Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:44

Leyla Əliyeva: «Adətən, mən rəsm çəkməyə başlayanda dayana bilmirəm...»


Leyla Əliyeva
Leyla Əliyeva
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxalq Ekologiya Kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva ABŞ-ın «İnterview Magazıne» jurnalına müsahibə verib.

Müsahibəni «Phillips De Pury & Company» şirkətinin sədri və baş auksionçusu, Bravo TV-nin «Sənət əsəri» serialında iştirak etmiş Simon de Püri götürüb:

Simon de Püri: «Bakıya uçuş» sərgisinin açılışı ilə əlaqədar sizi görmək çox xoşdur. Yadımdadır, keçən il yayda mən xanımım Mikaela ilə bərabər sizin dəvətinizlə Bakıda olduq. Əvvəllər heç vaxt Bakıda olmamışdıq. Orada cəmi 36 saat olduq və bu müddətdə bir neçə rəssamın studiyasına baş çəkdik. Bu, bizi çox sevindirdi, çünki müasir Azərbaycan incəsənəti haqqında məlumat çox azdır. Buna görə, bu sərginin keçirilməsi mühüm qərar oldu. Sərginin kuratoru Erve Mikaeloff həqiqətən çox uzaqgörən adamdır.

Leyla Əliyeva: Elədir, bu sərgidə 21 rəssamın 100-dən çox işi təqdim ediləcəkdir. Həmin rəssamların bəziləri böyük sənətdə hələ ilk addımlarını atır, bəziləri isə kifayət qədər məşhurdur. Lakin maraqlıdır ki, həmin işlərin əksəriyyəti məxsusi bu sərgi üçün hazırlanmışdır, yəni onlar ilk dəfə nümayiş etdirilir.

Simon de Püri: Siz bu sərgini Londondan sonra başqa yerlərdə də nümayiş etdirmək niyyətindəsiniz, elədirmi?

Leyla Əliyeva: Bəli, biz bu sərgini Parisdə, Berlində, Romada, Moskvada və ümidvaram ki, Nyu-Yorkda da nümayiş etdirməyi planlaşdırırıq. Sonra sərgini Bakıda tamamlamaq, onu evə, çox ehtimal ki, 2009-cu ildə açılmış Müasir İncəsənət Muzeyinə gətirmək fikrindəyik.

Simon de Püri: Necə düşünürsünüz, bu müxtəlif rəssamların hamısının Azərbaycandan olmasından başqa onların arasında daha hansı ümumi cəhətlər var?

Leyla Əliyeva: Onların hər birinin fərdi dəst-xətti var. Lakin onlar hamısı Azərbaycandan olduğuna görə, hər halda onların işləri Azərbaycanın paytaxtı Bakı ilə bağlıdır. Azərbaycanda incəsənətin qədim ənənələri var, ona görə bu rəssamlar böyük bir mədəni irs çərçivəsində ünsiyyət saxlayırlar. Əgər siz haçansa Qobustanda olmusunuzsa, yəqin ki orada yaşı minilliklərlə ölçülən qayaüstü rəsmləri görmüsünüz. Beləliklə, Azərbaycan hələ dünyanın incəsənət paytaxtı hesab edilməsə də, onun ən qədim dövrlərdən başlanan çox zəngin tarixi keçmişi vardır.

Azərbaycan mədəniyyətlərin, dinlərin və ənənələrin qaynayıb-qarışdığı məkandır və bu fakt incəsənətdə də öz əksini tapmışdır. Şərq ilə Qərbin qaynayıb-qarışması sərgidə nümayiş etdirilən incəsənət əsərlərində də özünü göstərir.

Simon de Püri: Sərgidə şəxsən sizin üstünlük verdiyiniz əsərlər varmı?

Leyla Əliyeva: (gülür) Bu işlərin hamısı xoşuma gəlir. Lakin əgər bir əsər məni həqiqətən valeh edirsə, bu, dərhal baş verir və mənim həyatımda iki dəfə belə hadisə olmuşdur. Bir dəfə Bakıda, Müasir İncəsənət Muzeyində Niyazi Nəcəfovun işinə tamaşa edəndə belə hissləri keçirmişəm. O vaxt hələ muzey açılmamışdı. Həmin əsərdən aldığım təəssürat indi də yadımdadır. İkinci dəfə buna oxşar hissləri azərbaycanlı olmayan bir rəssamın işi ilə bağlı, Sizin qalereyada Corc Kondonun əsərini görəndə yaşadım.

Simon de Püri: Siz onun işlərini Bakıda nümayiş etdirmək istərdinizmi?

Leyla Əliyeva: Bəli, mən bunu istərdim. Bu iki insan hazırda yaşayıb yaradan rəssamlar arasında mənim ən çox sevdiyim sənətkarlardır.

Simon de Püri: Bu müsahibəni beynəlxalq auditoriya oxuyacaqdır. Bununla əlaqədar, siz necə hesab edirsiniz, həmin oxucuların Azərbaycan haqqında bilmədikləri və sizin onlara demək istədiyiniz məsələlər varmı? Biz bu söhbəti burada, Londonda aparırıq və deməliyəm ki, mən sizinlə görüşmək şərəfinə nail olana qədər Azərbaycan mənə uzaq gəlirdi, halbuki Londondan Bakıya təyyarə ilə cəmi bir neçə saatlıq məsafə varmış...

Leyla Əliyeva: Bizim ölkə coğrafi baxımdan Xəzər dənizinin sahilində, Şərq ilə Qərbin, Asiya ilə Avropanın düz sərhədində yerləşir və buna görə Azərbaycan çox maraqlı bir məkandır. Biz tarixi dövlətçilik ənənələri olan gənc ölkəyik. Müstəqilliyimizin bərpa olunmasının iyirmi illiyini keçən il qeyd etdik. Bununla bərabər, ölkəmiz çox qədim və zəngin tarixə malikdir. Çoxları bilmir ki, Azərbaycanda qadınlar səsvermə hüququnu 1918-ci ildə qazanmışlar. Bu, İngiltərədən və ABŞ-dan əvvəl olmuşdur.

Simon de Püri: Bəs İsveçrə? Bu, İsveçrədəkindən xeyli əvvəl olmuşdur (gülür).

Leyla Əliyeva: Bəli, üstəlik, Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb 1901-ci ildə açılmışdır. Şərqdə ilk opera və balet də məhz bizdə yaranmışdır. Şərqdə ilk demokratik respublika da məhz Azərbaycanda qurulmuşdur.

Azərbaycan həm Qərbdə, həm də Şərqdə yerləşdiyinə görə o, həqiqətən özünün açıqlığı və tolerantlığı ilə məşhurdur. Burada məscidlərin, sinaqoqların və kilsələrin yanaşı yerləşdiyini görmək olar. Bizim qarşılıqlı münasibətlərdə heç vaxt heç bir problem olmamışdır. Bizə başqa mədəniyyətlərə bu ehtiram və səmimi münasibət doğulduğumuz andan aşılanır. Mənim fikrimcə, bu məqamlar bu gün burada sərgilənən incəsənət əsərlərində də öz əksini tapır.

Simon de Püri: Mən Bakıya gələndə gördüm ki, siz özünüz də rəssamsınız. Bu, mənim üçün bir sürpriz oldu. Erve Mikaeloff mənə dedi ki, o, sizin rəsmlərinizi görəndə qərara almışdır ki, həmin işlər bu sərginin tərkib hissəsi olmalıdır.

Leyla Əliyeva: Özümü tanıdığım vaxtdan rəsm çəkirəm. Mən incəsənəti məktəbdə də öyrənmişəm, fərdi dərs də almışam, lakin heç vaxt ənənəvi mənada rəssamlıq təhsilim olmayıb. Rəsm çəkmək heç vaxt bitməyən öyrənmə prosesidir, çünki nə qədər çox rəsm çəksən, bunu necə etmək və hansı yolla daha yaxşı etmək olduğunu bir o qədər çox anlayırsan. Adətən, mən rəsm çəkməyə başlayanda dayana bilmirəm, bəzən isə rəsmi tamamlamayınca gözümə yuxu getmir. Ona görə ki, bütün fikirlərim həmin rəsmlə bağlı olur. Mən məxsusi bu sərgi üçün dörd iş hazırlamışam. Özümü peşəkar rəssamlarla müqayisə etmək fikrində deyiləm, lakin var gücümlə çalışmışam.

Simon de Püri: Sizin əsərlərinizdən birini bu sərgidə gördüm, bu iş məni heyran etdi. Bu, Azərbaycanda çox geniş yayılmış böyük bir meyvə təsvir edilmiş natürmortdur.

Leyla Əliyeva: Bu, nardır. Sərgi «Bakıya uçuş» adlandığına görə mən Bakı ilə assosiasiya doğuran bir iş görmək istədim, nar isə çox məşhur və dadlı meyvədir. Başqa yerdə belə dadlı nar tapa bilməzsiniz. Bu səbəbdən mən nar rəsmi çəkməyi qərara aldım.

Simon de Püri: Özünüzün rəssam olmağınız yəqin ki, başqalarının işlərini qiymətləndirməkdə sizə kömək edir.

Leyla Əliyeva: Mən belə düşünürəm. Bunun rəssam üçün necə vacib olduğunu bilirəm. Əsərin yaranması üçün nə qədər qüvvə sərf edildiyini biləndə həmin əsəri satmağın necə çətin olduğunu başa düşürsən. İnsan öz əməyinin məhsulundan ayrılmaq istəmir.

Simon de Püri: Muzeylər və art-bazar dünyasında adamların çoxu, o cümlədən mən də rəssam kimi fəaliyyətə başlamışam. Həmin rəssamların çoxu bunu etiraf etmir. Mən düşünürəm ki, rəssamlıq insana dünyanı görməyi öyrədir.

Leyla Əliyeva: Mən rəsm qalereyalarında və muzeylərdə saatlarla ola bilərəm. Teyt Muzeyində, Milli Qalereyada eyni şəklə saatlarla baxa bilərəm.

Simon de Püri: Eşitmişəm, sizin şairliyiniz də var?

Leyla Əliyeva: Düzdür, şeir yazıram, amma mən şair deyiləm. Sadəcə olaraq, uşaq yaşlarımdan elə-belə, özüm üçün şeirlər yazıram. Amma siz mənim şeirlərimi oxumamısınız, elə deyilmi?

Simon de Püri: Təəssüflə etiraf etməliyəm ki, oxumamışam. Amma onu da eşitmişəm ki, siz musiqini çox sevirsiniz.

Leyla Əliyeva: Mən müxtəlif janrlara aid musiqini dinləməyi xoşlayıram. Azərbaycanda musiqi sənətinə həmişə məxsusi rəğbət olmuşdur, bu gün də belədir. Bizim muğamlarımız dərin fəlsəfəsi, ənənələri və tarixi olan xalq musiqisidir.

Digər tərəfdən, yəqin ki, siz bilirsiniz, biz «Eurovision» mahnı müsabiqəsində qalib gəlmişik. Bu, bizim üçün böyük qələbədir. Növbəti müsabiqəni may ayında biz keçirəcəyik. Mən həmin müsabiqəni səbirsizliklə gözləyirəm və biz ona hazırıq.

Bakının memarlığı Azərbaycan paytaxtının zəngin tarixinin və daxili mənəviyyatının təcəssümüdür. Bununla əlaqədar, memarlıqda insanı heyran edən yeni dalğanı da qeyd etmək istərdim. Bu il Bakıda bir neçə beşulduzlu otelin, o cümlədən postsovet ölkəsində ilk «Four Seasons» otelinin açılması planlaşdırılır. Bu memarlıq ansamblı çox cəlbedici harmoniyası ilə seçiləcəkdir. Zahi Hadidin layihələndirdiyi mədəniyyət mərkəzi isə hələ tikinti mərhələsində olduğuna baxmayaraq, onun adı indidən əsl memarlıq şedevri kimi dünya tarixinə düşmüşdür. Beləliklə, bu il bizim üçün həqiqətən çox həyəcanlı dövrdür.

Simon de Püri: İncəsənətin bu müxtəlif formaları – təsviri incəsənət, memarlıq, musiqi, ədəbiyyat, hətta moda - bütün bunlar sizin «Baku» jurnalında cəmlənir. Müxtəlif sahələr arasında bütün süni hədlər aradan qalxır və sizin jurnalınız bu ruhu əks etdirir.

Leyla Əliyeva: Biz bu jurnalı dörd il bundan əvvəl Moskvada nəşr etməyə başlamışıq. Belə bir jurnal yaratmaq mənim arzum idi və nəticə etibarilə o, böyük uğur qazandı. Jurnalda mədəniyyət, musiqi, incəsənət, tarix və insanlar barədə - təkcə Azərbaycanda tanınmış adamlar barədə deyil, həm də maraqlı həyat tarixçələri olan adi insanlar haqqında söhbət açılır. Bu nəşr çox adamın xoşuna gəldi, ona görə də mən jurnalın ingilisdilli versiyasını yaratmağı qərara aldım.

Biz jurnalın ingilisdilli versiyasını «Konde Nast» ilə birgə nəşr edirik, çünki onlar bu ideyanı dərhal başa düşdülər. Jurnal «Baku» adlansa da, təkcə Bakı haqda deyil. Səmimi deyirəm, onun hər buraxılışı bir növ incəsənət əsəridir. Biz jurnalın hər buraxılışında müxtəlif rəssamları oxuculara təqdim etməyə, həmin rəssamların istedadını göstərməyə, oxucuları onların işləri ilə tanış etməyə çalışırıq. Jurnalın bir nömrəsində biz cənab Breynuoşa jurnal üçün xüsusi illüstrasiya hazırlamağı təklif etdik. Başqa bir nömrə üçün qraffiti – yaradıcı küçə rəssamı Riç Simmonsu Bakıya dəvət etmişik. Bu rəssam Bakıda çox maraqlı əsərlər yaratmışdır.

Simon de Püri: Bu, müasir mədəniyyətə çox maraqlı baxışdır. Dəqiq deyə bilərəm ki, bu, turistlər üçün Azərbaycana aid soraq kitabçasına oxşamır.

Leyla Əliyeva: Mən istəyirəm ki, bu jurnal heç vaxt Bakıda olmamış və onun barəsində az bilən adamlar üçün maraqlı olsun.

Simon de Püri: Yəqin deyə bilərəm ki, bu, Bakıya getmək arzusunu artırır. Siz buna necə nail olursunuz? Sizin bu qədər müxtəlif layihələriniz var. Yaxşı ideyaları olmaq bir məsələdir, əsas məsələ isə bütün bu ideyaların necə gerçəkləşdiyini görməkdir. Siz çox işləyirsiniz?

Leyla Əliyeva: Mən tez-tez uçmalı oluram, əsasən də Bakı, Moskva və London arasında, eləcə də başqa şəhərlərə. İki övladım var, vaxtımın çoxunu onların yanında keçirməyə çalışıram, ona görə bəzən yoruluram. Lakin xoşladığım məşğuliyyətdən duyduğum məmnunluq bunun əvəzini çıxır. Bu gün buraya gəlib sərgini görəndə də belə oldu – başa düşürəm ki, çəkdiyim əziyyətə dəyərmiş, ona görə sadəcə olaraq daha çox iş görmək istəyirəm. Bu, adamı o qədər xoşbəxt edir, ona o qədər enerji verir ki, dayanmaq istəmirsən.

Simon de Püri: Uşaqlarınızın neçə yaşı var?

Leyla Əliyeva: Mənim əkizlərimin üç yaşı təzəcə tamam olub.

Simon de Püri: Ən böyük arzunuz nədir? Mən bilirəm ki, arzularınızın çoxunu artıq həyata keçirmisiniz. Lakin elə bir şey varmı ki, qarşıdakı beş ildə ona nail olmaq istərdiniz?

Leyla Əliyeva: Bizim layihələrimiz və ideyalarımız çoxdur. Biz İDEA adlanan ətraf mühitin qorunması sahəsində beynəlxalq dialoq ekoloji kampaniyasına başlamışıq. Əsas məqsəd Azərbaycanın regionlarında ətraf mühitin qorunması, gənclərin, o cümlədən uşaqların maarifləndirilməsidir. Bu layihənin maraqlı olması üçün biz ətraf mühitə yaradıcı şəkildə yanaşmağı qərara almışıq. Məsələn, may ayında «böyük beşlik» ilə bağlı maraqlı tədbir keçirməyi planlaşdırırıq. «Böyük beşlik» Qafqazda yox olmaq həddinə çatmış heyvan növləridir – bəbir, qartal, ayı, canavar və ceyran. Bu ideya Londonda fillərin paradından sonra yaranmışdır. Biz təkcə Azərbaycanda deyil, bütün dünyada yaşayıb-yaradan müxtəlif rəssamlardan həmin «böyük beşliyi» özlərinin gördükləri kimi təsvir etmələrini xahiş etməyə hazırlaşırıq. Ümidvarıq ki, bu, yox olmaq təhlükəsi qarşısında olan həmin heyvan növləri barədə təsəvvür yaradacaqdır. Bizim daha bir layihə çox qədimlərdə Bakıda, İçərişəhərdə ucaldılmış Qız qalası ilə bağlıdır. Qalada təmir işləri başlayanda məlum oldu ki, orada «uzunqanad» deyilən quşların 200 yuvası vardır. Biz Bakıda yaşayan, yayda isə Cənubi Afrikaya köçən bu quşlar üçün xüsusi yuvalar yaratdıq, əks halda, təmir işləri ilə əlaqədar, onlar öz yuvalarını itirərdilər. İşə yaradıcı şəkildə yanaşmaq üçün rəssamları dəvət etdik ki, həmin yuvaları bir növ memarlıq ekvivalentinə çevirək. Beləliklə, bu layihə ətraf mühit və incəsənət mövzularını birləşdirir. Bundan əlavə, indi biz Azərbaycanda çox məşhur olan «Əli və Nino» romanı üzərində işləyirik. Biz həmin roman əsasında film çəkməyi planlaşdırırıq, lakin kino sənayesi mənim üçün tamamilə yeni fəaliyyət sahəsidir. Əgər biz bu işi görsək, bu, Azərbaycan üçün böyük irəliləyiş olacaqdır. Roman özü çox maraqlıdır, ona görə ki, bu əsərdə Azərbaycanın müxtəlif mədəniyyətlərin, dinlərin və ənənələrin qovuşduğu məkan olduğu göstərilir. Gördüyünüz kimi, siz məndən yaxın beş il üçün hansı arzularımın olduğunu soruşanda bu suala həqiqətən cavab verə bilmirəm.

Simon de Püri: Biz tez-tez deyirik: «Əgər bir işi tamamlamaq istəyirsinizsə, onu işi başdan aşan adama tapşırın».

Leyla Əliyeva: Mənim fikrimcə, insan hansı işlə məşğul olmasından asılı olmayaraq, ona ürəklə yanaşmalı və uğur qazanacağına inanmalıdır.


Azertag.com
XS
SM
MD
LG