Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

Breivikin terror hücumu detallarına qədər nümayiş etdirlidi


Anders Behring Breivik məhkəmədə ultra-sağçıların salamını verir, 17 aprel 2012-ci il.
Anders Behring Breivik məhkəmədə ultra-sağçıların salamını verir, 17 aprel 2012-ci il.
Ötən ilin iyulunda Norveçdə 77 nəfəri öldürdüyünü etiraf edən Anders Breivikin məhkəmə prosesi davam edir. Breivik bu qətlləri törədərkən ruhi cəhətdən problemləri olmadığını iddia edir və ötən il ona ruhi xəstə diaqnozu qoyan ekspertləri saxtakarlıqda ittiham edir.


BREİVİK: "ƏGƏR MƏN CİHADÇI OLSAYDIM..."

Aprelin 25-də keçirilən prosesdə Breivik bildirib ki, psixatriya ekspertləri onun törətdiyi qətllərin təsiri altında olublar və siyasi fəalın törətdiyi cinayəti qiymətləndirmək üçün yetərli təcrübələri yoxdur. Breivik psixatrları irqçilikdə də ittiham edib. Deyib ki, əgər bu hadisəni hansısa bir saqqallı cihadçı törətsəydi, onun ruhi sağlamlığını yoxlamaqa heç kimin ağlına gəlməzdi.

İndi məhkəmənin 5 hakiminin əsas məqsədi Breivikin doğrudan da qətlləri törədərkən ağlının üstündə olub-olmadığına qərar verməkdir. Çünki onun cinayət məsuliyyətinin əsasında belə bir qəti qərar durmalıdır.

Əgər Breivikin ruhi problemləri olduğu təsdiqlənsə, onu sadəcə xəstəxanaya məcburi müalicəyə göndərəcəklər. Əgər “ağıllı” olduğu sübut olunsa, Breivik 21 il həbs cəzası alacaq. Onun 21 ildən sonra da cəmiyyət üçün təhlükəli olduğu ortaya çıxsa, həbs müddətini uzada da bilərlər.

Xatırladırıq ki, Breivikin psixoloji durumu ilə bağlı 2-ci ekspertiza da keçirilib. Birinci ekspertizadan fərqli olaraq, bu dəfə psixiatrlar onun ruhi cəhətdən sağlam olduğu haqda nəticə çıxarıb. İndi məhkəmə bu 2 rəydən birini seçməli, yaxud yeni bir ekspertiza təyin etməlidir.

Breivik özü isə prosesin lap əvvəlindən məhkəmənin səlahiyyətlərini də tanımadığını deyib. Aprelin 25-də yenə Norveç hökumətini, hakimiyyətdə olan Əmək Partiyasını tənqid edib.


OSLODAKI BOMBA PARTLAYIŞI

Məhkəmə prosesində terror hadisəsinin detalları ilə bağlı dinləmələr zamanı cinayət yerindən çəkilən qanlı şəkillər də nümayiş olunub. Osloda hökumət binası qarşısında törətdiyi bomba partlayışında ölənlərin parçalarının göstərildiyi və yaralıların dindirildiyi zaman Breivik özünü çox soyuqqanlı tutub. Onun bu davranışı zalda oturan terror qurbanlarının yaxınlarını əsəbiləşdirib.

Qurbanlarla bağlı keçirdiyi hisslər haqda suala Breivik təsadüfi şəxslərin partlayışda ölməsinə təəssüf etdiyini, amma peşmançılıq hissi keçirmədiyini bildirib. Deyib ki, peşmançılıq hisslərini yanlış miqrasiya siyasəti aparan Əmək Partiyası keçirməlidir. Breivikin sözlərinə görə, o ümid edirmiş ki, belə səs-küylü hadisə törətməklə miqrasiya siyasətinin, multikulturalizmi dəstəkləyən qanunların sərtləşməsinə və ölkəyə mühacir axınının qarşısını almağa nail olar. Ancaq, onun fikrincə, heç nə dəyişdirilməyib.

Məhkəmənin son iclaslarında Breivikin 2011-ci il iyulun 22-də Oslodakı hökumət məhəlləsində törətdiyi partlayışla bağlı şahidlər dinlənilib. Onun 950 kilo partlayış gücü olan bomba yüklü maşınla necə hökumət binasına yaxınlaşması və sonra sakitcə hadisə yerini tərk etməsi ilə bağlı müəmmalara aydınlıq gətirilib.

Ekspertlər əyani vəsaitlərlə partlayışın detallarla necə baş verməsini nümayiş etdiriblər.


BREİVİK NECƏ CİNAYƏT YERİNİ RAHATCA TƏRK EDİB?

Məhkəmənin gedişində Breivikin hərəkətləri saniyələrinə qədər dəqiqliklə rekonstruksiya olunub. Onun partlaylış məqamında harda olması, hadisə yerini necə tərk etməsi foto və animasiya ilə göstərilib.

Məlu olub ki, partlayışdan sonra yaranan panikada Breivik heç bir maneəyə rast gəlmədən ərazini tərk edib. Qeyd edilib ki, partlayışdan sonra polisin əsas diqqəti yaralılara yardım etməyə qarışıb.

Breivik özü deyib ki, partlayışdan sonra polisin onu güllələyəcəyini gözləyirmiş. Lakin heç bir müqavimətlə qarşılaşmadığından sakitcə Utoya adasına gedib Əmək Partiyasının gənclər üçün təşkil elədiyi düşərgəyə hücum edib.

Şahid kimi dindirilən polis rəisi Thor Langli deyib ki, fərqli şahid ifadələri üzündən, onlar ilkin olaraq bu cinayətləri 2 fərqli şəxsin törətdiyini düşünüblər. Və bu da axtarışların bir qədər uzanmasına səbəb olub.

Özünü İslama və gəlmələrə qarşı vuruşan cəngavər adlandıran Breivikin məhkəməsi iyun ayının sonuna qədər davam edəcək.
XS
SM
MD
LG