Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:56

Gülər Əhmədova: «Onlar ora ona görə gedirdilər ki, döyülsünlər»


Gülər Əhmədova
Gülər Əhmədova
Deputat Gülər Əhmədova AzadlıqRadiosuna müsahibə verib.

- Gülər xanım, «Yaxşı Cazibə» serialının finalı ilə bağlı qalmaqal çox alovlandı. Azərbaycanın bir nömrəli problemi budurmu ki, bu məsələyə bu qədər diqqət ayrılır?

- Məncə, bunu Türkiyə tərəfdən də edənlər, Azərbaycan tərəfdən də edənlər məhz bayraq qalmaqalını yaradan qüvvələrdir. 2 ölkə arasında müxtəlif səviyyələrdə incikliklərə səbəb olan qüvvələrdir. Mən bunu sırf «5-ci kanal»ın işi kimi qəbul edirəm. İnanıram ki, nə zamansa bunun üstü açılacaq. Çox sayda adam var ki, internet səhifələrində, sosial şəbəkələrdə ictimai fikri müəyyən dərəcədə yönəldirlər. Bizim sadəcə ayıq-sayıq olmağımız lazımdır və bu işlərə önəm verməli deyilik.

- Bu məsələyə Prezident Administrasiyasında şöbə müdiri Əli Həsənov da münasibət bildirib. O deyib ki, türk qadınının, müsəlman qadınının şərəfi istər real həyatda, istər film və əsərlərdə hamı tərəfindən qorunmalıdır. Hətta administrasiya rəsmisi də bu məsələyə münasibət bildirdi. Sizin dediyiniz...

- Birincisi, Prezident Administrasiyasının istənilən nümayəndəsi Azərbaycan xalqından əlahiddə duran bir şəxs deyil. Onlar bizdən birilərdir. Onlar vətəndaş olmasalar, ziyalıların, fikir insanlarının, sosial şəbəkələrdəki insanların içində olmasalar, Prezident Administrasiyasında işləyə bilməzlər. İkincisi, Əli Həsənov elə bir şöbənin müdiridir ki, mütləq bunu bilməlidir, ictimai, siyasi proseslərdən xəbəri olmalıdır. Ona görə, bunu normal qarşılayıram, hətta alqışlayıram. Məncə, bu, onun həm məmur, həm də vətəndaş kimi atdığı doğru-düzgün addımlardan biridir. O ki qaldı, bu deyilənlərlə razıyammı? Əlbəttə, bunun mənəvi-tərbiyəvi əhəmiyyəti var. Çünki film bir günlük deyil. Bu illər sonra da göstərilə bilər və müxtəlif millətlər baxacaq. Və bu gün qadınlara qarşı olan haqsızlıqlar, qurşaqdan aşağı atılan addımlar bəlkə də ondan qaynaqlanır ki, son zamanlar Azərbaycan qadınının yüksəkliyini, mənəviyyat məsələsini adiləşdiriblər.

- Əli Həsənov belə bir seriala münasibət bildirir. Amma necə olur ki, Azərbaycan rəsmiləri 2 polis bir qadını döyəndə, buna münasibət bildirmədilər.

«Yaxşı Cazibə» serialı
«Yaxşı Cazibə» serialı
- Mən bilmirəm, Əli müəllimdən kimsə nəsə soruşub ya yox. Mən onun yerinə danışa bilmərəm. Məndən soruşublar, mən də münasibət bildirmişəm. Amma ümumiyyətlə qadına qarşı hər hansı addım atılarkən, kimliyindən asılı olmayaraq düşünmək lazımdır ki, bu, kiminsə anasıdır, bacısıdır. Yox, doğrudan da görürsən ki, sənin qarşında cəmiyyətə problem yarada biləcək insan durur... Dünən gənc bir yazarın yazısını oxuyurdum. Deyir ki, uşağa dilənçilik öyrədən qadın uşağı əlindən alınmış qadına hücum çəkdi, mən də birincini vurdum. Fikirləşdim ki, bu qadını vurmaq olardımı? Əlbəttə, bu cür cinayət edən, uşaqlara zülm edən qadınlara, onları diləndirən qadınlara zor tətbiq etmək lazımdır. Başqa cür mümkün deyil. Çünki zülmkardırlar.

- Azərbaycan qadınının şərəfinin qorunmasından danışılır. Eyni zamanda, polis qadınları mitinqlərdə döyür, sürüyür. Və ya adi hallarda elə həmin videoda gördük ki, polis qadınla necə davranır, paltarı hətta əynindən çıxır. Bununla bağlı da xeyli yazılar oldu ki, bəlkə o qadın yüngül əxlaqlıdır və ya sərxoş olub, amma onun da haqları var.

- Burda 2 maraq toqquşur. Bir ictimai maraqdır, bir də mənəvi maraq. Mənəvi maraqlar deyir ki, qadına əl qaldırmaq olmaz, kobudluq olmaz. İctimai maraqlara gələndə əks tərəf də bizə deyir ki, biri asayişi pozur, şuluq salırsa, biz onda neyləməliyik? Belə olan halda mən deyirəm ki, mütləq və mütləq daxili orqanlarda qadın əməkdaşlar olmalıdır. Çünki qadın polis əməkdaşı mitinqdə və ya başqa halda qadını aparanda bu, başqa mənzərədir, kişi polis aparanda tamam başqa mənzərə.

- «Eurovision» ərəfəsində aksiyalar keçirilirdi və İctimai Palatanın qadınları da o aksiyalara qatılmışdılar. O zaman bir neçə qadın döyüldü. Bu məsələyə hətta həmkarınız Zeynəb Xanlarova parlamentdə münasibət bildirdi...

- Mən istəməzdim ki, qadınlar döyülsün, nə təklikdə, hə hamının gözü qabağında. Amma başa düşmürəm, o qadınlar niyə çalışırdılar ölkənin bu qədər yaxşı işini pis göstərsinlər? Onlar elə ora ona görə gedirdilər ki, döyülsünlər.
21 may aksiyası
21 may aksiyası
Mən qadın həmrəyliyinə görə ad çəkməyəcəm, amma kifayət qadın tanıyıram. Onlar aksiyalara o məqsədlə çıxırlar ki, şəkillərini çəksinlər, «Azərbaycanda insan haqları pozulur» deyə sonra dünyanın hər yerində göstərsinlər. Bilirəm bunu nəyin müqabilində edirlər. Amma biz qadınıq, fərqi yoxdur iqtidar, yoxsa müxalifət. Hamımız anayıq, amma onların atdığı addımı da bəyənmirəm. Hesab etmirəm ki, onlar «Eurovision» ərəfəsində bunu etməliydilər, heç haqq qazandırmıram.

- Amma Zeynəb Xanlarovanın reaksiyası fərqliydi. O deyirdi ki, bu döyülənlər xalqımın nümayəndəsidir, mən də həmişə xalqımı təmsil etmişəm.

- Bu, onun reaksiyasıdır. Mən məcbur deyiləm ki, onun reaksiyasını təkrar edim. Zeynəb xanım nə qədər bu məsələlərin kökünü bilir, deyə bilmərəm. Bəlkə də onun imkanı və vaxtı olmayıb bunu araşdırsın. Bunu Zeynəb xanıma mənfi bir şey kimi demirəm. Zeynəb xanım gördüyünə - qadının döyülməsinə qiymət verib. Amma niyə bu gün aksiyaya çıxıblar?

- Amma başqa aksiyalarda da qadınları döyürlər.

- Tam əleyhinəyəm.

- Tutaq ki, Siz deyən kimidir, onlar çıxıb etirazlarını bildirir, polis onları döyməliydimi? Döyməyib, sadəcə dağıda bilərdi.

- Mən yenə deyirəm, tam əleyhinəyəm. Siz isə eyni sualı verirsiz.
XS
SM
MD
LG