Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:50

«Şairdən casus olar?»


Bakı Slavyan Universiteti gənc şairlərin azad edilməsi üçün İrana müraciət ünvanladı
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Bakı Slavyan Universiteti gənc şairlərin azad edilməsi üçün İrana müraciət ünvanladı

-
ELMAR MƏMMƏDYAROV SƏFİRDƏN TƏLƏB EDİB

Xarici İşlər naziri Elmar Məmmədyarov İran səfirindən tələb edib ki, Təbrizdə həbs olunmuş iki azərbaycanlı gəncin konsulla görüşünə şərait yaradılsın.

Bu haqda AzadlıqRadiosuna nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib. Onun dediyinə görə, İran səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatır və iyulun 6-da o, bu münasibətlə nazirlə görüşüb. Nazir də bu məsələni bir daha gündəmə gətirib:

«Nazir Elmar Məmmədyarov bir daha İran tərəfinə Azərbaycanın narahatlığını çatdırdı. Bildirdi ki, Azərbaycan cəmiyyəti şairlərlə bağlı vəziyyətdən ciddi narahatdır. Və yaxın zamanda məsələ öz həllini tapmalıdır. Eyni zamanda vətəndaşlarımızla Azərbaycan konsulunun görüşünün təşkili üçün addımların atılmasını tələb etdi. Nazir ümidvar olduğunu bildirdi ki, İranın atacağı addımlar 2 ölkə arasındakı münasibətlərin ruhuna uyğun olacaq».

İranın Azərbaycandakı səfirliyindənsə bu haqda hər hansı məlumat ala bilmədik.

Azərbaycanın iki vətəndaşı - Fərid Hüseyn və Şəhriyar Hacızadə bu ilin mayında İranda həbs olunublar. Yaxınları onların bu ölkəyə poeziya festivalında iştirak eləmək üçün getdiklərini bildirirlər. İran isə indiyədək həmin gənclərin saxlanma səbəbləri haqda detallı məlumat vermir. Bu ölkənin mətbuatında isə həmin gənclərin narkotik qaçaqmalçılığında və İrana qarşı casusluqda ittiham olunduqları deyilir.

ANAR, KAMAL ABDULLA, ÇİNGİZ ABDULLAYEV MÜRACİƏT ETDİLƏR

Artıq Azərbaycan ictimaiyyətində də ayrı-ayrı nüfuzlu şəxslər və qurumlar İran rəsmilərinə müraciətlər göndərirlər.

İyulun 6-da yazıçı Kamal Abdullanın rektoru olduğu Slavyan Universitetində toplantı keçirilib və yekunda müraciət qəbul olunub. Kamal Abdulla AzadlıqRadiosuna deyib:

Kamal Abdulla
Kamal Abdulla
«Biz çalışırıq ki, İranı bu iki gəncin məsumluğuna inandıraq. Bu iki insanı çox şeydə təqsirləndirmək olar, bir casusluqdan başqa. Onlarla 5 dəqiqə söhbət kifayətdir ki, bu gəncləri o yolun adamı olmadığını biləsən. Onların İran mədəniyyətinə, tarixinə, dövlətçiliyinə böyük hörməti var. İnanıram ki, İran dövləti bu iki gəncin məsumluğunu hiss edib onlar barədə ədalətli qərar verəcək».

Yazıçılar Birliyinin sədri Anar İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Xamneyiyə müraciət edib. Müraciətdə deyilir:

«Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda olarkən Siz bizi qəbul etdiniz. Qəbul zamanı Siz böyük şairimiz Şəhriyarı xatırladınız, onunla dostluğunuzdan danışdınız, hətta «Heydər babaya salam» şeirindən bir neçə beyt oxudunuz. Ümid edirəm ki, Şəhriyarın mənəvi övladları olan iki gənc istedadlı şairimizin taleyinə biganə qalmayacaqsınız, onların tezliklə azad olunması üçün nüfuzunuzu və imkanlarınızı əsirgəməyəcəksiniz».

«TƏLƏB EDİRİK AZAD OLUNSUNLAR»

Bundan başqa, xalq yazıçısı, Azərbaycan PEN klubunun rəhbəri Çingiz Abdullayev İranda həbs edilmiş gənc şairlərlə bağlı İran prezidentinə müraciət göndərib. Bu haqda AzadlıqRadiosuna yazıçı özü deyib:

«Biz tələb edirik ki, həmin şairləri azad etsinlər. Heç olmasa, Azərbaycana izah etsinlər ki, bunları niyə saxlayıblar. Başa salsınlar da bizə nə baş verdiyini. Biz iki qonşu dövlətik, müsəlman dövlətik. Onsuz da İranın beynəlxalq aləmlə bağlı xeyli çətinlikləri var və şairləri həbs etməklə vəziyyətin bu həddə çatdırılması başadüşülən deyil».
Çingiz Abdullayev
Çingiz Abdullayev

Çingiz Abdullayev deyir ki, o, İran prezidentindən həm də şairlərlə görüşə imkan yaradılmasını istəyəcək.

Çingiz Abdullayev bir gün öncə - iyulun 5-də isə məsələ ilə əlaqədar beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət etmişdi. Onun dediyinə görə, artıq 4 ölkədən - Çexiya, Fransa, Türkiyə və Rusiya PEN klublarında ona cavab gəlib. Həmin qurumlar da İrana gənc şairlərlə bağlı müraciətlər hazırlayırlar.

Günün sonunda Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyanat verib. Bəyanatda deyilir:

«AXCP baş verən hadisədə kriminal element görməyərək, təəssüflə bildirir ki, İranda və Azərbaycanda yaşayan sıravi azərbaycanlılar hakim rejimlərin kaprizlərinin qurbanına çevrilib. İki dövlət arasında anlaşılmazlıq yaranan kimi sıravi vətəndaşlar qondarma ittihamlarla həbsə salınır».

AXCP İran hakimiyyətindən şairləri azad etməsini, iki dövlət arasında yaranan problemi sadə insanları qisas obyektinə çevirmədən, sivil danışıqlar yolu ilə həll etməyə çağırır.

İyulun 6-da isə 20-dək Azərbaycan yazarı Təbriz yazıçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, onların hər hansı bir casusluqla, yaxud narkotiklə məşğul olmalarına inanmırlar və onların taleyindən narahatdırlar.

«ŞAİRDƏN CASUS OLAR?»

Bu sualı Tahirə Hüseynova verir. İki aydan çoxdur İranda həbs edilmiş şair Fərid Hüseynin anası.
Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə
​Oğlu ilə yarım ay əvvəl danışıb. Ondan sonra oğlundan xəbər ala bilməyib:

«Bir onu dedi ki, İran tərəfi bizi bağışlayıb, Azərbaycan tərəf bizi burdan qurtarsın. Casusluq da 3 günün içində çıxıb. Şairdən casus olar? Onlar casus yetişmişdi bəyəm? Onlar ancaq deyirlər ki, bizi Azərbaycan qurtarsın, İran bizi bağışlayıb. Əlbəttə onlar bağışlanası səhv iş görməyiblər. Bu gün yayılanlar şayiədir. Mən onun gəlişini gözləyirəm, mən onu qonaq kimi yola salmışdım. Hər ikisini gözləyirəm. Onlar casus deyillər. Ana kimi buna inanmıram. Onlar şairdirlər».

Şəkər xəstəsi olan Tahirə Hüseynova deyir ki, daha artıq yol gözləməyə tabı da qalmayıb:
«Artıq dözməyə nə gücüm var, nə də səhhətim buna yol verir. Nə oyuna düşüblər, mən də bilmirəm. İnşallah, onları vətənə qaytararlar. Bu əgər elin gücüdürsə... Nə bilim. Bu gün 2 aydır övladımı görmürəm. Bu həyəcanla iki aydır yaşayıram... Ana kimi bu günü ona arzulamırdı. Yəqin, bu da bir imtahandır, sınaqdır... İnşallah, qayıdar, anasının intizarda qoymaz Fərid».

Şəhriyar Hacızadənin hər zaman nikbin danışan atası Mail Hacızadənin səsində də yorğunluq var artıq. Deyir ki, vaxt uzandıqca darıxır:

«Yoruldum. Darıxıram. Tənhayam. Həyat yoldaşım 9 ay əvvəl rəhmətə gedib. Şəhriyardır, bir də mən. Onun yolunu gözləyirəm».

Mail Hacızadə də oğlunun casus olmasına və ya narkotik qaçaqmalçılığı ilə məşğul olmasına inanmır.

«Mən axundam, babalarım hamısı dindar olub. Belə ittihamlar bizə yaraşmır», - deyə o, söhbətə yekun vurur.
XS
SM
MD
LG