Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:50

İtaliya 44 illik həsrətinə son qoya bilmədi


İspaniya yığması Torres'in qolunu bayram edir
İspaniya yığması Torres'in qolunu bayram edir
Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş Avropa çempionatının final oyununda İspaniya İtaliyanı 4:0 hesabı ilə məğlub etdi. Bununla da İspaniya yığması 2008-ci ildəki Avropa çempionu titulunu qoruyub saxladı. Avropa çempionu olmaqla yanaşı, dünya çempionu titulunu da daşıyan İspaniya üçüncü ardıcıl beynəlxalq mükafatı qazanan ilk ölkə oldu.

Final qarşılaşmasında İspaniya oyuna tam nəzarət edirdi. Matç başlayandan ispanlar hücuma keçiblər. 14-cü dəqiqədə David Silva baş zərbəsi ilə hesabı açdı. 41-ci dəqiqədə Jordi Alba hesabı 2:0-a çatdırdı. İkinci hissədə hesabı artırmaq növbəsi Fernando Torres'ə çatdı, 3:0. Juan Malta isə 88-ci dəqiqədə 4-cü qolu italyanların qapısından keçirdi.

Bu yığma ilk dəfə 1964-cü ildə Avropa çempionu olub. Bununla da İspaniya Almaniyanın 3 dəfə Avropa çempionu rekordunu təzələdi.

İtaliyanın İspaniya ilə ilk qarşılaşması qrup oyununda olmuşdu. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. İtaliya Almaniyanı 2:1 hesabı ilə yenərək finala vəsiqə qazanmışdı. Lakin İtaliya Avropa Çempionatındakı 44 illik həsrətinə son qoya bilmədi. İtaliya sonuncu dəfə 44 il əvvəl, 1968-ci ildə Avropa Çempionu adını qazanmışdı. İtaliya oyunçu əvəzləməsinin üçündən də istifadə etdiyindən final qarşılaşmasının son yarım saatını 10 nəfərlə keçirdi.

«BELƏ DƏ OLMALI İDİ»

Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçilərindən biri Ağasəlim Mircavadov deyir ki, final qarşılaşmasının nəticəsi elə belə də
Ağasəlim Mircavadov
Ağasəlim Mircavadov
olmalı idi:

«Çoxdan idi Avropa çempionatında belə oyun olmamışdı. Həm hesab böyük oldu, həm də bir komanda o biri üzərində hərtərəfli üstün idi. İspaniya öz oyunu ilə oyunu uddu. Onlar qrup mərhələsində də həmin oyunu oynayırdılar. Onlar beyin sürəti ilə, hücumçusuz Avropa çempionu oldular. Bir az qəribədir. Ancaq bu da bir yenilikdir. Bu yenilik ondan ibarətdir ki, hər orta xətt oyunçusu bir hücumçudur. İtaliya isə dünənki oyunda öz oyununu oynadı. 4:0 hesabı ilə uduzmaqları onların günahı deyildi. Onların günahı o idi ki, İspaniya doğurdan da çox güclü idi».

UEFA prezidenti Michel Platini ilk dəfə Avropa çempionatına ev sahibliyi edən Polşa və Ukraynanı tərifləyib. UEFA prezidenti deyib ki, bu ölkələr «fantastik təşkilatçılıq» ediblər.

HƏR İKİ ÖLKƏNİN QƏLƏBƏSİ

Ukrayna prezidenti Viktor Yanukovych Polşa prezidenti Bronislaw Komorowski ilə keçirdiyi mətbuat konfransında deyib ki, hər iki ölkə bu yarışın təşkilindən böyük təcrübə qazanıb:
Bronislaw Komorowski və Viktor Yanukovych
Bronislaw Komorowski və Viktor Yanukovych

«Əminəm ki, əldə etdiyimiz bu təcrübə gələcəkdə müsbət nəticələrə nail olmağımıza kömək edəcək. Bu təcrübə gələcəkdə səyləri birləşdirmək yollarını tapmaqda faydalı olacaq».

Polşa prezidenti Bronislaw Komorowski isə Avropa Çempionatına ev sahibliyi etməyi hər iki ölkə üçün qələbə adlandırıb:

«Polşa və Ukrayna yığmaları final qarşılaşmasına çıxa bilmədilər. Ancaq bir şey dəqiqdir – Avro-2012 həm Polşanın, həm Ukraynanın qələbəsidir».

Hərçənd, Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko'nun həbsi builki Avropa Çempionatına kölgə saldı. Tymoshenko'nun həbsi səbəbindən Avropa Birliyinin bir çox rəsmiləri yarışı boykot etmişdilər.





Sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

XS
SM
MD
LG