Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:55

22 aprel mitinqinə sözardı


İctimai Palata aprelin 22-də mitinq keçirib
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

İctimai Palata aprelin 22-də mitinq keçirib

Aprelin 22-də İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Aksiya saat 16-da başlamalı olsa da, etirazçılar BŞİH-nın mitinq üçün daha münasib bildiyi Bayıl qəsəbəsinin 20-ci sahə adlanan ərazisinə iki saat əvvəldən toplaşmağa başladılar. Niyə tez gəldiklərini soruşanda da deyirdilər ki, meydanın girişindəki polis yoxlamaları, eləcə də hakimiyyətin avtobusları sıradan çıxarmaq ehtimalı onları tələsməyə vadar edib ki, lazımi anda lazımı yerdə ola bilsinlər.

Polislər girişdə camaatın üstünü yoxlayırdı. Onların əllərindəki elektron axtarış aparatı gələnlərin üzərində hər hansı kəsici və ya küt dəmir alətlər aşkarlamasa da, meydana daxil ola bilməyənlər az deyildi.

UŞAQ DAVASI

«Olmaz keçmək. Çölə, çölə çıx!».

Dava uşaq davası idi. Özü də 1 yaşdan 18 yaşadək. Polislər deyirdi, 18 yaşadək uşaqlar aksiyaya buraxılmır. Valideyn də bu qadağanın rəsmi əsasını tələb edirdi. Polis isə dediyini isbatlayacaq sənədi yox, sadəcə qolunun gücünü göstərirdi. Uşaq qarışıq valideyni itələyirdi girişdən kənara. Beləcə bir müddətdən sonra eyni hadisə yenidən təkrarlanırdı. Əlbəttə ki, başqalarına qarşı.

Hündürboylu, təzə geyimli polislər elə vəziyyət yaratmışdılar ki, sanki istəməsələr, «20-ci sahə»dəki sürücülük məktəbinin həyətində heç quş da uça bilməzdi.

Fuad Ağayev
Fuad Ağayev
Amma mitinqin başlamasına lap az qalmış bu təsəvvür dağıldı. Axır ki, bir qadın qucağındakı körpəni aksiyaya gələn müxalifətçilərin köməyi ilə içəri keçirə bildi. Polislər onu tutub geri qaytarmağa cəhd etsələr də, ciddi qarşıdurmanın astanasında fikirlərindən daşındılar. Bundan sonra bir neçə yeniyetməni də valideynləri içəri keçirə bildi.

MİTİNQƏ YAŞ SENZİNİN HÜQUQİ İZAHI

Hüquqşünas Fuad Ağayev mitinqə buraxılışda hansısa yaş həddinin qoyulmasını «absurd hal» adlandırır. Deyir, «Sərbəst toplaşma azadlığı haqqında» qanunda yaşla bağlı yalnız bir məhdudiyyət var. O da mitinqin iştirakçılarına deyil, təşkilatçılarına aiddir:

««Sərbəst toplaşma azadlığı haqqında» qanunda (maddə 6.2) göstərilib ki, «18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan, eləcə də fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslərin himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər». Yəni, yetkinlik yaşına çatmamış şəxslər nəinki kütləvi tədbirlərdə iştirak edə bilərlər, onlar hətta valideynlərinin razılığı ilə belə tədbirlərin təşkilatçısı da ola bilərlər».

Fuad Ağayev deyir ki, ona görə də polisin belə məhdudiyyət tətbiq etməsi qeyri-qanuni hərəkətdir.

ƏNGƏLLƏR OLMASAYDI...

22 aprel mitinqi
22 aprel mitinqi
Aksiya elan edildiyi vaxtdan bir qədər gec başladı. Təşkilatçılardan Həsən Kərimov deyir ki, yollarda qalanların mitinq keçiriləcək yerə gəlib çıxması üçün belə ediblər. ​«Çünki şəhərin bütün istiqamətlərindən bura gətirən avtobuslar marşrutdan çıxarılıb. Hakimiyyət bu yolla mitinqə gələnlərin sayını azaltmaq istəyir»:

«22 aprel mitinqindəki itkilərimiz elə aksiyada iştirak edənlərin sayı qədər olub. O əngəllər olmasa, mitinq iştirakçılarının sayı iki dəfə artıq olardı. Mitinqə hətta AXCP-çi xanımlar özləri də qatıla bilmədilər. Metronun «Sahil» stansiyasından aksiya keçirilən əraziyə 10 kilometrdir. Onlar o qədər yolu piyada gələ bilməyiblər».

Mitinqə gəlib çıxa bilənlər də ciddi nəqliyyat problemi ilə üzləşdiklərini bildirirdilər. Deyirdilər, avtobusların əksəriyyəti xəttə çıxmayıb, çıxanlar da bu istiqamətə gəlmirlər. Bir sözlə sürücülər «20-ci sahə»dəki sürücülük məktəbi istiqamətinə maşın sürməkdən imtina ediblər və bu barədə xüsusi tapşırıq aldıqlarını deyiblər.

Nəqliyyat Nazirliyindən deyilənlərə münasibət öyrənmək cəhdlərimiz nəticə vermədi. Nazirliyin sözçüsü Namiq Həsənov İctimai Palatanın iki həftə əvvəlki aksiyası zamanı yaranan analoji vəziyyətə münasibət bildirərkən deyib ki, təmsil etdiyi qurum hər hansı kütləvi aksiyaya mane olmaq istiqamətində addım atmır.
Zahid Oruc
Zahid Oruc
Avtobusların xətdən çıxarılması barədə də rəsmi göstəriş olmayıb. Amma o, hansısa sürücünün fərdi qaydada belə hərəkət edə biləcəyini də istisna etməyib.

KABİNETÇİLİKDƏN MEYDANA

İqtidar yönlü Ana Vətən Partiyasından deputat Zahid Oruc da hansısa maşın sahibinin fərqli addım atmasını, sürücünün xətdən çıxmasını istisna etmir. Amma bunu mərkəzləşdirilmiş qaydada mitinqə aparan yollarda süni əngəllər yaradılması kimi dəyərləndirməyi düzgün saymır. Deyir, əslində aksiya iştirakçılarının sayı müxalif partiyaların əsas hədəfi olmamalıdır:

«2005-ci ildən sonrakı sükut vəziyyətində müxalifətin kabinetçilik səviyyəsindən meydana çıxmasının özü onlar üçün qeyri-adidir. Məhz ona görə də diqqəti bu məsələyə daha çox cəlb edirlər. Fikirləri, ideyaları bu istiqamətdə səfərbər edirlər. Halbuki, bəlkə də ondan az sayda daha effektli, sosial-siyasi yüklü, ölkədaxili əhalini digər miqyasda özündə saxlayan aksiyanın gücünü daha böyük saymaq olar».

Nə isə... Bütün bu problemlərə baxmayaraq mitinq keçirildi. Onu da deyim ki, bu dəfə aksiyaya nəinki mülkiyyət və digər hüquqları pozulan vətəndaşlar, işsizlər, əlillər, hətta eşitmə və danışma qabiliyyətindən məhrum olan insanlar da gəlmişdilər.
22 aprel mitinqi
22 aprel mitinqi
Onlar da işsizlik, pensiyaların aşağı olması və s. bu kimi problemlərdən şikayətlənirdilər.

VİDEOKAMERALAR VƏ MÜŞAHİDƏÇİLƏR

Aksiya yerində, eləcə də bir qədər aralıdakı yarımçıq tikilinin az qala hər mərtəbəsində videokamera gözə dəyirdi. Mitinqin təşkilatçıları bu kameraların əksəriyyətinin hansısa gizli məqsədlər üçün çəkiliş apardıqlarını deyirdilər.

Mitinq yerindən xeyli aralıda, yolun kənarında bir neçə maşınlardan kimlərsə aksiyanı müşahidə edirdilər.

AXCP sədri Əli Kərimli danışmağa başlayanda, elektrik enerjisi bir anlıq kəsildi, sonradan bərpa olundu.

Bütün aksiyanın gedişində bəzən hətta çıxışlar zamanı da «Siyasi məhbuslara azadlıq!», «İstefa!» və digər şüarlar səslənirdi.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, İctimai Palatanın 22 aprel aksiyasında ciddi bir insident baş verməyib. Aksiyada 1200 nəfərə yaxın adam iştirak edib. Mitinqin təşkilatçıları isə aksiyada minlərlə insanın iştirak etdiyini bildirilər.

Mitinqin sonunda İctimai Palata növbəti aksiyanı mayın 6-da keçirəcəyini elan edib.
XS
SM
MD
LG