Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Nazirliyin mövqeyi birmənalıdır – «Jiquli» taksilər olmayacaq


Namiq Həsənov
Namiq Həsənov
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov AzadlıqRadiosuna müsahibə verib.

- Nəqliyyat Nazirliyinin qoyduğu qadağalara baxmayaraq, Sovet modeli maşınların bəzisi hələ də taksi kimi fəaliyyət göstərir. Onların yığışdırılması nə vaxt başa çatacaq?

- Qeyri-leqal fəaliyyət göstərən 20 000-ə yaxın belə taksi var, onlardan da 10 000-i «Jiquli» markalı olanlardır. Onların da 70-80 faizi artıq yığışdırılıb. 2000-3000 «Jiquli» isə hələ də taksi fəaliyyətini davam etdirir. Lisenziya alıb başqa avtonəqliyyat vasitəsilə işləmək istəmirlər. Amma Nəqliyyat Nazirliyinin bu sahədə mövqeyi birmənalıdır – «Jiquli» ilə taksi fəaliyyəti olmayacaq. Hər halda, vaxta çox az qalıb. Qoyduğumuz vaxt bitsə də, biz onlarla mübarizə aparacağıq.

Təsəvvür edin, 1000 ədəd «London taksisi» gətirilmişdi, hamısı götürülüb. Taksilərin yeni partiyası gətiriləndə, 100 faiz bilirəm ki, «Jiquli» sürücüləri məmnuniyyətlə onları götürüb işləyəcəklər. Hələ biz humanistlik göstəririk, başa düşürük ki, insanların sonuncu çörək yeridir. Bu o demək deyil ki, qanunsuz nəsə etmək lazımdır. Taksi fəaliyyətinə axırıncı iş yeri kimi baxırlar, amma xaricdə belə deyil, orda taksi sürücüləri özlərini sahibkar kimi aparırlar. Ən şərəfli iş hesab edirlər bunu. Yaponiyada taksi sürücüsü əlinə əlcək taxıb gəzir ki, mən müştərilərə xidmət edirəm.

Bizdə deyirlər pulum yoxdur, evdə çörək yoxdur, gedim taksi sürücüsü işləyim… Bəzən bizi qınayırlar, amma bu insan gedib fəhləlik etsin, ağac əksin. Bunun üçün müvafiq nazirliklər var. Getsin onlara müraciət etsin. Mənim maşınım var, taksi sürəcəyəm - dünyanın ən geridə qalmış ölkələrində də bu prinsiplə işləmirlər.

- Ölkənin digər şəhər və rayonlarına taksilərin gətirilməsi nə yerdədir?

- Yavaş-yavaş Gəncə və Sumqayıta, digər rayonlara ağ, zoğalı və bej rənglərində başqa markalı taksilər gətirilir. Ancaq hazırda həm tıxac, həm qeyri-qanuni fəaliyyət göstərən taksilərin çoxluğu ilə bağlı əsas problem Bakıdadır. Ona görə əsas paytaxtı həll edib, sonra regionlara keçəcəyik.
«London taksisi»
«London taksisi»
Ümumiyyətlə, respublika üzrə 10 000 taksi fəaliyyət göstərəcək, onun da 5000-i Bakıya düşür. Rayonlara 100-200 taksi düşür, bunu da rayon rəhbərləri həll edirlər. Nəqliyyat Nazirliyindən müəyyən lisenziya ilə də təmin olunurlar. Hələ ki 1000 «London taksisi»nə və xarici markalı maşınlara lisenziya verilib. Mən lisenziya almayanlara müraciət etmək istəyirəm - nə qədər ki, lisenziya matahı çıxmayıb - Türkiyədə lisenziya 100 000 dollardır - nə qədər ki o qiymətə qalxmayıb, lisenziyalarını alıb fəaliyyət göstərsinlər.

- Bəs lisenziya üçün rüsumdan əlavə pul istənməsi ilə bağlı nə deyə bilərsiz?

- Əlavə sənədlər tələb olunur, o sənədləri gedib gətirmək istəmirlər. Bizim müsəlmanda var ki, sənədin biri düz gəlməyəndə, deyirlər pul istənilir. 43 yaşım var. Bir dənə dövlət idarəsinə nə rüşvət vermişəm, nə məndən pul istəyiblər. İşə girəndə də heç kimdən xahiş etməmişəm. Deməli, istəyəndə, insan edir. Mən şəxsən öz təcrübəmdən deyirəm ki, bu, mümkün olan şey deyil. Aparsın, qanuni ödəməsini etsin, qanuni sənədlərini versin. Ondan sonra kimdir ondan əlavə pul istəyən?

- Elə bir hal olsa, Sizə müraciət edə bilərlər?

- Mənə də müraciət edə bilərlər, Cəfər Xəndan küçəsi, 1 ünvanına «Bakısərnişinnəqliyyat»ın nəzarət bölməsinə də. Getsinlər, nəsə problem olsa, birbaşa bizə müraciət etsinlər.
XS
SM
MD
LG