Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:05

Əli Həsənov: «QHT-lərə qrantların verilməsində yaxın münasibətlər müzakirə olunacaq» [Video]


Əli Həsənov QHT rəhbərləri ilə görüşüb
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00
Direct-ə keçid
QHT-lərə qrantların verilməsində yaxın münasibətlərin üstünlük təşkil etməsinin qarşısının alınması QHT-lərə Dövlət Dəstəyi Şurasında müzakirə olunacaq. Prezident Administrasiyasında ictimai-siyasi məsələlər üzrə şöbənin müdiri Əli Həsənov bu barədə Şuranın rəhbərliyinə müraciət etdiyini bildirir:

QRANT PAYLANMASINDA YAXIN MÜNASİBƏTLƏR

«Qrantların paylanması mexanizmi və tendensiyası ilə bağlı məsələ qaldırıldı. Şikayət olundu ki, bu məsələdə yaxın münasibətlərə və digər amillərə üstünlük verilir. Qrant paylanması məsələsində hakimiyyət iştirak etmir. Amma bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasının idarə heyəti və üzvlərindən xahiş etdim ki, yığışıb həmin təşkilatların iştirakı ilə bu məsələni ayrıca müzakirə etsinlər. Onlar nə qərar versələr, biz də onu dəstəkləyəcəyik».

Əli Həsənov
Əli Həsənov
İyulun 2-də Əli Həsənov ölkədə fəaliyyət göstərən 100-ə yaxın QHT-nin təmsilçisi ilə görüşüb. «Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu» adlı qapalı tədbirdə QHT-lərin dövlətlə qarşılıqlı münasibətlərinin inkişaf istiqamətlərindən danışılıb. Əsas müzakirə mövzularından biri də əlbəttə ki, QHT-lərin maliyyələşməsi məsələsi olub. Bəzi QHT rəhbərləri şikayətləniblər ki, QHT-lərə Dövlət Dəstəyi Şurası qrantların paylanmasında deputatlara, onlara yaxın təşkilatlara üstünlük verir.

QALDIRILAN MƏSƏLƏLƏR HAKİMİYYƏTİN SİYASƏTİ İLƏ ÜST-ÜSTƏ DÜŞÜR

Toplantıdan sonra media qarşısına çıxan Əli Həsənov deyib ki, tədbirdə QHT-lərin təkliflərinin əksəriyyəti konstruktiv ruhda olub. Qaldırılan əksər məsələlər Azərbaycan hakimiyyətinin siyasəti ilə tam üst-üstə düşür. Bu məsələlər eyni zamanda Azərbaycan hakimiyyətinin arzu və istəyi ilə cəmiyyətə həyata keçirilir:

«Biz razılaşdıq ki, QHT-lərlə bu görüşlər bundan sonra davamlı olsun. Gələcəkdə ayrı-ayrı sahələr üzrə QHT-lərlə ayrıca görüşlər keçirilsin».

Əli Həsənov deyib ki, tədbirdə 30-dan çox çıxış olub. 100-ə yaxın təklif səsləndirilib. Bu təkliflər qruplaşdırılaraq baxılacaq. Bundan sonra ümumiləşdirilərək QHT-lərə Dövlət Dəstəyi Şurasının idarə heyəti ilə birlikdə onlara baxılacaq və müvafiq sahələrə yönəldiləcək.

Əli Həsənovun dediyinə görə, bu dialoq ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilib və çox effektli olub.
Niyaməddin Orduxanlı
Niyaməddin Orduxanlı

SİYASƏTLƏ MƏŞĞUL OLAN QHT RƏHBƏRLƏRİ

Dialoqda iştirak etmiş «Bələdiyyələrin inkişafına yardım» İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bu cür görüşlərin intensiv keçirilməsini məqsədəuyğun sayır. Amma bununla belə o, bəzi QHT-lərin siyasi fəaliyyətlə məşğul olmasını təəssüf doğurduğunu deyir:

«Bir neçə QHT rəhbərləri var ki, dolayı yolla siyasi fəaliyyətlə məşğuldurlar. Yəni, onlar hakimiyyət uğrunda mübarizə aparırlar. Ona görə də mövcud problemlər qaldırılanda bu məqamla üzləşir. Bunlar tanınmış səslər olaraq həm QHT rəhbərləridir, həm də müəyyən müxalifət partiyalarının müşavirləri, idarə heyətinin üzvləri, yəni rəhbər şəxslədir».

Niyaməddin Orduxanlı deyir ki, bu, ümumilikdə QHT sektorunda problem yaradan amil olsa da, keçirilən dialoq QHT-lərin fəaliyyətində öz effektini verəcək.

QRANT PAYLAYAN TƏŞKİLAT

İctimai Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə deyir ki, hökumət-QHT dialoqunun problemlərin həllinə nə qədər dəstək olacağını bilmək üçün gözləmək lazımdır. Çünki, məsələn, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılanda da məqsədin zaman-zaman ölkədəki vətəndaş cəmiyyətinin problemlərini öyrənib Prezident Administrasiyasına çatdırmaq və müvafiq istiqamətdə addımların atılması olduğu bildirilirdi.
Azər Mehdiyev
Azər Mehdiyev
Amma bu şura yaradılandan bəri daha çox qrant paylayan təşkilata çevrilib. Məhz o yarandıqdan sonra QHT-lərin qeydiyyatı ilə bağlı məhdudiyyətlər artıb. Onların fəaliyyəti ilə bağlı güclü nəzarət mexanizmləri ortaya atılıb.

Bu baxımdan Azər Mehdiyev hesab edir ki, hələlik proseslərin yalnız dinlənilməsi və öyrənilməsi mərhələsindən danışmaq olar:

QHT-LƏRİN SİYASİ MÜXALİFƏT OLMAMASI AŞKARLANIBSA...

«Cənab Əli Həsənov izah etdi ki, hökumətin özü də vətəndaş cəmiyyətinə münasibəti tədricən dəyişmək haqqında fikirləşir. Yəni, əvvəllər hökumət QHT-ləri özünə rəqib görürdüsə, sonradan ən azı QHT-lərin siyasi müxalifət olmaması aşkarlanıbsa, indi artıq əməkdaşlıq mərhələsinə keçilib. Gözləntilərimiz çox böyük olmasa da, bugünkü müzakirədə səslənən problemlərin ən azı vətəndaş cəmiyyətinin inkişafına yönəlik hissəsinin həlli istiqamətində müəyyən addımların atılması yaxşı olardı».

Azər Mehdiyev xüsusilə QHT qanunvericiliyinin təkmilləşdirilməsi, QHT-lərin qeydiyyatı sisteminin sadələşdirilməsi və QHT-lərə regionlarda işləmək üçün şəraitin yaradılması məsələlərinə diqqətin artırılmasını arzulayır.
XS
SM
MD
LG