Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:50

K.Heydərov: «Zaqatalada son məlumata görə 3123 tikili uçub»


Zaqatala
Zaqatala
«Mayın 7-də Zaqatalada baş verən ilk zəlzələnin gücü episentrdə 7 bal olmuşdu.
Lakin ilk zəlzələ zamanı binalar tam dağılmamışdı. Həmin gün axşam baş verən 5,7 bal gücündə təkanlar isə tikililərin bir hissəsini dağıtdı. Komissiyanın dünən axşama olan məlumatına görə, zəlzələ nəticəsində 3000 minə yaxın ev, həmçinin 123 sosial obyekt uçub və ya zədələnib. Bunlar son məlumatlardır. Lakin dəqiqləşmələr davam edir. Təxmini yekun siyahı yaxın üç-dörd gün ərzində hazır olacaq». APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir zəlzələ nəticəsində insan itkisinin olmadığını bildirib.

Nazir evləri uçmuş sakinlərin hamısına çadırlar paylandığını bildirib: «Qadınlara, uşaqlara ilkin yardımlar edilib, uşaq yeməkləri paylanıb. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Bu bizə imkan verir ki, təhlil işlər aparaq və ilkin yardımları göstərək. Yəqin ki, evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait də ayrılacaq».

K. Heydərov bildirib ki, müvəqqəti məskunlaşma yerlərində, çadırlarda yerləşdirilən şəxslərin rahatlığını maksimum təmin etməyə çalışırlar:

«Həm Səhiyyə, həm də Fövqəladə Hallar nazirliklərinin nümayəndələri tərəfindən sakinlərə tibbi və digər xidmətlər göstərilir. Hazırda əsas qərargahımız Zaqatalada yerləşir. Digər kəndlərdə də qərargahlarımız var».

Zəlzələnin fəsadlarının aradan qaldırılmasına ümumilikdə nə qədər vəsait ayrılacağı barədə sualına cavabında nazir deyib ki, araşdırmalar tam başa çatmadığına görə bu barədə dəqiq rəqəm söyləmək mümkün deyil: «Hazırda ziyan çəkən evlərin sayı dəqiqləşdirilir. Bu gün səhərə yaxın orada yenə 4 bal gücündə təkan olub. Bu adi vəziyyətdə elə də ciddi rəqəm olmasa da, zədələnmiş tikililər üçün təhlükəlidir».
XS
SM
MD
LG