, mən professional aktyoram. Vaxtı ilə Lenin rolunda da çəkilmişəm! – Kişi bunu çox qürurla dedi. - Düzdür, epizodik rol idi, amma onda Mosfilmdə yaxşı pul verirdilər. İndi heç nə vermirlər. Mən teatr institutunda oxumuşam, üçüncü kursa kimi, – deyərək müsahibim bəlkə də yüz dəfə söhbət etdiyi tarixçəsini həvəslə mənimlə bölüşür.

- Bunu bir dəqiq bilən varmı ki, bizim əmək haqqımız nə qədər olmalıdır? Məsələn, sovetlərin vaxtında bir saatlıq kütləvi çəkiliş üçün 3 rubl pul verirdilər. O zaman o, yaxşı pul idi, üç gün dolanmaq olardı.

- Burda pis olmamalıdır əslində, günə 2000 - 2500 rubl alanlar da olub. Amma bu briqadirlər kefləri istədikləri kimi 400-500 rubl verirlər, etiraz edənləri də o saat qovurlar. Bütün günü, səhər saat 10-dan axşam saat 10-a kimi vur-tut 500 rubl azdır, əlbəttə, amma neyləyəsən, camaat podmoskoviyadan gəlir yol basa-basa... Mən hərdən nümayişlərə də gedirəm. Orda yaxşıdır, cəmi iki-üç saat çəkir. Kommunistlər xəsisdir, 200 rubl verirlər. Demokratlar 300 verir. Ən yaxşısı Jirinovskidir. Gəlir, çox vaxt elə özü öz əli ilə 500-lük pullar verir. Elə adam olur ki, iki-üç dəfə durub alır... Jirinovski yaxşı adamdır, özü də çox ağıllıdır. Nə deyirsə, olur.

Mən müsahibimi həvəsləndirmək üçün onun sözünə qüvvət verirəm:

- Jirinovski yaponlara deyir ki, onları zəlzələ batıracaq, qoy gəlsinlər bizim Sibirdə yaşasınlar, onsuz da boşdur, amma mütləq rusca öyrənsinlər, assimilyasiya olsunlar, onda razı olarıq...

- Bir vaxt demişdi ki, respublika, vilayət-filan olmasın, keçmişdəki kimi quberniyalar olsun, bir də qubernatorlar. Hamı ona gülürdü, amma indi elə də olub... ağıllı adamdır.

- Ağıllı olmağına ağıllıdır, amma o, əslində siyasəti biznesə çevirib, milyonlarla pul alıb kefi istədiyini deputat siyahısına salır, o da elə pul qazanır. – Mən də öz bildiyim kimi onun sözünə qüvvət verirəm.

Bu arada rejissor köməkçisinin səsi söhbətimizi yarımçıq qoydu.

- Kostyumda olanlar qabağa gəlsin!

Şansımı bir daha sınamaq üçün qabağa keçdim. Alçaq boylu, erməniyə oxşayan, cins şalvar-pencəkli, rejissor köməkçisinin köməkçisi kimi başa düşdüyüm əli radiotelefonlu bir qadın mənə yaxınlaşdı:

- Sizi general rolunda çəkmək üçün bığınızı və saqqalınızı qırxmağa razılıq verərsinizmi?

Mən dərhal bu şansımı küləyə verdim:

- Xeyir xanım, heç əsl general rütbəsi versəniz də nə bığımdan, nə də saqqalımdan imtina etmərəm! – Gülüşdük. Rejissor köməkçisi bu dəfə də cərgə arxasında gizlənməyə can atan həmyerlimi qaralayıb dedi:

- Mamedov, o talonu ver bura ğörüm!

- Niyə verməliyəm ey, rejissor dedi ki, mən çəkilişə düşürəm... - etirazları bu dəfə zəifləmiş həmsoyadlım Məmmədov talonu könülsüz verib getdi. Rejissor köməkçisi tatar balası bu dəfə bir Azəri aktyorunu üstələyə bildi. İki cərgəli qaz sürüsü kimi tərpənib, nəhayət, biz də sarı binanın arxasına keçdik. Dar qapıdan dolanbac yollarla qarderob və qrim zalına düşdük. Qarderobçu xanımlar həm də qrimçilər idi. Üç-dörd nəfəri piştaxtaya yaxın buraxıb əynimizə baxıb düzəlişlər edirdilər. Mənim dama-dama mavi köynəyim qaraqaş-qaragöz, xoşsifət miniatür görkəmli qrimçi xanıma xoş gəlmədi. Əynimin ölçüsünü soruşdu. Sonra yanındakı iri bazar sumkasından eşələyib mil-milli, krem ləngli köynək çıxardı, qalstuk torbasından qalstuklar eşib tökdü və tünd mavi rəngli ensiz qalstuku boğazıma bağladı. Bunların ikisin də kağıza qeyd edib pasportumun arasına qoydu və onu da girov kmi saxladı. Yarım saat fasilə elan olundu.

Soyunduğum köynəyim əlimdə qaldığından küçəyə çıxıb mağazadan torba almalı oldum, həm də yeməyə bir şey gərək idi. Süd, çörək və peçenyə 98 rubla başa gəldi. Xırdanı almağı şəstimə sığışdırmadan küçəyə çıxdım, əlüstü nahara başladım. Mənim kimi küçədə ayaqüstü nahar edənlər də çox idi. Kino ulduzlarının həyatını yaşamağa başlayırdıq.

Briqadirlər camaatı hayladı, konsert zalına doluşduq.Rejissorun birinci köməkçisi və ona kömək edən qrimçilər də zala keçdilər. Kütləni yerbəyer eləməyə başladılar. Rejissorların “tipaj” dediyi, xarakterik hesab etdikləri adamları qarşı cərgələrə, ön plana, qalanlarını da arxa cərgələrə yerləşdirdilər. Rejissorun birinci köməkçisi, göygöz, sarışın, üzü bütov saqqallı, yəni saqqalına əl gəzdiriliməmiş köməkçisi səhnəyə çıxıb kimini qabaqdan arxaya, kimini da arxadan qabağa keçirirdi. Məni oturduğum üçüncü cərgədən qaldırıb birinci cərgədə cavan general-mayorun yanında əyləşdirdilər. Sonra arxa cərgədən qəşəng sarışın bir xanımı sol tərəfimdə əyləşdirən rejissor köməkçisi gülə-gülə dedi: “Bu gözəl xanımı sizə tapşırıram, muğayat olun”. “Məmnuniyyələ muğayat olaram” - deyib xanıma bir daha nəzər saldım. Nazik donda üşüyürdü, açıq qollarının xırda tükləri biz-biz durmuşdu. Mən pencəkli olduğumdan soyunub ona təklif etmək istəyirdim, amma öz qısa pencəyini qatlayıb altına qoyduğunu gördüm. “Üşüyürsünüz deyəsən", - dedim, - "kurtkanızı hələlik çiyninizə sala bilərsiniz”. “Yox, istəmirəm, indi çəkiliş başlanır", - deyərək mənə tərəf qısıldı və bədənimə gənc qadından bahar günəşinin istisinə bənzər bir xoş istilik cərəyanı keçdi. Yəqin ki, mən də onu isindirirdim. Sakitcə baxışıb gülümsündük. Həyatın özü də kinodur.

Oleqgil bizdən bir-iki cərgə arxada oturmuşdular. General-mayor libaslnda olan Oleq rütbəsindən ruhlanıb ayağa qalxaraq mənə tərəf baxdı və yəqin ki, paxıllığı tutdu, ortada ayaq üstə qalmış bir qızın əlindən tutub rejissor köməkçisinə göstərdi: “olar bu qəşəng qız da mənim yanımda əyləşsin?” Rejissor köməkçisi əlbəəl dedi: “yox, bu sənin yanında oturmağa çox qəşəngdir, bunu iri palanda göstərməliyik,” – deyərək yanımda oturan generalın o tərəfində əyləşdiridi və təbii görünmək üçün qol-qola oturtdu. Torbaları və sumkaları qabaq cərgədən yığışdırıb arxaya ötürdülər. Nəhayət. baş rejissor gəldi. 50-55 yaşlı gombul, qara topa saqqalına dən düşmüş, cins şalvarlı, yaşıl rəngli balağı şalvarın üstündən aşağı salınmış, qısaqol futbol köynəyi geymiş uzun saçlı rejisssor hamını salamlayaraq sözə başladı:

- Salam əziz dostlar! Bu gün biz bura toplaşmışıq ki, aldatmaqla məşğul olaq. Mən sizi aldadacam, siz də rola girib kadrın o biri tərəfində qalan tamaşaçıları. Beləliklə, biz sizinlə birlikdə aldatmaqla məşğul olacağıq. Bəli, kino aldatmaq sənətidir. – Hamı gülüşdü, camaatın əhvalı duruldu. - Siz akyorlar, yəni kütləvi səhnə iştirakçıları təsəvvür edin ki, əllinci illərdəsiniz. Müharibə təzəcə qurtarıb, konsert zalında konsertə qulaq asırsınız. Tamaşada Jukov və Leonid Brejnev də xanımları ilə iştirak edirlər. – Rejissor ikinci cərgədə marşal libasında əyləşmiş aktyor Aleksandr Baluyevi və saçları ilə qalın qaşları qara qrimlənmiş general formalı aktyoru göstərir. Hamı əl çalır. Rejissor sözünə davam edir. – Bu konsertin indiki dillə desək, menenceri Jukovdur. O, Sverdlovskda olanda gənc müğənni Ştokova qulaq asıb və səsi çox xoşuna gəlib, indi də Moskvada, bax bu zalda onun konsertidir. Xahiş edirəm, telefonlarınızı qapadın, saqqız çeynəmək olmaz. Sırğalar, üzüklər çıxarılsın. Ancaq sadə nişan üzükləri ola bilər. Sizin vəzifəniz nədir? Aparıcı mahnını elan edir, alqışlayırsınız. Alqışlar başlasın! Afərin, yaxşıdır! Sonra ifa bitəndə alqışlanır və gül dəstələri verilənlər, gətirib onları ifaçıya təqdim edirsiniz. Sonra da səliqə ilə, basabas salmadan zaldan çıxırsınız! Sağ cinah sağ qapıdan, sol cinah da sol tərəfdən çıxır. Gül hanı, güllər gəlsin!

Rejissor köməkçisi radiotelefonla kimisə çağırır, cavan qırğız fəhləsi gül-çiçək qutularını gətirib səhnənin qarşısında yerə qoyur. Qrimçi qadınlar ona dəstə düzəltməkdə kömək edir. Gül dəstələrini adamlara paylayırlar. Yanımdakı cavan xanıma da qırmızılı-ağlı gül dəstəsi düşür. Gülü tutanda tikanı əlinə batır, canıyananlıq edib əlinə baxıram.

Hündür boylu, ətli sifətli, saçları yağlanıb səliqə ilə geri daranmış aparıcı səhnəyə gəlib mikrofona yanaşır. Həyəcanlıdır, əllərini yumub açır, danışanda əfəl məktəbli kimi tez-tez çaşır.

Qısa tumanlı, dolu baldırlı, üzü çopurlu gənc qız əlində üstündə kinonun hansı hissəsinin çəkilişi getdiyi yazılmış lövhəciklə kameranın qarşısına gəlir. Lövhənin qulpunu qaldırıb üstündəkini oxuyur, sonra da aşağı şaqqıldadır. Rejissorun səsi eşidilir: “diqqət, başladıq! Motor!” Çəkiliş başlayır.

Aparıcı güç-bəla ilə Ştokovu təqdim edir. Cavan, hündür boylu, yaraşıqlı aktyor səhnəyə çıxıb tamaşaçılara baş əyir və pianoçuya başı ilə işarə edir. Pianoçu yalandan əllərini pianoda gəzdirir. Fonoqramma verilir, aktyor ustalıqla ağzını açıb yumur. Bir neçə dubldan sonra, nəhayət, çəkiliş başa çatır. Kütlə küçəyə çıxır. Rejissor koməkçisi adamların içindən barmağının işarəsi ilə bir neçə nəfəri seçib qalmalarını xahiş edir. “Əsas səhnə bitdi - deyir, - qalanlarla birlikdə əlavə olaraq konsert zalından çıxma səhnəsi çəkiləcək.”

Adamların çoxusu şlaqbaum tərəfdə növbəyə düzülərək 500 rubl alıb sevinə-sevinə gedirlər. Oleq və yeznəsi də qalanların arasındadır. O mənə yaxınlaşıb xoş xəbər kimi əlavə çəkilişdən əlavə pul alacağımızı da deyir və məndən 50 rubl borc istəyir. Cibimi eşələyib axırıncı əlliliyi ona verirəm.

Yenidən qarderob zalına gəlirik. Bizə əllinci illərin dəbinə uyğun uzun boz plaşlar və silindr şəkilli panama deyilən papaqlar verirlər. Belə plaşlar o zaman Çin malı olurdu. Qrimçi xanım boyuma uyğun plaş seçir, başımın ölçüsündə panama yoxdur, hamısı böyükdür. Görünür müharibədən salamat çıxanların çoxusu yekəbaşlar imiş, o da, ağıllı baş salamat olar, deməkdir. Mənə beretka düşür. Qrimçi xanım papağın qabağından dəmiryolçu nişanını gülə-gülə söküb yenidən başıma qoyur. Qaş-gözü qara, suyu şirindir bu xanımın.

Yenə küçəyə çıxırıq. İki qara rəngli, indi eksklüziv sayılan minik avtomobili durub. Köhnə sovet “ZİL”lərinə oxşayır, amma Amerika malıdır. Əla restavrasiya olunub, nikelləri par-par parlayır. Camaat tez yüyürüşüb fonda şəkil çəkdirir. İki incə boylu rəfiqə - gürcü qızları Oleqin əyri qıçları qalife şalvarda və uzunboğaz çıkmələrdə daha da əyri görünən yeznəsinin iki tərəfdən qoluna girib şəkil çəkdirirlər. Başqa bir cavan oğlanı da tapıb qol-qola şəkilı çəkdirirlər. O biri oğlanın sifəti uzunsov, çənəsi də yana tərəf xeyli əyri görünür. Pişik gözləri kimi parıldayan gözləri var. Güləndə üst dişləri ilə bərabər üst damağı da bir xeyli açılıb görsənir.

Rejissor koməkçisi gəlir, kişiləri və qadınları çütləşdirirlər, türkün məsəli. Mənim payıma yaşlı bir qadın düşür. Canısulu olsa da, təravəti qalmayıb, özümü sındırmıram, amma yəqin ki, qoca göründüyümü düşünürəm, yoxsa bir az cavan qadınla cütləşərdim. Eybi yoxdur, evlənmirəm ki... bu bir səhnədir, belə düşünərək özümü ovuduram. Bayaq zalda yanımda əyləşən incə xanım gözə dəymir. Çəkilişin işığını hazırlamaq üçün avtokran gəlir. Iki metrə yaxın diametri olan balon şəkilli, içərisinə dirijabl kimi hava vurulan ağ kürənin içərisində işıqlar yanacaq, kran onu yuxarıya qaldıracaq ki, çəkiliş meydançası işıqlı olsun. Bu bir xeyli vaxt alır. Heç olmasa əlavə 100 rubl da alsaq, qənimətdir...

Rejissor özü gəlib bizi başa salır: “Cənab aktyorlar! Bu gün üçün son səhnəni çəkirik. Tez qurtaraq, tez də dağılaq. Hamımız yorulmuşuq. Diqqət! Jukov xanımı ilə gəlib maşına əyləşir. Arxasınca Brejnevlə xanımı gəlir... “Motor! Başladıq!” - deyən kimi birinci çütlər kamera qarşısından maşının yanından ötüb keçir. Ikinci cütlük beşə qədər sanayıb konsert zalının qapısından çıxaraq kamera qarşısından ötüb keçir. Bir-birinizlə söhbət edirsiniz, təəssüratlarınızı bölüşürsünüz, aydındır? Qaçmaq olmaz, tələsmədən, arxayın keçin.”

İşıq balonunu doldurub hazırlayana qədər xeyli vaxt keçir. Qaranlıq düşür. Saat 10-a az qalır. Binanın dəhlizində rejissorun komandasını gözləyirik. Yelçəkəndir, adamı üşüdür. Əyrisifət oğlan tir-tir əsən cütünü plaşının içinə salıb qızışıdırır. Arabir öpüşürlər də. Mən də cütümün qoluna girirəm. “Konsert xoşuna gəldimi, əzizim?” - deyə soruşuram.“Bəli, çox xoşuma gəldi, yaxşı oxuyurdu”. Gülüşdük, qadını yüngülcə qucaqladım, heç bir ehtiras yox idi, sanki paltar dolabını qucaqladım.

Nəhayət, rejissorun səsi eşidildi. Birinci cütlük qol-qola kamera qarşısından keçdi, arxasınca beşədək sanayaraq biz çıxdıq. Bir-iki təşəbbüsdən sonra səhnə çəkildi. Rejissor hamımıza təşəkkür edib getdi.

Pulumuzu almaq növbəsi çatdı. Yaxınlaşanda gördük ki, ağzı-burnu kələ-kötür briqadir hamıya 500 rubl verir. Camaatdan etiraz edənlər oldu ki, bizdən üç saat əvvəl çıxıb gedənlər də 500 rubl alır biz də. Belə şey olar?

Briqadir bir az tutulsa da, təmkinini pozmadan söz tapır: “yoldaşlar, cənablar, iş vaxtı saat ona kimidir!”

Onsuz da çoxdan aldadılmış insanları bir daha aldatdılar. Mən piyada da gedib evə çıxa bilərəm, yaxında oluram. Amma uzaqlardan, Moskvanın kənarından gələnlər nə vaxt gedib evə çıxacaqlar? Yeni çəkiliş üçün yazılmaq istəyənlər də var. “Telefon var, sonra zəng edərsiniz” - deyərək briqadir pulları paylayıab tez aradan çıxır. Camaat darvazadan çıxıb metroya tərəf yol alır. Mən də evə tələsirəm, cibimdə 500 rubl var, bazarlıq edə bilərəm. Bugünkü kino çəkilişi bitdi, gerçəklik yenidən başladı.
XS
SM
MD
LG