Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva: «Oqtay heç vaxt elə söz deməz»


Oqtay Gülalıyev
Oqtay Gülalıyev
«Oqtaya indi əsas cansağlığı arzulayardım. Aprelin 19-da ona qarşı həmin maddə ittiham irəli sürüləndən sonra halı pisləşib, üstünə təcili yardım gəlib. Biz bilməmişik. Ürəyində problemləri var».

«Kür» Vətəndaş Cəmiyyətinin rəhbəri, hazırda həbsdə olan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva belə deyir.

Firuzə xanım elmi-tədqiqat institutlarından birində işləyir. 14-15 yaşında olan iki oğul anasıdır.

- Firuzə xanım, artıq Oqtay Gülalıyev barəsində Cinayət Məcəlləsinin 220.2 maddəsiylə iş açılıb. Həyat yoldaşınız hakimiyyət nümayəndələrinin tələblərinə tabe olmamaqda, kütləvi iğtişaşlara, vətəndaşlara zorakılıqda çağırışda ittiham olunur. Bu ittihamlara Siz necə baxırsız?

- Oqtay Gülalıyev «Kür» Vətəndaş Cəmiyyətinin rəhbəri kimi daşqınlarla bağlı əziyyət çəkən insanlara kömək göstərirdi. Evlərin tikilməsi, kompensasiya verilməsi üçün adamlara yardım edirdi. Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edirdi. Bunun işi bundan ibarət idi, başqa işi yox idi. 220.2 maddəsiylə ittiham olunmazdan qabaq ona dələduzluq maddəsiylə 12 sutka verdilər. Bəzi adamları onun üzünə durğuzdular ki, guya söyüş söyüb. Amma həbsin 11-ci günü yeni məhkəmə keçirildi, vəkili olmadan, gecəylə yeni maddəylə iş açdılar. Oqtaya qarşı haqsız ittihamlar irəli sürüldü. Onu tanıyanlar bilir ki, Oqtaya haqsızlıq olub. Mən dövlət qurumlarından, xarici təşkilatlardan xahiş edirəm ki, obyektiv olsunlar. Ona haqsızlıq edənlər, üzünə duranlar bilsin ki, bu, insan taleyidir. Bilsinlər ki, onun ailəsi var, övladları var.

- Belə başa düşürəm ki, Siz Oqtay bəyə qarşı yeni ittiham irəli sürülməsini gözləmirmişsiniz.

- Gözləmirdim. Oqtay heç vaxt elə iş görməz. Bunlar hamısı böhtandır. Mən bilmirəm, niyə belə edirlər? Axı bu da insandır. Bunun da taleyi var. Əlbəttə, gözlənilməzdir. Birinci dəfə haqsızlıq edildi, səbir etdik, uşaqlarla gözləyirdik ki, o, qayıdacaq. İkinci maddə veriləndən sonra özümüzə yer tapa bilmirik.

- Oqtay bəyi 3 ilədək cəza gözləyir. Buna necə, hazırsızmı? Siz neyləyəcəksiz, ailənin vəziyyəti necə olacaq?

- Mən buna heç hazır deyiləm. Günahsız insanı nəyə görə həmin maddəylə saxlamalıdırlar? Nəyə görə? Onun da uşağı var. Ən əsası da göydə Allah var. Allahdan qorxsunlar.

- Neçə övladınız var?

- İki oğlum var. Orta məktəbdə oxuyurlar. Ən pis vaxtlarıdır, həssas vaxtlarıdır. Özüm də elmi-tədqiqat institutunda işləyirəm. Özünüz də bilirsiz ki, maaş çox azdır.

- Necə dolanacaqsız?

- Bilmirik. Biz heç nə bilmirik.
Kürün daşması, 8 may 2010
Kürün daşması, 8 may 2010

- Uşaqlar nə deyirlər?

- Onlar bilir ki, onların atası... Hələ birinci dəfə dələduzluq maddəsiylə ittiham irəli sürüləndə, Oqtayın söyüş söydüyü söylənəndə, uşaqlar dedilər ki, atamız elə söz deməz. Söyüş söyən, dələduzluq edən adamı birinci ailəsi tanıyır. Onlar uşaqlıqları ilə deyirlər ki, atamız heç vaxt belə iş görməz!

- Özünüz onunla görüşə bilmisizmi?

- Sabirabadda bir dəfə görüş vermişdilər. Onda çox ümidliydim ki, yəqin bununla hər şey bitər. Amma... Yox, ondan sonra görüşüm olmayıb. İcazə verilmir hələ. Onunla görüşəndə müraciət vermişdi mənə, əlyazma şəklində. Daxili İşlər naziri Ramil Usubova, prezidentə. Amma əlimdən aldılar oxudular, qaytarmadılar da.

- Oqtay Gülalıyevlə birgə işləyən Mehman Əliyev deyir ki, hökumət bu yolla daşqınlarla bağlı araşdırma aparan qeyri-hökumət təşkilatlarının gözünü qorxutmaq istəyir. Bu fikri bölüşürsüzmü? Yəni, buna görə mi həbs ediblər yoldaşınızı?

- Bölüşürəm, bəli. O da ola bilər. Bəlkə də başqa qərəzçilik var. Mənim üçün qaranlıqdır. İki maddə qoyublar, bunlar hamısı da absurddur. Heç biri ona uyğun gəlmir.

- Bəzən qadınlar düşünürlər ki, bu mübarizəyə dəyməzdi, niyə ağrımaz başına dəsmal bağladı və s. Siz nə düşünürsüz?

- Oqtay 3 ildir bu adamlara kömək edir. Düşünməzdim ki, niyə köməklik etdi ya da yoldaşım niyə tutuldu. Qoy hər bir evdə işıq yansın. Haqlı yoldadırsa, qoy olsun! Amma... Sonunu belə düşünməzdim...

Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayəti əsasında aprelin 8-də saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyevin onu təhqir etdiyini bildirirdi.

Aprelin 9-da Sabirabad rayon Məhkəməsinin qərarı ilə Oqtay Gülalıyevə 12 sutka inzibati həbs cəzası verilib. Sonradan onun barəsində başqa maddə ilə cinayət işi açılıb.
XS
SM
MD
LG