Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:40

«Sərhədsiz Reportyorlar» Zaur Quliyevlə bağlı bəyanat verdi


Sərhədsiz Reportyorlar Təşkilatı
Sərhədsiz Reportyorlar Təşkilatı
«Sərhədsiz Reportyorlar»təşkilatı Quba rayonunda yayımlanan «Xəyal TV»nin redaktoru Zaur Quliyevə qarşı qeyri-insani və aşağılayıcı rəftarı pisləyir.

«Quliyevə qarşı bu fiziki və psixoloji təzyiqlər dərhal dayandırılmalıdır», təşkilat aprelin 25-də yaydığı bəyanatda qeyd edir.

«Biz bu jurnalist üçün məqbul saxlama şəraiti tələb edir və məhkəmə orqanlarını çağırırıq ki, onun şikayətinə çevik cavab versinlər».

«Sərhədsiz Reportyorlar»ın əldə etdiyi məlumata görə, o, dəfələrlə əlləri arxasında bağlı vəziyyətdə sorğu-suala çəkilib. Bu sorğu-sual sessiyasını aparan rəsmi şəxslər ona bildiriblər ki, etirafından asılı olmayaraq ona qarşı ittihamlar geri götürülməyəcək.

ZAUR QULİYEVDƏ MƏDƏ QASTRİTİ VAR

«Zaur Quliyev həbsxanada bir neçə kameraya köçürülüb və hər dəfə də onun üçün ən pis kameralar seçilib. Kamera kiçik, istiliksiz olmaqla yanaşı, sanitar qaydalara cavab verməyib. Bildirilir ki, o, uzun müddətli həbs almış təhlükəli cinayətkarlarla eyni otaqda saxlanılır. Jurnalistin həbsxana yoldaşları da onu dəfələrlə çılpaq formada dəhlizdə gəzməyə məcbur etməklə təhqir ediblər.

Zaur Quliyev həmçinin mədə xorasından əziyyət çəkir. Bir ay Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalist aprelin 14-ü Bakıda həbsxanaya yerləşdirəndən bəri ona nə tibbi qayğı göstərilib, nə də hər hansı dərman verilib».

«Onun vəziyyəti çox narahatedicidir, baxmayaraq ki, məhbus dəfələrlə müalicəyə ehtiyacı olduğunu deyib, buna heç kəs məhəl qoymayıb. İndi isə onda xroniki mədə qastriti qanaxması var».

«Baxmayaraq ki, Azərbaycan «Eurovision» Mahnı Müsabiqəsi ərəfəsində öz imicini yaxşılaşdırmağa cəhd edir, burda jurnalist hüquqlarına etinasız yanaşma davam edir. «Sərhədsiz Reportyorlar»ın mətbuat azadlığı indeksində Azərbaycan 179 ölkə içərisində 162-ci yerdə dayanır», bunu «Sərhədsiz Reportyorlar» bildirir.

BAŞ PROKURORLUĞUN MÖVQEYİ

Zaur Quliyev və «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov martın 1-də Quba olaylarının təşkilinə görə həbs olunublar. Onlar ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur.

Aprelin 25-də Azərbaycan Baş Prokurorluğu Zaur Quliyevlə bağlı açıqlama yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, son günlər bəzi kütləvi informasiya vasitələrində «Xəyal» müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevə ibtidai araşdırma zamanı işgəncələr verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatların dərc edildiyi qeyd olunub.

Məlumatda deyilir ki, Z. Quliyev iş üzrə şahid və təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin ona ittiham elan edilən zaman cinayət-prosessual qanunvericilikdə təsbit olunan hüquqları, o cümlədən müdafiə hüququ tam təmin edilib, ona qarşı davranışda qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftar və işgəncə hallarına yol verilməyib.

«Təqsirləndirilən şəxs Zaur Quliyev və müdafiəçilərinin ibtidai istintaq orqanına onun işgəncələrə, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftara məruz qalması və hüquqlarının pozulması barədə müraciətləri daxil olmayıb», bunu Baş Prokurorluq deyir.
XS
SM
MD
LG