Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Mehriban Əliyeva «Eurovision 2012»nin təşkili və evlərin niyə sökülməsindən danışır


Mehriban Əliyeva
Mehriban Əliyeva


Bakıda keçiriləcək “Eurovision 2012″ müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yerli mediaya nadir müsahibələrindən birini verib. Onun Trend informasiya agentliyində yayılan müsahibəsini qısa ixtisarla təqdim edirik.

- Mehriban xanım, Siz “Eurovision 2012″ mahnı müsabiqəsinin Bakıda keçirilməsinin Azərbaycanı dünyaya tanıtmaq, müsabiqə iştirakçılarını və qonaqları ölkəmizin keçmişi və bu günü ilə tanış etmək, onlarda Azərbaycan haqqında təsəvvürlərin formalaşması üçün daha bir şans olduğunu qeyd etdiniz. Bəs, ölkəmiz müsabiqənin qonaqlarını və iştirakçılarını necə və nə ilə qarşılayacaq?

- Müsabiqənin keçiriləcəyi yer haqqında daha ətraflı danışmaq istərdim. Bildiyiniz kimi, Bakı şounun keçirilməsi üçün üç yer təqdim etmişdi. Onlardan biri “Bakı Kristal Zalı” idi.

Habelə, qeyd etməyə dəyər ki, “Bakı Kristal Zalı” 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üzrə ölkəmizin verdiyi ərizə çərçivəsində idman arenalarının siyahısına daxil edilib. “Bakı Kristal Zalı” Dövlət Bayrağı Meydanının lap yaxınlığında yerləşir və oradan şəhərin möhtəşəm mənzərəsi açılır.

Bu kompleks Cənubi Qafqazda ən böyük idman-konsert arenası olacaq. Onun arxitekturası Şərqlə Qərb arasında körpüdür. Bu binanın divarlarına çoxsaylı kristallar bərkidiləcək və onlarda işığın rəqsi tamamilə təəccüblü vizual effektlər yaradacaq.

Əminəm ki, həm yerli, həm də xarici mütəxəssislərin səyləri sayəsində bu möhtəşəm arenanın tikintisi vaxtında başa çatdırılacaq. Kompleksin yanında bu müsabiqəni işıqlandırmaq istəyən jurnalistlər üçün mətbuat mərkəzi yerləşəcək. Şəhərin müxtəlif yerlərində böyük teleekranlar quraşdırılacaq və bu teleekranlar vasitəsilə müsabiqəni izləmək mümkün olacaq.

“Eurovision” ilə eyni vaxtda digər mədəni tədbirlər də keçiriləcək. Bu gün həmin tədbirlərin siyahısı dəqiqləşdirilir. Müsabiqə başlayanadək Dövlət Bayrağı Meydanına qədər uzanacaq “Yeni bulvar”ın tikintisi başa çatdırılacaq.

- Mehriban xanım, söhbət “Yeni bulvar”ın tikintisindən düşmüşkən, son həftələr KİV-də, o cümlədən Avropa ölkələrində iddia edildiyinə görə “Eurovision”a hazırlıqla bağlı evlərin sökülməsi nəticəsində yaranan problemə, yəni bu evlərin sakinlərinin narazılığına böyük diqqət ayrılması barədə soruşmaya bilmərəm…

- Bəli, mən KİV-in bu materialları ilə tanışam. Çox təəssüf ki, qarşıdakı müsabiqəyə həsr edilmiş məqalələrin müəlliflərinin heç də hamısı ümumiyyətlə yazmağa başladıqları məsələ haqqında kifayət qədər səriştəli deyil.

Hər şeydən əvvəl bir daha qeyd etmək istəyirəm: evlərin sökülməsinin “Eurovision”a hazırlıqla heç bir əlaqəsi yoxdur. Bu gün doğma Bakımızın mənzərəsi dəyişir, paytaxtda yeni parklar salınır, yollar çəkilir, yaşayış və ofis kompleksləri ucaldılır. Bu yenidənqurma işləri duetimiz “Eurovision”da qələbə qazanmazdan əvvəl başlayıb və müsabiqə başa çatdıqdan sonra da davam edəcək. Buna görə də bu məsələnin “Eurovision” ilə heç bir əlaqəsi yoxdur.

Lakin belə miqyaslı işlərin həyata keçirilməsi zamanı, mütəxəssislərin dediyi kimi, çox vaxt torpaqların özgəninkiləşdirilməsi və mənzillərin, xüsusilə çox köhnə, komfortsuz, azmərtəbəli, müasir tələblərə cavab verməyən mənzillərin sökülməsinə zərurət yaranır…

Belə hallar baş verib, baş verir və sizi inandırım ki, praktiki olaraq yeni yolların çəkildiyi, evlərin tikildiyi və ya yeni metro xətlərinin çəkildiyi hər yerdə baş verəcək. Əmin edirəm ki, Azərbaycanda hər şey qanuna uyğun edilir. Evləri sökülən sakinlərə kompensasiya ödənilir, onlara yeni mənzillər təklif edilir. Çoxlu sayda ailələrin köçürülməsi zamanı narazı qalanlar da mütləq olacaq.

Bu, həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Harada isə onlarla şəxslərdən bazarla müəyyən edilmiş kompensasiyanın həcmindən razı qalmayan bir nəfər olacaq, halbuki kompensasiya onlara bərabər həcmdə ödənilir. Köçürülmə zamanı kömək göstərilməsində və ya müvafiq şəraitin yaradılmasında kifayət qədər nəzakətli olmayan aşağı rütbəli məmurların lüzumsuz hərəkətlərə cəhdi ola bilər. Belə hallar təbii ki, tutduğu vəzifədən asılı olmayaraq, qarşısında hamının eyni olduğu qanuna uyğun nəzərdən keçirilməlidir.

Fikrimcə, burada “orta yanaşma” qəbuledilməzdir. Üstəlik, böyük səs-küy xətrinə bu problemi evlərin sökülməsi ilə əlaqəsi olmayan “Eurovision”la bağlamaq xoş hal deyil.

Hətta Avropa Yayımları Birliyi olduqca hörmətli və nüfuzlu xarici KİV-i rəsmən xəbərdar etmişdi ki, “Eurovision” müsabiqəsi haqqında qeyri-obyektiv və qərəzli materiallar yaymaq lazım deyil. Üstəlik, bu proseslərə siyasi məna vermək cəhdi heyrətləndirir və məyus edir.

Kimlər üçün Avropa estarada mahnı müsabiqəsi böyük və gözəl bayramdır, digərləri üçün isə siyasi təxribat yaratmaq bəhanəsidir. Buna hazır olmaq lazımdır.

Lakin mən əminəm: bizim və daha 40-dan artıq iştirakçı ölkənin bayramını korlamaq alınmayacaq. Xüsusən xoşdur ki, vətəndaş cəmiyyətində bütün vətəndaşları ölkədə müsabiqənin keçirilməsini dəstəkləməyə çağıran gənclərin təşəbbüsü başlayıb və bu çağırış çoxsaylı tanınmış insanlar arasında dəstəyini tapıb. Bu mövqe vətəndaşlarımızın Azərbaycanda müsabiqənin keçirilməsinə əsl münasibətini daha yaxşı nümayiş etdirir.

- Siz qeyd etdiniz ki, Bakıda keçiriləcək “Eurovision 2012″-də 40-dan artıq ölkə iştirak edəcək. Bəziləri ifaçının adını və müsabiqədəki mahnını müəyyənləşdirib, digərləri hələ də finaladək son günləri istifadə edir. Bir neçə gün əvvəl mətbuatda məlumat yayıldı ki, Ermənistan “Eurovision”da iştirakdan imtina edib, çünki bu müsabiqə Azərbaycan paytaxtında keçirilir.

- Məndə və fikrimcə, çoxlarında erməni tərəfinin belə qərarı anlaşılmazlıq yaradır. Avropa Yayımları Birliyi və Azərbaycan hakimiyyəti dəfələrlə təsdiq ediblər ki, Ermənistan daxil olmaqla, bütün ölkələrin müsabiqə təmsilçilərinin və qonaqların təhlükəsizliyinə zəmanət verilir. Ermənistanın rəsmi nümayəndə heyətləri beynəlxalq görüşlərdə, konfranslarda, forumlarda və idman yarışlarında iştirak etmək üçün bir neçə dəfə Azərbaycana gəliblər və Azərbaycan hakimiyyəti bu ölkənin nümayəndə heyəti üzvlərinin təhlükəsizliyini həmişə təmin edib.

Və mən şübhə etmirəm ki, “Eurovision” müsabiqəsində ermənistanlı qonaqlar və iştirakçıların təhlükəsizliyi həmişə olduğu kimi tam təmin ediləcək idi. Lakin Yeravanda əvvəlcə vəd verdilər ki, müsabiqədə iştirak edəcəklər, təhlükəsizlik zəmanəti tələb etdilər, bu zəmanəti aldılar, lakin sonradan bəyan etdilər ki, “Eurovision”da iştirak etməyəcəklər.

Hesab edirəm ki, bu, həm müsabiqə iştirakçılarına, həm də Ermənistanın müsabiqədə təhlükəsiz iştirakı üçün çox səy göstərən Avropa Yayımları Birliyinə hörmətsizlikdir.

Şübhəsiz ki, Avropa Yayımları Birliyinin üzvü olan hər bir ölkənin müsabiqədə iştirakdan imtina etməsinə görə öz səbəbləri ola bilər. Lakin təəccüb və təəssüf doğuran odur ki, Yerevanda “Eurovision”da iştirakdan imtinanı Azərbaycanın ünvanına heç bir əsası olmayan çoxsaylı ittihamlarla müşayiət etməyə cəhd göstərirlər.

Deyirlər ki, həyatda qələbəyə can atmaq lazımdır, lakin bəzən məğlub olmağı bacarmaq da lazımdır. Bəzən öz uğursuzluğunu yaşamaq özgə qələbələrə tabe olmaqdan daha asandır.

Təəssüf ki, Azərbaycanda da “ölkə üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır” prinsipi üzrə uzun müddət yaşayan və fəaliyyət göstərən kateqoriyalı insanlar var. Onların ictimai və siyasi fəaliyyətlərinin məqsədi Azərbaycanda baş verən bütün müsbət hadisələrə qara yaxmaq cəhdidir. Və bizim növbəti qələbəmizi – “Eurovision”dakı qələbəmizi bu insanlar şəxsi faciə kimi qəbul etdilər. Xoşbəxtlikdən belə insanlar cəmiyyətimizin mütləq azlığını təşkil edir və onların Bakıda “Eurovision” müsabiqəsinin keçirilməsinə mane olmaq cəhdləri uğursuzluğa məhkumdur.
XS
SM
MD
LG