Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:52

Zeynəb Xanlarova: «Camaat prezidentdən narazı deyil, bunu edən dövlətlilərdir»


 Zeynəb Xanlarova
Zeynəb Xanlarova
Mayın 22-də Milli Məclisdə keçirilən iclasda deputat, müğənni Zeynəb Xanlarova ölkədə beş-altı varlının hegemonluq etdiyini söyləyib.

«Media forum» saytının məlumatına görə, Zeynəb Xanlarova bildirib: «Çox deyirlər ki, xalq, camaat, millət küçələrə düşüb. Xalq beş-altı nəfər pullu, dövlətli adamlara görə küçələrə düşüb. O adamlar vəzifəli adamlardırlar və onların yaratdığı vəziyyət prezidentə qarşı təxribatdır. Deputat seçildiyim ərazidə Altıağac qəsəbəsi var. Orada nə qədər villa tikiblər. Kasıb bir komanın yanında necə evlər, villalar tikiblər. Hətta Allahın suyu çıxan bulağı həyətlərinə çəkib aparıblar. Xalqın, millətin gözü qabağında edirlər bunu. Komada yaşayan insan bunu görüb qıcıqlanır. Çünki kasıbdır.

İnsanlar kasıbdır, acdır. Sən niyə belə edirsən? Əgər prezident səni seçibsə, vəzifəyə qoyubsa, bu o demək deyil ki, cibini doldurub xalqı prezidentdən narazı salmalısan. Bunu edənlər beş-altı nəfər varlı şəxsdir, onlara bəzən oliqarx deyirlər, mənim bu sözdən xoşum gəlmir. Kəmaləddin Heydərovu çıxmaq şərtiylə heç biri xalqa əl tutmur. Kəmaləddin Heydərov hər zaman xalqın içindədir, Hacı Zeynalabdin Tağıyev kimi kasıba əl tutur. Bunu o birilər niyə etmirlər? Niyə camaatı narazı salırlar?».

50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən deputat olan Zeynəb Xanlarova müxalif İctimai Palatanın mayın 21-də Bakıda keçirdiyi etiraz aksiyasına işarə edərək deyib:

«Mənim evim Fəvvarələr bağındadır. Dünən evimizin qabağında nə qədər insanı ayaq altına salıblar. Xəsarət alanlar var. Niyə bunu edirlər? O mənim xalqımdır, millətimdir. Mən Azərbaycan bayrağını götürüb Amerikada oxuyuram. Deməli, xalqı təmsil edirəm. Niyə millətlə bu cür davranırlar? Bu, beş-altı nəfər varlının işidir, prezidentin işi deyil. Camaat prezidentdən narazı deyil. Bunu edən dövlətlilərdir».
XS
SM
MD
LG