Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Uşaq evindən çıxıb hara getməli? [VİDEO]


Küçədə yaşamaq təhlükəsiylə üzləşən internat uşaqları
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

Küçədə yaşamaq təhlükəsiylə üzləşən internat uşaqları

-
KÖŞKƏ SIĞINANLAR

«Hər iki valideyn tərəfindən imtina olunub Şəki Uşaq Evinə atılmışam. Peşə məktəbini bitirdikdən sonra 15 ildir ki, məcburi köçkünlərlə yaşayırdıq. Bu «budkada» yatırdıq. İndi məcburi köçkünlər köçürüldü, biz qaldıq belə. Hara gedək?».

Qəhrəmanım doğulandan taleyi sərt yazılmış 35 yaşlı Bəhruz Mahmudovdur. Deyir, ömür yarıya çatıb, ancaq hələ də özünə gün ağlaya bilmir. Şəki Uşaq Evindən çıxandan sonra onu Bakıya 18 saylı peşə liseyinə oxumağa göndəriblər və liseyin Xətai prospektində yerləşən yataqxanasına yerləşdiriblər. 15 il əvvəl liseyi bitirməsi ilə bərabər yataqxana həyatı da başa çatıb. Ancaq yeri olmadığından uzağa gedə bilməyib. Elə yataqxananın ərazisindəki köşkə sığınıb.

Bu ilin əvvəlində yataqxanadakı qaçqın və məcburi köçkünlər Mehdiabadda tikilmiş qaçqın şəhərciyinə köçürülüb. Martın əvvəlində isə yataqxana sökülüb. İndi söküntülər arasında bir köşk qalıb. Bəhruz Mahmudov bu köşkdə tək deyil. Uşaq evindən çıxandan sonra həmin yataqxanada yaşayan, lisey təhsilini başa vurub köşkə sığınan 25 yaşlı Eşqin Görüşov, 20 yaşlı Elşən Nərimanov və sonuncunun həmyaşıdı Elşad Məmmədov da hara gedəcəklərini bilmirlər.

«PROBLEMLƏRİ ONLARA VERİLƏN SƏNƏDLƏRDƏN BAŞLAYIR»

Uşaq Hüquqları üzrə QHT Alyansının sədri Nazir Quliyev hesab edir ki, uşaq evini tərk edənlər cəmiyyətin ən baxımsız və ümidsiz üzvləridirlər. Qədəmlərini uşaq evindən kənara atdıqları ilk gündən başlanan problemləri onları həyatları boyu tərk etmir. Ən böyük problemləri isə onlara verilən sənədlərdən başlanır:

«Uşaq evini tərk edənlərin şəxsiyyət vəsiqələrində qeydiyyat ünvanı kimi, tutaq ki, N saylı uşaq evi yazılır.
Nazir Quliyev
Nazir Quliyev
Sənədlərində konkret ünvan göstərilməməsi onlara problemlər yaradır. Məsələn, eləsi var ki, ona kreditlə telefon vermirlər ki, sənin şəxsiyyət vəsiqəndə ünvan kimi uşaq evi göstərilib».

İŞLƏK MEXANİZMİ OLMAYAN QANUNLAR KİMƏ LAZIMDIR?

Ekspert çıxış yolunu 1999-cu ildə «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» qanunun icrasında görür. Deyir, qanunda bu kateqoriyalı şəxslərin yaşayış yeri, məşğulluq ilə təmin olunması üçün konkret müddəalar var. Ancaq qanunun icrası üçün mexanizm yoxdur. Bəzi qanunlara, əsasən də Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir.

Təhsil Nazirliyinin De-institutlaşdırma və Uşaq Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva bildirir ki, Nazirliyin tabeliyindəki internat və uşaq evlərinin məzunlarının statistikası ümumi aparılır. 2011-ci ildə 33 internat məktəbindən və 6 uşaq evindən 788 nəfər məzun olub. Onun dediyinə görə, uşaq evini tərk edənlərdən 4 nəfərin getməyə yeri olmadığına görə onlar indi də uşaq evində yaşayırlar:

«HEÇ BİR UŞAĞI KÜÇƏYƏ BURAXMIRIQ»

«Biz onları işə düzəltmişik. Gedirlər, qayıdıb gəlib müəssisədə gecələyirlər. Biri də texnikumda oxuyur, o da müəssisədə yaşayır. Getməyə yeri yoxdursa, biz qapını açıb heç bir uşağı küçəyə buraxmırıq. 2006-cı ildən bu günə qədər uşaq evini tərk etməli olan 29 nəfər hələ də müəssisədə yaşayır».

Yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş uşaqların yerləşdirilməsi ilə rayon icra hakimiyyətləri nəzdindəki komissiyalar və
Foto: Arxiv
Foto: Arxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sektoru məşğul olur.

SIĞINACAQ VƏ REABİLİTASİYA MƏRKƏZİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Musa Ağamalıyev həm yetkinlik yaşına çatmayan kimsəsizlərin, həm də uşaq evlərini tərk edənlərin gələcəyi barədə optimist danışır:

«Bizim Nazirliyin nəzdində yetkinlik yaşına çatmayanlar üçün 8 sığınacaq və reabilitasiya mərkəzi tikilməsi planlaşdırılıb. Birinin tikintisinə artıq başlanılıb. Bu sığınacaqlar 18 yaşınadək kimsəsiz uşaqlar üçündür. Uşaq evini tərk etmiş və hazırda hara gedəcəyi sual altında olanlara isə, «Sosial xidmət haqqında» Qanuna əsasən, sosial xidmətlərin göstərilməsi nəzərdə tutulub».

Nazirlik işçisi deyir ki, həmin qanunda uşaq evini tərk edənlərin yaşayış yeri ilə təmin olunması da nəzərdə tutulur.

Ancaq nazirlik yaxın vaxtlarda köşksüz – yəni evsiz qalacaq 4 gəncin taleyinə işıq sala bilmir. Çünki 2011-ci ilin dekabr ayında qəbul olunmuş «Sosial xidmət haqqında» qanunun həyata keçirilmə mexanizmi hazır deyil.

BƏS?...

Bu, köşkə sığınan Bəhruz Mahmudov və digərlərinin sualıdır. Bir neçə günə köşk ərazidən götürülsə, hara getməli, kimə pənah aparmalı?
XS
SM
MD
LG