Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:32

Francois Hollande – «Cənab Normal»


Francois Hollande
Francois Hollande
Rəy sorğularının nəticələri doğru olsa, son 20 il ərzində ilk dəfə Sosialist Partiyasının nümayəndəsi Francois Hollande prezident seçiləcək. 57 yaşlı, daim eynək taxan Hollande mülayim xarakterli adamdır. Özünü də çox vaxt «Cənab Normal» adlandırır.

Aprelin 22-də Fransada keçirilən prezident seçkisinin ilk turunda o, 28.6 faiz səs toplayaraq Nicolas Sarkozy'ni geridə qoymuşdu. İndiki rəy sorğularına görə isə, Sarkozy'dən 6-10 faiz irəlidədir. Sarkozy bildirib ki, mayın 6-da keçiriləcək ikinci turda məğlub olsa, siyasətdən gedəcək. Nicolas Sarkozy məğlub olsa, 1981-ci ildən bu yana ikinci müddətə seçilməyən ilk prezident olacaq.

SARKOZY BEZDİRİB

Bəs, Fransa seçiciləri üçün Francois Hollande kimdir? Hər şeydən əvvəl o, Sarkozy deyil. Həftəlik «Express» qəzetinin redaktoru Christian Makarian:

«Düşünürəm ki, Hollande'nin ehtimal olunan qələbəsini ilk növbədə Sarkozy'yə olan nifrətin nəticəsi kimi qəbul etməliyik. Hollande'nin özünün şəxsi keyfiyyətlərindən əvvəl ilk növbədə onun xeyrinə işləyən faktor var. Cəmiyyət Sarkozy'dən cana doyub» .

Sarkozy'nin parıldayan həyat tərzi və daimi qalmaqalları artıq seçiciləri bezdirib. Hollande isə bundan məharətlə istifadə edib. Seçki kampaniyasının şüarı da belə olub: «Dəyişikliyi indi et!».

Francois Hollande və Nicolas Sarkozy
Francois Hollande və Nicolas Sarkozy
PREZİDENTİN MAAŞINI 30 FAİZ AZALDACAQ

Hollande'nin seçki kampaniyasının ikinci mövzusu isə ədalət olub. O söz verir ki, hakimiyyətə gələn kimi prezidentin maaşını 30 faiz azaldacaq, dövlət başçısının toxunulmazlığını ləğv edəcək. Hollande ilk turdakı qələbəsindən sonra tərəfdarları qarşısında bunları demişdi:

«Dəyişiklik artıq başlayıb. Heç nə, təkrar edirəm, heç nə bunun qarşısını ala bilməz. İndi hər şey fransız xalqından asılıdır. Seçim də çox sadədir: ya, getməkdə olan prezidentin ölkəni parçalayan uğursuz siyasətini davam etdirmək, ya da ölkəni birləşdirəcək yeni prezidentin Fransanı ədalətlə yenidən ayağa qaldırması».

Hollande'nin xeyrinə işləməyən xüsusiyyəti isə şəxsi həyatı ilə bağlıdır. O, 25 il Segolene Royal ilə rəsmi nikahsız yaşayıb. Onların 4 uşağı olub. Sonra ondan ayrılıb. İndi isə jurnalist Veronique Trierweiler ilə bir yerdədir.

3 MİLYON İŞSİZ

Nicolas Sarkozy
Nicolas Sarkozy
Sarkozy iqtisadi cəbhədə də Hollande'yə uduzur. Sarkozy'nin hakimiyyəti dövründə dövlət borcu ümumdaxili məhsulun 90 faizini keçib. İşsizlərin sayı təxminən 3 milyondur. Bu da 1999-cu ildən bu yana ən yüksək rəqəmdir. Bütün bunlar da onun populyarlığının azalmasında az rol oynamayıb. Hollande'nin iqtisad sahədə təcrübəsi olmasa da, çoxları onun ölkəni iqtisadi təlatümdən çıxarda biləcəyinə inanır.

Sarkozy'dən fərqli olaraq Hollande qənaət rejimini dəstəkləmir. Deyir ki, bu yolla ölkəni iqtisadi böhrandan çıxarmaq olmaz. O, varlılar üçün vergini artıracağını bildirib. 1 milyondan çox gəliri olanlara 75 faiz vergi tətbiq edəcəyini deyib. Bu yolla yeni iş yerləri yaradacağını vəd edib. Televiziya ilə çıxışında isə deyib ki, zənginliyə nifrət edirəm. Onu da bildirib ki, hakimiyyətə gəlsə, nə özü dəyişəcək, nə də proqramı.

Sarkozy ilə Hollande arasında bir fərq də miqrantlarla bağlıdır. Sarkozy daha millətçi mövqe tutub sərhəd rejimini ciddiləşdirəcəyini bildirib. Çıxışlarının birində isə deyib ki, Parisin ətrafını su şlanqı ilə təmizləyəcək. Ona görə də, vaxtilə miqrant olmuş, sonradan isə vətəndaşlıq almış mühacirlər böyük həvəslə Hollande'yə səs verir.
XS
SM
MD
LG