Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Əli Həsənov: Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətdir


Əli Həsənov
Əli Həsənov
Azərbaycan «Eurovision 2012» mahnı müsabiqəsini təhlükəsiz, beynəlxalq standartlara cavab verən formada keçirəndən sonra artıq rahatlıqla özünü dünyanın bir parçası, inkişaf etmiş, qabaqcıl dövləti kimi tanıtdıracaq. Bunu mayın 15-də Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

«Azərbaycan sonuncu Eurovision müsabiqəsinin Bakıda keçirilməsi üçün əlindən gələni etdi və hər şeyi də vaxtında çatdırdı. Ötən ilin payızında bəyan olunduğu kimi, bu müsabiqənin təşkilinin ən yaxşı nümunəsinin göstərilməsi üçün həm dövlət, həm İctimai Televiziya, həm də Avropa Yayım Birliyi bütün üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Hazırda tədbirin keçiriləcəyi yer, eləcə də şəhərdə hotellər, infrastrukturlar qonaqları, jurnalistləri, tamaşaçıları, musiqisevərləri qəbul etməyə hazırdır», - Həsənov deyib.

PA rəsmisi bildirib ki, Azərbaycan hazırda dünyada sözün həqiqi mənasında söz sahibi olan dövlətdir.

«Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir, Azərbaycan bölgənin və dünyanın enerji siyasətində öncül mövqelərdən birini tutur. Azərbaycan dünya mədəniyyətinə, mədəni irsinə öz töhfələrini verməkdə davam edir. Təəssüflər olsun ki, bəzi dairələr, o cümlədən erməni diasporu və onun təsirində olan xarici mətbuat orqanları, bəzi xarici QHT-lər, ictimai-siyasi xadimlər Azərbaycanın dünyanın diqqət mərkəzinə çıxması faktından istifadə edib, ölkəmizə qarşı böhtan kampaniyasını apardılar və bu gün də aparmaqda davam edirlər», Həsənov açıqlamasında deyib.

AZƏRBAYCAN BARƏDƏ TƏXRİBATÇI YAZILAR YAYARAQ....

Onun sözlərinə görə, həmin qüvvələr Azərbaycanın imicinə mənfi zərbə vuran, müxtəlif uydurmalar, müxtəlif təxribatçı materiallar yayaraq, o cümlədən insan haqları, mətbuat, söz azadlığı sahəsindəki vəziyyəti təhrif edərək Azərbaycanı dünyada qeyri-demokratik dövlət kimi təqdim etməyə cəhd göstərirlər.

«Onların bu cəhdləri heç bir nəticə vermədi və verə də bilməzdi. İndi Azərbaycana gələn turistlər, qonaqlar gözləri ilə görəcəklər ki, Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir, Azərbaycanda siyasi plüralizm tam təmin olunub, respublikada insan hüquqları, vətəndaş cəmiyyəti normaları Avropa ölkələrinin heç birindən geridə deyil. Azərbaycanın gözəl mədəniyyətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın tolerant cəmiyyətini və onun digər dəyərlərini öz gözləri ilə görüb, əlbəttə o təxribatçı, antiazərbaycan yazıların bilərəkdən uydurulduğunun şahidi olacaqlar», Həsənov qeyd edib.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan «Eurovision»ın keçirilməsinə heç zaman məqsəd kimi baxmayıb.

«Buna, sadəcə, Azərbaycan dəyərlərini, Azərbaycan xalqının varlığını, mədəniyyətini, iqtisadi, siyasi və sosial həyatını dünyaya nümayiş etdirmək üçün vasitə kimi baxmışıq. Azərbaycan gəncləri qalib gəliblər, bu qələbəni və yarışmanı Azərbaycana gətiriblər. Biz onlarla fəxr edirik, qürur hissi keçiririk. Təəssüf edirik ki, Azərbaycanın daxilində və xaricində bəzi dairələr bu qələbədən sui-istifadə edib, Azərbaycana, bu gənclərin Vətəninə qarşı təxribat etmək istəyirlər və bunlar da nəticəsiz yekunlaşacaq», Həsənov deyib.
XS
SM
MD
LG