Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:17

Radarların harada olmasından sürücülər xəbər tutacaq


Kamran Əliyev
Kamran Əliyev
Prezidentin mayın 8-də təsdiqlədiyi «Yol hərəkəti haqqında» qanuna edilən əlavə və dəyişikliyə əsasən, yollarda qurulan radarlar barədə əvvəlcədən məlumat verəcək «informasiya stendi» quraşdırılmalıdır. Belə xəbərdarlıq stendləri yaşayış məntəqələrindən kənarda sürət həddini ölçən radardan 150-1000 metr, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzadlıqRadiosuna deyib ki, yollarda indiyə qədər də əksər radarların yerləşdiyi istiqamətlərdə xəbərdarlıq lövhələri olub. Bu məsələ artıq qanunda tələb kimi qoyulduğundan «informasiya stendlər»i bütün sürət yollarında qurulacaq. Amma şöbə rəisi inanmır ki, bu da sürücülərin bəhanələrini tam aradan qaldıra bilsin:

«Yolda nə qədər nişan qoyulsa da, qaydanı pozan şəxs yenə də narazı olacaq. Qaydanı pozan sürücülər onsuz da məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirilər».

«DÖVLƏTLİNİ NƏ RADAR TUTUR, NƏ POLİS»

Sürücülər inanırlar ki, qanundakı dəyişiklik heyvanların üzərində, kolluq və ağaclar arasında radar qurmaq hallarını aradan qaldıracaq. Qaldı ki, radarlara bir-neçə 100 metr qalmış xəbərdarlıq lövhələrin quraşdırılmasına, sürücülər bu məsələdə bir qədər fərqli mövqedədirlər:

- «Bu, çox yaxşıdır. Amma nədənsə qanunlar hamısı kasıblara şamil olunur. Dövlətlini nə radar tutur, nə polis. Tutanda da ki, qorxularından onları heç kim çağırmır. Hər qanuna əməl etsəydilər, dünya çoxdan
Foto: Arxiv
Foto: Arxiv
abad olardı».

– «Bu, yaxşıdır. Qabaqda bəlkə maneə var. Xəbərdarlıq edilsə, yaxşıdır. Prezident fərman verdiyi üçün məncə, buna hamı əməl edəcək».

– «Bu, biz sürücülər üçün yaxşıdır. Əvvəllər bilmirdin qabaqda səni nə gözləyir. Hər kolun, ağacın dibindən birdən çıxırdılar və yaxalanırdıq. Heç olmasa, az da olsa bunun bizə xeyri olar yəqin».

YAXŞI AT ŞƏKİL ÇƏKMİSƏNSƏ...

Hüquqşünas Ərşad Hüseynov isə deyir ki, qanunlara sürücülərdən tutmuş nazirlərə qədər hamı eyni cür riayət etsə, radar və ya hansısa cihazlara ehtiyac qalmaz:

«Onsuz da yolların kateqoriyasına görə sürət müəyyən edilir və buna hamı əməl etməlidir. Burda ideya da odur ki, təhlükəsiz sürət olsun, sürücü də bunu bilməli və zəhmət çəkib əməl etməlidir. Üzeyir Hacıbəyli bir felyetonunda yazır ki, sən yaxşı at şəkli çəkmisənsə, altına yazma ki, bu, atdır. Bunu görən biləcək ki, bu, at şəklidir. Bu baxımdan, radarlar barədə əvvəlcədən xəbər verilməsi ilə bağlı ideyanı bəyənmirəm. Çünki sürücü qanuna radara, polisə görə yox, elə qanuna görə əməl etməlidir. Bilməlidir ki, harada olursa-olsun sürət həddini aşmaq olmaz».

Ərşad Hüseynov
Ərşad Hüseynov
Ərşad Hüseynov onu da deyir ki, Azərbaycanda nəqliyyat problemi təkcə yollarda radarlar və onlar barədə məlumat verən lövhələrin quraşdırılması ilə bitmir. Elə qaydalar var ki, onları elə rəsmi qurumlar, şəxslər pozur. Hüquqşünas hesab edir ki, bu kimi hallar aradan qaldırılsa, «Yol hərəkəti haqqında» qanuna hamı istisnasız əməl edər.

«SÜRƏTLƏ BAĞLI QƏZALAR 45 FAİZDƏN 25 FAİZƏ DÜŞÜB»

Yol Polisi rəsmisi Kamran Əliyev isə düşünür ki, kimin hansı fikirdə olmasından asılı olmayaraq, radarlar sürücülərin təhlükəsizliyini təmin edir. O deyir ki, əvvəllər qəzaların 45 faizi sürət həddinin aşılması nəticəsində baş verirdisə, radarların tətbiqindən sonra bu rəqəm 25 faizə düşüb.

Şöbə rəisi bildirir ki, Bakı-Quba istiqamətində xeyli sayda radar var, Kürdəmir istiqamətində quraşdırma işləri davam edir. Yaxın vaxtlarda Bakıdan cənub rayonlarına gedən yollarda da radarların və nömrə oxuyan avadanlıqların quraşdırılmasına başlanacaq.
XS
SM
MD
LG